Regionlarda bağlardan bol meyvə yığılır

 

Mütəxəssislər bildirirlər ki, intensiv metodlarla becərilən üçillik meyvə bağlarının hər hektarından 20-25 ton, beşillik meyvə bağlarının hər hektarından isə 40-45 ton məhsul götürmək mümkündür

Ölkəmizin regionlarında kifayət qədər geniş potensiala malik istiqamətlərdən biri meyvəçilikdir. Bu da onunla şərtlənir ki, respublikamız bağçılıq üçün dünyanın ən əlverişli iqlim qurşağı üzərində yerləşir. Təbiətin bizə bəxş etdiyi bu imkandan istifadə edərək meyvəçiliyi geniş inkişaf etdirə bilərik. Qeyd etmək yerinə düşər ki, meyvəçilik Azərbaycanda kənd təsərrüfatının ixtisaslaşmış sahələrindəndir. Ölkəmizdə tumlu meyvələr üzrə Quba-Xaçmaz, qərzəxli meyvələr (şabalıd, qoz, fındıq) üzrə Şəki- Zaqatala, çəyirdəkli (ərik, şaftalı) meyvələr üzrə Naxçıvan MR, quru subtropik meyvələr (nar, heyva) üzrə Kür-Araz, sitrus meyvələr (narıngi, portağal, feyxoa, limon) üzrə Lənkəran, cənub bitkiləri (əncir, zeytun, püstə, badam və s.) üzrə Abşeron yarımadası ixtisaslaşıb. Azərbaycanın ən iri meyvəçilik rayonu Qubadır. İstehsal olunan meyvənin 2/3-ni Quba-Xaçmaz, 15 faizini isə Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonları verir. Qərzəxli meyvələrin istehsalının 95 faizi Şəki-Zaqatala iqtisadi rayonunda cəmləşib. Kür-Araz və Yuxarı Qarabağda çoxlu tut ağacı var. Əlamətdar haldır ki, son illərdə respublikamızda meyvə bağları getdikcə genişləndirilir. 2014-cü ildə ölkəmizdə meyvə bağlarının sahəsi 138 min hektar idi. Ötən il meyvə bağlarının sahəsi daha 6 min hektar artırılaraq 144 min hektara çatdırılıb. Təbii ki, məhsuldarlıq da getdikcə artır. 2014-cü ildə respublika miqyasında cəmi 850 min ton meyvə tədarük olunmuşdusa, ötən il bu rəqəm artaraq 888 min ton təşkil edib.

Bağlarda bol meyvə yetişdirilib

Mütəxəssislər bağlarda bol məhsul yetişdirildiyinə istinad edərək respublikamızda cari ildə meyvə tədarükünün daha yüksək olacağını proqnozlaşdırırlar. Hazırda regionlarda meyvə yığımının qızğın çağıdır. Bağlarda yetişdirilən nar, heyva, alma, feyxoa və digər məhsullar adama gəl-gəl deyir. Bir necə gündür ki, Göyçay rayonunun xurma bağlarında məhsul yığımına başlanılıb. Bu il havanın əlverişli olması və göstərilən aqrotexniki qulluq nəticəsində Göyçayın 30-a yaxın kəndində xurma bağlarında bol məhsul yetişdirilib. Rayonda mövcud olan 805 hektar barverən xurma bağından məhsulun vaxtında və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər edilib.

Kəndlilər məhsulu öz həyətlərində müştərilərə münasib qiymətə satırlar. Ötən il rayonda xurma bağlarından 18 min 300 ton məhsul toplanılıb. Bu il 19 min tona yaxın məhsulun əldə ediləcəyi gözlənilir. Hazırda iş adamları kəndlilərdən aldıqları meyvəni satış bazarlarına çıxarırlar. Məhsulun bir hissəsini isə qış aylarına saxlayaraq, Göyçayın Potu kəndindəki tutumu 700 ton və Ərəbcəbirli kəndindəki tutumu 1000 ton olan soyuducu anbarlara yerləşdirirlər.

Qeyd edək ki, göyçaylı fermerlər son illər rayonda xurma bağlarını xeyli genişləndiriblər. Cari ilin yazında rayonda 12 hektar sahədə yeni xurma bağları salınıb. Hazırda isə daha 10 hektar sahədə yeni bağın salınması üçün işlər görülür. Mütəxəssislər rayonda bu sahənin sürətlə inkişafının səbəbini məhsulun yerli və xarici bazarlara çıxarılması üçün lazımi şəraitin yaradılması və meyvənin saxlanılması üçün Göyçayda soyuducu anbar komplekslərinin fəaliyyət göstərməsi ilə əlaqələndirirlər.

Lənkəran rayonu Azərbaycanın subtropik zonasına daxil olduğu üçün burada meyvəçiliyin əsasını subtropik və sitrus bitkiləri təşkil edir. Rayonda sitrus bitkilərinin əkin dinamikası hər il artan templə inkişaf etdirilir. Yeni sitrus bağlarının salınması isə, öz növbəsində, məhsul istehsalının artmasını şərtləndirir. 2015-ci ildə rayonda 1167 hektar sahədən 12 min 403 ton subtropik və sitrus meyvəsi yığılıb. Bu il isə bağlardan 13 min tondan çox məhsul gözlənilir.

Rayonda sitrusçuluqla məşğul olan fermerlər, ailə kəndli təsərrüfatlarının üzvləri intensiv üsullardan istifadə etməklə məhsul istehsalının artırılmasına daha çox diqqət yetirirlər. Aqrotexniki xidmətlərin vaxtında və düzgün aparılması nəticəsində rayonda sitrus bitkilərinin məhsuldarlığı 97,3 sentnerdən 106,3 sentnerə yüksəlib.

Lənkəranda bir çox ailənin qazanc mənbəyi olan sitrusçuluq əsasən Hirkan, Osaküçə, İstisu, Haftoni və Şıxəkəran ərazi icra nümayəndəliklərinin yaşayış məntəqələrində inkişaf etdirilir. Bununla belə, rayonda elə bir fərdi təsərrüfat tapılmaz ki, onun həyətyanı sahəsində sitrus bitkiləri əkilməsin. Qeyd edək ki, yaxın gələcəkdə Lənkəranda 2000 hektardan çox sahədə subtropik və sitrus meyvə bağlarının salınması nəzərdə tutulub.

Meyvə ixracında ənənələr dirçəldilir

Azərbaycanın qeyri-neft məhsulları üzrə ixrac imkanlarının artırılmasında meyvəçilik mühüm rol oynaya bilər. Bu sahədə respublikamızın zəngin ənənələri var. Xatırlamaq yerinə düşər ki, keçmiş sovet dönəmində Azərbaycan bütün ittifaqın meyvə bazası hesab olunurdu. Respublikamızın bağlarında yetişdirilən keyfiyyətli məhsullar SSRİ-nin bütün iri şəhərlərinə göndərilirdi. Yeni iqtisadi şəraitdə Azərbaycanın meyvə ixracı sahəsində ənənələrini dirçəltməyin vaxtı çatıb. Bu sahədə Azərbaycana üstünlük qazandıran həm də o amildir ki, ölkəmizi əhatə edən regionun istehlak bazarları əsasən geni dəyişdirilmiş məhsullarla doldurulub. Ölkəmizdə isə müxtəlif növ meyvələr əsasən təbii şəraitdə yetişdirilir və yüksək keyfiyyəti ilə fərqlənir. Buna görə də xarici bazarlarda artıq yaxşı tanınan meyvələrimizin satışı ilə bağlı heç bir problem yoxdur.

Azərbaycanın xarici bazarlarda artıq yaxşı tanınan meyvələrlə təmsil olunması ölkəmizə valyuta daxilolmalarını artıra bilər. Qəbələ fındıq emalı müəssisəsində emal olunmuş məhsullar əsasən Almaniya, İtaliya, İspaniya, Rusiya və Ukraynaya ixrac edilir. Azərbaycandan xarici bazarlara ixrac olunan məhsullar sırasında nar xüsusi yer tutur. Ümumiyyətlə, son illərdə ölkəmizdə gəlirli sahə olan narçılığın inkişafına böyük diqqət göstərilir. Son 5 ildə Göyçayda nar bağlarının ümumi sahəsinin 3 dəfə artaraq 3620 hektara çatması bu sahənin perspektivindən xəbər verir. Hər il Göyçayda yetişən nar məhsulunun 40 faizi Rusiya bazarlarına göndərilir. Rayonda bir neçə nar qəbulu məntəqəsi fəaliyyət göstərir. Fərdi təsərrüfat sahibləri həmin məntəqələr vasitəsilə narı emal müəssisələrinə satırlar. “AzNar” QSC-nin nar qəbulu məntəqələri də artıq fəaliyyətə başlayıb. Müxtəlif çeşiddə nar, heyva, alma və üzüm şirələri istehsal edən “AzNar” zavodu hər il ABŞ, Polşa, Kanada, Yeni Zelandiya, Almaniya, Rusiya, Avstraliya, Belarus, Avstriya və İsrailə nar şirəsi ixrac edir. Azərbaycan xarici bazarlarda həmçinin Astarada, Lənkəranda yetişdirilən yüksək keyfiyyətli sitrus meyvələri, Quba alması və digər məhsullarla təmsil olunur.

Beləliklə, qarşıda duran əsas vəzifə xarici istehlak bazarlarına daha çox həcmlərdə meyvə çıxartmaqdan ibarətdir. Hazırda Azərbaycan özünün meyvəyə olan tələbatını 191 faiz ödəyir. Statistikadan da göründüyü kimi, respublikamız meyvəyə olan daxili tələbatı nəinki tam şəkildə daxili istehsal hesabına ödəmək iqtidarındadır, hətta bu sahədə müəyyən ixrac imkanlarımız yaranıb. Əlamətdar haldır ki, ölkənin qeyri-neft məhsulları ixracının strukturunda kənd təsərrüfatında istehsal olunan meyvə-tərəvəzin çəkisi getdikcə artır. Kənd təsərrüfatı məhsullarının ixrac bazarının genişləndirilməsi və bu sahədə məhsul istehsalçılarına zəruri şəraitin yaradılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqlara uyğun olaraq 2015-ci ildə respublikamızdan 312 milyon ABŞ dolları dəyərində meyvə-tərəvəz məhsulları ixrac edilib. Beləliklə, ölkəmizdən xarici bazarlara meyvə-tərəvəz ixracı əvvəlki illə müqayisədə 7,2 faiz artıb və ixracın həcmi idxalı dəfələrlə üstələyib.

Logistik mərkəzlərin və soyuducu anbarların inşası meyvəçiliyin inkişafında mühüm amildir

Meyvəçiliyin inkişafında daşıma, saxlama və tanıtma kimi amillər də mühüm rol oynayır. Sevindirici haldır ki, son illərdə respublikamızda bir neçə logistik mərkəz yaradılıb. Belə mərkəzlər həmçinin xarici ölkələrdə yaradılır. Məsələn, Qazaxıstanın Aktau şəhərində belə mərkəz yaradılıb və gələcəkdə xarici bazarlara çıxmaq üçün yaradılan mərkəzlərin sayı daha da artırılacaq.

Meyvəçiliyin inkişafı baxımından soyuducu anbarların yaradılması müstəsna əhəmiyyət daşıyır. Təəssüf doğuran haldır ki, əvvəllər respublikamızda soyuducu anbarların yaradılması diqqət mərkəzindən kənarda saxlanılıb. Lakin son illərdə bu problemin aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Soyuducu anbarlar istehlakçıların yetişdirdikləri məhsulların tam həcmdə tədarük olunmasına və uzun müddət xarab olmadan saxlanılmasına imkan verir. Bundan həm istehsalçılar, həm də istehlakçılar qazanırlar. Meyvə itkisinin qarşısı alınır, bütün il boyu istehlak bazarında qiymətlər tənzimlənir. Prezident İlham Əliyev “Azərsun-Holdinq” MMC-nin Qazax konserv zavodunun açılışında zavodun işçiləri ilə söhbətində ölkədə soyuducu anbarların yaradılmasının önəmini diqqətə çatdıraraq bildirib: “İndi bütün ölkəmizdə soyuducu anbarlar tikilir. Əgər tikilməsəydi, o məhsullar bata bilərdi. Yəni kəndli zəhmət çəkib məhsul istehsal edir, sonra da saxlamağa yeri olmadığı üçün mallar batır. İndi gətirir verir soyuducu anbarlara, orada saxlayırlar. Bunun istehlak qiymətlərinə də çox müsbət təsiri vardır. Əgər bu mallar boldursa, deməli, istehlak qiymətləri də normal səviyyədə olacaqdır”.

Eyni zamanda, saxlama anbarlarının yaradılması istehlakçılardan meyvə tədarükünün yeganə yolu deyil. Ölkədə bu məqsədlə alternativ vasitələr də tapılmalıdır. Məsələn, daxili və xarici istehlak bazarlarında böyük tələbat olan quru meyvə istehsalını artırmaq üçün hər cür imkan var. Nə vaxtadək biz quru meyvələrə olan daxili tələbatımızın müəyyən hissəsini xaricdən baha qiymətə alınan məhsullarla ödəyəcəyik? Naxçıvanda quru meyvə istehsalında yaxşı təcrübə yaranıb. Bu təcrübə respublikanın bütün bölgələrində yayılmalıdır.

Regionlarda meyvəçiliyin inkişafına təkan verən ən mühüm amillərdən biri emal sənayesidir

Çox haqlı olaraq emal sənayesi regionlarda meyvəçiliyin inkişafına təkan verən ən mühüm amillərdən biri kimi dəyərləndirilir. Meyvə istehsalçıları öz məhsullarını satmaqda çətinlik çəkməməlidir. Bu baxımdan emal sənayesinin rolu əvəzsizdir. Emal sənayesi bağlarda min bir zəhmətlə yetişdirilən meyvələrin topdan alıcısı qismində çıxış edir ki, bu da kütləvi yığım zamanı məhsulun xarab olmasının qarşısını alır. Son illərdə respublikanın müxtəlif bölgələrində çoxlu sayda meyvə emalı müəssisələri yaradılıb. Bu sırada qabaqcıl müəssisələrdən biri “Gilan” Qəbələ Konserv Zavodudur. 13 hektar sahədə yerləşən Qəbələ Konserv Zavodu Cənubi Qafqazın ən böyük konserv zavodlarından biridir. Bu nadir müəssisə ildə 210000 ton meyvə şirəsi və nektar istehsal edir. Təxminən 70000 ton meyvə emal etmək gücündə olan zavod 100 çeşid məhsul istehsal edir. Müəssisənin istehsal etdiyi əsas məhsullar “Jalə”, “Bağdan”, “Zolotoy Sad”, “Aycan” brendləri altında satılır. Həmin məhsullar təkcə daxili bazarda yox, həm də ABŞ, Yunanıstan, Almaniya, Rusiya, Ukrayna, Belarus, Estoniya, Latviya və Gürcüstan da daxil olmaqla, müxtəlif ölkələrə ixrac olunur.

Lənkəran Konserv Zavodu MMC Azərbaycanın cənubunda 2 hektarlıq ərazidə yerləşir. Zavod Padovan (İtaliya) şirkətinin öncül texnologiyaları ilə təchiz edilib və saatda 5 000 litr istehsal gücünə malik 2 xətti var. Həmçinin müəssisədə meyvə püresi və aseptik dolumlu tomat pastası istehsal edən xətt fəaliyyət göstərir. Məhsullar “Bağdan” ticarət nişanı ilə istehsal edilir.

“Gilan Zeytun” MMC-də isə həm hazır zeytun, həm də zeytun yağı istehsal edilir. 2005-ci ildə əsası qoyulan şirkətin zeytun istehsalı Abşeron rayonunda 18000 zeytun ağacından ibarət 93.9 hektar sahəni əhatə edir.

Ümumiyyətlə, qısa müddətdə ölkəmizdə müxtəlif növ meyvələrin emalı üzrə çoxlu sayda yeni istehsalatlar yaradılıb. Bu sırada üzüm emalı müəssisələri də xüsusi yer tutur. Üzümçülük sahəsində ənənələrin dirçəldilməsində bu sahənin inkişafı ilə bağlı qəbul edilən və 2012-2020-ci illəri əhatə edən Dövlət Proqramının xüsusi rolu var. Əlamətdar haldır ki, son illərdə respublikanın müxtəlif bölgələrində həm geniş plantasiyaları, həm də müasir emal müəssisələrini özündə birləşdirən təsərrüfatlar yaradılıb. Məsələn, “Tovuz-Baltiya” müasir avadanlıqlarla təchiz edilən emal müəssisələrində əsasən öz istehsalı olan məhsuldan istifadə edir. Hazırda müəssisənin buraxdığı məhsullar daxili və xarici bazarlarda yüksək səviyyədə təmsil olunur. Eyni sözləri “Azərsun” şirkətinə də şamil etmək mümkündür. Bu şirkətin emal müəssisələrində buraxılan məhsullar - müxtəlif meyvə mürəbbələri, cemlər, zeytun yağları və tutmaları yüksək səviyyəli brend imici qazanıb.

Meyvəçiliyin perspektiv inkişafı - intensiv becərmə ilə bağlıdır

Digər sahələrdə olduğu kimi, meyvəçiliyin də perspektiv inkişafı intensiv becərmənin tətbiqi ilə bağlıdır. Etiraf etmək lazımdır ki, respublikamızın ərazisindəki meyvə bağlarında mövcud ağacların böyük qismi iri gövdəli, lakin az məhsuldar sortlardır. Mütəxəssislərin qənaəti budur ki, belə ağaclar mütləq bəstəboy və yaxud orta gövdəli daha məhsuldar sortlarla əvəzlənməlidir. Yaxşı haldır ki, artıq bu istiqamətdə işlərə start verilib. Təkcə son bir neçə ildə respublikanın müxtəlif regionlarında 39 intensiv bağçılıq təsərrüfatı yaradılıb. Yaxın gələcəkdə Azərbaycanın şimal bölgəsində 700 hektar sahədə müasir tipli intensiv meyvə bağları salınacaq. Quba-Xaçmaz iqtisadi regionu üzrə “Müasir tipli meyvə bağlarının salınması vasitəsilə ailə fermer təsərrüfatlarının dəstəklənməsi”nə dair pilot layihə əsasında salınacaq bağlar Quba, Qusar, Xaçmaz və Şabran rayonlarını əhatə edəcək. İntensiv becərmə texnologiyalarının tətbiq olunacağı bağlarda armud, gilas və gavalı yetişdiriləcək. Bu bağların əsas üstünlüyü ondan ibarətdir ki, burada əkilən ağaclardan bir ildən sonra 8 faiz, üçüncü il 40 faiz, dördüncü il isə 100 faiz məhsul əldə olunacaq.

“Rayyan İntensiv Bağçılıq və Tingçilik” MMC respublikamızda intensiv bağçılığın inkişafına öz töhfəsini verir

Balakən rayonunun Qullar kəndində 2012-ci ildə fəaliyyətə başlayan “Rayyan İntensiv Bağçılıq və Tingçilik” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) respublikamızda intensiv bağçılığın inkişaf etdirilməsinə, əhalinin ekoloji cəhətdən təmiz meyvə məhsulları ilə təmin olunmasına öz töhfəsini verir. Rayonda yaradılan ilk intensiv bağçılıq təsərrüfatında ABŞ, Yaponiya, Hollandiya, Yeni Zelandiya, Avstraliya və digər ölkələrdən yüksək məhsuldar meyvə tingləri gətirilərək, müasir texnologiyalar əsasında alma, armud, gilas və şaftalı bağları salınıb, damcı üsulu ilə suvarma sistemi quraşdırılıb.

Məhdud Məsuliyyətli Cəmiyyətin sədri Məhəmməd Bazarov AZƏRTAC-ın müxbiri ilə söhbətində Balakəndə intensiv bağçılıq təsərrüfatı yaratmağın onun çoxdankı arzusu olduğunu bildirib. O, bu məqsədlə yerli aqronomlarla məsləhətləşib, xaricdən mütəxəssislər dəvət edərək, tez bar verən bəstəboy, məhsuldar ağac növlərinin yerli iqlim şəraitinə uyğunlaşdırılmasının mümkünlüyü barədə onlardan məsləhətlər alıb. Araşdırmalar nəticəsində Balakən rayonunda intensiv bağçılığın inkişaf etdirilməsi üçün müvafiq iqlim şəraitinin mövcud olduğu qənaətinə gəlinib.

Təsərrüfat rəhbərinin bildirdiyinə görə, bu meyvə tingləri əkildikdən 1-2 il sonra bar verməyə başlayır, 4-5 ildən sonra isə ən yüksək məhsuldarlığa çatır. Yaxşı qulluq olunarsa, üçillik meyvə bağlarının hər hektarından 20-25 ton, beşillik meyvə bağlarının hər hektarından isə 40-45 ton məhsul götürmək mümkündür. Hazırda təsərrüfatın 18 hektar meyvə bağı var. Cari mövsümdə meyvə bağından 150 tona yaxın məhsul götürülüb. İstehsal olunan meyvə satış üçün Rusiya və Gürcüstana, eyni zamanda, respublikamızın daxili bazarlarına göndərilir. Məhsulun uzun müddətə saxlanılması üçün Katex kəndindəki soyuducu anbar kompleksindən də istifadə olunur.

Qeyd edək ki, meyvə bağlarının sahəsinin artırılması məqsədilə cəmiyyətin nəzdində 4 hektar sahədə tinglik təsərrüfatı da yaradılıb. Tinglik sahəsində əkilən yüksək məhsuldar alma növlərindən olan “Qolden delişes smiti” (ABŞ), “Fudji benni soqun” (Yaponiya), “Elize” (Hollandiya), “Rubenola” (Çex), “Djonoqarin morens” (Almaniya) və digər meyvə tinglərinin yerli şəraitə uyğunluğu artıq öz təsdiqini tapıb. Ötən müddət ərzində təsərrüfatda 50 min ədəd müxtəlif növ yüksək keyfiyyətli meyvə tingləri yetişdirilib.

Təsərrüfatda yetişdirilən meyvə tinglərinin qonşu respublikalara, həmçinin digər xarici ölkələrə ixracı da planlaşdırılır. Bu məqsədlə artıq Rusiya və Qazaxıstanın şirkətləri ilə müqavilələr də bağlanılıb. Gələn ilin əvvəlində tinglərin bu respublikalara ixracına başlanılacaq.

Cəmiyyət, eyni zamanda, respublikamızın digər bölgələrində ən son texnologiyalar əsasında intensiv bağçılıq təsərrüfatlarının yaradılmasına da köməklik göstərir, bu təsərrüfatları məhsuldar meyvə tingləri ilə təmin edir. Sifarişçinin arzusuna uyğun olaraq, bağlar salınarkən İsrailin “Netafin”, Ukraynanın “Jerelo”, Finlandiyanın “Şetelinq” firmalarının istehsal etdiyi suvarma və dayaq sistemlərindən də istifadə olunur. Qeyd edək ki, “Rayyan” MMC-nin köməyi ilə artıq respublikamızın bir çox rayonlarında onlarla hektar sahədə belə bağ təsərrüfatları yaradılıb.

Regionlarda insanlar bağlardan yığılan bol meyvənin sevincini məhsul bayramları ilə qeyd edirlər

Son illərdə respublikamızın müxtəlif bölgələrində məhsul bayramlarının keçirilməsi ənənə halını alıb. Regionlarda insanlar belə bayramları keçirməklə bağlardan yığılan bol məhsulun sevincini yaşayırlar. Cari il oktyabrın ilk ongünlüyündə Qubada keçirilən “Alma bayramı”na 10 minə yaxın insan qatılıb. Rayonda 2012-ci ildən etibarən ənənəvi olaraq təşkil edilən “Alma bayramı” şəhərin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilib.

Bayram mərasimində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdirilib. Tədbir çərçivəsində qonaqlara rayonda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər təqdim olunub. “Alma bayramı”nda qubalı bağbanlar arasında ən böyük alma nominasiyası üzrə qalib də müəyyənləşib.

Regionlarda növbəti məhsul bayramı noyabrın 5-də Balakən rayonunda keçiriləcək. Balakəndə beşinci ildir ki, keçiriləcək bu bayram son illər rayonun iqtisadiyyatında baş verən müsbət dəyişiklikləri, inkişafı, xüsusilə aqrar sahədə qazanılan uğurları bir daha təbliğ və nümayiş etdirmək, məhsul istehsalçılarını daha böyük nailiyyətlərə ruhlandırmaq məqsədi daşıyır.

Göyçayda isə XI Nar bayramına ciddi hazırlıq işləri görülür. Nar bayramı ilə əlaqədar təşkilat komitəsi yaradılıb, tədbirlər planı hazırlanıb. Bayram tədbiri zamanı rayonda nar məhsullarından ibarət yarmarkalar, müxtəlif nar sortları və onlardan hazırlanan məhsulların sərgiləri, eləcə də nar ilə bağlı müxtəlif müsabiqələr və oyunlar təşkil ediləcək. Tədbirdə ən böyük nar nümayiş olunacaq və sahibinə pul mükafatı veriləcək.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2016.- 1 noyabr.- S.8