Milli Kitabxanada Xoca Əhməd Yasəviyə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

 

Oktyabrın 31-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında XII əsrin məşhur mütəfəkkir şair Xoca Əhməd Yasəviyə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər Xiyabanına gələn ziyarətçilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Milli Kitabxanada davam etdirilən konfransdan əvvəl iştirakçılar kitabxana ilə yaxından tanış olub, burada gedən yeni avtomatlaşdırılmış prosesləri ilə maraqlanıblar.

Beynəlxalq elmi konfransı açan kitabxananın direktoru Kərim Tahirov bildirib ki, UNESCO 2016-cı iliXoca Əhməd Yasəvi ilielan edib.

Qeyd edib ki, tədbir türk dünyasının görkəmli ədibi, mütəfəkkiri, şairi, əsərləri ən çox çap olunan Xoca Əhməd Yasəvinin vəfatının 850 illiyinə həsr olunub. Konfransa Türkiyə, Qazaxıstan, MakedoniyaTÜRKSOY-dan qonaqların qatıldığını söyləyib. Diqqətə çatdırıb ki, konfransda Əhməd Yasəvinin türkdilli ölkələrdə öyrənilməsi, tədqiqi, əsərlərinin nəşri və digər mövzularda müzakirələr aparılacaq.

K.Tahirov TÜRKSOY-la birgə keçirilən tədbirlərdən danışaraq bildirib ki, noyabrın 2-də Şəkidə Yusif Balasaqunlunun 1000 illiyi ilə əlaqədar beynəlxalq konfrans təşkil ediləcək. Həmçinin, noyabrın 14-də İstanbulda beynəlxalq kitab sərgisində Xalq şairi Səməd Vurğunun 110 illiyi qeyd olunacaq. Noyabrın 15-də TÜRKSOY-un iqamətgahında beynəlxalq konfrans və sərgi təşkil ediləcək, 17-də isə Türkiyə Milli Kitabxanasında Səməd Vurğunun yubileyi ilə əlaqədar tədbir keçiriləcək. Bütün bunlar ortaq mədəniyyətimizin, ədəbiyyatımızın tədqiqi, təbliği və tanıdılması istiqamətində görülən işlərdir.

Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev son dövrlər türk dünyasının böyük mütəfəkkirlərinin yubileylərinin keçirildiyini diqqətə çatdıraraq Xoca Əhməd Yasəvi yaradıcılığına qısa nəzər salıb. Bildirib ki, o, türk dünyasını İslam dəyərləri ətrafında birləşdirən mütəfəkkirlərdəndir. Onun əsərlərinin bu günümüz üçünaktual olduğunu vurğulayan V.Əliyev deyib ki, bu səbəbdən də Ə.Yasəvinin əsərləri türkdilli ölkələrdə çap edilir, irsi öyrənilir.

Nazir müavini 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ilielan edildiyini, bununla əlaqədar bir çox tədbirlər keçirildiyini, araşdırmalar aparıldığını vurğulayıb. Bildirib ki, bu araşdırma və layihələrdə türk xalqlarının ortaq mədəniyyətinin bir daha şahidi oluruq. Çap edilən ədəbi bədii nümunələrdə türk dünyası klassiklərinin əsərlərində qardaşlığa, sülhə, dostluğa hər zaman çağırışın öndə olduğunu görürük.

TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş tədbirə ev sahibliyi etdiyinə görə Mədəniyyət və Turizm Nazirliyinə və Milli Kitabxanaya Baş katib adından təşəkkürünü bildirib. Təşkilatın yaranması, ortaq türk mədəniyyətinin yayılması istiqamətindəki görülən işlər barədə məlumat verən F.Purtaş TÜRKSOY-Azərbaycan münasibətlərindən, görülən işlərdən, o cümlədən Milli Kitabxana ilə birgə həyata keçirilən layihələrdən söz açıb.

Bakının Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdiyini söyləyən Fırat Purtaş Azərbaycanın multikulturalizmin mərkəzi kimi tanındığını vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar türk xalqlarının tarix boyu müxtəlif dinlərə sitayiş etdiyini söyləyərək hazırda onların əksəriyyətinin İslam dininə tapındığını deyib. Bildirib ki, İslam dinini türk dünyasına yayan mütəfəkkirlərdən birincisi Əhməd Yasəvi olub. Anadolunun islamlaşmasında Ə.Yasəvi və onun dərvişlərinin böyük rolu var.

Türkdilli ölkələrin hamısının özünəməxsus ədəbiyyatlarının olduğunu qeyd edən Xalq yazıçısı türk dünyasının böyük mütəfəkkirlərinin əsərlərinin icmal şəklində bütün türk xalqlarının dillərində çap edilib məktəblərdə tədris edilməsi təklifini irəli sürüb.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Əhməd Yasəvinin adına tədbirlər, simpoziumlar keçirildiyini nəzərə çatdırıb. Bildirib ki, vəfatından 850 il sonra anılması, əsərlərinin oxunması sənətkar üçün böyük xoşbəxtlikdir.

G.Əfəndiyeva qeyd edib ki, Ə.Yasəvinin “Divani-hikmət” əsərinin əlyazması UNESCO-nun dünya yaddaşı proqramı tərəfindən qorunub saxlanılır. Vəfatından 223 il sonra Teymurləng tərəfindən ucaldılmış məqbərəsi UNESCO-nun Dünya İrs Siyahısına daxildir.

O deyib: “Əhməd Yasəvi böyük fikir adamı, din xadimi, yasəviyyə nəzəriyyəsinin banisi, türkləri birləşdirən insandır. “İslam seçim, türkçülük taleyimizdir” kəlamı onun vahid türk ideyasına sadiq olduğunu göstərir. Bu gün türkdilli ölkələrdə onun adına müxtəlif küçələr salınıb, heykəlləri ucaldılıb, Əhməd Yasəvi Beynəlxalq Universiteti fəaliyyət göstərir. Bu gün Əhməd Yasəvi ilə bağlı tədbirə Azərbaycan ev sahibliyi edir. Azərbaycanda türk dünyasına aid olan mədəni, mənəvi dəyərlərə böyük hörmətlə yanaşılır. Bu, artıq dövlət siyasətidir. Yeni yaradılan Türk Mədəniyyəti və İrsi Fondu bu ənənələri davam etdirməyə və buna öz töhfəsini verməyə hər zaman hazırdır”.

Azərbaycanda Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov böyük türk mütəfəkkiri, şairi, türkcəni XII əsrdə dünyanın ən inkişaf etmiş dilləri səviyyəsinə qaldırmış və İslam dininin təbliğatçısı Əhməd Yasəvinin vəfatının 850 illiyi ilə əlaqədar təşkil edilən konfransı yüksək qiymətləndirib. Qeyd edib ki, konfrans həm elmi, həm də mədəni səviyyəsinə görə maraq doğurur.

Nizami Cəfərov Ə.Yasəvi yaradıcılığı, onun türk dünyasına bəxş etdiyi töhfələrdən danışıb. Atatürk Mərkəzi tərəfindən Əhməd Yasəvinin əsərlərinin nəşr edilməsi barədə məlumat verərək bildirib ki, bu əsərlər humanizmi, milliliyi, məzmunu ilə hamı üçün gərəklidir.

Konfransda çıxış edən Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Toman, Əhməd Yasəvi Universitetinin idarə heyətinin sədri Musa Yıldız, Milli Məclisin deputatı Qənirə Paşayeva Əhməd Yasəvinin yaradıcılığından söz açıblar. Bildirilib ki, türk dilində yazmaqla yanaşı, milli kimliyin, dini inancın, ənənənin sintezini qura bilib. Yaşadığı dövrdə İslam dininə ayna tutan mütəfəkkirin əsərləri bu dinin irfan yolu ilə öyrənilməsində böyük rol oynayıb.

Konfransda Əhməd Yasəvi Universiteti tərəfindən nəşr edilmiş kitablar Azərbaycan Milli Kitabxanasına hədiyyə edilib.

Sonra tədbir iştirakçıları “Türk dünyasının görkəmli ədibi Xoca Əhməd Yasəvi” adlı kitab sərgisi ilə tanış olublar.

Konfransın ikinci hissəsində “Türk dünyasının görkəmli ədibi Xoca Əhməd Yasəvi”, “Xoca Əhməd Yasəvi hikmətlərində sosial məzmunlu ismarıclar”, “Məlumat istehsalı və ötürülməsi baxımından “Divani-hikmət”, “Türk-islam düşüncəsinin simvol ismi Əhməd Yasəvinin mistik fəlsəfəsi”, “Aristan Bap haqqındakı qazax hekayələri” mövzularında yerlixarici mütəxəssislərin məruzələri dinlənilib.

Yeni Azərbaycan.- 2016.- 1 noyabr.- S.4