Yol-nəqliyyat infrastrukturunun yenilənməsi bölgələrin
inkişafının mühüm komponentlərindən
birinə çevrilib
Regionlarda nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi istiqamətində müəyyən edilmiş vəzifələr uğurla yerinə yetirilir və əhəmiyyətli nəticələr əldə olunur
Müasir müstəqil Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir. Həyata keçirilən uğurlu daxili siyasət sayəsində ölkəmizin sosial-iqtisadi inkişafı intensiv xarakter daşıyır, əldə edilən nailiyyətlər bu inkişafın davamlı olacağına əminlik yaradır. Bununla yanaşı, spesifik milli inkişaf modelinə malik olan Azərbaycanın tərəqqisi konseptual əsaslara söykənir və müasir çağırışlara cavab verir. Buna paralel olaraq Azərbaycanın inkişaf platforması ildən-ilə yeni iqtisadi proseslərin, industrial cəmiyyət quruculuğunun və innovativ iqtisadiyyatın yaradılması fonunda daha da zənginləşməkdədir. Hazırda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Azərbaycanın sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir.
O da qeyd edilməlidir ki, ötən dövr ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtda və regionlarda sosial və iqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün tam şərait yaradır. Bu da, öz növbəsində, Azərbaycan Prezidentinin praqmatik və uzaqgörən siyasət yürütdüyünü təsdiq edir. İqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi və müasir cəmiyyət quruculuğuna dair mühüm qərarların qəbul olunması, həmçinin son 13 il ərzində müxtəlif istiqamətlər üzrə zəruri tədbirlərin həyata keçirilməsi hazırkı dövrdə effektiv iqtisadi-maliyyə və sosial siyasətin yürüdülməsinə etibarlı zəmin yaradır.
Regionların sosial-iqtisadi inkişaf
dinamikası pozitivdir
Başlıca məqam budur ki, yeni iqtisadi
inkişaf kursu fonunda regionların sosial-iqtisadi inkişafının
davamlılığının təmin edilməsi də xüsusi diqqət mərkəzindədir. Azərbaycanın sürətli sosial-iqtisadi
inkişaf dinamikasında
regionların payı ilbəil artır. Bu da, ilk növbədə,
bölgələrin ənənələri,
inkişaf perspektivləri,
əmək resursları
və digər cəhətlər nəzərə
alınmaqla qəbul edilən məqsədli Dövlət proqramları
nəticəsində mümkün
olur. Vurğulamaq gərəkdir ki,
regionların sosial-iqtisadi
inkişafı ilə
bağlı qəbul edilən Dövlət proqramları bölgələrin
tarazlı inkişafını
şərtləndirir. Belə ki, Dövlət proqramları çərçivəsində
respublikanın bütün
bölgələrində yeni
yollar çəkilib və ya yenidən
qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb,
rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib,
çoxsaylı sənaye,
kənd təsərrüfatı,
xidmət, ticarət müəssisəsi fəaliyyətə
başlayıb.
Bütövlükdə, Azərbaycanda regionların
sosial-iqtisadi inkişafı
konseptual əsaslara söykənir. Dövlət başçısı İlham Əliyev
2003-cü ildə vəzifəsinin
icrasına başlayarkən
regionların sosial-iqtisadi
inkişafını Özünün
fəaliyyətinin əsas
istiqamətlərindən biri
kimi elan etmişdi. Bu hədəfə çatmaq
üçün ötən
müddət ərzində
regionların sosial-iqtisadi
inkişafına dair 3
Dövlət Proqramı
hazırlanıb və
2-si artıq uğurla
həyata keçirilib.
Hazırda isə üçüncü
Dövlət Proqramı
icra edilir.
2004-cü il fevralın 11-də təsdiqlənmiş
“Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı”nı bölgələri
dirçəldən mühüm
ilkin konsepsiya adlandırmaq olar. 2004-2008-ci illəri əhatə edən ilk proqramda qarşıya qoyulan hədəflərə
vaxtından tez çatmaq mümkün olub. Regionların inkişafına dair birinci Dövlət Proqramının uğurla
həyata keçirilməsinin
ardınca 2009-cu il aprelin 14-də “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı” təsdiqləndi.
Həmin
proqramda qarşıya
qoyulan vəzifələr
də uğurla yerinə yetirildi. Nəticədə, yerlərdə istehsal
və emal potensialı gücləndirildi.
Əvvəlki illərdə yaradılan
baza və qazanılan təcrübə
2014-2018-ci illəri əhatə
edən sayca üçüncü Dövlət
Proqramının qəbul
edilməsi üçün
möhkəm əsas oldu. Hazırda yeni Dövlət
Proqramı da böyük müvəffəqiyyətlə
yerinə yetirilir.
Digər
tərəfdən, regionların
sosial-iqtisadi inkişafı
ilə bağlı proqramlara əlavə xarakteri daşıyan tədbirlər planları
da yeni dövrün
tələblərindən meydana
çıxır, innovasiyaların
tətbiqi zərurətindən
yaranır. Dövlət proqramlarının uğurla
reallaşdırılması sayəsində bir çox göstəricilər
üzrə bölgələrdə
artım tempi ölkə
üzrə müvafiq
göstəriciləri üstələyib.
Beləliklə, Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən və
ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların
sosial-iqtisadi inkişafına
dair Dövlət proqramları çərçivəsində
həyata keçirilən
layihələr respublikamızı
infrastruktur təminatı
baxımından dünyanın
ən qabaqcıl ölkələri sırasına
çıxarıb. Eyni zamanda,
bu kontekstdə bütün ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenilənməsi
müasir Azərbaycanın
mənzərəsini xarakterizə
edən əsas cəhətlərdəndir. Beləliklə, son 12 ildə
regionların sosial-iqtisadi
inkişafına dair Dövlət proqramları
çərçivəsində respublikanın bütün
bölgələrində yol
infrastrukturunun yenilənməsi
istiqamətində irimiqyaslı
layihələr həyata
keçirilib, dünya
standartlarına cavab verən yeni yollar çəkilib, yol ötürücüləri,
körpülər, yeraltı
və yerüstü piyada keçidləri tikilib. Regionların sosial-iqtisadi inkişafına
dair Dövlət proqramlarına uyğun olaraq bütün ölkə boyu yaradılan müasir infrastruktur sayəsində
son illərdə Azərbaycanın
tranzit imkanları əhəmiyyətli dərəcədə
artıb və respublikamız bütövlükdə
regionun nəqliyyat mərkəzinə çevrilməkdədir.
Regionlarda
yol-nəqliyyat infrastrukturunun
yenilənməsi ilə
bağlı ardıcıl
işlər görülüb
Azərbaycanda yol-nəqliyyat infrastrukturunun
yenilənməsi ilə
bağlı statistika kifayət qədər zəngindir. Dövlət proqramlarında dəmir
yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı çoxsaylı
tədbirlər həyata
keçirilib, nəzərdə
tutulan layihələrin
bir çoxu yüksək səviyyədə
tamamlanıb. Belə
ki, ilk 2 Dövlət Proqramının həyata
keçirildiyi 2004-2013-cü illərdə respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 9 min kilometri ötüb, bu müddətdə 250 yeni körpü, tunel və yol ötürücüsü
inşa edilib. Haqqında bəhs olunan dövrdə Azərbaycanın
bölgələrində 6 aeroport tikilib ki, onlardan da
4-ü beynəlxalq səviyyəlidir.
Heydər Əliyev Beynəlxalq
Aeroportunun yeni aerovağzal kompleksi isə 2014-cü ildə istifadəyə verilib.
Bütün bunların nəticəsidir
ki, indi respublikanın bölgələrindən
də beynəlxalq uçuşlar həyata keçirilir və bu amil Azərbaycanın
regionlarının inkişafına
əlavə impuls verir.
Yol-nəqliyyat infrastrukturunun yenilənməsi
ilə bağlı layihələr regionların
sosial-iqtisadi inkişafına
dair 2014-2018-ci illəri
əhatə edən üçüncü Dövlət
Proqramı çərçivəsində
də intensiv şəkildə davam etdirilir. Yeni Dövlət
Proqramının icrasının
birinci ili
ərzində daha 960 kilometr ölkə və yerli əhəmiyyətli
avtomobil yolu, 30-dan çox yeni körpü və yolötürücüsü tikilib
və ya təmir olunub. Yol infrastrukturunun yenilənməsi
2015-ci ildə də həyata keçirilib.
Belə ki, ötən il
400 kilometrdən artıq
ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 12 yeni körpü və yolötürücüsü
tikilib və ya təmir olunub.
Həyata keçirilən layihələr ölkənin
yol təsərrüfatında
vəziyyəti tamamilə
dəyişib.
Yeri gəlmişkən, 2016-cı il oktyabrın 31-də
Prezident İlham Əliyev Siyəzən rayonunun Siyəzən-Böyük
Həmyə-Balaca Həmyə-Cəndəhar
avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında
Sərəncam imzalayıb.
Sərəncama əsasən
iyirmi səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış
məntəqəsini birləşdirən
sözügedən avtomobil
yolunun tikintisinin başa çatdırılması
məqsədilə Azərbaycan
Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil
Yolları” Məqsədli
Büdcə Fondunda nəzərdə tutulmuş
vəsaitdən 7,1 milyon
manat ayrılıb.
Bölgələrdə kənd yollarının yenidən qurulması diqqət mərkəzindədir
Digər tərəfdən, Prezident İlham Əliyevin respublikamızda yol-nəqliyyat infrastrukturunun yüksək səviyyəyə qaldırılması sahəsində qarşıya qoyduğu yeni hədəflərdən biri də kənd yollarının yenidən qurulması ilə bağlıdır. Bütövlükdə son illərdə bu sahəyə ayrılan vəsaitin həcmi getdikcə artır. Əhalinin böyük əksəriyyəti, xüsusilə kəndlərdə yaşayan insanlar artıq yaxşı yollarla təmin olunublar. Dövlət başçısı tərəfindən qarşıya növbəti 3-4 il ərzində Azərbaycanda bütün kənd yollarının təmirinə nail olmaqla bağlı ciddi vəzifə qoyulub.
Qeyd edək ki, həm artıq başa çatan Dövlət proqramlarında, həm də hazırda icrası davam etdirilən üçüncü Dövlət Proqramında kənd yollarının yenidən qurulması ilə bağlı geniş tədbirlər öz əksini tapıb. Cari ildə kənd yollarının abadlaşdırılması məqsədi ilə dövlət büdcəsindən 200 milyon manat vəsait ayrılıb, Bakıətrafı qəsəbələr də daxil olmaqla respublika miqyasında 70-dək kənd yolu layihəsinin icrası nəzərdə tutulub. Tədbirlər planına uyğun olaraq 2015-ci ildə respublika ərazisində kənd yollarının tikintisi davam etdirilib, əhalisi 351 min nəfər olan 245 yaşayış məntəqəsini birləşdirən 590 kilometrdən artıq kənd yolu çəkilib.
Beləliklə, respublikamızda nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi istiqamətində müəyyən edilmiş vəzifələr uğurla yerinə yetirilir və əhəmiyyətli nəticələr əldə olunur.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.- 2016.- 2 noyabr.- S.8