Qafqaz Universitetində “Azərbaycan multikulturalizmi”
Elm-Tədris Mərkəzinin açılışı olub
Qafqaz Universitetində 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar tədbir və “Azərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzinin açılışı olub.
Mərkəzin yaradılmasının məqsədi Qafqaz Universitetində “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərini tədris etməklə yanaşı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) ilə birgə ölkədaxili və xarici universitetlərdə bu fənlərin tədris olunması üçün kadr hazırlığının təşkili, Azərbaycan və dünya multikulturalizm modellərinin və azərbaycançılıq ideologiyasının elmi əsaslarla öyrənilməsi və bu istiqamətdə yazılmış əsərlərin aprobasiyasının həyata keçirilməsidir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Qafqaz Universitetinin rektoru, professor Havar Məmmədov Ulu öndər Heydər Əliyevin təhsilə daim xüsusi önəm verdiyini, dahi rəhbərin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini bildirib.
Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edildiyini xatırladan rektor vurğulayıb ki, bu gün xalqımızın multikultural ənənələrinin qorunması və inkişafı sahəsində çox mühüm tədbirlər reallaşdırılır.
Professor H.Məmmədov multikulturalizm ənənələrinin qorunmasında və təbliğində Heydər Əliyev Fondunun əvəzsiz xidmətlərini xüsusi qeyd edib.
Qafqaz Universitetinin fəaliyyəti, bu ali məktəbdə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən rektor burada yaradılan “Azərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzinin əhəmiyyətindən danışıb.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışıb, Ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb.
Azərbaycanda multikulturalizmin inkişaf mərhələlərindən söz açan akademik K.Abdullayev qeyd edib ki, görkəmli dövlət xadimi Heydər Əliyev multikultural dəyərləri çox yüksək səviyyədə qiymətləndirərək onun siyasi, hüquqi bazasını yaradıb. Ulu öndər Azərbaycan multikulturalizminin siyasi banisidir. Ümummilli liderin siyasi xəttini davam etdirən Prezident İlham Əliyev bu gün Azərbaycan multikulturalizmini dövlət siyasəti səviyyəsinə yüksəltməyə nail olub. Bu, Azərbaycan ideologiyasının çox böyük qələbəsidir.
Akademik K.Abdullayev vurğulayıb ki, son illər Azərbaycanda keçirilən humanitar forum və digər beynəlxalq tədbirlər ölkəmizi dünya multikulturalizminin mərkəzlərindən birinə çevirib. Bu gün Azərbaycan multikulturalizmi dünyanın ayrı-ayrı ölkələrində tədris edilir.
Dövlət müşaviri Qafqaz Universitetində yaradılan “Azərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzinin səmərəli fəaliyyət göstərəcəyinə əminliyini bildirib.
Qeyd olunub ki, mərkəzin ideoloji bazasını Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq fəlsəfəsi, tarixi ənənələrə əsaslanan milli vətənpərvərlik ideologiyası və Prezident İlham Əliyevin bu gün Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətinə çevirdiyi Azərbaycan multikulturalizmi təşkil edir.
Mərkəzin azərbaycançılıq fəlsəfəsi, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin təhlili, Azərbaycan və dünya multikulturalizm modellərinin tədqiqi ilə bağlı nəşrləri, elektron vəsaitlərdən ibarət kitabxanası və müasir tələblərə cavab verən texniki avadanlığı istifadəçilərin ixtiyarına verilir.
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, təhsil nazirinin müavini Firudin Qurbanov, BBMM-in icraçı direktoru Azad Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, “Multikulturalizm” jurnalının baş redaktoru Fəxri Uğurlu və digər çıxış edənlər Azərbaycan multikulturalizminin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər.
Sonra tədbir iştirakçıları müasir avadanlıqla təchiz edilmiş “Azərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzi ilə tanış olublar.
Tələbələr müxtəlif
xalqların mahnı və rəqslərini ifa
ediblər.
Yeni Azərbaycan.- 2016.- 2 noyabr.- S.6