Strateji tərəfdaşlığa
əsaslanan Azərbaycan-Rusiya münasibətləri
mühüm regional əməkdaşlıq nümunəsidir
Prezident İlham Əliyev: Biz Rusiya ilə əməkdaşlığa çox böyük əhəmiyyət veririk. Rusiya bizim üçün strateji tərəfdaşdır
Müstəqil Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınır. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası nəticəsində ölkəmiz həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun təhlükəsizliyinə fundamental töhfələr verir, eləcə də regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynayır. Heç bir beynəlxalq qurumdan və milli dövlətdən asılı olmayan Azərbaycan Respublikası artıq regional aktordan beynəlxalq strateji tərəfdaşa çevrilməkdədir.
Bütövlükdə, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın iştirakı ilə regional miqyaslı, qlobal xarakterli strateji layihələrin reallaşdırılması, eləcə də ölkəmizin beynəlxalq nüfuzunun daha da artması, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi həyata keçirilən praqmatik xarici siyasətin pozitiv nəticələridir. Eyni zamanda, Avrasiya geosiyasi məkanında baş verən son mürəkkəb hadisələrin nəticələri bir daha göstərdi ki, həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Azərbaycan öz xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini sırf beynəlxalq hüquq normaları və milli maraqları əsasında davam etdirir. Ölkəmiz, eyni zamanda, regional təhlükəsizliyin təmin olunmasında və bölgədə əməkdaşlığın inkişafında mühüm rol oynayır.
Azərbaycan-Rusiya
münasibətləri dinamik inkişaf tempinə malikdir
Bu kontekstdə ölkəmiz həm region dövlətləri,
həm də regiondankənar ölkələrlə səmərəli
və qarşılıqlı faydalı əməkdaşlıq
əlaqələrini uğurla davam və inkişaf etdirir. Azərbaycan
Respublikasının sıx əməkdaşlıq əlaqələrinə
malik olduğu ölkələrdən biri də Rusiya
Federasiyasıdır.
Zəngin tarixi keçmişə söykənən Azərbaycan-Rusiya
münasibətləri müasir dövrdə regional əhəmiyyət
daşıyır. 1993-cü ildə Ümummilli lider Heydər Əliyev
xalqın təkidli tələbi ilə hakimiyyətə gələndən
sonra Azərbaycan Respublikası ilə Rusiya Federasiyası
arasında getdikcə möhkəmlənən, bərabərhüquqlu
tərəfdaşlıq, qarşılıqlı hörmət
prinsiplərinə əsaslanan münasibətlərin əsası
qoyuldu. Dünyada və regionda gedən proseslərin
konyunkturasını, Azərbaycanın dövlət
maraqlarını düzgün dəyərləndirən Ulu
öndər şimal qonşumuzla siyasi, iqtisadi, humanitar sahədə
əməkdaşlığın gücləndirilməsi
istiqamətində addımlar atdı. Ümummilli
liderin Rusiyaya 1997-ci ildə ilk rəsmi səfərindən
sonra iki ölkə rəhbərlərinin
qarşılıqlı səfərləri ənənə
halını alıb. Ulu öndərin əsasını
qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham
Əliyev də Rusiya Federasiyası ilə əlaqələrə
böyük önəm verir. Hazırda
ölkələr arasında bir çox sahələri əhatə
edən çoxşaxəli münasibətlər
mövcuddur. Bundan başqa, hər iki
dövlət beynəlxalq müstəvidə bir-birinə dəstək
verməkdədir.
Ümumiyyətlə, Azərbaycan Respublikası ilə
Rusiya Federasiyası arasındakı çoxşaxəli
münasibətlər və sıx təmaslar müasir beynəlxalq
münasibətlər sisteminin mühüm komponentlərindən
birini təşkil edir. Dərin təməllərə və
tarixi köklərə söykənən, ikitərəfli və
çoxşaxəli qarşılıqlı faydalı əməkdaşlığa
əsaslanan tərəfdaşlıq münasibətləri
dinamik xarakter daşıyır. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Rusiya ilə münasibətlərin
əhəmiyyətinə toxunaraq qeyd edib: “Rusiya ilə Azərbaycan
arasında münasibətlər dostluğa, mehriban
qonşuluğa, xalqlarımızın tarixinə, onların
ortaq taleyinə, bu gün isə həm də
qarşılıqlı maraqlara, möhkəm bazaya əsaslanır”.
Bütövlükdə, hər iki ölkəni bir-birinə
bağlayan strateji əsaslar xalqlararası dərin inteqrasiya,
eyni zamanda, milli maraqların qarşılıqlı faydalı
əməkdaşlıq əsasında
uzlaşdırılmasıdır. Prezident İlham Əliyevin
vurğuladığı kimi: “İkitərəfli münasibətlərin
bütün spektri üzrə çox müsbət dinamika
görürük. Bu, bizi çox sevindirir.
Biz Rusiya ilə əməkdaşlığa
çox böyük əhəmiyyət veririk. Rusiya bizim üçün strateji tərəfdaşdır”.
Çoxşaxəli
münasibətlər regional miqyaslı, qlobal xarakterli əlaqələr
sistemi kimi xarakterizə edilir
Rusiya-Azərbaycan münasibətləri ehtiva etdiyi sahələrə
görə çoxşaxəli olmaqla yanaşı, regional
miqyaslı, qlobal xarakterli əlaqələr sistemi kimi səciyyələndirilir. Bütün
sahələrdə əməkdaşlıq münasibətləri
davamlı və nizamlı surətdə inkişaf etməkdə
və yeni keyfiyyət çalarları əldə etməkdədir.
Bu isə ümumi münasibətlər sisteminin
inkişafını təmin edən strateji faktor kimi
çıxış edir. Prezident İlham Əliyevin
qeyd etdiyi kimi: “Biz beynəlxalq məkanlarda fəal
qarşılıqlı əlaqə saxlayırıq, siyasi
dialoq fəallaşır, iqtisadi əlaqələr möhkəmlənir,
nəqliyyat və energetika sahələrində də
yaxşı nəticələr var, humanitar əməkdaşlıq
inkişaf edir”.
Qarşılıqlı faydalı əməkdaşlığa
əsaslanan tərəfdaşlıq münasibətlərinin
inkişafına təkan verən faktorlar sırasında
elmi-texniki, humanitar və iqtisadi sahədə təmasların
sıxlaşdırılması, bu istiqamətdə
qarşılıqlı səfərlərin həyata
keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Rusiya Federasiyasının
Prezidenti Vladimir Putinin vurğuladığı kimi: “İki
ölkənin dövlət başçıları, hökumətləri
və parlamentləri arasında qarşılıqlı etimada
əsaslanan əlaqələr məhz bu cür möhkəm təməl
üzərində inkişaf edir. Ticari-iqtisadi və
investisiya, energetika sferalarında, nəqliyyat infrastrukturu,
avtomobilqayırma, səhiyyə sahələrində
qarşılıqlı faydalı əməkdaşlıq dərinləşir”.
Bununla yanaşı, Azərbaycan-Rusiya əməkdaşlığının
mühüm istiqamətlərindən birini ticarət əlaqələri
təşkil edir. Azərbaycanın ticarət dövriyyəsində
Rusiya üçüncü, idxalda isə birinci yeri tutur.
Ölkələr arasında azad ticarət rejimi mövcuddur
ki, bu da ticarət əlaqələrinin və iş
adamları arasında əməkdaşlığın
inkişafına geniş imkanlar yaradır.
Bütövlükdə, hazırda tərəflər
arasındakı münasibətlərin inkişaf dinamikası
məmnunluq doğurur. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin iki ölkə
arasındakı münasibətlərin inkişafından bəhs
edərək vurğulayıb: “Rusiya ilə Azərbaycanın
münasibətləri strateji tərəfdaşlıq xarakteri
daşıyır. Bu münasibətlərin əsasını
qədim dostluq və mehriban qonşuluq ənənələri,
hüquq bərabərliyi, bir-birinin mənafelərinə
hörmət, ortaq tarix və mədəniyyət, milyonlarla
insanın qaynayıb-qarışmış taleləri təşkil
edir”.
Konstruktiv
siyasi əlaqələr ölkələr arasındakı
iqtisadi əməkdaşlığın inkişafına da zəmin
yaradır
Ümumilikdə, Azərbaycan Respublikası ilə Rusiya
Federasiyası arasında mövcud olan münasibətlərə
strateji keyfiyyət çalarları bəxş edən
mühüm faktorlardan biri ölkələr arasındakı
iqtisadi əlaqələrdir. Daha da dəqiqləşdirsək,
regional əməkdaşlıq münasibətləri ilə
beynəlxalq münasibətlər sisteminin mühüm
komponenti qismində çıxış edən Bakı-Moskva
əlaqələrini gücləndirən keyfiyyət
ünsürlərindən biri də tərəflər
arasındakı iqtisadi münasibətlərdir. Müşahidələr onu deməyə imkan verir
ki, konstruktiv siyasi münasibətlər ölkələr
arasındakı iqtisadi əməkdaşlığa da
mühüm töhfələr bəxş edir və onun
dinamik səciyyə daşımasını şərtləndirir.
İqtisadi əlaqələrin mütəmadi
inkişafı bəhs olunan sahədə əməkdaşlığın
əsaslarını möhkəmlətməklə
yanaşı, onun coğrafi arealını da genişləndirir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəflər
arasındakı münasibətlərin inkişafından bəhs
edərkən qeyd edib ki, bizim münasibətlərin çox
pozitiv dinamikası - çoxillik, davamlı inkişaf
dinamikası müşahidə edilir: “Biz bunu çox yüksək
qiymətləndirir və Rusiyanı beynəlxalq arenada əsas
tərəfdaşlarımızdan biri hesab edirik”.
Rusiya-Azərbaycan
əməkdaşlığı regional təhlükəsizliyə
strateji töhfələr verir
Müasir dövrdə beynəlxalq münasibətlər
sisteminə təsir edən əhəmiyyətli amillərdən
biri regional əməkdaşlıqdır. Siyasi, iqtisadi,
mədəni, humanitar və digər sahələri əhatə
edən tərəfdaşlıq münasibətləri həm
regional təhlükəsizlik, həm də beynəlxalq əməkdaşlıq
baxımından müstəsna önəm kəsb edir. Əlbəttə, bu cür əməkdaşlıq əlaqələrinin
səmərəli olması və perspektiv üçün
önəmli nəticələr vəd etməsi
qarşılıqlı etimad mühitinin
formalaşdırılmasından asılıdır.
Bu baxımdan əminliklə deyə bilərik ki,
Rusiya-Azərbaycan münasibətləri özündə
ehtiva etdiyi strateji çalarlar etibarilə regional təhlükəsizlik
sisteminə mühüm töhfələr verir. Mövcud
resurs və potensialları ilə həm Azərbaycan, həm də
Rusiya regionda təhlükəsizlik sisteminin təminatı
baxımından olduqca mühüm təsir imkanlarına malikdir.
Ümumiyyətlə, regional təhlükəsizliyin təminatı,
öz növbəsində, bir neçə strateji faktordan
asılıdır. Əvvəla, regionda siyasi-iqtisadi proseslərə
təsir etmək imkanına malik olan milli dövlətlərarası
strateji əməkdaşlıq münasibətləri
konstruktiv səciyyəli olmalı və ya
qarşılıqlı maraqlar əsasında
formalaşdırılmalıdır. İkincisi,
siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdəki
əməkdaşlıq və tərəfdaşlıq
münasibətləri simmetrik olmalı, inteqrativ meyillər
üzərində qurulmalıdır. Üçüncüsü,
regional miqyasda qarşıdurma və gərginlik mənbəyi
qismində çıxış edən destruktiv faktorlar aradan
qaldırılmalıdır. Nəhayət,
yaradılan regional əməkdaşlıq
platformalarının uzunmüddətli olması
üçün qarşılıqlı etimad mühitinin
mövcudluğu mühüm əhəmiyyət kəsb edir.
Sadalananlara istinad edərək qeyd edə bilərik ki,
Rusiya-Azərbaycan münasibətləri regionda strateji təhlükəsizlik
balansını təmin etmək iqtidarında olmaqla
yanaşı, əməkdaşlıq və tərəfdaşlıq
münasibətləri üçün də əhəmiyyətli
zəmin rolunu oynamaqdadır.
Onu da vurğulamaq lazımdır ki, Bakı-Moskva
münasibətləri konstruktiv səciyyəli olmaqla
qarşılıqlı maraqlar üzərində qurulub ki, bu
da ikitərəfli əlaqələrin strateji əsası
qismində çıxış edir. Rusiya Federasiyasının Prezidenti
Vladimir Putin bu məsələlərə toxunaraq deyib:
“Əminəm ki, Rusiya-Azərbaycan münasibətlərinin
bundan sonra da durmadan inkişaf etməsi regional sabitliyin və təhlükəsizliyin
qorunub saxlanması, Cənubi Qafqazda sülhün və
qarşılıqlı anlaşmanın dəstəklənməsi,
xalqlarımızın əsaslı maraqlarının
reallaşması üçün xüsusi əhəmiyyət
kəsb edir”.
Qeyd olunanlarla yanaşı, qarşılıqlı
faydalı əməkdaşlıq əlaqələri Azərbaycanın
və Rusiyanın iştirakı ilə yeni regional əməkdaşlıq
formatlarının yaranmasını şərtləndirir. Bu baxımdan,
bir müddət öncə Azərbaycan, Rusiya və İran
prezidentləri arasında keçirilən üçtərəfli
görüş xüsusilə qeyd edilməlidir. Bəhs olunan üçtərəfli Zirvə
görüşü regional təhlükəsizlik və əməkdaşlıq
nöqteyi-nəzərindən strateji əhəmiyyət kəsb
edir. Avqustun 8-də Bakıda Azərbaycan
Respublikasının, İran İslam Respublikasının və
Rusiya Federasiyasının prezidentlərinin iştirakı ilə
keçirilən üçtərəfli Zirvə
görüşü Avrasiya geosiyasi məkanında yeni əməkdaşlıq
formatının əsasını qoydu. Ekspertlərin də
qənaəti budur ki, Azərbaycanın, İranın,
Rusiyanın iştirakı ilə yaranan yeni format regionda
sülhün, təhlükəsizliyin, sabitliyin təmin
olunmasına xidmət edəcək, ölkələr
arasında iqtisadi əməkdaşlığı daha yüksək
səviyyəyə qaldırmaq üçün yaxşı
imkanlar yaradacaq. Digər tərəfdən,
üçtərəfli Zirvə görüşü region
ölkələri arasında qarşılıqlı etimad
mühitinin dərinləşməsi baxımından
böyük önəm daşıyır.
Rəsmi
Moskva Dağlıq Qarabağ münaqişəsinin həlli
istiqamətində fəallıq nümayiş etdirir
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası
arasındakı münasibətləri xarakterizə edərkən,
heç şübhəsiz, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə
də toxunmaq gərəkdir. Sirr deyil ki, Azərbaycan
Respublikasının xarici siyasət strategiyasında
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüquq normalarına əsasən, yəni ölkəmizin ərazi
bütövlüyü çərçivəsində həll
edilməsi prioritet istiqamətdir. Məhz buna görə
də rəsmi Bakı diplomatik müstəvidə
özünün bütün resurslarından maksimum surətdə
istifadə etməklə münaqişənin həllinə
nail olmağa çalışır. Buna
baxmayaraq, Ermənistan davamlı surətdə etdiyi müxtəlif
manevrlərlə danışıqlar prosesini uzatmağa
çalışır. Əlbəttə, bütün
hallarda, müasir beynəlxalq münasibətlər sistemi və
dünya siyasətində kifayət qədər diplomatik
resurslara malik olan aparıcı beynəlxalq təşkilatlar,
ATƏT-in Minsk qrupu, həmçinin bu qurumlarda təmsil olunan
güc mərkəzləri (aparıcı milli dövlətlər)
münaqişənin həlli ilə bağlı imperativ və
operativ səciyyəli tədbirlər görməlidir. Məlum olduğu kimi, Rusiya Federasiyası da
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
vasitəçilik missiyası daşıyan ATƏT-in Minsk
qrupunun həmsədr ölkələrindən biridir. Bu isə rəsmi Moskvaya problemin həlli prosesində
daha fəal və intensiv olmağa xüsusi imkanlar yaradır.
Mövcud reallıq və situasiya onu göstərir
ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli
istiqamətində yüksək fəallıq nümayiş
etdirir.
Azərbaycan-Rusiya
Regionlararası Forumu iki ölkənin münasibətlərində
körpü rolunu oynayır
Onu da qeyd etmək lazımdır ki, mütəmadi olaraq
təşkil edilən Azərbaycan-Rusiya Regionlararası Forumu
da tərəflər arasındakı münasibətlərin
inkişafında mühüm əhəmiyyət
daşıyır. Yeri gəlmişkən, noyabrın 1-də
Heydər Əliyev Mərkəzində keçirilən VII Azərbaycan-Rusiya
Regionlararası Forumu bu baxımdan xüsusilə qeyd edilməlidir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və
Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı
ilə keçirilən Forumda Azərbaycan və Rusiyanın
dövlət rəsmiləri, parlament və icra hakimiyyəti
orqanlarının nümayəndələri, iqtisadiyyatın sənaye,
turizm, kənd təsərrüfatı, tikinti, ticarət,
konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə
və s. sahələrində fəaliyyət göstərən
sahibkarlar və KİV təmsilçiləri iştirak ediblər.
Foruma Rusiyanın 9 subyektindən 250-dən
çox, Azərbaycan tərəfdən isə 300-dək
olmaqla, ümumilikdə 600-ə yaxın iştirakçı
qatılıb. Bütövlükdə, “Əməkdaşlıq
körpüsü” adlandırılan Forum Azərbaycan ilə
Rusiya arasında iqtisadi əlaqələrin geniş spektrini əhatə
edən işgüzar diskussiyalar, imzalanan mühüm sənədlər
və iş adamlarının faydalı görüşləri
ilə əlamətdar olub, tərəflər arasında əməkdaşlığa
dair 12 sənəd imzalanıb.
Azərbaycan
Prezidentinin İctimai-siyasi məsələlər üzrə
köməkçisi Əli Həsənov Bakıda
keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumunun əhəmiyyətini
şərh edərkən diqqətə çatdırıb ki,
hər il keçirilən Azərbaycan-Rusiya Regionlararası
Forumu iki ölkənin münasibətlərində
körpü rolunu oynayır: “Həm Rusiyada, həm də Azərbaycanda
təşkil olunan Foruma hər iki ölkədən 500-dən
çox iştirakçı qatılır. Builki
Forumda Rusiyanın bir çox vilayətlərindən, o
cümlədən mərkəzi hakimiyyət orqanlarından
nümayəndələr iştirak edir”.
Prezidentin köməkçisi əlavə edib ki, beynəlxalq münasibətlərin hazırkı vəziyyətində Azərbaycan ilə Rusiya arasındakı bu Forum çox aktualdır və hər iki ölkənin maraqlarına cavab verir: “Azərbaycan və Rusiya arasında daim genişlənən əlaqələr hər iki ölkənin prezidentlərinin diqqət mərkəzindədir. Həm iqtisadi və siyasi sahədə, həm də sosial və mədəni əlaqələr, cəmiyyətlərarası münasibətlər kifayət qədər intensivdir. Bu intensivliyi nizamlamaq üçün belə forumlar zəruridir”.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-
2016.- 3 noyabr.- S.2