Azərbaycanda sahibkarlığın inkişafına güclü dövlət dəstəyi göstərilir

 

Prezident İlham Əliyev: Bu gün Azərbaycan iqtisadiyyatının böyük hissəsi - 80 faizdən çoxu özəl sektorda formalaşır. Bu, son illər ərzində görülmüş işlərin nəticəsidir

Müasirləşməni strateji hədəf kimi qarşıya qoyan Azərbaycan bütün sahələrdə dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə istinad edir. Bu cəhətdən ölkəmizdə qlobal çağırışlar və daxili imkanlar nəzərə alınmaqla həyata keçirilən məqsədyönlü iqtisadi kurs da istisna deyildir. Məlumdur ki, dünyanın qabaqcıl ölkələrində iqtisadiyyat əsasən kiçikorta sahibkarlığın dəstəklənməsi hesabına inkişaf edir. Həmin ölkələrin istehsalının əsasında məhz özəl müəssisələrdə buraxılan müxtəlif növ məhsullar dayanır. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq Azərbaycan da məhz bu yolu tutaraq özəl bölmənin inkişafına davamlı dəstək nümayiş etdirir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində respublikamızda sahibkarlığın inkişafına göstərilən dövlət qayğısından söhbət açaraq bildirib: “Sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərilir. Bu il artıq 120 milyon manat güzəştli kreditlər verilib. Ancaq ilin sonuna qədər fondda nəzərdə tutulan layihələrə tam həcmdə kreditlər verilməlidir və gələn il kifayət qədər böyük vəsait nəzərdə tutulmalıdır”.

Davamlı dövlət dəstəyi sayəsində ölkədə güclü milli sahibkarlar ordusu formalaşıb

Son 13 ildə sahibkarlığın inkişafına davamlı olaraq dəstək göstərilməsi Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib. Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Dövlət bu sahənin inkişafına həm siyasi, həm də maddi dəstək verir. Respublikamızda özəl bölmənin inkişaf etdirilməsi məqsədilə özəlləşdirmə həyata keçirilib, ayrıca proqramlar qəbul edilib, hüquqi-qanunvericilik bazası möhkəmləndirilib. Ölkədə sahibkarlığın inkişafının təşviq edilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu təsis edilib. Prezident İlham Əliyevin 2014-cü il martın 3-də imzaladığı “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərman özəl bölmənin inkişafının yeni mərhələsinin hüquqi təminatlarını özündə əks etdirir. Sahibkarlıq subyektlərinin maliyyə təminatının gücləndirilməsi ölkədə özəl bölmənin inkişafında xüsusi rol oynayır. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində 2004-cü ildən etibarən respublikamızda sahibkarlara göstərilən maliyyə dəstəyinin artmasından və cari ildaxil olmaqla 2 milyard manata çatmasından məmnunluq ifadə edərək vurğulayıb: “Biz sahibkarlığın inkişafına böyük dəstək vermişik. Güzəştli şərtlərlə 1,7 milyard manat kreditlər verilmişdir. Əgər biz bu ili də nəzərə alsaq, 2 milyard manat təşkil edəcəkdir”.

Əlamətdar haldır ki, özəl bölməyə ayrılan vəsaitlərin təxminən 77 faizi qaytarılan kreditlər hesabına formalaşır. Bu da özlüyündə kifayət qədər müsbət göstəricidir və sahibkarların dövlətin onlara göstərdiyi maddi dəstəkdən səmərəli istifadə etdiklərini təsdiqləyir. Beləliklə, dövlət büdcəsinə düşən yük getdikcə azalır.

Respublikada sahibkarlığın inkişafına digər vasitələrlə də dəstək verilir. Son illərdə 256 sahibkarın Almaniyada iqtisadi kooperasiya üzrə ixtisas artırması təşkil olunub. Təkcə 2015-ci ildə sahibkarların maarifləndirilməsi, onlara metodiki köməyin, məsləhət və informasiya xidmətlərinin göstərilməsi məqsədilə ölkədə 3 mindən artıq sahibkarın iştirakı ilə 132 tədbir keçirilib. Regionlarda sahibkarların uzun illərdir banklarda üzləşdikləri girov probleminin həlli üçün kiçikhəcmli güzəştli kreditlərin girovsuz verilməsi məqsədilə 32 bank olmayan kredit təşkilatı əməkdaşlığa cəlb edilib və onların vasitəsilə 7 minədək fermerə 53 milyon manat kredit verilib. İnvestisiya imkanlarının təşviqi və yeni bazarlara çıxış məqsədilə 84-ü xaricdə olmaqla, 261 biznes forumu, sərgi, “dəyirmi masa” və bu qəbildən olan digər tədbirlər keçirilib. Bəhs olunan tədbirlərdə ölkənin investisiya mühiti təqdim olunub.

Respublikamızda özəl bölməyə göstərilən dövlət dəstəyi bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib. Son 13 ildə respublikamızda məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,6 dəfə artaraq 386 minə çatıb. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində hazırda ölkə iqtisadiyyatının 80 faizdən çoxunun özəl bölmədə formalaşdığını vurğulayaraq bunu respublikamızda həyata keçirilən siyasətin nəticəsi kimi qiymətləndirib: “Sahibkarlığın inkişafı üçün çox işlər görülübdür. Bu gün Azərbaycan iqtisadiyyatının böyük hissəsi - 80 faizdən çoxu özəl sektorda formalaşır. Bu, son illər ərzində görülmüş işlərin nəticəsidir”.

Yeni şəraitdə həyata keçirilən islahatlar ölkədə sahibkarlığın inkişafına əlavə impuls verib

Təbii ki, hər dövrün spesifik cəhətləri var. Qlobal mənfi təsirlər nəticəsində yaranan mövcud iqtisadi şərait də özəl bölmənin inkişafı ilə bağlı həyata keçirilən siyasətə və sahibkarlıq subyektlərinə göstərilən dəstək tədbirlərinə yeni yanaşma tələb edir. Bu baxımdan yeni şəraitdə ölkəmizdə sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən islahatlar təqdirəlayiqdir. Prezident İlham Əliyevin ölkədə yaranmış yeni şəraitdə biznes mühitinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vergi bazasının genişləndirilməsi yolu ilə sahibkarların vergi yükünün azaldılması, qeyri-formal iqtisadiyyatın leqallaşdırılması ilə bağlı müəyyənləşdirdiyi hədəflər xüsusi aktuallıq kəsb edir. Dövlət başçısının ölkədə biznes mühitinin yaxşılaşdırılmasına hesablanan başqa bir tələbi gömrük rəsmiləşdirilməsinin və bütün idxal-ixrac əməliyyatlarının tam şəffaf aparılması, inhisarçılığın qarşısının alınması ilə bağlıdır. Bundan başqa, sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə və “Elektron lisenziya” portalının yaradılmasına başlanılıb.

Yeni şəraitdə həyata keçirilən islahatlar ölkədə sahibkarlığın inkişafına yeni impuls verib. Çoxminli sahibkarlar ordusu dövlətin göstərdiyi hərtərəfli qayğıdan ruhlanaraq yeni şəraitdə ölkədə iqtisadi fəallığın artmasına öz töhfələrini vermək əzmi nümayiş etdirirlər. Sahibkarlar dövlət başçısından gələn təşəbbüsləri dəstəkləyərək yeni istehsal müəssisələrinin yaradılmasına fəal şəkildə investisiyalar yönəldirlər. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bəhs olunan iclasındakı nitqində sahibkarların ölkədə gedən proseslərə fəal şəkildə qoşulmalarını xüsusi diqqətə çatdıraraq bunu onların məsuliyyətlərinin artması kimi səciyyələndirib: “Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə, bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da, əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, - çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, - eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır. Bu istiqamətdə 2017-ci ildə çox ciddi addımlar atılacaq”.

Respublikanın sənaye potensialının artmasında özəl sahibkarlıq subyektləri mühüm rol oynayırlar

Son illərdə Azərbaycan respublikanın potensialından səmərəli istifadə olunması və davamlı dövlət dəstəyi sayəsində sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlara nail olub. Ümumiyyətlə, son 13 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir. Bu illərdə respublikamız təbii qazelektrik enerjisi idxalçısından ixracatçıya çevrilib, respublikamızda ənənəvi istehsal sahələrinin fəaliyyətinin genişlənməsi ilə paralel surətdə yeni istehsal sahələri yaradılıb. Sənayenin ümumi daxili məhsul istehsalında xüsusi çəkisi 2003-cü ildəki 38 faizdən 2015-ci ildə 50 faizədək yüksəlib. 2004-2015-ci illərdə respublikamızda tikinti materialları istehsalı 2,5, elektrik avadanlıqları istehsalı 2,1, metallurgiya sənayesi 2,2, geyim istehsalı 2,5 dəfə artıb. Bəhs olunan dövrdə respublikanın müxtəlif regionlarında 70 mindən çox müəssisə fəaliyyətə başlayıb. Təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 100-dən artıq sənaye layihəsi maliyyələşdirilib. Əlamətdar haldır ki, ölkəmizdə sənayeləşmə siyasəti ildən-ilə daha geniş vüsət alır. Sənaye sektorunda inkişaf tendensiyası 2016-cı ilin arxada qalan dövrü ərzində də qorunub saxlanılıb. Respublikamızda qeyri-neft sənayesinin inkişaf dinamikasının daha yüksək olması xüsusilə diqqətəlayiqdir. Belə ki, cari ilin əvvəlindən bəri ölkənin qeyri-neft sənayesində 3,6 faizdən çox artım müşahidə edilib ki, bu da indiki çətinliklər fonunda olduqca yaxşı göstəricidir.

Ölkəmizdə sənayenin inkişafına təkan verən mühüm amillərdən biri isə, heç şübhəsiz ki, özəl bölmədir. Sahibkarlıq subyektlərinin texniki və maliyyə imkanları artdıqca onların sənayenin müxtəlif sahələrinə sərmayələr yönəltmələri də genişlənir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bildirib ki, ortakiçik sahibkarlığın inkişafı sənaye potensialımızı daha da gücləndirəcəkdir.

Qeyd edək ki, artıq paytaxt Bakı ilə yanaşı, respublikamızın regionlarında da sahibkarlıq subyektlərinin investisiyaları hesabına yaradılan çoxlu sayda sənaye müəssisəsi uğurla fəaliyyət göstərir. Bu sırada Sumqayıtda texnologiyalartekstil parklarını, kağız emalı, bitki yağları, günəş panelləri müəssisələrini, Gəncədə alüminium, Goranboyda gipsgips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlıqları, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Daşkəsəndə qızıl emalı, Masallıda mebel fabriki, yüzlərlə digər tikinti materialı, mebel, çörək və digər müasir istehsalatları misal göstərmək mümkündür.

Azərbaycanın regionlarında özəl sahibkarlıq subyektlərinin investisiyaları hesabına yaradılan müəssisələrdən söhbət açarkən “Qazax Sement ZavoduMMC-nin fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Bəhs olunan istehsalat Azərbaycanın qərb regionunda fəaliyyət göstərən iri sement istehsalçılarından biridir və hazırkı istehsal gücü ildə 1 milyon ton sement təşkil edir. 2018-ci ilə qədər zavodun istehsal həcminin genişləndirilərək illik 3 milyon tona çatdırılması, ixrac potensialının artırılması, o cümlədən iri istehsal texnoparkının yaradılması nəzərdə tutulur. Cari il iyunun 17-də AğstafadaKarvan-L” şirkətinin istehsalemal müəssisələrini birləşdirən sənaye parkının təməli qoyulub. Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında yaradılan Neftçala Sənaye Məhəlləsində işlər uğurla davam edir. Hazırda “Azərbaycan İnvestisiya Şirkəti” ASC Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün sahibkarların qeyri-neft sənayesi üzrə layihə təkliflərinin qəbulunu davam etdirir. İlkin mərhələdə ümumi investisiya məbləği 20 milyon manatdan çox olan 7 layihə icra olunacaq və 380 iş yeri açılacaq.

Sahibkarlar aqrar sektorda qabaqcıl təcrübənin və intensiv metodların tətbiqində fəal iştirak edirlər

Ölkədə sahibkarlığın dəstəklənməsinin güclü potensiala malik aqrar sektorun və bütövlükdə regionların inkişafında mühüm rol oynadığını da ayrıca qeyd etmək lazımdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev sahibkarlara verilən güzəştli kreditlərin böyük hissəsinin regionlara yönəldildiyinə diqqət çəkərək deyib: “Kreditlərin 74 faizi regionlara verilir. Regional inkişaf proqramının icrası sürətlə davam etdirilir”.

Qeyd edək ki, sahibkarlıq subyektlərinin artması sayəsində regionlardan vergi daxilolmaları əhəmiyyətli dərəcədə çoxalıb, həmçinin xərclərini yerli gəlirlər hesabına maliyyələşdirən şəhər və rayonların sayı 6-ya çatıb. Son illərdə dövlətin güzəştli kreditləri hesabına 43 müasir quşçuluq və 25 heyvandarlıq kompleksinin, 39 intensiv bağçılıq təsərrüfatının, 53 logistik mərkəzin və 22 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 9 süd emalı, 8 ət emalı müəssisəsinin, 28 çörək zavodunun, 46 istixana kompleksinin, 6 yem zavodunun və digər müasir müəssisələrin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olub.

Hazırda sahibkarlar aqrar sektorda qabaqcıl təcrübənin və intensiv metodların tətbiqində fəal iştirak edirlər. Son vaxtlar respublika miqyasında sahibkarlıq subyektləri tərəfindən taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılmasında uğurlu nəticələr qazanılıb. Qeyd edək ki, ölkənin müxtəlif bölgələrində iri fermer təsərrüfatlarının yaradılmasına Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bir neçə il bundan qabaq start verilib. İri fermer təsərrüfatlarının yaradılması respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Hazırda Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı və digər rayonlarda iri fermer təsərrüfatları yaradılır. İndiyədək 19 rayonda 40 min hektardan artıq sahədə 29 iri fermer taxılçılıq təsərrüfatının yaradılması başa çatıb və hər hektardan məhsuldarlıq 58-60 sentnerə yüksəlib. Ümumiyyətlə, yeni yaradılan təsərrüfatlarda məhsuldarlığı iki dəfə artırmaq mümkündür. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində yeni yaradılan iri fermer təsərrüfatlarında məhsuldarlığın artmasından xüsusi məmnunluq ifadə edərək vurğulayıb: “Məhsuldarlıq artmışdır, xüsusilə taxılçılıqda. İri fermer təsərrüfatlarının fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Orada məhsuldarlıq orta məhsuldarlıqdan təxminən iki dəfə çoxdur. Ona görə bu, bir nümunədir”.

Son vaxtlar Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq ölkəmizdə sahibkarların fəal iştirakı ilə aqroparkların yaradılmasına başlanılıb. Bu məqsədlə aqroparklarda müasir istehsal, emalinfrastruktur müəssisələrinin yaradılmasına 43 milyon manat güzəştli kredit verilib. Məhsul istehsalının bütün mərhələlərini özündə birləşdirən aqroparkların istifadəyə verilməsi sayəsində aqrar sektorda istehsalixrac imkanlarının daha da artacağı proqnozlaşdırılır. Belə aqroparklardan biriXaçmaz rayonunun Yalama qəsəbəsində yaradılıb. Prezident İlham Əliyev cari il sentyabrın 8-də Xaçmaz rayonuna səfəri çərçivəsində “Yalama” Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkının açılışında iştirak edib.

Respublikanın digər bölgələrində də müasir aqroparkların yaradılması istiqamətində müvafiq işlər görülür. Hazırda Şəmkir aqroparkında 1-ci mərhələ üzrə işlər yekunlaşmaq üzrədir. Aqroparkda 26 min ton tutumu olan logistika mərkəzi yaradılır. Bundan başqa, burada müasir suvarma sistemlərinə əsaslanan iri fermer təsərrüfatı təşkil edilib. Aqroparkda 2-ci mərhələnin icrası üçün hazırlıq işlərinə də start verilib. Ümumiyyətlə, respublikanın bölgələrində aqroparklar şəbəkəsinin genişləndirilməsi qarşıya məqsəd qoyulub.

Mübariz ABDULLAYEV

Yeni Azəbaycan.- 2016.- 4 noyabr.- S.2