Los-Ancelesdə Azərbaycan multikulturalizmindən danışılıb
ABŞ-ın nüfuzlu
yəhudi təşkilatı
olan Amerika Yəhudi Komitəsinin
(AYK) və “Beverli Hils Emanuel Məbədi” sinaqoqunun birgə təşkilatçılığı ilə noyabrın 3-də Azərbaycana dair geniş təqdimat keçirilib.
Əvvəlcə AYK-nın Los-Anceles
üzrə regional nümayəndəliyinin
vitse-prezidenti Culi Bram və “Beverli Hils Emanuel Məbədi”nin dini rəhbəri Ravvin Sara Bassin çıxış
edərək tədbirin
önəmindən danışıblar.
AYK-nın Azərbaycan
ilə münasibətlərə
böyük önəm
verdiyini vurğulayan C.Bram Azərbaycanın nümayiş etdirdiyi multikulturalizm və tolerantlıq modelinin beynəlxalq aləm tərəfindən alqışlandığını
və bütün dünyaya gözəl bir örnək olduğunu bildirib. Ravvin S.Bassin isə rəhbərlik etdiyi icmanın Azərbaycan ilə bağlı daha geniş məlumatların
əldə edilməsinə
böyük marağının
olduğunu, bugünkü
tədbirin də məhz bu məqsədlə
təşkil olunduğunu
qeyd edib.Ravvin S.Bassinin aparıcılıq
etdiyi tədbirdə ölkəmizin Los-Ancelesdəki
baş konsulu Nəsimi Ağayev Azərbaycanın yerləşdiyi
siyasi-coğrafi məkan
barədə məlumat
verib, ölkəmizin qədim dövlətçilik
ənənələrindən bəhs edib. O, Azərbaycanda hələ
1918-ci ildə müsəlman
dünyasında ilk demokratik
respublikanın təsis
edildiyini, 1919-cu ildə
qadınlara ilk dəfə
səsvermə hüququnun
verildiyini, ölkəmizin
dünya xalqlarının
mütərəqqi tarixində
öz layiqli yerini tutduğunu bildirib. 1991-ci ildə
Sovet İttifaqının
süqutundan sonra müstəqilliyini bərpa
edən ölkəmizin
ilk illərdə üzləşdiyi
siyasi-iqtisadi çətinlikləri
qeyd edən baş konsul bu çətinliklərə
mətanətlə sinə
gərən Azərbaycanın
müstəqil dövlət
kimi inkişafından
və çağdaş
bir dövlətə çevrilməsindən danışıb.
Azərbaycanın qədim dini
tolerantlıq və multikulturalizm ənənələrindən
bəhs edən N.Ağayev ölkəmizdə
tarixən müsəlmanların,
xristianların, yəhudilərin
dinc və qarşılıqlı ehtiram
şəraitində yaşadıqlarını,
şiə-sünni münasibətlərində
yüksək harmoniyanın
mövcud olduğunu və bu harmoniyanın
dövlət tərəfindən
hərtərəfli şəkildə
təşviq olunduğunu
diqqətə çatdırıb.
Baş konsul bildirib ki, multikulturalizm və tolerantlıq Azərbaycan dövlətinin
xüsusi diqqəti və dəstəyi nəticəsində dövlət
siyasətinə çevrilib.
N.Ağayev, həmçinin Ermənistanın
Azərbaycana qarşı
həyata keçirdiyi
işğalçılıq və etnik təmizləmə
siyasəti barədə
tədbir iştirakçılarını
ətraflı məlumatlandırıb. Bu səpkidə Xocalı və yəhudi soyqırımları (Holokost)
arasında oxşarlıqların
olduğunu, hər iki faciədə bir tərəfin qarşı tərəfi tamamilə yox etmək niyyəti ilə qeyri-insani vəhşiliklər törətdiyini
vurğulayıb. Diplomat, həmçinin İsrail Prezidenti Reuven Rivlinin ötən il BMT-də
etdiyi çıxışında
Holokostdan sonra törədilmiş soyqırımları
kontekstində Xocalı
soyqırımını ayrıca
vurğulamasının Azərbaycanda
rəğbətlə qarşılandığını
diqqətə çatdırıb.
Yeni Azərbaycan.- 2016.- 8 noyabr.- S.8.