Həyata keçirilən islahatlar Azərbaycan üçün
böyük ixrac
imkanları yaradır
Prezident İlham Əliyev: ... Biz yeni bazarlara baxmalıyıq. Bu, Yaxın Şərqdir, Körfəz ölkələridir, digər ölkələrdir, Asiyadır, Çindir
Son vaxtlar Azərbaycanın müasir qlobal çağırışlara uyğun olaraq müəyyənləşdirdiyi yeni hədəflərdən biri də yaxın perspektivdə neftdən asılılığı tamam aradan qaldırmaqdan və qeyri-neft sektorunda rəqabətqabiliyyətli məhsul istehsalını artırmaqla yeni satış bazarlarına çıxmaqdan ibarətdir. Ölkəmiz bu yolla neft gəlirlərinin azalmasını kompensasiya etmək və bundan sonra da inkişafın ardıcıllığına nail olmaq niyyətindədir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində bu kontekstdə fikirlərini bir daha nəzərə çatdıraraq vurğulayıb: “... Neft ixracının azaldılmasını biz qeyri-neft ixracı ilə əvəzləməliyik”.
Stimullaşdırıcı təşviq mexanizminin işə salınması ixrac potensialının artırılması baxımından böyük önəm daşıyır
Yeni şəraitdə qarşıya qoyulan məqsədlərə çatmaq üçün respublikamızda Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə əsasında ciddi islahatlar həyata keçirilir. Aparılan fundamental islahatlar kontekstində ölkədə yeni ixrac imkanlarının yaradılmasının, yüksəkkeyfiyyətli məhsullarımızın yaxın və uzaq xarici bazarlara çıxarılmasının təşviq edilməsinin, bu məqsədlə hüquqi bazanın möhkəmləndirilməsinin önəmini xüsusi qeyd etmək lazımdır. Aparılan islahatlar, stimullaşdırıcı təşviq mexanizminin işə salınması respublikanın ixrac potensialının artırılmasında mühüm rol oynayır. Prezident İlham Əliyev həyata keçirilən islahatların böyük səmərə verəcəyinə əminliyini ifadə edərək bildirib ki, gələn il həm idxalın azalması, həm ixracın artırılması istiqamətində çox yaxşı nəticələr olacaq: “... Biz bu il çox ciddi iqtisadi islahatlar aparmışıq və bu islahatlar artıq öz nəticələrini verməkdədir. İdarəetmə istiqamətində, digər sahələrdə, ixracı stimullaşdırmaq, idxaldan asılılığı azaltmaq üçün bir çox önəmli qərar və sərəncamlar qəbul edildi, imzalandı. Beləliklə, əminəm ki, gələn il həm idxalın azalması, həm ixracın artırılması istiqamətində çox yaxşı nəticələr olacaq”.
Azərbaycan stimullaşdırıcı təşviq mexanizminin yaradılmasında dünya miqyasında özünü doğruldan qabaqcıl təcrübədən bəhrələnir. Ayrı-ayrı ölkələrin təcrübəsindən aydın olur ki, daxili istehsalın genişlənməsində əsas faktorlardan biri qismində məhz ixracın məqsədyönlü şəkildə təşviq olunması və stimullaşdırılması çıxış edir. Son vaxtlar ölkəmizin müvafiq qurumları tərəfindən də bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Təkcə ötən il bu istiqamətdə AZPROMO tərəfindən 177-si Azərbaycanda, 84-ü isə xarici ölkələrdə olmaqla 261 tədbir təşkil olunub. Yerli və xarici iş adamlarının iştirak etdiyi tədbirlərdə ölkəmizin investisiya imkanları təqdim edilib, Azərbaycanda buraxılan məhsulların ixracı təşviq olunub, xarici tərəfdaşlarla ixraca dair müqavilələr imzalanıb.
Cari ildən ölkəmizdə yeni dövrün tələbinə uyğun olaraq ixracın təşviqi sisteminin işə salınması böyük əhəmiyyət daşıyır. İxracın təşviqinin hüquqi bazasının möhkəmləndirilməsini xüsusi qeyd etmək lazımdır. Məlum olduğu kimi, dövlət başçısı qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Fərmanda isə yerli məhsulların ixracı ilə bağlı bir sıra mühüm məsələlərin geniş spektri öz əksini tapıb. Qeyd olunan Fərmanda 2016-2020-ci illərdə Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Fərmana əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi nəzərdə tutulur.
“Made in Azerbaijan” brendinin yaradılması ölkəmizin ixrac imkanlarının genişlənməsində mühüm rol oynayacaq
Ölkəmizin yeni satış bazarlarına çıxması imkanlarının artırılması məqsədilə görülən tədbirlər sırasında “Made in Azerbaijan” brendinin yaradılmasına göstərilən davamlı səyləri xüsusi vurğulamaq lazımdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “... Biz artıq “Made in Azerbaijan” brendini yaradırıq. İndi xüsusi işlər gedir, vəsait ayrılıb. Bizim heyətlər bütün ölkələrə getməlidirlər, gəzməlidirlər, təqdimatlar keçirməlidirlər”.
Bir qədər bundan əvvəl Prezident İlham Əliyev “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında müvafiq Fərman imzalayıb. Dövlət başçısının imzaladığı yeni Fərman ölkəmizdə ixracın təşviqi ilə bağlı növbəti, daha məhsuldar və konkret hədəflərə hesablanan mərhələnin başlandığını deməyə əsas verir. Fərmanla təsdiqlənən Qaydada xarici istehlak bazarlarının öyrənilməsinə, həmin bazarlarda “Made in Azerbaijan” brendinin tanıdılmasına və bu kimi digər məqsədlərə dövlət dəstəyinin geniş spektri öz əksini tapıb. Belə ki, bəhs olunan Qayda xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsini və ödənilmə mexanizmini müəyyən edir. Dövlət başçısının Fərmanı ilə təsdiqlənən Qaydada müəyyən olunmuş dəstək tədbirlərindən istifadə etmək hüququna isə Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracatçısı olaraq Azərbaycan Respublikasında vergi ödəyicisi kimi uçota alınmış fiziki və hüquqi şəxslər malikdirlər. Fərmana əsasən, Qaydada müəyyənləşdirilən dəstək tədbirlərinin maliyyələşdirilməsi üçün 2016-cı ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə 3 (üç) milyon manat ayrılıb.
Dünya ölkələrində geniş yayılan belə uğurlu təcrübənin Azərbaycanda da tətbiqi həm ixracatçılara böyük dəstəkdir, həm də bütövlükdə milli maraqlarımıza xidmət edir. Brendlərdən asılı olmayaraq ölkəyə, onun keyfiyyətə nəzarət sistemlərinə inamın yaradılması əldə oluna biləcək ən yaxşı uğurdur.
Burada sahibkarların da üzərinə böyük məsuliyyət düşür. “Made in Azerbaijan” brendlərinə yaranacaq etimad istehsal olunan məhsulun keyfiyyəti, beynəlxalq standartlara cavab verməsi, müştərilərə göstəriləcək xidmətlərin yüksək səviyyədə olması və güclü marketinq fəaliyyəti ilə müşayiət olunmalıdır. Sahibkarlar dövlət dəstəyindən bəhrələnməklə yanaşı, buraxılan məhsulların yüksək rəqabət keyfiyyətlərinə malik olmasına maksimum səy göstərməlidirlər.
Aqrar sektorda ölkəyə valyuta gətirən sahələrin inkişafına xüsusi diqqət göstərilir
Daxili ərzaq tələbatının yerli istehsal hesabına ödənilməsi ilə yanaşı, ixrac potensialının artırılması da Prezident İlham Əliyevin aqrar sektorda qarşıya qoyduğu hədəflər sırasındadır. Prezident İlham Əliyev aqrar sektorda ixracyönümlü məhsul istehsalının artırılmasının zəruriliyinə diqqət çəkərək bildirib: “... Bizə valyuta gətirən kənd təsərrüfatı sahələrinin inkişafı lazımdır”.
Qeyd edək ki, Azərbaycan ənənəvi olaraq xarici bazarlara kənd təsərrüfatı məhsulları çıxaran ölkədir. Son illərdə müasir aqrar-sənaye komplekslərinin yaradılması nəticəsində respublikamızın xarici bazarlara rəqabətqabiliyyətli məhsul çıxarmaq imkanları da artıb. Azərbaycanın qeyri-neft məhsulları üzrə ixrac imkanlarının artırılmasında meyvəçilik və tərəvəzçilik mühüm rol oynaya bilər. Əlamətdar haldır ki, ölkənin qeyri-neft məhsulları ixracının strukturunda kənd təsərrüfatında istehsal olunan meyvə-tərəvəzin çəkisi getdikcə artır. İxrac dinamikası 2016-cı ilin arxada qalan dövrü ərzində də yüksək olub. Belə ki, cari ilin birinci yarısında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 27,5 faiz, o cümlədən meyvə ixracı üzrə 13,1 faiz, tərəvəz məhsulları ixracı üzrə isə 33,1 faiz artıma nail olunub.
Azərbaycandan xarici bazarlara ixrac olunan məhsullar sırasında nar xüsusi yer tutur. Ümumiyyətlə, son illərdə ölkəmizdə gəlirli sahə olan narçılığın inkişafına böyük diqqət göstərilir. Son 5 ildə Göyçayda nar bağlarının ümumi sahəsinin 3 dəfə artaraq 3620 hektara çatması bu sahənin perspektivindən xəbər verir. Hər il Göyçayda yetişən nar məhsulunun 40 faizi Rusiya bazarlarına göndərilir. Müxtəlif çeşiddə məhsul hazırlayan “AzNar” zavodu hər il ABŞ, Polşa, Kanada, Yeni Zelandiya, Almaniya, Rusiya, Avstraliya, Belarus, Avstriya və İsrailə nar şirəsi ixrac edir.
Xarici bazarlarda Azərbaycanda yetişdirilən yüksəkkeyfiyyətli fındığın satışı ilə də bağlı hər hansı bir problem yoxdur. Qəbələ fındıq emalı müəssisəsində emal olunmuş məhsullar əsasən Almaniya, İtaliya, İspaniya, Rusiya və Ukraynaya ixrac edilir. Prezident İlham Əliyev qarşıya regionlarda fındıq bağlarının sahəsini 2 dəfə artırmaqla bağlı mühüm vəzifə qoyub. Bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “Bizə ən çox valyuta gətirən kənd təsərrüfatı məhsullarından biri fındıqdır. Yeni təkliflər hazırlanır. Qırx min hektarda yeni fındıq bağları salınmalıdır”.
Azərbaycanda xarici istehlak bazarlarında böyük tələbat duyulan bir sıra başqa məhsulların yetişdirilməsi imkanları da kifayət qədər genişdir. Məsələn, ölkəmizdə badam istehsalını artırmaq üçün hər cür şərait var. Prezident İlham Əliyev belə perspektivli sahələrdən biri kimi zeytunçuluğun həm dövlət, həm də sahibkarlar üçün yüksək gəlir gətirən istiqamət olduğunu vurğulayıb: “... Yeni zeytun bağları salınmalıdır. İndi yerlər müəyyən edilir - həm Abşeron yarımadasında, həm şimal zonasında, Xızı rayonunda. Bildiyimə görə, orada da işlər gedir ki, biz dünya bazarına zeytun çıxaraq. Bu da çox böyük gəlir gətirən sahədir, həm fermerlər üçün, həm dövlət üçün”.
Cari ilin əvvəlindən etibarən isə respublikamızda yeni ixrac imkanları yarada biləcək texniki bitkilərin becərilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Ölkənin ayrı-ayrı bölgələrində ənənələr dirçəldilərək pambıqçılıq, tütünçülük, baramaçılıq kimi sahələrin şöhrəti geri qaytarılır. Cari mövsümdə respublikanın 24 rayonunda 50 min hektardan artıq sahədə pambıq becərilib və 100 min ton məhsul yığılması planlaşdırılır. Əgər 2015-ci ildə ancaq bir rayonda - Şəkidə 200 kiloqramdan bir qədər çox barama istehsal edilibsə, bu il 25 rayonda qısa müddətdə 70 ton barama tədarük olunub. Cari ildə respublikamızda 2500 hektarda tütün əkilib və növbəti illərdə tütün əkilib-becəriləcək sahələr daha da genişləndiriləcək.
Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir
Son illərdə həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində qeyri-neft sektorunda geniş çeşidli məhsul istehsalı imkanlarının əhəmiyyətli dərəcədə artmasından və yeni ixrac potensialının yaranmasından söhbət açarkən respublikamızda qeyri-neft sənayesinin inkişafını xüsusi qeyd etmək lazımdır. Son 13 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir. Cari ilin 9 ayında ölkənin sənaye istehsalının artım dinamikası 3,6 faiz olmaqla əsasən qeyri-neft sənayesində müşahidə edilib. Qeyri-neft sənayesində belə genişlənmə ölkənin ixrac imkanlarının artması baxımından böyük ümidlər yaradır. Ölkəmizdə qeyri-neft sənayesi sektorunda iri layihələr icra edilir. Eyni zamanda, orta və kiçik sahibkarlığın inkişafı sənaye potensialımızı daha da gücləndirəcək. İri layihələr arasında Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən layihələri xüsusi qeyd etmək mümkündür. Burada SOCAR Polimer kompleksinin tikintisinə böyük məbləğdə investisiya - təqribən 700 milyon dollardan çox sərmayə yönəldilir. Müəssisənin iki ildən sonra məhsul istehsalına başlayacağı proqnozlaşdırılır. Polimer kompleksinin işə düşməsi sayəsində respublikamızın yeni ixrac imkanları yaranacaq. Eyni zamanda, 2018-ci ildə azot gübrələri zavodunun istismara verilməsi planlaşdırılır. Yeni müəssisədə buraxılan məhsullar həm daxili tələbatı ödəyəcək, həm də xarici bazarlara çıxarılacaq.
Eyni zamanda, yaxın gələcəkdə ölkəmizdə böyük metallurgiya kompleksinin tikintisi nəzərdə tutulur. Belə bir kompleksin inşası üçün respublikamız Daşkəsən filiz yataqları kimi resurs bazasına malikdir. Böyük sərmayə yönəldiləcək yeni kompleksin inşası tamamlandıqdan sonra Daşkəsən filiz yataqlarından çıxarılan xammal ölkə daxilində istehsala yönəldiləcək və ondan xarici istehlak bazarlarına çıxartmaq üçün son məhsul buraxılacaq.
Yeni şəraitdə ölkəmizin ixrac imkanlarının genişləndirilməsi baxımından böyük ənənələrə malik kimya sənayesinin inkişafı məqsədilə görülən tədbirlər də müstəsna əhəmiyyət daşıyır. 2015-ci ilin oktyabrında Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıtda etilen-polietilen zavodunda işə salınan yeni qurğular ölkəmizin kimya sənayesində istehsalın genişlənməsində, səmərəliliyin yüksəlməsində və ixrac imkanlarının artmasında mühüm rol oynayacaq. Prezident İlham Əliyev hazırda icra edilən yeni sənaye layihələrinin ölkəmizin ixrac imkanlarını artıracağına əminliyini ifadə edərək deyib: “...Sənaye sahəsində icrada olan və planlaşdırılan layihələr bizə böyük xeyir gətirəcək. Minlərlə, on minlərlə yeni iş yeri yaradılacaq və biz qeyri-neft ixracımızı artıracağıq”.
Hədəf belədir: Ənənəvi bazarları saxlamalı və yeni bazarlara çıxmalı
Məlumdur ki, hazırda dünyada satış bazarları uğrunda ciddi mübarizə gedir. Bir sıra iri dövlətlər, o cümlədən də kifayət qədər geniş istehsal şəbəkəsinə malik şirkətlər satış bazarlarında inhisarçı mövqe tuturlar. Bu baxımdan Azərbaycanın istehlak bazarları ilə əhatə olunması ölkəmizin böyük üstünlüyüdür. Digər üstünlüyümüz isə ondan ibarətdir ki, respublikamızda geni dəyişdirilmiş məhsullar yetişdirilmir. Azərbaycanın yüksək keyfiyyətli təbii kənd təsərrüfatı məhsulları, eləcə də emal sənayemizdə buraxılan mallar Rusiyanın və digər ölkələrin istehlak bazarlarında yaxşı tanınır və onlara tələbat kifayət qədər böyükdür. Biz həmin bazarlara yeni məhsullarımızı çıxartmalı və rəqabət imkanlarımızı daha da genişləndirməliyik. Eyni zamanda, Prezident İlham Əliyev qarşıya yeni satış bazarlarına çıxmaqla bağlı strateji hədəf qoyub: “...Biz yeni bazarlara baxmalıyıq. Bu, Yaxın Şərqdir, Körfəz ölkələridir, digər ölkələrdir, Asiyadır, Çindir. Biz ora çıxmalıyıq”.
Azərbaycanın dövlət başçısı yeni satış bazarlarına çıxılması ilə bağlı müəyyənləşdirilən strateji hədəflər barədə söhbət açarkən vacib bir məqamı da nəzərə çatdırıb. Prezident İlham Əliyev bildirib ki, bu, yeni bir yanaşma olmalıdır. Eyni zamanda, valyutanın hərəkətinə də diqqət göstərilməli və şəffaflıq təmin edilməlidir.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-
2016.- 8 noyabr.- S.3