Regionların qaz,
su və elektrik enerjisi ilə təminatı daha
da yaxşılaşdırılır
Dövlət Proqramlarının uğurlu icrası Aran iqtisadi rayonunda bu sahələrdə mühüm nailiyyətlərin əldə olunmasına yol açıb
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın dinamik inkişafı iqtisadi yüksəlişlə yanaşı, regionların hərtərəfli tərəqqisini də şərtləndirir. Ümumiyyətlə, spesifik milli inkişaf modelinə malik olan Azərbaycanın tərəqqisi konseptual əsaslara söykənir və müasir çağırışlara cavab verir. Hazırda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi ölkəmizin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir.
Bu məqamda vurğulamaq lazımdır ki, ümumi inkişaf tendensiyasının tərkib hissəsi sayılan regionların inkişaf konsepsiyası bölgələrdə bir sıra sahələrin yüksəlişinə nail olunmasını təmin edib. Məsələn, bölgələrin qaz, elektrik enerjisi və içməli su təminatı olduqca yüksək səviyyədə öz həllini tapıb. Heç şübhəsiz, son illərdə məqsədyönlü siyasət sayəsində Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsindən söhbət açarkən respublikanın enerji təminatının güclənməsini xüsusi qeyd etmək lazımdır. 2004-cü ildən etibarən bu sahədə ardıcıl surətdə həyata keçirilən tədbirlər sayəsində paytaxt Bakının və bölgələrin elektrik enerjisi ilə təchizatında, sözün əsl mənasında, dönüş yaranıb. Enerji təchizatı müəssisələrinin daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə həyata keçirilən yenidənqurma işləri çərçivəsində respublikanın bütün bölgələrində enerji təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməkdədir.
Eləcə də müvafiq Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sırasında bölgələrin qazlaşdırılması ilə bağlı layihələrin əhəmiyyətini xüsusilə vurğulamaq lazımdır. Dövlət başçısının ölkənin qazlaşdırılması ilə bağlı qarşıya qoyduğu hədəflərə uyğun olaraq SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, eləcə də “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində mühüm tədbirlər həyata keçirilir.
Qeyd edək ki, 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramında içməli su təchizatı və kanalizasiya sisteminin təkmilləşdirilməsi layihələrinə də geniş yer verilib.
Elə sözügedən proqramın icrası nəticəsində, ölkənin hər yerində olduğu kimi Aran iqtisadi rayonuna daxil olan bölgələrimizdə də adıçəkilən sahələr üzrə mühüm nailiyyətlər əldə olunub. Bu ilin üçüncü rübü ərzində əldə edilən uğurlar belə deməyə əsas verir. Məsələn, Aran iqtisadi rayonuna daxil olan Hacıqabul rayonunda bu ilin üçüncü rübündə 119 523 629 kvt.saat enerji satılıb. Enerjinin dəyərinin 94,4 faizi ödənilib. Əhaliyə verilən ümumi enerji dəyərinin 83,8 faizi toplanıb. 35 k.v-luq hava xətlərində 22 ədəd istismara yararsız ağac dayaq yeni metal dayaqlarla, 48 ədəd izolyator yenisi ilə əvəz olunub.
Bununla yanaşı, rayonun bütün yaşayış məntəqələrinin təbii qazla təminatı tam həyata keçirilib. Qaz Xidməti Sahəsi tərəfindən bu ilin arxada qalan dövründə istehlakçılara satılmış qazın ödənişi 96,7 faiz təşkil edib.
Bəhs edilən dövrdə rayonun Sukanal idarəsi tərəfindən əhalini və qeyri-əhalini su ilə təmin etmək üçün də bir sıra mühüm işlər görülüb. “Smart” tipli sayğacların qoyuluşu davam etdirilib. Əhaliyə satılan suyun dəyərinin ödənilməsi 96,6 faiz, qeyri-əhaliyə satılan suyun dəyərinin ödənilməsi 61,4 faiz, ümumilikdə 85,5 faiz təşkil edib.
Aran iqtisadi rayonuna daxil olan Biləsuvar rayonunda da əhalinin təbii qazla təmin edilməsi istiqamətində əsaslı işlər görülüb, bütün yaşayış məntəqələri 100 faiz təbii qazla təmin edilib. Həmçinin rayonun elektrik təsərrüfatını yaxşılaşdırmaq məqsədilə şəhər mərkəzində və kəndlərdə 53688 metr SİP kabel çəkilib, 24 ədəd yeni müxtəlif k.v-luq elektrik transformatorları quraşdırılıb, 10 ədəd müxtəlif k.v-luq elektrik transformatorları cari təmir edilib, 677 ədəd metal və 1721 ədəd beton elektrik dirəyi quraşdırılıb, 36,4 km elektrik naqili ilə hava verlişi xətləri çəkilib və 472 ədəd izolyator yenisi ilə əvəz olunub.
Eyni zamanda, İmişli rayonunda 2016-cı ilin birinci rübü ərzində istehlakçıların fasiləsiz və etibarlı elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədi ilə 10 və 0,4 k.v-luq xətlərdə yenidənqurma işləri aparılıb, mövcud istismar müddətini başa vurmuş dayaq və naqillər yenisi ilə əvəz edilib, yeni güc mərkəzləri yaradılıb. Bu müddətdə 115 ədəd müxtəlif güclü 10/0,4 k.v-luq transformator cari, 205 ədəd trasformator yarımstansiyası əsaslı təmir edilərək əhalinin istifadəsinə verilib. Rayon ərazisində yararsız hava elektrik naqillərinin və dayaqlarının dəyişdirilməsində müvafiq işlər aparılıb. İmişli Elektrik Şəbəkəsində Enerji təchizatında problemlərin olduğu ərazilərdə 57 ədəd yeni transformator quraşdırılıb. Hazırda İmişli Elektrik Şəbəkəsinin Məzrəli və Bəcirəvan kəndlərində podratçı təşkilatlar tərəfindən 10-0,4 k.v-luq şəbəklərdə yenidənqurma işləri aparılır, “Bəhrəmtəpə” və “Yeni Bəhrəmtəpə” yarımstansiyalarının yenidən qurulması planlaşdırılır.
Bundan başqa, Regional Qaz İstismarı İdarəsinin İmişli Xidmət Sahəsi tərəfindən rayonda 2016-cı ilin üçüncü rübü ərzində 4760 yeni fərdi ev, 5 qeyri-əhali sektorunu təmsil edən obyekt qazlaşdırılaraq istismara təhvil verilib. Rayonun 24 yaşayış məntəqəsinin tam qazlaşdırılması təmin edilib. Hazırda Nurulu, Ölcələr, Çahar, Gövhərli, Soltanmuradlı, Qaradonlu, Xubyarlı, Məzrəli, Çaxırlı, Mirili, Qaravəlili, Ağcüyür və Bəcirəvan kəndlərində isə qaz çəkilişi işləri ilə bağlı son tamamlama işlərinə hazırlıq görülür. Bundan əlavə şəhərin bir neçə küçələrində fərdi qaztəmizləyici, siyirtmə və ŞQTM quraşdırılıb, qaz xətlərində təmir işləri aparılıb.
Onu da qeyd edək ki, su təchizatını yaxşılaşdırmaq, əhalini ekoloji cəhətdən təmiz içməli su ilə təmin etmək məqsədilə hazırda rayonun 38 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılıb. Rayonun 8 kəndində isə modul tipli su təmizləyici qurğularının quraşdırılması planlaşdırılır.
Aran iqtisadi rayonuna daxil olan Kürdəmir rayonunda da əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Müvafiq Dövlət Proqramına uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyinin Kürdəmir Xidmət Sahəsi tərəfindən cari dövrdə rayonun mövcud qaz alan yaşayış məntəqələrində təchizatın daha da yaxşılaşdırılması, normadan artıq qaz itkilərinin minimuma endirilməsi, istehlakçıların təbii qazla fasiləsiz və stabil rejimdə təmin edilməsi istiqamətində və rayonun qaz almayan kənd yaşayış məntəqələrinin qazlaşdırılması sahəsində işlər görülüb. Hesabat dövründə xidmət sahəsində olan 186 ədəd qaz tənzimləyicilərinə və 303 ədəd siyirtmələrə mütəmadi texniki xidmət göstərilib, mənzillərə texniki baxış keçirilməsi və müqavilələrin yenilənməsi işləri davam etdirilib. Rayonun qaz açılışı olmuş 25 kəndində son tamamlama işləri davam etdirilərək kodlaşma başa çatdırılır. Bundan başqa, artıq rayon mərkəzində “Smart” tipli qaz sayğaclarının quraşdırılmasına start verilib. Hesabat dövrü ərzində 390 ədəd “Smart” tipli qaz sayğacı quraşdırılıb.
Rayonun elektrik enerjisi təchizatının yaxşılaşdırılması sahəsində 2016-cı ilin üçüncü rübü ərzində əhalinin elektrik enerjisinə olan tələbatını ödəmək məqsədi ilə 35/10 k.v-luq Muradxan, Pirili, Axtaçı və Mollakənd yarımstansiyalarında cari təmir işləri aparılıb. Kürdəmir rayon mərkəzində və kəndlərin ərazisində ümumilikdə 8,9 km 10 k.v-luq və 5,5 km 0,4 k.v-luq hava xətləri yenidən qurulub, 555 ədəd “Smart” kart tipli sayğac quraşdırılıb. Muradxan, Dayıkazımlı kəndində və 28 may hava verilişi xəttində 243 ədəd dayaq əkilib. Xırdapay və Topalhəsənli kəndlərində 2 ədəd 400 və 200 kVa-lıq transformator quraşdırılıb, 440 ədəd təzə dayaq əkilib, 11000 metr SİP kabel çəkilib. Rayon ərazisində 17 ədəd yeni transformator yarımstansiyası quraşdırılıb, 18 ədəd transformator əsaslı, 65 ədədi isə cari təmir olunub.
Vurğulandığı kimi, müvafiq Dövlət Proqramına uyğun olaraq 2016-cı ilin ötən dövründə Kürdəmir şəhər əhalisinə içməli su və çirkab suların axıdılması üzrə xidmətlərin yaxşılaşdırılması sahəsində də mühüm işlər görülüb. Bu dövrdə Kürdəmir şəhərinin küçə xətlərində 46 ədəd su borularındakı nasazlıqlar təmir edilərək su axıntısının qarşısı alınıb. Şəhərin Heydər Əliyev prospektində 15 ədəd, Koroğlu küçəsində 3 ədəd, M.Əzizbəyov küçəsində 2 ədəd, 20 yanvar küçəsində 3 ədəd baxış quyusunun yanları betonlanaraq yararlı vəziyətə gətirilib. Qeyd edək ki, bu ilin son hesabat dövründə rayonda 23890 nəfər əhaliyə su və kanalizasiya xidməti göstərilib.
Elə Neftçala rayonunda da ötən müddətdə mühüm nailiyyətlərə imza atılıb. Rayon Paylayıcı Elektrik Şəbəkəsi tərəfindən rayona 120,0 milyon kvt.saat elektrik enerjisi verilib, o cümlədən elektrik enerjisinin 31,7 milyon kvt.saatı əhaliyə satılıb. Enerjinin dəyəri rayon üzrə 77,4 faizi və əhali üzrə 95,2 faizi ödənilib.
Son hesabat dövründə Salyan Regional Qaz İstismar İdarəsi tərəfindən rayona 10 milyon 363 min kub metr həcmində təbii qaz verilib, o cümlədən əhaliyə satılan qazın ümumi həcmi 9 milyon 384,5 min kub metr olub, bunun da dəyəri rayon üzrə 104,5 faiz və əhali üzrə 105,4 faizi ödənilib. Əhali abonentlərinin sayğaclaşdırılması 100 faiz təşkil edir. Hesabat dövründə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən rayonun Yuxarı Qaramanlı, Qırmızıkənd, Xolqarabucaq, Mürsəqulu, Dördlər-Xol, Xoltəzəkənd, Xolqaraqaşlı və Xəzərkənd kəndləri olmaqla 8 kəndi təbii qazla təmin olunub.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2016.-11 noyabr.- S.8