YAP Azərbaycanın
aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən
böyük partiyasıdır
Noyabrın 21-də Azərbaycan siyasi palitrasında avanqard siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının yaranmasından 24 il ötür
Noyabrın 21-də Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 24 il ötür. Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Həmin dövrdə xaos və qeyri-sabitliyin hökm sürdüyü Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq, məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya olan dövlətimizi xilas etmək məqsədilə xalqımızın milli maraqlar ətrafında birləşmiş sağlam qüvvələri, o cümlədən ziyalılar Ulu öndər Heydər Əliyevə müraciət etdi. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının imzaladığı müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.
Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
Nəticə etibarilə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması, Ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın ozamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. Ozamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Çünki bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını anlayır və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər. Həmin tarixi hadisələri dəyərləndirən Ulu öndər Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.
Xalqın Ümummilli lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 7 ay sonra siyasi hakimiyyətə gəldi.
Milli siyasi iradəni təmsil edən YAP şərəfli inkişaf yolu keçib
Sirr deyil ki, yarandığı gündən YAP-ın Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız bu 24 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib. Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin partiyanın V Qurultayında vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır.
Ümumiyyətlə, tarixi faktlar və reallıqlar göstərir ki, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir. Səmərəli fəaliyyətin və yüksək siyasi nüfuzun qanunauyğun nəticəsi kimi ümumxalq partiyasına çevrilən, 700 min nəfərə yaxın üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanaraq qələbələr partiyası kimi çıxış edib.
Eyni zamanda, ötən müddət ərzində YAP-ın keçirdiyi qurultaylarda (1999, 2001, 2005, 2008, 2013) qəbul etdiyi tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, 1999-cu ildə keçirilmiş qurultaydan sonra Yeni Azərbaycan Partiyasının inkişafında mühüm bir səhifə açıldı. Ulu öndər Heydər Əliyev YAP üzvlərinin yeni mərhələdə əsas vəzifələrini və istiqamətlərini müəyyənləşdirdi. Ən mühüm amil isə partiyada Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan gəncləşdirmə siyasəti oldu. Partiyanın rəhbərliyində Azərbaycan gənclərinin lideri olaraq İlham Əliyevin təmsilçiliyi bu mənada xüsusilə qeyd olunmalıdır. Məhz 1999-cu ildə keçirilən qurultayda o zaman ARDNŞ-nin birinci vitse-prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti olan İlham Əliyev partiyanın rəhbər strukturuna seçildi. Bu, partiyanın yeni mərhələdə qazanacağı uğurların başlanğıc nöqtəsi də sayıla bilərdi. Ulu öndər Heydər Əliyevin siyasi varisi olaraq İlham Əliyev Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətini daha geniş beynəlxalq müstəvilərə daşımaq məqsədini uğurla həyata keçirdi.
1999-cu ildən sonra Yeni Azərbaycan Partiyası dünyanın bir sıra ölkələrinin siyasi təşkilatları ilə ikitərəfli əlaqələr qurdu, beynəlxalq təşkilatlarda təmsilçilik hüququ qazandı. Buna isə yeni dövrün yeni lideri olan cənab İlham Əliyevin xüsusi xidmətləri sayəsində nail olundu. Bu amil həm də Yeni Azərbaycan Partiyasına gənclərin marağına və axınına səbəb olmuşdu. Məhz gənc kadrlara verilən yüksək qiymət, yeni mərhələdə gənclərə etimad məsələsi Yeni Azərbaycan Partiyasının üzvlərinin arasında gənclərin sırasını daha da genişləndirdi.
2005-ci ilin mart ayında keçirilən YAP-ın III Qurultayında Azərbaycan Prezidenti, YAP Sədrinin birinci müavini cənab İlham Əliyevin partiyanın Sədri seçilməsi ilə partiyanın həyatında yeni mərhələ başladı. Prezident İlham Əliyevin YAP-ın Sədri seçilməsindən sonra kəmiyyət və keyfiyyət baxımından partiyada əhəmiyyətli dərəcədə dəyişikliklər müşahidə olundu. Faktlara diqqət yetirdikdə ötən müddət ərzində Heydər Əliyev ideyalarına söykənən partiyamızın ilbəil gücləndiyinin bir daha şahidi olarıq. Belə ki, əgər YAP-ın 2001-ci ildə keçirilmiş II Qurultayı zamanı partiya üzvlərinin sayı 230 min nəfər idisə, III Qurultaya qədər bu göstərici 360 min nəfərə yüksəlmişdi. Hazırda isə partiyamızın üzvlərinin sayı 700 minə yaxındır.
Beləliklə, Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Sirr deyil ki, YAP Ulu öndər Heydər Əliyev yolu ilə irəliləyərək çox böyük və şərəfli yol keçib. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. YAP öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafına xüsusi töhfələr verir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır. Bir sözlə, Ulu öndər Heydər Əliyevin bildirdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.
Yeni Azərbaycan
Partiyası siyasi sistemin avanqard siyasi institutudur
Beləliklə, Yeni Azərbaycan Partiyası siyasi sistemin
monolit gücü və avanqard siyasi institutudur. Başqa
sözlə, YAP sahib olduğu resurslara, ictimai-siyasi
nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik
səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə
görə Azərbaycanın siyasi palitrasının ən
güclü və nüfuzlu siyasi partiyasıdır. YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin
və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə
birbaşa, fundamental töhfələr verən ümumxalq
partiyasıdır. Azərbaycan Respublikasının
Prezidenti, YAP-ın Sədri İlham Əliyevin qeyd etdiyi kimi,
Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda,
əslində, siyasi sistemin yaradılması demək idi:
“Çünki o vaxta qədər bizdə siyasi sistem mövcud
deyildi. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti,
siyasi mübarizə qaydalarının təbliği,
ümumiyyətlə, siyasətin sivil yollarla aparılması
ideyaları da cəmiyyətdə böyük əks-səda
yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi.
Biz bu ideyalara bu gün də sadiqik. Bütün siyasi mübarizələri sivil qaydalarla
aparırıq və bütün siyasi məsələlərdə
daim qələbə qazanırıq. Yeni
Azərbaycan Partiyası və onun nümayəndələri
bütün prezident, parlament və bələdiyyə
seçkilərində böyük üstünlüklə qələbə
qazanmışlar. Bu, partiyamızın
ümummilli partiya olduğunu bir daha sübut edir”.
Ümumiyyətlə,
YAP-ın fəaliyyət mexanizminin əsasları kontekstində
aşağıdakı siyasi ümumiləşdirmələri
aparmaq lazımdır:
- Yeni Azərbaycan
Partiyası Azərbaycan siyasi palitrasında ən güclü
və fundamental resurslara malik sosial-siyasi təsisatdır:
Partiyanın fundamental resursları sırasına onun öz ətrafında
cəmiyyətin ən nüfuzlu ictimai-siyasi fiqurlarını
birləşdirməsi, üzvlərinin sayının 700 minə
yaxın olması, güclü siyasi idarəçilik təcrübəsinə
malik olması kimi kəmiyyət və keyfiyyət göstəriciləri
daxildir;
- Yeni Azərbaycan Partiyası siyasi sistemdəki yerinə
və fəaliyyət mexanizminə görə rəqabət
partiyası (başqa sözlə, səfərbəredici
partiya) kimi səciyyələndirilir. Belə ki, YAP öz fəaliyyəti
ilə rəqiblərini aktiv siyasi mübarizəyə və rəqabətə
cəlb edən, sosial konsensusu və siyasi sistemin rəqabətlilik
qabiliyyətini təmin edən təsisatdır. Qısacası, Yeni Azərbaycan Partiyası siyasi
plüralizmin yüksək səviyyədə təmin
olunmasına və sistemin komponentlərinin tərəqqisinə
xüsusi təkan və töhfələr verməkdədir.
Bununla yanaşı, qeyd etdiyimiz kimi, YAP-ın ideoloji
prinsipləri milli həmrəylik və
bütövlüyü təmin edən mexanizm kimi
çıxış edir.
Bir
sözlə, Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi
kimi, Yeni Azərbaycan Partiyası Azərbaycanın həyatında
ən güclü, ən böyük intellektual səviyyəyə,
ən böyük hörmətə malik olan siyasi
partiyadır: “Yeni Azərbaycan Partiyası Azərbaycanın bu
gününün partiyasıdır, Azərbaycanın
sabahının partiyasıdır, XXI əsrin
partiyasıdır, üçüncü minilliyin
partiyasıdır”.
YAP-ın
ideoloji prinsipləri milli həmrəyliyə və inkişafa
xidmət edir
YAP-ın
fəaliyyət mexanizminin mühüm istiqamətlərindən
birini də onun ideoloji siyasəti təşkil edir. Partiyanın bu istiqamətdə siyasətinin əsasları
onun başlıca ideoloji prinsiplərində öz əksini
tapıb. Partiyanın 1999-cu ildə keçirilmiş I
Qurultayında qəbul edilmiş Proqramda qeyd olunub ki, Yeni Azərbaycan
Partiyası qarşısına qoyduğu vəzifələrin
həllinə nail olmaq məqsədilə öz fəaliyyətində
aşağıdakı ideoloji prinsiplərə əsaslanır:
- Müstəqil
dövlətçilik prinsipi: yaşadığımız
tarixi dövrün reallıqları müstəqil dövlət
quruculuğu prosesində xalqın iradəsini əsas imperativ
kimi qəbul etməyi, intellekt azadlığına, peşəkarlığa,
səriştəliliyə əsaslanıb əhalinin
bütün səylərini birləşdirməklə sosialyönümlü
iqtisadiyyata arxalanan demokratik, hüquqi, dünyəvi dövlət
qurmağı tələb edir. Odur ki, müstəqil,
güclü və qüdrətli dövlətçilik Yeni Azərbaycan
Partiyasının birinci əsas prinsipidir.
-
Qanunçuluq prinsipi: hüquqi dövlət və vətəndaş
cəmiyyəti hakimiyyətin qanunverici, icraedici, məhkəmə
qollarına bölünməsini və onlar arasında
bir-birini tamamlayan qarşılıqlı münasibətlərin
yaradılmasını tələb edir. Sivil,
demokratik dövlətin fundamental əsaslarından birini təşkil
edən bu prinsip ictimai praktikada reallaşdırılmadan
qanunların aliliyi, idarəetmədə peşəkarlığın
üstünlüyü və dövlət idarəçiliyinin
mükəmməlliyi təmin edilə bilməz. Dünya praktikası sübut edir ki, hüquqi
dövlət və vətəndaş cəmiyyətində
qanunun aliliyi qorunur və ictimai həyatda hüquqi normalara
hörmət etməklə vətəndaş birliyi
yaranır. Məhz bu baxımdan, YAP-ın
uğrunda mübarizə apardığı əsas amallardan
biri cəmiyyətdə qanunun aliliyini qorumaq, yalnız qanunlar
çərçivəsində insanların və hakimiyyət
orqanlarının fəaliyyətini tənzimləməkdir.
Buna görə də partiyanın ikinci əsas
prinsipi qanunçuluqdur.
- Azərbaycançılıq,
vətənçilik prinsipi: Yeni Azərbaycan Partiyası
dilindən, dinindən, etnik və sosial mənşəyindən
asılı olmayaraq, Azərbaycan dövlətinə və
onun qanunlarına tabe olan, ölkəmizdə və onun
hüdudlarından kənarda yaşayan bütün Azərbaycan
vətəndaşlarını Azərbaycan xalqı, Azərbaycanı
isə onların ümumi, bölünməz Vətəni,
doğma yurdu hesab edir. Azərbaycan dövləti
milli varlığımızın, birliyimizin, dinc və firavan
həyatımızın təmin edilməsinin, hər kəsin
hüquq və azadlıqlarının qorunmasının yeganə,
etibarlı vasitəsidir. Odur ki,
partiyanın üçüncü əsas prinsipi özündə
milli, mənəvi və ümumbəşəri dəyərləri
əks etdirən Azərbaycançılıq və vətənçilikdir.
- Varislik,
yaradıcı təkamül prinsipi: YAP-ın
dördüncü əsas prinsipi özündə milli-mənəvi
dəyərlərin ümumbəşəri dəyərlərlə
zənginləşməsini və onların yaradıcı təkamül
yolu ilə inkişafını ehtiva edən varislikdir. Dövlətçiliyin varislik və yaradıcı
təkamül prinsipinə əsaslanması həm cəmiyyətin,
həm də ictimai şüurun inkişaf
qanunauyğunluqlarından irəli gəlib tərəqqinin
qüdrətli vasitəsinə çevrilir.
-
Konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi
prinsipi: partiyanın beşinci əsas prinsipi vətəndaş
həmrəyliyinə nail olmaq üçün Azərbaycanda
fəaliyyət göstərən mütərəqqi və
sağlam mövqeyə malik olan ictimai təşkilatlarla və
partiyalarla fəal və konstruktiv əməkdaşlıq etməkdən,
milli maraqlarımızın qorunması naminə bütün
səviyyələrdə ümumi mənafeləri
uyğunlaşdırmaqdan, başqa əqidədə olanlarla
vicdanlı və açıq dialoqa hazır olmaqdan ibarətdir.
- Sosial ədalət
prinsipi: cəmiyyətdə müxtəlif təbəqələrin
nümayəndələrinə bərabər imkanların
yaradılması, sosial dövlət vasitəsilə sosial
rifahın təmin olunması kimi başlıca məsələlər
YAP-ın ideoloji siyasətində sosial ədalət prinsipi ilə
ifadə olunub.
Beləliklə, sadalananlar deməyə əsas verir ki,
Yeni Azərbaycan Partiyasının ideoloji siyasəti milli həmrəylik
və bütövlüyü təmin edən mexanizm qismində
çıxış edir. Eyni zamanda, bir neçə istiqamətdə
xüsusi əhəmiyyət kəsb edir:
-
YAP-ın ideoloji siyasəti sosiumda siyasi
iştirakçılığın və sosiallaşmanın
artmasına fundamental töhfələr bəxş edir. Beləliklə,
vətəndaşların siyasi iştirakçılıq səviyyəsinin
artması cəmiyyətdaxili dinamikanı artırır və
milli inkişafı sürətləndirən mexanizm qismində
çıxış edir;
-
YAP-ın öz fəaliyyətində rəhbər tutduğu
ideoloji prinsiplər cəmiyyətdə təşəkkül
tapmış demokratik norma və dəyərlərin
möhkəmlənməsinə mühüm töhfələr
bəxş edib və bu proses hazırda da davam etməkdədir.
Yeni Azərbaycan Partiyasının bilavasitə təşəbbüsü
ilə Azərbaycan Respublikasının Milli Məclisində
ictimai, siyasi və hüquqi anlamda mühüm əhəmiyyət
kəsb edən qanunlar qəbul olunmaqdadır. Qüvvəyə minmiş qanunların tətbiqi
mexanizmlərinin mükəmməl surətdə müəyyən
olunması ictimai, siyasi, iqtisadi və hüquqi müstəvidə
inkişafa yol açan əhəmiyyətli dəyişiklikləri
şərtləndirən faktor kimi çıxış edir.
Beləliklə, Yeni Azərbaycan Partiyasının
ideoloji prinsipləri cəmiyyətdə milli dəyərlərin
təşəkkül tapmasını və möhkəmlənməsini
şərtləndirən, milli həmrəylik və
bütövlüyü təmin edən mühüm
institusional amil qismində dəyərləndirilməlidir.
YAP-ın
gənclər siyasəti: ölkənin etibarlı gələcəyini
təmin edən vasitə
Vurğuladığımız kimi, özündə
yüksək intellektual potensialı birləşdirən
YAP-ın sıralarında gənclər də böyük
üstünlük təşkil edir və partiya
sıralarına yeni qoşulanların mütləq əksəriyyəti
də gənclərdən ibarətdir. Ümumiyyətlə,
Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində
gənclərə geniş imkanların yaradılmasına,
onlarda milli şüurun, vətənpərvərlik ruhunun
formalaşdırılmasına xüsusi diqqət yetirib.
Təsadüfi deyil ki, hələ 1993-cü ildə ölkə
gənclərinin bir qrup nümayəndəsi ilə
görüşən Ulu öndərin səsləndirdiyi
fikirlər həm gənclərimizə, həm də ölkəmizin
mövcudluğunu həzm edə bilməyən qüvvələrə
önəmli mesaj idi: “Biz dövlətin və cəmiyyətin
idarə edilməsində gənc nəslin qüvvəsinə
arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”.
Beləliklə, Ulu öndərə böyük inam və
etimad göstərən Azərbaycan gəncliyi tezliklə
dövlətin və hakim Yeni Azərbaycan Partiyasının ətrafında
sıx birləşdi. Ümummilli lider gənclərin cəmiyyətin
fəal və aparıcı qüvvəsinə çevrilməsi,
hüquqi dövlət və vətəndaş cəmiyyəti
quruculuğu prosesinə aktiv cəlb olunması yönündə
əməli addımlar atdı. 1994-cü ildə Gənclər
və İdman Nazirliyinin yaradılması gənclərimizin
dövlət quruculuğu prosesindəki iştirakına əsaslı
təkan verdi. Ulu öndər
Heydər Əliyevin gənclərə qayğısı
geniş və əhatəli idi. Bu həm
gənclərin təhsil almasında, həm sosial-maddi problemlərin
aradan qaldırılması istiqamətində görülən
işlərdə, həm də gənclərin dövlət
orqanlarına işə qəbulunda özünü göstərirdi.
Zaman keçdikcə YAP-ın gənclərə olan diqqət
və qayğısı artdı, gənc nəslə yönələn
fəaliyyəti genişləndi. 1995-ci ilin iyununda YAP Gənclər
Birliyinin yaradılması isə partiyanın tarixinə əlamətdar
hadisə kimi daxil oldu.
Müstəqil Azərbaycan dövlətinin gənclər
siyasətinin formalaşmasında və gənc nəslin
geniş fəaliyyət meydanına
çıxarılmasında Ulu öndərin təşəbbüsü
və iştirakı ilə keçirilən ölkə gənclərinin
I Forumu xüsusi rol oynadı. 1996-cı il
fevralın 2-də keçirilən forum Ümummilli lider Heydər
Əliyevin gəncliklə bağlı strategiyasının ilk
təntənəsi oldu. Təsadüfi deyil ki, məhz
həmin vaxt Ulu öndərin Sərəncamı ilə 2
fevral tarixi Gənclər Günü kimi Azərbaycan tarixinə
düşdü. Cənab İlham Əliyevin 2001-ci il 21
noyabrda YAP-ın II Qurultayında partiya Sədrinin birinci
müavini vəzifəsinə seçilməsi isə gənclərimizdə
daha böyük ruh yüksəkliyi yaratdı.
Ulu
öndərin siyasi kursunu bütün sahələrdə
uğurla davam etdirən Prezident İlham Əliyevin və Onun
rəhbərliyi ilə YAP-ın fəaliyyətinin prioritet
istiqamətlərindən biri kimi, bu gün də Azərbaycan
gənclərinin hərtərəfli inkişafı, ölkənin
ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun
artması, idarəçilik strukturlarında geniş təmsil
olunması xüsusi diqqət mərkəzindədir. Qeyd edək
ki, bu gün YAP sıralarında 250 mindən çox gənc
birləşib, qadınların sayı isə ümumi partiya
üzvlərinin 50 faizi civarındadır.
Görülən effektiv tədbirlərin nəticəsidir
ki, hazırda Milli Məclisdə, bələdiyyə
qurumlarında çalışan gənc kadrların sayı
hiss olunacaq dərəcədə artır, habelə müxtəlif
dövlət orqanlarına vakant yerlər üzrə
keçirilən müsabiqələrdə gənclərin irəli
çəkilməsi onların dövlət idarəçiliyinə
fəal cəlb olunması deməkdir. Dövlət
başçısının müvafiq sərəncamları
ilə 2007-ci ilin “Gənclər ili” elan edilməsi, bu istiqamətdə
çoxsaylı addımların atılması gənclərin
ictimai fəaliyyətinin, yaradıcılığının
və təşəbbüslərinin dövlət tərəfindən
dəstəklənməsinin bariz göstəriciləridir.
YAP-ın
Gənclər Birliyi bu gün də istedadlı, cəmiyyətə
və dövlətə yararlı olmaq istəyən gəncləri
öz ətrafında birləşdirməklə
yanaşı, yeni nəslin hərtərəfli
inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi,
gənclərin aktiv ictimai fəaliyyətə cəlb
olunması və digər istiqamətlərdə mühüm
işlər görür.
Yeni Azərbaycan
Partiyası dövlətimizin qarşısında duran vəzifələrin
yerinə yetirilməsinə özünün layiqli töhfəsini
verib
Yeni Azərbaycan Partiyasının əldə etdiyi
nailiyyətlər silsilə xarakter daşıyır və
bugünkü uğurların ciddi tarixi və siyasi əsasları
mövcuddur. Sirr deyil ki, YAP Heydər Əliyev yolu ilə irəliləyərək
çox böyük və şərəfli yol keçib.
Əminliklə söyləyə bilərik ki, cəmiyyətin
avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası
dövlətimizin qarşısında duran vəzifələrin
yerinə yetirilməsinə özünün layiqli töhfəsini
verib və bu siyasət bu gün də uğurla davam etdirilir.
Partiyamız yarandığı vaxtdan xalqımıza
xidmət onun başlıca amalı olub. Ümummilli
liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik
prinsipinə söykənən Yeni Azərbaycan Partiyası
ölkəmizin ən qabaqcıl nümayəndələrini
öz sıralarında birləşdirərək müstəqil
Azərbaycan dövlətinin qurulması yolunda geniş,
çoxşaxəli fəaliyyət göstərib.
Qeyd etdik ki, YAP-ın əldə etdiyi nailiyyətlərin
ciddi tarixi və siyasi əsasları mövcuddur. Məhz bu
yanaşmanın doğruluğunu isbat edən başlıca
göstəricilər partiyanın bütün ümummilli
seçkilərdə əldə etdiyi parlaq qələbələrdir.
YAP-ın yarandığı vaxtdan etibarən Azərbaycanda
keçirilən bütün ümummilli seçkilərdə
parlaq qələbələr qazanması hər kəsə bəllidir.
Burada diqqətçəkən məqam ondan
ibarətdir ki, hər seçkidən-seçkiyə
partiyamızın uğurlarının miqyası genişlənir
və bu, seçkilərin nəticələrində də
özünü aydın şəkildə ifadə edir. 2003, 2008 və 2013-cü ildəki prezident seçkiləri
buna sübutdur.
Onu da qeyd etmək gərəkdir ki, bu dövrdə
partiyamız sosial sifarişə əsaslanaraq bir sıra ciddi
təşəbbüslərlə də çıxış
edib. Belə ki, 2008-ci ilin dekabr ayında YAP Azərbaycan
Konstitusiyasında dəyişikliklər təşəbbüsü
ilə çıxış edərək bununla bağlı
ümumxalq səsverməsinin - referendumun keçirilməsini
təklif etdi. Konstitusiya Məhkəməsi bu təkliflərə
müsbət rəy verdikdən sonra Milli Məclis 2009-cu il martın 18-də Konstitusiya dəyişikliklərinin
edilməsi ilə bağlı ölkədə referendum
keçirilməsi haqqında qərar qəbul etdi. Referendumun
nəticələri isə xalqın YAP-a
olan inamını bir daha təsdiqlədi. Bu ilin
26 sentyabrında da ölkə Prezidenti, YAP-ın Sədri
İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyaya
əlavə və dəyişikliklərlə əlaqədar
referendum keçirildi. Bu prosesdə YAP
“Yeni Azərbaycan” təşviqat qrupu yaradaraq referenduma
çıxarılan məsələlərin cəmiyyətdə
geniş təbliğatını həyata keçirdi.
YAP bu
uğurları və qələbələri 2004-cü, 2009-cu
və 2014-cü illərdə keçirilmiş bələdiyyə
seçkilərində də təkrarlayıb. Əlbəttə
ki, partiyamızın uğurları bununla bitməyib.
YAP-ın əzəmətli qələbələri parlament
seçkilərində də özünü göstərməkdədir.
2005-ci, 2010-cu və 2015-ci ildə keçirilən
parlament seçkilərində də mütəşəkkil
qaydada iştirak edən, güclü seçki kampaniyası
aparan YAP-ın əhəmiyyətli qələbələr
qazanması xüsusi vurğulanmalıdır. Bu qələbələri şərtləndirən
mühüm amillərdən biri də YAP-ın daim yeni,
müasir seçki texnologiyalarını seçki
kampaniyası zamanı tətbiq etməsidir.
Cənubi
Qafqazın ən böyük siyasi partiyasının beynəlxalq
əlaqələri mütəmadi olaraq inkişaf edir
Cənubi Qafqazın ən böyük və mütəşəkkil
siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının beynəlxalq
əlaqələri də yüksələn xətt üzrə
inkişaf edir, əməkdaşlığın
coğrafiyası və məzmunu genişlənərək
keyfiyyətcə yeni mərhələyə qədəm qoyur.
YAP-ın
beynəlxalq əlaqələrində dost və qardaş
Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa
və Asiyanın bir sıra aparıcı siyasi partiyaları və
qurumları ilə münasibətləri prioritet istiqamət
kimi əsas götürülüb. Yeni Azərbaycan
Partiyası Türkiyə, Rusiya, Rumıniya, Ukrayna,
Qazaxıstan, Kanada, Hindistan, Çin, Cənubi Koreya, Pakistan,
Tacikistan və digər ölkələrin aparıcı siyasi
partiyaları ilə uzun müddətdir sıx və
qarşılıqlı münasibətlərə malikdir,
partiyalar arasında intensiv görüşlər
keçirilir, fikir və təcrübə mübadilələri
aparılır.
YAP 51
ölkənin siyasi partiyalarının təmsil olunduğu
“Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı” (İCAPP)
Daimi Komitəsinin üzvüdür. YAP bu kimi nüfuzlu beynəlxalq
qurumda təmsil olunmaqla Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması istiqamətində
mühüm tribuna əldə edib.
YAP-ın
Avroatlantik məkanda baş verən siyasi proseslərə təsir
imkanları da genişlənib. Bu mənada
Almaniyanın, Fransanın, İtaliyanın, İspaniyanın və
digər ölkələrin hakimiyyətdə olan
partiyalarını özündə birləşdirən və
Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları
Partiyası (EPP) ilə münasibətlər keyfiyyətcə
yeni mərhələyə qədəm qoyub.
Bir sözlə, Yeni Azərbaycan Partiyasının beynəlxalq
əlaqələrinin coğrafiyası getdikcə genişlənir. Bu əlaqələr,
eyni zamanda, müstəqil Azərbaycan Respublikasının
siyasi partiyalar səviyyəsində beynəlxalq təşkilatlarda
təmsilçiliyinin yüksək nümunəsidir.
Yeni Azərbaycan.- 2016.- 19 noyabr.- S.7