Tanınmış yazıçı-dramaturq Aqşin Babayevin 80 illik yubileyi keçirilib
Noyabrın 18-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Əməkdar jurnalist, yazıçı-dramaturq, filologiya elmləri doktoru, professor Aqşin Babayevin 80 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbirdə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək yazıçı-dramaturqun həyat və yaradıcılığından danışaraq onun hər zaman axtarışda olduğunu söyləyib. Diqqətə çatdırıb ki, A.Babayevin ilk hekayəsi 1958-ci ildə “Oktyabr işıqları” almanaxında, “Cazibəli üfüqlər” adlı ilk kitabı isə 1964-cü ildə işıq üzü görüb. O, ədəbiyyatsevərlərin həvəslə oxuduqları “Həmişəbahar”, “Bir parça həyat”, “Ağ ulduzlar”, “Bir ürəyin hərarəti”, “Ayrılıq”, “Söz gülləsi”, “Dünyanın axırı” adlı kitabların müəllifidir. Moskvanın “Sovetski pisatel” nəşriyyatı tərəfindən 30 min nüsxə tirajla nəşr edilən “Kişilər az yaşadı” kitabı isə ona daha böyük şöhrət gətirib. Daha sonra Ə.Amaşov ona Mətbuat Şurasının diplomunu təqdim edib.
Həmçinin tədbirdə Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov çıxış edərək A.Babayev yaradıcılığının gənc nəslin mənəvi tərbiyəsinə dəstək baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, o, hər zaman səmimi və qayğıkeş dost, gözəl ziyalı kimi tanınıb.
Tədbirin davamında “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək səbəbkar haqqında fikirlərini söyləyib. O, A.Babayevin yüksək müşahidə qabiliyyətinə malik qələm adamı kimi bədii yaradıcılığında bunu əks etdirdiyini söyləyib. Bununla yanaşı, V.Rəhimzadə daim yubilyarın təcrübəsindən bəhrələndiyini xüsusi vurğulayıb.
Sonda Aqşin Babayev tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Müşfiqə BAYRAMLI
Yeni Azərbaycan.-
2016.- 19 noyabr.- S.10