Bakıda “Şimali
Kipr Türk
Respublikası Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm sərgisi keçirilib
Bakı Xətai Sənət Mərkəzində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin, Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəliyinin və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə “Şimali Kipr Türk Respublikası Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm sərgisi keçirilib.
Tədbirdə Şimali Kipr Türk Respublikasının ölkəmizdəki nümayəndəsi xanım Ufuk Turganer çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Bakıda Şimali Kipr Respublikasının yaradılmasının 33-cü ildönümü münasibətilə təşkil olunmuş sərgini olduqca yüksək qiymətləndirib. Bildirilib ki, Azərbaycan uşaqlarının gözü ilə Şimali Kipri görmək çox təsirli olmaqla yanaşı, həm də qürurvericidir: “Sərgidə 5 yaşından başlayaraq daha yuxarı yaşda uşaqların təsəvvürlərindəki Şimali Kipri görmək çox qürurverici haldır. Bir-birindən gözəl rəsmləri gördük. Biz bunu adət halına gətirmək istəyirik. İnşallah, növbəti ildə qalib uşaqların canlı olaraq şimali Kiprə səyahət etmələrini də təşkil edərik”.
Daha sonra sərgidə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Milli Məclisin deputatı Qənirə Paşayeva, “Türkiyə universitetləri məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov və Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış edərək belə tədbirlərin təşkilini yüksək qiymətləndirərək balaca fırça ustalarına təşəkkürlərini bildiriblər. Qeyd edilib ki, sərginin təşkil olunması balaca fırça ustalarının Şimali Kipr türklərinin adət-ənənəsi, tarixi, mədəniyyəti, mətbəxi, həyat tərzi və geyim mədəniyyətlərini fırça vasitəsilə canlandırmaq məqsədi daşıyır.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar.
Sonda 100-dən çox balaca
fırça ustasına müxtəlif xatirə hədiyyəsi
və diplomlar təqdim edilib
Yeni Azərbaycan.-
2016.- 22 noyabr.- S.7