Azərbaycanda güclü sənaye potensialı yaradılır

 

Prezident İlham Əliyev: Biz indi sənaye parklarında, digər sahələrdə, metallurgiya sahəsində bir çox böyük sənaye layihələrini icra edirikbu istehsal olunacaq məhsulların, demək olar ki, hamısı ixracyönümlüdür

Yeni iqtisadi şəraitdə Azərbaycan qarşıya çıxan çağırışları nəzərə alaraq gələcək inkişafın bir sıra prioritet istiqamətlərini müəyyənləşdirib. Bunlar əsasən iqtisadiyyatın neftdənkənar sahələridir və hazırda həmin istiqamətlərdə istehsal imkanlarının genişləndirilməsi məqsədilə müvafiq tədbirlər görülür. Ölkəmiz yeni şəraitdə iqtisadiyyatın neftdənkənar sahələrinin üstün inkişafının təmin olunmasına diqqəti artırmaqla, bir tərəfdən, müxtəlif mallara olan daxili istehlakı tam şəkildə yerli istehsal hesabına təmin etmək, digər tərəfdən isə, xarici bazarlarda Azərbaycan brendi olan məhsullarla təmsil olunmaqbu yolla neft daxilolmalarının azalmasını kompensasiya etmək məqsədi güdür. Əldə olunan nəticələr isə Azərbaycanın yeni inkişaf kursunun uğurlu olacağını söyləməyə əsas verir.

qeyri-neft sənayesində istehsalın artırılmasına nail olunub

Yeni şəraitdə Azərbaycanın bundan sonra da inkişafın ardıcıllığını təmin etmək naminə müəyyənləşdirdiyi prioritet istiqamətlərdən biri sənaye sektorunda istehsal imkanlarının genişləndirilməsi ilə bağlıdır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində indiki şəraitdə ölkəmizin inkişaf hədəflərini bir daha xatırladaraq vurğulayıb: “...Neft ixracının azaldılmasını biz qeyri-neft ixracı ilə əvəzləməliyik. Bu sahədə sənaye və kənd təsərrüfatı əsas istiqamətlərdir”.

Ölkəmizdə yeni iqtisadi şəraitdə sənaye sektorunun gələcək inkişafın prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi təsadüfi deyil. Azərbaycanın iqtisadi potensialı elədir ki, burada həm ənənəvi neftçıxarma və neft emalı sənayesini yeni texnologiyalar əsasında daha da inkişaf etdirmək, eyni zamanda, yeni qlobal çağırışlara uyğun olaraq müasir sənaye sahələri yaratmaq mümkündür. Müstəqil Azərbaycanın sənaye quruculuğu siyasəti də məhz ənənələri saxlamaqla yanaşı, dünyanın müasir trendlərini özündə ehtiva edən yeni sənaye sahələrinin və istehsalatların yaradılmasına istiqamətlənib. Ölkəmizdə uğurla həyata keçirilən sənayeləşmə siyasəti artıq öz bəhrəsini verir. Son illərdə respublikanın potensialından səmərəli istifadə olunması və davamlı dövlət dəstəyi sayəsində sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlara nail olunub. Əlamətdar haldır ki, ölkəmizdə sənayeləşmə siyasəti ildən-ilə daha geniş vüsət alır. 2015-ci ildə respublikamızda 270-dək sənaye müəssisəsi açılıb. Bütövlükdə il ərzində ölkədə sənaye məhsulu istehsalı 2,4 faiz artıb. Sənaye sektorunda inkişaf tendensiyası 2016-cı ilin arxada qalan dövrü ərzində də qorunub saxlanılıb. Respublikamızda qeyri-neft sənayesinin inkişaf dinamikasının daha yüksək olması xüsusilə diqqətəlayiqdir. Prezident İlham Əliyev cari ilin 9 ayında qeyri-neft sənayesində 3,6 faiz artıma nail olunmasını yaxşı göstərici kimi səciyyələndirərək deyib: “İqtisadiyyatımızın, sənayemizin qeyri-neft sektoru artır, orada artım 3,6 faizdir, bu, yaxşıdır”.

Hazırda respublikamızda sənaye istehsalının genişləndirilməsi istiqamətində bir sıra iri layihələr icra edilir. Yeni layihələrə əsasən, yaradılan müəssisələrdə ölkəmizin böyükhəcmli ixrac imkanları formalaşacaq. Ölkədə həyata keçirilən sənaye layihələrindən söhbət açan Prezident İlham Əliyev deyib: “Biz indi sənaye parklarında, digər sahələrdə, metallurgiya sahəsində bir çox böyük sənaye layihələrini icra edirikbu istehsal olunacaq məhsulların, demək olar ki, hamısı ixracyönümlüdür”.

Ölkədə reallaşdırılan iri sənaye layihələri arasında Sumqayıt Kimya Sənaye Parkında yaradılan müəssisələri xüsusi qeyd etmək mümkündür. Burada SOCAR Polimer kompleksinin tikintisinə böyük məbləğdə investisiya - təqribən 700 milyon dollardan çox sərmayə yönəldilir. Müəssisənin iki ildən sonra məhsul istehsalına başlayacağı proqnozlaşdırılır. Polimer kompleksinin işə düşməsi sayəsində respublikamızın yeni ixrac imkanları yaranacaq. Eyni zamanda, 2018-ci ildə azot gübrələri zavodunun istismara verilməsi planlaşdırılır. Yeni müəssisədə buraxılan məhsullar həm daxili tələbatı ödəyəcək, həm də xarici bazarlara çıxarılacaq.

Yaxın perspektivdə isə ölkəmizdə böyük metallurgiya kompleksinin tikintisi nəzərdə tutulur. Bəhs olunan kompleksin Daşkəsən filiz yataqları kimi resurs bazası var. Hazırda həmin yataqlardan çıxarılan filiz xammal kimi xaricə satılır. Bir neçə müəssisənin inşasının nəzərdə tutulduğu layihəyə əsasən isə xammal hasilatından tutmuş son məhsul istehsalınadək bütün mərhələlər yeni kompleksdə cəmləşəcək. Bu kimi sənaye layihələrinin həyata keçirilməsi ölkəmizə həm iqtisadi, həm də sosial baxımdan böyük fayda gətirəcək. Prezident İlham Əliyev ölkədə reallaşdırılan sənaye layihələrinin önəmindən bəhs edərək deyib: “...Sənaye sahəsində icrada olan və planlaşdırılan layihələr bizə böyük xeyir gətirəcək. Minlərlə, on minlərlə yeni yeri yaradılacaq və biz qeyri-neft ixracımızı artıracağıq”.

Texnoparkların yaradılması respublikada həyata keçirilən müasir sənaye quruculuğunun mühüm əlamətidir

Azərbaycan yeni sənaye quruculuğu siyasətində, ilk növbədə, dünya miqyasında öz təsdiqini tapan və yaxşı nəticələr verən qabaqcıl təcrübədən bəhrələnir. Hazırda dünyanın ayrı-ayrı inkişaf etmiş ölkələrində sənaye quruculuğunda müşahidə edilən əsas trendlərdən biri müxtəlif istehsalatların hər cür infrastruktur təminatına malik eyni bir məkanda cəmləşməsi və innovasiyalara əsaslanan texnoparkların yaradılması ilə bağlıdır. Ölkəmiz də məhz bu yolu tutub. Kiçikorta sahibkarların fəal iştirakı ilə texnoparkların yaradılması respublikada həyata keçirilən müasir sənaye quruculuğunun mühüm əlamətidir. Qeyd edək ki, respublikamızda texnoparkların yaradılması istiqamətində uğurlu addımlar atılıb və ilk texnoparklarda məhsul istehsalına start verilib. Prezident İlham Əliyev hazırda ölkəmizdə paralel şəkildə daha bir neçə sənaye parkının yaradılmasından məmnunluq ifadə edərək vurğulayıb: “...Bu il də ölkəmizin sənaye potensialının inkişafına böyük diqqət göstərmişik və bir neçə sənaye parkının yaradılması istiqamətində işlər gedir. Onların içində Sumqayıt Kimya Sənaye Parkını xüsusilə qeyd etmək istəyirəm”.

Sumqayıtda 167,66 hektar ərazidə yaradılan Kimya Sənaye Parkının ölkəmizin kimya sənayesinin inkişafında və bu sahədə ixrac potensialının artırılmasında əhəmiyyətli rolu olacaq. Artıq burada fəaliyyət göstərən rezidentlər tərəfindən poladpolietilen boruların istehsalına başlanıb, həmçinin yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqların, polipropilen və yüksək sıxlıqlı polietilenin istehsalının təşkili işləri həyata keçirilir. Balaxanı Sənaye Parkında qeydiyyata alınmış rezident şirkətlər tərəfindən isə tullantı yağlarından 120 adda müxtəlif növ məhsul istehsalının və plastik məmulatların təkrar emalının təşkilinə başlanılıb. Hazırda isə Mingəçevirdə “Yüksək Texnologiyalar Parkı”nın yaradılması istiqamətində işlər davam etdirilir. Prezident İlham Əliyevin Fərmanı ilə Mingəçevir şəhərində 1,3 hektar torpaq sahəsində “Yüksək Texnologiyalar Parkı”nın yaradılması qərara alınıb. Park innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin tətbiqi üzrə işləri həyata keçirəcək.

Qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla yaradılan sənaye parklarında ölkəmizdə böyük tələbat duyulan bir sıra məhsulların istehsalı nəzərdə tutulub. Məsələn, hazırda respublikamızın müxtəlif dərman vasitələrinə olan tələbatı əsasən idxal hesabına ödənilir ki, bu da ölkəmizdən böyük həcmdə valyuta axınına səbəb olur. Prezident İlham Əliyev dərman vasitələrinin istehsalının ölkə daxilində təşkil olunmasının strateji əhəmiyyətinə diqqət çəkərək bildirib: “Bakıda Balaxanı və Pirallahı sənaye parklarının yaradılması prosesi gedir. Hər iki istiqamət üzrə konkret layihələr var. Pirallahıda dərman istehsalı planlaşdırılır. Ümid edirəm ki, yaxın aylarda artıq birinci dərman istehsalı fabrikinin təməli də qoyulmalıdır. Biz xarici dərmanlardan, demək olar ki, 100 faiz səviyyədə asılıyıq. Bu həm təhlükəsizlik baxımından narahatedici məsələdir, eyni zamanda, dərmanların alınmasına xaricə böyük valyuta gedir. Buna görə qərar qəbul olunduinvestorlar da buna qoşuldular, yaxşı şərait yaratdıq. Azərbaycanda birinci mərhələdə 100-dən çox adda dərman preparatı istehsal olunmalıdır”.

Bölgələrdə yeni sənaye məhəllələrinin yaradılması regional inkişafa böyük dəstəkdir

Məlumdur ki, respublikamızda 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları böyük uğurla həyata keçirilir. Eyni zamanda, bölgələrdə yeni sənaye məhəllələrinin yaradılması regional inkişafa sanballı dəstəkdir. Deyə bilərik ki, regionlarda müasir müəssisələrin yaradılması ilə ölkənin sənaye xəritəsi yenilənir. Azərbaycanın regional sənaye quruculuğu ilə bağlı strateji hədəflərinə uyğun olaraq respublikamızda 4 sənaye mərkəzi formalaşdırılacaq. Bakı Cənubi Qafqazın sənaye mərkəzi kimi özünü çoxdan təsdiqləyib. Sumqayıt şəhəri də regionun iri sənaye mərkəzlərindən biridir. Perspektivdə isə Gəncə və Mingəçevir şəhərlərinin sənaye potensialını daha da artırmaq qarşıya mühüm vəzifə kimi qoyulub. Prezident İlham Əliyev Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimindən sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə bəhs olunan strateji hədəf barədə fikirlərini ifadə edərək bildirib: “...Bakı ilə birlikdə ölkəmizin 4 əsas sənaye mərkəzi olmalıdır. Bu mərkəzlərdə işlər daha da sürətlə getməlidir. Sumqayıt Cənubi Qafqazda sənaye potensialına görə ikinci mərkəzdir. Gəncə və Mingəçevir şəhərlərində ən müasir standartlara cavab verən, ən son texnologiya ilə işləyən yeni müəssisələr yaradılır və yaradılacaq”.

Respublikamızda sənayenin regional strukturunun formalaşdırılması, sənaye quruculuğunda regionların potensialından səmərəli istifadə edilməsi baxımından Prezident İlham Əliyevin 2015-ci il 2 fevral tarixində imzaladığı “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncamı mühüm əhəmiyyət daşıyır. Ötən ilin ikinci yarısında Neftçala Sənaye Məhəlləsinin inşasına start verilib. Sənaye Məhəlləsində 8 modullaşdırılmış istehsal binası olacaq. Artıq Neftçalada yaradılan sənaye məhəlləsinin birinci mərhələsi çərçivəsində bir sıra işlər uğurla tamamlanıb.

Hazırda “Azərbaycan İnvestisiya Şirkəti” ASC Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün sahibkarların qeyri-neft sənayesi üzrə layihə təkliflərinin qəbulunu davam etdirir.

Növbəti Sənaye Məhəlləsi isə Masallıda yaradılacaq. Prezident İlham Əliyev cari il iyunun 13-də “Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, kiçikorta sahibkarların sənaye sahəsində fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Masallı rayonunda Masallı Sənaye Məhəlləsinin yaradılması qərara alınıb.

Əsasən yerli xammalla işləyəcək sənaye müəssisələri regionlarda aqrar sektorun inkişafına da stimul yaradacaq

Qeyd etdiyimiz kimi, yeni sənaye müəssisələri yaradılarkən regionların mövcud iqtisadi potensialı mütləq nəzərə alınır. Məsələn, Mingəçevir Sənaye Parkında qurulacaq müəssisələr əsasən yerli xammal hesabına fəaliyyət göstərəcək ki, bu da regionlarda iqtisadi aktivliyin təmin olunması, aqrar sektorda pambıqçılıq, baramaçılıq kimi strateji əhəmiyyətli sahələrin inkişafına daha güclü stimul yaradacaq. Məlum olduğu kimi, cari ilin əvvəlindən etibarən respublikamızda yeni ixrac imkanları yarada biləcək texniki bitkilərin becərilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Ölkənin ayrı-ayrı bölgələrində ənənələr dirçəldilərək pambıqçılığın şöhrəti geri qaytarılır. Cari mövsümdə respublikanın 24 rayonunda 50 min hektardan artıq sahədə pambıq becərilib və 100 min ton məhsul istehsalı gözlənilir. Gəlirli sahə olan baramaçılıqla bağlı da eyni sözləri demək mümkündür. Cari ilin əvvəlindən həyata keçirilən buya digər tədbirlər nəticəsində ölkədə barama istehsalı artıb. Əgər 2015-ci ildə ancaq bir rayonda - Şəkidə 200 kiloqramdan bir qədər çox barama istehsal edilibsə, bu il 25 rayonda qısa müddətdə 70 ton barama tədarük olunub. Ölkə daxilində istehsal olunan bu qəbildən məhsullardan Mingəçevir Sənaye Parkında xammal kimi istifadə olunacaq. Prezident İlham Əliyev Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimindən sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə Mingəçevir Sənaye Parkında görüləcək işlərin həm kənd təsərrüfatı, həm də sənaye sahələrini birləşdirməsini vacib məqam kimi dəyərləndirərək deyib: “Sevindirici hal ondan ibarətdir ki, Mingəçevir Sənaye Parkının xammal bazasının əsas hissəsi Azərbaycanda yaradılacaq. Beləliklə, bu fabriklərin fəaliyyəti kənd təsərrüfatına da çox güclü dəstək olacaq”.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2016.- 25 noyabr.- S.2.