Azərbaycanda yol-nəqliyyat infrastrukturunun tamamilə yeniləşdirilməsi və müasirləşdirilməsi prosesi uğurla davam etməkdədir

 

Regionların, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət yetirilir

Azərbaycanın dünya üçün nümunə göstərilən dinamik sosial-iqtisadi inkişaf modelindən söhbət açarkən ölkəboyu güclü infrastruktur yaradılmasına böyük diqqət göstərilməsini xüsusi qeyd etmək lazımdır. Belə ki, son 13 ildə Prezident İlham Əliyevin Azərbaycanı hər cəhətdən müasir ölkəyə çevirməklə bağlı müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq ardıcıl surətdə həyata keçirilən layihələr sayəsində istər paytaxt Bakıda, istərsə də regionlarda sosialiqtisadi sektorlara aid infrastrukturun yenilənməsi istiqamətində böyük həcmi yerinə yetirilib. Bunun sayəsində də hazırda Azərbaycan mükəmməl infrastruktur təminatına malik ölkəyə çevrilib.

Əsas məqamlardan biri ondan ibarətdir ki, ölkə miqyasında yeni infrastruktur layihələrinin yerinə yetirilməsi davamlı xarakter daşıyır. Bu baxımdan respublikamızda qlobal mənfi təsirlər nəticəsində yaranan yeni iqtisadi şərait də istisna deyil. Azərbaycan dövləti özünün davamlı inkişaf strategiyasına sadiqlik nümayiş etdirərək bir sıra çətinliklərlə müşayiət olunan yeni iqtisadi şəraitdə də respublikanın infrastruktur təminatının yaxşılaşdırılması ilə bağlı tədbirləri davam etdirir. İnfrastrukturun yaxşılaşdırılması baxımından cari ilin birinci yarısı da istisna olmayıb. Belə ki, bu sahədə heç bir layihə ixtisara salınmayıb, əksinə, ölkənin müxtəlif bölgələrində insanlar infrastruktur obyektlərinin istifadəyə verilməsinin sevincini yaşayıblar.

Yeri gəlmişkən, son 13 ildə Azərbaycanın müasir infrastruktur quruculuğu istiqamətində əldə etdiyi uğurlardan söhbət açarkən ölkənin yol-nəqliyyat imkanlarının davamlı olaraq genişləndirilməsini xüsusi vurğulamaq lazımdır. Belə ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızda qısa müddətdə kifayət qədər yüksək səviyyəli yol-nəqliyyat infrastrukturu yaradılıb - bu sahədə irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar çəkilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilib. Paralel surətdə, daşımaların idarə olunması mexanizmi təkmilləşdirilib və ölkəmizin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası genişlənib. Həyata keçirilən buya digər tədbirlər sayəsində ölkəmizdə sərnişin və yük daşımalarının həcmi əhəmiyyətli dərəcədə artıb.

Azərbaycanda son 13 ildə müasir yol-nəqliyyat infrastrukturu yaradılmasına böyük diqqət yetirilməsi və bu sahəyə iri həcmlərdə investisiyalar yönəldilməsi bir sıra amillərlə şərtlənir. Əvvəla müasir infrastruktur yaradılmasının ölkənin sosial-iqtisadi inkişafı baxımdan böyük önəm daşıyır. Respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsini zəruri edən digər mühüm amil isə Azərbaycanın tranzit daşımaları üçün əlverişli məkan olması ilə bağlıdır. Azərbaycanın coğrafi mövqeyi ölkəmizin istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizlərində vacib rol oynamasını şərtləndirir. Respublikamız həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də qurusu sərhədlərinə malik olmasına, eləcə də iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Bütün bu deyilənlərə dövlət səviyyəsində yüksək siyasi iradə nümayiş etdirildiyini də əlavə etsək, onda Azərbaycanın müxtəlif istiqamətlərdə tranzit daşımaları üçün necə əlverişli ölkə olduğu barədə konkret təsəvvür yaranar.

Bir sözlə, son 13 ildə Azərbaycanın bütün regionlarında yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, ilk iki Dövlət Proqramının həyata keçirildiyi 2004-2013-cü illərdə respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 9 min kilometri ötüb, bu müddətdə 250 yeni körpü, tunelyol ötürücüsü inşa edilib. Haqqında bəhs olunan dövrdə Azərbaycanın bölgələrində 6 aeroport tikilib ki, onlardan da 4-ü beynəlxalq səviyyəlidir. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi isə 2014-cü ildə istifadəyə verilib. Bütün bunların nəticəsidir ki, indi respublikanın bölgələrindən də beynəlxalq uçuşlar həyata keçirilirbu amil Azərbaycanın regionlarının inkişafına əlavə impuls verir.

Yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı layihələr regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı çərçivəsində də intensiv şəkildə davam etdirilir. Və bu istiqamətdə 2016-cı il ərzində də paytaxtımızda, həmçinin regionlarda mühüm addımlar atılıb.

Yuxarıda da qeyd etdiyimiz kimi, ölkəmizdə yol-nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi dövlət başçısının diqqət mərkəzindədir. Prezident İlham Əliyev mütəmadi olaraq bu sahənin inkişafına dair sərəncamlar imzalayır, müvafiq tapşırıqlar verir. Məsələn, Prezident İlham Əliyevin 2016-cı il oktyabrın 31-də imzaladığı “Siyəzən rayonunun Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Cəndəhar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən iyirmi səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən sözügedən avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 7, 1 milyon manat ayrılıb.

Dövlət başçısının, eyni zamanda, noyabrın 1-də imzaladığı “Lerik rayonunun Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən otuz min nəfər əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 6,6 milyon manat, noyabrın 2-də imzaladığı “Samux rayonunun Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən iyirmi üç min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 4,9 milyon manat, noyabrın 3-də imzaladığı “Bakı şəhəri Sabunçu rayonunun Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncama əsasən qırx dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Sabunçu-Ramana avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,6 milyon manat, noyabrın 4-də imzaladığı “Balakən rayonunun Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən isə qırx dörd min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,1 milyon manat ayrılıb.

Bundan başqa, dövlət başçısı noyabrın 12-də Beyləqan rayonuna səfəri çərçivəsində əsaslı yenidənqurma və bərpadan sonra istifadəyə verilən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunda yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisi Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı Sərəncama əsasən həyata keçirilib. Yolun 22 kilometrlik hissəsinin açılışı 2014-cü ildə dövlətimizin başçısının iştirakı ilə olub. Cari ildə isə Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisinin başa çatdırılması “Azəravtoyol” ASC-yə həvalə edilib.

Bildirilib ki, dördüncü texniki dərəcəyə uyğun layihələndirilən yolun uzunluğu 39 kilometrdir. Hərəkət hissəsinin eni 6 metr olan yol iki zolaqdan ibarətdir. Yol boyunca 80 suötürücü boru tikilib, 360 təhlükəsizlik dirəyi, müxtəlif yol nişanları və göstərici lövhələr quraşdırılıb. Ən əsası odur ki, 25 min əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən bu yolun tikintisi yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək, nəqliyyatın rahat və təhlükəsiz hərəkətinin təmin edilməsində mühüm rol oynayacaq.

Prezident İlham Əliyev həmin gün həmçinin Füzuli rayonundakı 1-ci və 11-ci Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun yenidənqurma və bərpadan sonrakı vəziyyəti ilə tanış olub. Bildirilib ki, Füzuli rayonunun 12 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini, o cümlədən 1-ci və 11-ci Qayıdış qəsəbələrini birləşdirən 23 kilometrlik avtomobil yolunun tikintisi dövlətimizin başçısının 2014-cü ildə imzaladığı Sərəncama əsasən həyata keçirilib. Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncama uyğun olaraq, Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun tikintisinin başa çatdırılması “Azəravtoyol” ASC-yə həvalə edilib.

Qeyd olunub ki, üçüncüdördüncü texniki dərəcəyə uyğun olaraq layihələndirilən bu avtomobil yolunun birinci hissəsinin uzunluğu 20,5 kilometrdir və Qayıdış-Yeni Yurd arasındakı məsafəni əhatə edir. İkinci hissə Yeni Yurd-Xocavənd arasındakı məsafəni əhatə ediruzunluğu 2, 5 kilometrdir. İnşaat işləri zamanı yol boyunca müxtəlif diametrli 21 suötürücü boru tikilib. Yuxarı Mil kanalı üzərində uzunluğu 18 metr, eni 12 metr olan qəzalı vəziyyətdəki körpü əsaslı təmir edilib. Yol boyunca 144 müxtəlif yol nişanı və 38 göstərici lövhə quraşdırılıb. Bu yolun tikilməsi nəticəsində yük və sərnişin daşınması xeyli yaxşılaşacaq.

Regionlarda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdrılması istiqamətində son vaxtlar görülən işlərdən danışarkən onu da bildirmək yerinə düşər ki, bir müddət öncə Gədəbəy rayonunun Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi “Azəravtoyol” ASC tərəfindən başa çatdırılıb. ASC-nin mətbuat xidmətindən bildirilib ki, Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun uzunluğu 9 kilometrdir. Layihəyə əsasən yol 4-cü texniki dərəcəyə uyğun olaraq inşa edilib. Tikinti işləri çərçivəsində yolun torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə isə 10 metr enində yeni torpaq yatağı inşa olunub. Daha sonra 2 qat olmaqla yola yeni asfalt-beton örtük döşənib. Hazırda 2 hərəkət zolaqlı olmaqla yolun asfalt örtüyünün eni 6 metr təşkil edir. Layihəyə uyğun olaraq hər bir tərəfdə 2 metr enində çiyinlərin, həmçinin diametri 400-600 millimetr olan 4 ədəd suötürücü boruların tikintisi aparılıb.

Sözügedən yolun tikintisi ilə 5 yaşayış məntəqəsinin 7 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşıb, insanların yetişdirdikləri məhsulları rahat şəkildə rayon mərkəzlərinə daşımalarına imkan yaranıb. Bundan başqa, inşa olunacaq yeni yol yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına da gətirib çıxaracaq.

On yeddi yaşayış məntəqəsinin inkişafı və ən əsası 26 min insanın rahatlığı üçün xüsusi əhəmiyyəti olan 53 kilometrlik Şamaxı-Padarçöl avtomobil yolunun yenidən qurulması ilə əlaqədar işlər isə başa çatmaq üzrədir. Rayon İcra Hakimiyyətindən bildiriblər ki, yolun 48 kilometrində işlər artıq başa çatıb. Belə ki, 12 metr enində yenidən qurulan yola 25 santimetr asfalt beton örtük çəkilib, təhlükəsizlik üçün bütün lazımi tədbirlər görülüb. “Azəryolservis” MMC tərəfindən yenidən qurulan bu yol həm də respublikamızın cənub, habelə aran rayonlarından Şamaxıya və əks istiqamətə məsafəni dəfələrlə qısaldacaq.

Eyni zamanda, Bakı şəhərinin Xətai rayonu ərazisindəki Cavanşir küçəsində “Azəravtoyol” ASC tərəfindən təmir işləri aparılıb. ASC-nin mətbuat xidmətindən bildirilib ki, sözügedən küçənin uzunluğu 1300 metr, eni isə 12, 5 metrdir. Təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb, zəruri olan yerlərdə yol əsasında kipləşdirmə işləri aparılıb. Küçə boyu 2500 poqonmetr köhnə səki daşı yenilənib, yeni piyada səkilərinin tikintisi, mövcud olan piyada səkilərinin isə bərpa edilməsi istiqamətində addımlar atılıb. Bundan başqa, yeraltı kommunikasiya xətlərinin yenilənməsi və təmiri də həyata keçirilib.

Daha sonra küçəyə, həmçinin yeni qurulmuş və bərpa olunmuş piyada səkilərinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə 18 min kvadratmetr sahə asfaltlanıb. Təmir işləri zamanı səth sularının kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub, zəruri olan yerlərdə yol nişanları quraşdırılaraq, yolun xətlənməsi işləri görülüb.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən o da bildirilib ki, hazırda Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Zığ qəsəbəsinə giriş hissədə yeni dairə inşa olunur. Yeni dairənin inşası həmin ərazidə avtonəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkətini təmin etmiş olacaq. Dairə Zığ-Hövsan və Zığ-Suraxanı avtomobil yollarını birləşdirəcək. Bunun üçün mövcud yolun bir hissəsinin də yenidən qurulması işləri görülür.

Yenidənqurma işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, mövcud kommunikasiya xətləri yoldan kənarlaşdırılır. Daha sonra yeni yol yatağının və yol əsasının inşası işləri aparılacaq. Sözügedən dairənin olacağı ərazidə hazırda torpaq işləri həyata keçirilir, yol yatağının inşası aparılır.

Nəzərə çatdırılıb ki, Zığ-Aeroport yolundan Zığ-Hövsan və Zığ-Suraxanı yollarına avtonəqliyyat vasitələrinin rahat daxil olmasını təmin etmək məqsədilə də dairəyə doğru yeni yol hissəsi salınır. Bununla da Hava Limanı istiqamətindən gələn avtonəqliyyat vasitələrinin Nobel və Gəncə prospektlərinin kəsişməsində yerləşən dairədən dövrə vurub geri qayıdaraq Hövsan yolunaoradan da Zığ qəsəbəsinə hərəkət edərək əlavə məsafə qət etmələrinə ehtiyac qalmayacaq.

Yeni dairənin və mövcud yolun bir hissəsinin yenidən qurulması işləri ilə əlaqədar Zığ qəsəbəsinə giriş hissə qısa müddətə bağlanıb. Avtonəqliyyat vasitələri alternativ olaraq Hövsan və Suraxanı yollarından istifadə edərək qəsəbəyə daxil ola bilərlər.

Paytaxt rayonlarındakı işlərdən söz düşmüşkən, Suraxanı rayonunun Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 5 kilometrlik hissəsində də tikinti işləri yekunlaşmaq üzrədir. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib ki, sözügedən avtomobil yolunun tikintisi “Bakı şəhəri Suraxanı rayonunun Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq aparılır.

Burada yolun hərəkət hissəsinin eni 9-10 metr arası dəyişir. Avtomobil yolunun sözügedən 5 kilometrlik hissəsi uzun müddət idi ki, təmir olunmurintensiv hərəkət nəticəsində asfalt-beton örtükdə qabarmış və dağılmış hissələr yaranıb. Bu isə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətində problemlər yaradıb.

Aparılan işlər zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu 1-1, 5 metr dərinlikdə qazılaraq çıxarılıb. Daha sonra karbonat materialı tökülərək yeni yol yatağı, qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət yol əsasının inşası aparılıb. Yol boyu yeraltı kommunikasiya xətləri yeniləri ilə əvəzlənib, bəziləri yolun hərəkət hissəsindən kənara çıxarılıb.

Bundan başqa, köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb, hərəkət hissə asfaltlanması üçün hazır vəziyyətə gətirilib. Hazırda yola yeni asfalt-beton örtüyünün son qatının, aşınma layının döşənməsi işləri aparılır. Yaxın günlər ərzində asfaltlanma işləri tam olaraq yekunlaşdırılacaq. Ümumilikdə yolun hərəkət hissəsi, giriş yollar və səkilər də daxil olmaqla 73 min kvadratmetr sahənin asfaltlanması nəzərdə tutulub.

Asfalt-beton örtüyünün aşınma layının tikintisində istifadə olunan bituma xüsusi adgeziya qatqısı əlavə olunub. Sözügedən maddə səth sularının asfalt-beton örtüyə daxil olmasının qarşısını almaqla asfalt örtüyünün keyfiyyətini yaxşılaşdırır və uzunömürlülüyünü artırır.

Layihə çərçivəsində vətəndaşların avtomobil yolunun kənarı ilə təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yol boyu zəruri olan yerlərdə hər iki istiqamət üzrə 1, 5 metr enində yeni piyada səkilərinin tikintisi işləri də aparılıb. Səkilərin kənarına 6 min poqonmetr yeni səki daşları düzülüb. Sərnişin avtobuslarının ümumi hərəkətə mane olmadan dayanacaqlara giriş-çıxışını təmin etmək üçün 9 ədəd xüsusicibli avtobus dayanacağı inşa olunub. “Cib”lərin uzunluğu 20 metr, eni isə 3 metrdir. Səth və qrunt sularının ötürülməsi üçün zəruri olan yerlərdə drenaj borular qoyulub. Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi ilə 3 yaşayış məntəqəsinin 63 min nəfər əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq.

Həmçinin “Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən Əli İsazadə küçəsinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir. “Azəravtoyol”un mətbuat xidmətindən bildirilib ki, Əli İsazadə küçəsinin yenidən qurulması layihəsi çərçivəsində yol yatağının eni 20-22 metrə qədər genişləndirilib. Dörd hərəkət zolaqlı olan yolun hərəkət hissəsinin eni 15-17 metr təşkil edir. Yol boyu vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 1-2 metr enində piyada səkiləri tikilib.

Sutkanın qaranlıq saatlarında hərəkətin normal təşkili üçün yol boyu müasir işıqlandırma sistemiqurulacaq. Bundan başqa, layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən normal kənarlaşdırılması üçün zəruri olan bəzi yerlərdə yeni yağış-kanalizasiya sistemi yaradılıb.

Yenidənqurma işləri çərçivəsində yoldan kommunikasiya xətləri kənara köçürülüb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə karbonat materialı tökülərək kipləşdirilib. Daha sonra yol əsasının inşası işləri aparılıb. Hazırda yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə 80 min kvadratmetr əraziyə 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

Bütün işlər yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolgöstərici xətlərin çəkilməsi işləri aparılacaq. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda texnika cəlb olunub.

Bütün bu sadalananlar isə onu deməyə əsas verir ki, bu gün ölkəmizdə yol-nəqliyyat infrastrukturunun tamamilə yeniləşdirilməsi və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam etməkdədir. Regionların, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət yetirilir. Müasir səviyyədə inşa olunan bu yollar regionların inkişafına müsbət təsir göstərir, rayonların simasını əsaslı şəkildə dəyişdirir, nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edir.

Nadir AZƏRİ

Yeni Azərbaycan.- 2016.- 29 noyabr.- S.8