Bakıda təhsil, elm və mədəniyyət sahəsində
Rusiya-Azərbaycan əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
Noyabrın 28-də Bakıda Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təşkilatçılığı ilə “Təhsil, elm və mədəniyyət sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının vəziyyəti və perspektivləri” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyevanın iştirakı ilə keçirilən konfransa dövlət və hökumət rəsmiləri, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri, hər iki ölkənin ali məktəblərinin rektorları qatılıblar.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov ölkələrimiz arasında təhsil sahəsində səmərəli əməkdaşlıqdan danışıb, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, Azərbaycanda rus dili və ədəbiyyatının tədrisinə xüsusi diqqət yetirilir. Rus dilinin ölkəmizdə öyrənilməsinin multikulturalizm prinsipinə əsaslandığını vurğulayan nazir qeyd edib ki, hazırda 340 orta məktəbdə 90 min şagird rus dilində təhsil alır. Son illərdə Bakıda dövlətin dəstəyi ilə Rusiyanın iki nüfuzlu ali təhsil müəssisəsi - Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları açılıb.
Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva təhsil, elm və mədəni əlaqələrin genişləndirilməsi istiqamətində konfransın əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırıb ki, hər iki ölkədən müvafiq sahələr üzrə fəaliyyət göstərən mütəxəssisləri bir araya gətirən tədbir əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün yaxşı imkan yaradıb. O deyib: “Təcrübəyə əsaslanaraq müxtəlif istiqamətlərdə əldə olunacaq razılıqların uzunmüddətli və səmərəli olacağını deyə bilərik. Son illər Azərbaycanda qazanılan uğurlar bizi də sevindirir. Bu tərəqqidə Ümummilli lider Heydər Əliyevin rolunu xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin bu uğurlu siyasəti davam etdirməsi Azərbaycanın inkişafının davamlılığına zəmin yaradır. Azərbaycan təkcə region ölkələri ilə deyil, bütün dünya dövlətləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində əlaqələrini genişləndirir”.
Rusiyalı nazir ölkəsinin Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən elm və təhsil sahəsində əməkdaşlığa böyük önəm verdiyini bildirib. O, cari il Azərbaycanda rus dilini öyrənmək istəyənlərin sayının 5 faiz artmasını müsbət hal kimi dəyərləndirib.
Sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının yeni korpusunun açılış mərasimindən videokonfrans olub. Vurğulanıb ki, bu filial Azərbaycanın Rusiyada rəsmi lisenziya ilə fəaliyyət göstərən yeganə ali təhsil müəssisəsidir.
Daha sonra media nümayəndələri üçün brifinq keçirilib və hər iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın bugünkü vəziyyəti ilə bağlı suallar cavablandırılıb.
O.Vasilyeva diqqətə
çatdırıb ki, təhsil sahəsində
əlaqələrimiz getdikcə möhkəmlənir.
Rusiyanın iki universitetində Azərbaycan
linqvistikası kafedrası açılıb. Azərbaycan dilinin tədris olunduğu
iki məktəb artıq mövcuddur.
Əgər valideynlər təşəbbüs göstərərlərsə,
Rusiyada Azərbaycan dilində məktəblər
də açıla bilər.
Yeni Azərbaycan.-
2016.- 29 noyabr.- S.5