Regionlarda
abadlıq-quruculuq işləri davam etdirilir
Dövlət
proqramları çərçivəsində istifadəyə
verilən yeni sosial obyektlər bölgələrin infrastruktur
təminatının daha da güclənməsində
mühüm rol oynayır
Ölkəmizdə həyata keçirilən uğurlu
sosial-iqtisadi siyasət kursu əldə olunan nailiyyətlərin
davamlılığını təmin edir. Hazırda
iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun
dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin
artırılması və bu sahəyə investisiya
qoyuluşunun sürətləndirilməsi Azərbaycanın
sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir.
Digər tərəfdən, reallıqlar onu deməyə
əsas verir ki, yeni mərhələdə iqtisadi sektorda
ardıcıl islahatların davam etdirilməsi müəyyən
olunmuş hədəflərə çatmağa imkan verəcək.
Ötən dövr ərzində qeyri-neft
sektorunun inkişaf etdirilməsi, paytaxtda və regionlarda sosial
və iqtisadi infrastrukturun ən müasir standartlara uyğun
yenidən qurulması qarşıya qoyulan vəzifələrin
uğurla yerinə yetirilməsi üçün tam şərait
yaradır.
Məlum olduğu kimi, respublikamızda modern inkişaf
strategiyasının əsas hədəflərindən biri də
Azərbaycanın yüksək infrastruktur təminatına
malik ölkəyə çevrilməsidir. Bu baxımdan
dövlət başçısının müvafiq fərmanları
ilə təsdiqlənən və ölkəmizdə
2004-cü ildən uğurla reallaşdırılan
regionların sosial-iqtisadi inkişafına dair Dövlət
proqramları çərçivəsində həyata
keçirilən layihələr Azərbaycanı infrastruktur təminatı
baxımından dünyanın ən qabaqcıl ölkələri
sırasına çıxarıb. Azərbaycanın
iqtisadi inkişafının əsas baza sütunlarından
birinə çevrilən regionların sosial-iqtisadi
inkişafına dair Dövlət proqramları (2004-2008,
2009-2013 və 2014-2018-ci illərə dair) respublikamızın
sıçrayışlı inkişafını təmin etməklə
yanaşı, insanların sosial həyatının
yaxşılaşması, bölgələrin simasının
əhəmiyyətli dərəcədə dəyişərək
yeni proqressiv çalarlar almasında mühüm rol
oynayıb. Daha dəqiq desək, istehsal müəssisələrinin
fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin
yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin
artırılması, regionların inkişafı
üçün zəruri infrastrukturun yaradılması, aqrar
sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər
kənd təsərrüfatı işçilərinə dəstək
məqsədilə müxtəlif servis mərkəzlərinin,
investorların regionlara cəlb olunması üçün əlverişli
şəraitin yaradılması, yeni iş yerlərinin
açılması və digər kompleks tədbirlərin
görülməsi nəticəsində regionların
sosial-iqtisadi inkişafında dönüş yaranıb. Şübhəsiz, regionların sosial-iqtisadi inkişafı
bütövlükdə respublikanın ümuminkişaf
göstəricilərinə təsir edən mühüm
faktordur.
Hazırda isə sayca üçüncü - 2014-2018-ci
illəri əhatə edən Dövlət Proqramı icra
olunmaqdadır.
Sözsüz ki, bu Dövlət proqramları
qarşıya qoyulan məqsədlərə nail olunması ilə
yanaşı, Azərbaycanda bir sıra sahələrdə
sıçrayışlı inkişafa da təkan verib.
Ötən 13 ildə respublikada açılan yeni iş yerlərinin,
yaradılan yeni infrastrukturun mütləq əksəriyyəti
bölgələrin payına düşüb ki, bu da bölgələrin
daha da yüksək səviyyədə inkişafına yol
açır. Bu gün yeni tikilən və ya təmirdən
çıxmış bir sıra sosial infrastrukturlar da vətəndaşların
xidmətinə verilir. Bütün
atılan addımlar, aparılan abadlıq-quruculuq işləri
bölgələrin simasını dəyişir. Eyni zamanda, insanların asudə vaxtlarının səmərəli
keçirilməsi üçün yaradılan parklar,
geniş istirahət zolaqları bugünkü ümumi
inkişaf tendensiyasına xüsusi rəng qatır.
Bir sözlə, bu siyasət davamlı xarakter
daşıyır və ötən ay ərzində də
ölkəmizin bir sıra regionlarında mühüm
infrastruktur obyektləri, həmçinin istirahət
parkları vətəndaşlarımızın ixtiyarına
verilib. Elə sentyabr ayında Prezident İlham Əliyevin
iştirakı ilə Mingəçevir və Sumqayıt şəhərində
açılışı baş tutmuş infrastruktur obyektləri
də deyilənlərin əyani sübutudur.
Beləliklə, öncə onu vurğulamaq yerinə
düşər ki, son dövrlərdə ölkənin hər
yerində olduğu kimi, Mingəçevirdə də
mühüm infrastruktur obyektləri yaradılıb,
abadlıq-quruculuq işləri görülüb. Məsələn,
şəhərin Sahil və Füzuli parklarında
mühüm işlər görülüb, habelə Kür
çayının sol sahilində kiçik gəmilər və
qayıqlar üçün yanalma platforması
yaradılıb. Nigar Rəfibəyli
küçəsində yerləşən Sahil
parkının ərazisi 380 metr uzunluqda genişləndirilib.
Bu ilin aprel ayında başlanmış
inşaat işləri artıq başa çatıb.
Parkın genişləndirilmiş sahəsi 1,2
hektara çatdırılıb. Genişləndirilmiş
parkda 3500 kvadratmetr sahəyə dekorativ tamet tavaları
döşənib, 30 dekorativ işıq dirəyi
quraşdırılıb, yeni oturacaqlar və digər
lazımi avadanlıqlar qoyulub. Parkın ərazisində
1000 ağac, 5000-ə yaxın gül kolu əkilib. Yamac boyu 1860 kvadratmetr yaşıllıq sahəsi
salınıb, 940 kvadratmetr sahədə çay
daşlarından bərkitmə işləri aparılıb.
Yeni su təchizatı şəbəkəsi yaradılıb, 1,2 hektar sahəyə su xətti çəkilib.
Şəhərdəki Füzuli parkında isə
inşaat işlərinə 2015-ci ilin mayında
başlanılıb və 2016-cı ilin sentyabrında başa
çatıb.
Ümumi sahəsi 3 hektar olan parkın girişində Məhəmməd
Füzulinin büstü qoyulub, 2 dairəvi və
düzbucaqlı fəvvarə, uşaq-əyləncə, idman
qurğuları quraşdırılıb, mini futbol
meydançası salınıb. İstirahət
üçün bütün lazımi avadanlıqlar
quraşdırılıb. Ərazidə
çoxlu sayda dekorativ ağac və gül kolları əkilib,
10 min 740 kvadratmetr sahədə çəmənlik
salınıb.
Bu məqamda qeyd edək ki, sentyabrın 21-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Mingəçevirə
səfəri çərçivəsində Sənaye
Parkının təməlqoyma mərasimində iştirak
edib. Xatırladaq ki, Prezident İlham Əliyev 2015-ci ilin
fevralında Mingəçevir Sənaye Parkının
yaradılması və bu parkın fəaliyyətinin təmin
edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam
imzalayıb. Mingəçevir Sənaye
Parkının fəaliyyətinin təşkili, idarə
olunması və inkişafı ilə bağlı tədbirlərin
həyata keçirilməsi İqtisadiyyat Nazirliyinin tabeliyində
yaradılmış “Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə
həvalə olunub. Sənaye
Parkının fəaliyyətinin təmin edilməsi məqsədilə
Əmlak Məsələləri Dövlət Komitəsinin
tabeliyində olan “Mingəçevir-Toxucu” ASC ləğv edilib
və onun 15 hektara yaxın torpaq sahəsi icarə hüququ ilə
“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin daimi istifadəsinə
verilib.
Mingəçevir Sənaye Parkının tikinti sahəsi
120 min kvadratmetr təşkil edəcək. İnşaat
işlərinə 60 milyon manatdan artıq, avadanlıq və dəzgahların
alınmasına 150 milyon dollardan çox investisiya qoyulması
nəzərdə tutulub. Parkda ilkin mərhələdə
2 min, sonra 5500-dən artıq yeni iş yerinin
açılması nəzərdə tutulub. Mingəçevir
Sənaye Parkının nəzdində 9 müəssisə
inşa ediləcək. Pambıq ipliyi
istehsalı müəssisəsində ilkin mərhələdə
ildə 10 min ton, növbəti mərhələdə isə
20 min ton iplik istehsalı nəzərdə tutulub. Azərbaycanda
böyük tələbat olan akril ipliyi istehsalı müəssisəsində
ilkin mərhələdə il ərzində
3 min ton məhsul hazırlanacaq. Bu, idxaldan
asılılığı qismən aradan qaldıracaq. Yun ipliyi istehsalı müəssisəsində ildə
3 min ton məhsul istehsal ediləcək.
Corab istehsalı
müəssisəsinin tikintisi ilə ilkin mərhələdə
Azərbaycanın corab məhsullarına tələbatının
50 faiz ödənilməsi, illik 35 milyon, növbəti mərhələdə
isə 70 milyon cüt corabın istehsalı nəzərdə
tutulub. Ayaqqabı istehsalı müəssisəsində illik 1,5 milyon cüt dəri ayaqqabı istehsal ediləcək.
Qabaqcıl texnologiyaların tətbiq olunacağı bu
müəssisələrdən başqa Sənaye Parkında
tibbi kosmetika məhsulları istehsalı müəssisəsinin
yaradılması da planlaşdırılıb. Müəssisədə
pambıq mahlıcının və ipliyin
tullantılarının təkrar emalı nəzərdə
tutulub. Tullantılardan sterilləşdirilmiş
pambıq, tibbi sarğı bezləri və bandajları, qulaqtəmizləyən
çöplər və makiyaj bezləri istehsal olunacaq.
Toxuculuq müəssisəsində pambıq parçalar
istehsal ediləcək. Azərbaycanda növbəti 5 il ərzində xam
pambığın istehsalının 700 min tona
çatdırılacağını nəzərə alsaq, o
zaman Sənaye Parkının nəzdində fəaliyyət
göstərəcək pambıq ipliyi istehsalı müəssisəsinin
əhəmiyyəti aydın görünür. İllik
istehsal gücü 15 milyon metr təşkil edəcək
müəssisə müasir avadanlıqla təchiz olunacaq.
Bununla yanaşı, hazırlanacaq xam
parçanın boyanması üçün parkın nəzdində
illik gücü 15 milyon metr olan boyama müəssisəsi
inşa ediləcək.
Ölkədə hazır geyim məhsullarına olan tələbatı
ödəmək və idxaldan asılılığı
azaltmaq məqsədilə Azərbaycanın və
bütövlükdə Qafqazın ən nəhəng
tikiş müəssisəsi də Mingəçevir Sənaye
Parkında inşa ediləcək. Müəssisədə iki minə
yaxın yeni iş yeri açılacaq.
Dövlət başçısının səfəri
çərçivəsində Mingəçevir şəhərində
Tarix Muzeyinin əsaslı yenidənqurmadan sonra
açılış mərasimi olub. Qeyd edək ki, Mingəçevir
Şəhər Tarix Muzeyi 1968-ci ildə Mingəçevir
Dövlət Dram Teatrının binasındakı bir otaqda fəaliyyətə
başlayıb. Yenidənqurma işlərindən
sonra indi binanın ümumi sahəsi 810 kvadratmetr təşkil
edir. Muzeydə xalqımızın
Ümummilli lideri Heydər Əliyevin və Prezident İlham
Əliyevin həyat və fəaliyyətindən, ölkəmizin
inkişafı istiqamətindəki xidmətlərindən bəhs
edən fotoguşə yaradılıb. Üç fond
otağından, 50 nəfərlik müşavirə və 2
ekspozisiya zallarından ibarət olan muzeydə 16 min eksponat
qorunur və onlardan 400-ü ekspozisiya zallarında
nümayiş etdirilir. Muzeydə nümayiş
etdirilən eksponatların bir çoxu ötən əsrin
ortalarında Mingəçevir Su Elektrik Stansiyasının
tikintisi zamanı aparılan qazıntı işləri
zamanı tapılıb.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.- 2016.- 1 oktyabr.- S.11