Bakıda yəhudilərin “Roş-Ha-Şana” bayramı qeyd olunub

 

Bakıdakı Avropa yəhudiləri icmasının nümayəndələrinin və qonaqların iştirakı ilə dünya yəhudilərinin qeyd etdiyi Yeni il bayramı - “Roş-Ha-Şana” münasibətilə tədbir keçirilib.

Bayram tədbirində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iştirak edib.

Dövlət müşaviri, akademik Kamal Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin təbrik məktubunu oxuyub.

Təbrikdə bildirilir ki, yəhudi icması ölkəmizin ictimai-siyasi və mədəni həyatında özünəməxsus koloriti ilə seçilir və hazırda Azərbaycanda gedən böyük tərəqqi və inkişaf prosesində, vətəndaş cəmiyyəti quruculuğunda fəal mövqe nümayiş etdirir. Hər il Azərbaycanda böyük təntənə ilə qeyd edilən “Roş-Ha-Şana” bayramı yeniliyi, mənəvi saflığı, xeyirxahlıq və həmrəylik duyğularını təcəssüm etdirir: Yüz illərdir ölkəmizdə məskunlaşan və buranı özünə doğma vətən bilən yəhudilər Azərbaycanda heç vaxt antisemitizmə və ayrı-seçkiliyə məruz qalmamış, tarixən xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin, etnik-dini tolerantlığın, multikultural mühitin hökm sürdüyü çoxmillətli cəmiyyətimizdə əmin-amanlıq şəraitində yaşayaraq dil və mədəniyyətlərini, milli mənəvi adət-ənənələrini günümüzə qədər qoruyub saxlamışlar.

Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq insan hüquq və azadlıqlarının təminatı, o cümlədən ölkədə sabitlik, əmin-amanlıq və vətəndaş həmrəyliyi Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bunun üçün ölkəmizdə həqiqi demokratiksiyasi-hüquqi şərait yaradılmışdır.

Məmnuniyyət hissi ilə onu da qeyd etmək istərdim ki, yəhudi əsilli vətəndaşlarımız bu gün müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi, elmi-mədəni həyatında, demokratik dövlət quruculuğu prosesində yaxından iştirak edir, dövlət müstəqilliyimizin daha da möhkəmlənməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirir.

Hər il təntənə ilə keçirilən Roş-Ha-Şana yeniləşmə, xoş müjdələr, mənəvi saflıq bayramıdır. Bu əziz gün münasibətilə bir daha hamınızı səmimi qəlbdən təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bərəkət arzulayıram”.

Tədbirdə Bakıdakı Avropa yəhudilərinin rəvvaini tərəfindən dini ayin icra edilib və təqvim üzrə başlayan növbəti - 5777-ci ildə bütün xalq və millətlərə sülh və əmin-amanlıq arzulanıb.

Yeni Azərbaycan.- 2016.- 4 oktyabr.- S.6