Azərbaycanın
regionlarında heyvandarlığın inkişafında yeni mərhələ başlayıb
Son illərdə ayrı-ayrı bölgələrdə yaradılan təsərrüfatlarda intensiv metodların tətbiqi sayəsində respublikada heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi 100 faizə yaxınlaşıb
Hazırda dünyada yaranan yeni çağırışlar ərzaq təhlükəsizliyini milli dövlətlər üçün strateji önəm daşıyan məsələ səviyyəsinə yüksəldib. Bu baxımdan Azərbaycanın vəziyyəti nikbinlik üçün ciddi əsaslar yaradır. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq yaxın perspektivdə ölkəmizin bütün pozisiyalar üzrə ərzağa olan tələbatının tam yerli istehsal hesabına ödənilməsi hədəf seçilib. Bu məqsədlə respublikanın bütün regionlarında zəruri tədbirlər həyata keçirilir. İndiyədək həm hüquqi bazanın təkmilləşdirilməsi, həm də maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində görülən işlər öz bəhrəsini verib. Artıq respublika əhalisinin bir sıra ərzaq məhsullarına olan tələbatı bütövlükdə daxili istehsal hesabına ödənilir.
Respublikada heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib
Son illərdə ölkəmizin ərzaq təminatının daxili istehsal hesabına təmin olunmasından söhbət açarkən qida rasionumuzda mühüm yer tutan heyvandarlıq məhsullarının istehsalının genişlənməsini xüsusi qeyd etmək lazımdır. Statistikaya nəzər saldıqda görürük ki, bölgələrdə aqrar sektorda ərzaq məhsulları istehsalının artım dinamikası heyvandarlıq sahəsində daha yüksək olub. Ötən il ölkə əhalisinin heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Hazırda respublikada heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi belədir: mal əti - 92 faiz, qoyun əti - 99 faiz, quş əti - 98,6 faiz, süd və süd məhsulları - 80 faiz, kərə yağı - 60 faiz. 2015-ci ildə respublikada mal əti ilə özünütəminat səviyyəsi 2014-cü illə müqayisədə 5 faiz, qoyun əti üzrə 2 faiz, quş əti üzrə 0,6 faiz, süd və süd məhsulları üzrə 4 faiz və kərə yağı üzrə 8 faiz artıb.
Əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, bundan sonra respublikada ərzaq məhsulları ilə özünütəminat səviyyəsində daha yüksək artım baş verəcək. Yeri gəlmişkən qeyd edək ki, yerli istehsalın artması cari ilin birinci yarısında heyvandarlıq məhsullarının əksəriyyəti üzrə idxalın həcminin kəskin şəkildə azalması ilə nəticələnib. Kənd təsərrüfatı naziri Heydər Əsədovun verdiyi məlumata əsasən, idxalın həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə ət və ət məhsulları üzrə 2,8 faiz, süd və süd məhsulları üzrə 15,7 faiz, iribuynuzlu heyvanların baş sayı üzrə 74,5 faiz, xırdabuynuzlu heyvanlar üzrə 94,2 faiz, damazlıq cücə üzrə 51,6 faiz azalıb. Ümumiyyətlə, bu sahədə qarşıya qoyulan hədəf 2016-cı ilin sonunda ölkə əhalisinin heyvandarlıq məhsullarına olan tələbatının tam yerli istehsal hesabına ödənilməsinə nail olmaqdan ibarətdir.
Regionlarda heyvandarlığın inkişafında mal-qaranın cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır
Son illərdə respublikanın ərzaq təminatının
daxili istehsal
hesabına gücləndirilməsi ilə bağlı müəyyənləşdirilən
strateji hədəfə uyğun
olaraq regionlarda
heyvandarlığın inkişaf etdirilməsi,
ət və ət məhsulları istehsalının
artırılması məqsədilə görülən
çoxsaylı tədbirlər sırasında intensiv metodların tətbiqini, o cümlədən də mal-qaranın cins tərkibinin
yaxşılaşdırılmasını xüsusi
qeyd etmək lazımdır. “Damazlıq
heyvandarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ölkədə müvafiq
tədbirlərin həyata keçirilməsi nəticəsində
heyvandarlıqda damazlıq-seleksiya işləri xeyli yaxşılaşıb. “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nda nəzərdə tutulan tədbirlərə
uyğun olaraq
heyvandarlıqda intensiv metodların tətbiqinə
geniş meydan verilir. Ölkəyə yüksək məhsuldar
heyvan cinsləri gətirilərək
fermerlərə lizinq yolu
ilə satılır. Xaricdən yüksək məhsuldar
heyvanların alınmasına 2009-cu ildən
başlanılıb. Gətirilən cins heyvanın qiymətinin 50 faizi
dövlət tərəfindən ödənilir, digər 50 faizinin yarısı əvvəlcədən,
qalanı isə 3 il müddətində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə
ödənilir. Ümumilikdə, 2009-2015-ci illərdə respublikaya 18 min 252 baş cins heyvan idxal
olunub. Bu heyvanların
əksəriyyəti - 13 minə
yaxını son üç
ildə alınaraq kənd təsərrüfatı
məhsulları istehsalçılarına
paylanılıb.
Süni
Mayalama Mərkəzinin
yaradılması regionlarda
heyvandarlığın inkişafına
yeni təkan verib
Paralel şəkildə
son vaxtlar respublikanın
regionlarında süni
mayalanmanın genişləndirilməsi
diqqət mərkəzində
saxlanılır və
bu məqsədlə silsilə tədbirlər həyata keçirilir. Qeyd edək
ki, Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda Süni Mayalama Mərkəzi yaradılıb.
Belə bir mərkəzin yaradılması regionlarda
heyvandarlığın inkişafına
yeni təkan verib. Hazırda Göygöl rayonunda
Respublika Süni Mayalama Mərkəzinin
(RSMM) yeni kompleksinin inşası başa çatmaq üzrədir.
Mərkəzin layihələndirilməsində
Türkiyə, Fransa, Almaniya və Niderlandın təcrübəsindən
istifadə edilib.
Kənd Təsərrüfatı Nazirliyinin
mətbuat xidmətindən
bildirilib ki, RSMM ölkədə qaramalın
çoxaldılması üçün
damazlıq materialına
olan tələbatı
tam qarşılayacaq, həmçinin
təlim-təkmilləşdirmə mərkəzi kimi də fəaliyyət göstərəcək. Bu
məqsədlə mərkəzdə
tədris otaqları, nümayiş sahəsi və təlim iştirakçılarının qalması üçün
tədris mehmanxanası
yaradılacaq. Hazırkı mərhələdə RSMM-in laboratoriyası,
karantin izolyatoru və klinikası xüsusi təyinatlı avadanlıqlarla təchiz edilir. Laboratoriya avadanlıqları bu sahədə dünyada lider olan Fransanın “İMV
technologies” şirkətinin istehsalıdır. RSMM-in istifadəyə verilməsi
ilə maldarlıqda damazlıq işinin inkişaf etdirilməsi baxımından tam yeni yanaşma tətbiq ediləcək.
Xatırladaq ki, Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 30 iyun tarixli Sərəncamı ilə bu kompleksin
tikintisinin tamamlanmasına,
avadanlıq və qurğuların alınmasına
və quraşdırılmasına
8,4 milyon manat sərf ediləcək.
Qeyd edək
ki, süni mayalanma nəticəsində
alınmış inəklərdən
ildə orta hesabla 3500-4000 kiloqram süd sağılır.
İntensiv metodların tətbiqi
sayəsində regionlarda
mal-qaranın baş sayı və məhsuldarlıq artıb
Son illərdə ölkənin
müxtəlif regionlarında
yaradılan heyvandarlıq
təsərrüfatlarında intensiv metodların tətbiqi sayəsində respublika miqyasında mal-qaranın baş sayı və məhsuldarlıq əhəmiyyətli
dərəcədə artıb. Cari il iyulun 1-i vəziyyətinə
ölkə üzrə
2 milyon 724,9 min baş
iribuynuzlu mal-qara, o cümlədən 1 milyon
303,6 min baş inək
və camış, 8 milyon 823,2 min baş qoyun və keçi
mövcud olub. Dövlət Statistika Komitəsinin məlumatına
əsasən, ötən
il iyulun 1-nə nisbətən iribuynuzlu
mal-qaranın sayı
16,7 min baş, o cümlədən
inək və camışların sayı
2,3 min baş, qoyun və keçilərin sayı 15,8 min baş artıb. Hesabat dövründə diri çəkidə ət istehsalı 2,6 faiz artaraq 231,1 min ton, süd istehsalı 4,9 faiz artaraq 1010,7 min ton, yumurta istehsalı 5,4 faiz artaraq 821,9 milyon ədəd, yun istehsalı isə 3,4 faiz artaraq 15,9 min ton təşkil
edib.
Ayrı-ayrı regionlar üzrə
göstəricilər daha
yüksəkdir
İntensiv metodların tətbiqi sayəsində heyvandarlıqda
əldə olunan nəticələr ayrı-ayrı
regionlar üzrə daha yüksəkdir. Son illərdə Ağcabədi
rayonunda da aqrar sektorun aparıcı sahələrindən
olan heyvandarlığın
intensiv inkişafı
istiqamətində mühüm
işlər görülür.
Rayonda heyvandarlıq məhsulları
istehsalının intensiv
artmasına zəmin yaradan cins maldarlığın
inkişafı üçün
heyvanların süni mayalanması uğurla həyata keçirilir.
Kəndlərdə aparılan geniş
maarifləndirmə tədbirləri,
əldə edilən yüksək nəticələr,
süni mayalamadan alınan hər buzova görə fermerlərə 100 manat yardım müəyyənləşdirilməsi
süni mayalama tədbirlərinə marağı
artırıb. İlin
əvvəlindən rayonda
fəaliyyət göstərən
süni mayalama texnikləri tərəfindən
3727 baş inək və düyə süni yolla mayalandırılıb, 1981 baş
sağlam cins buzov alınıb. Rayonda əsasən məhsuldar “Holştein-friz”, “Qara-ala”,
“Şvis” cinslərindən
olan mal-qaranın baş sayı artırılır.
Rayonda ətlik-südlük istiqamətli
müasir ailə-fermer
təsərrüfatlarının yaradılması üzrə
pilot layihə həyata
keçirilir. Layihəyə əsasən rayonun Təzəkənd kəndində
yaradılmış 25 ailə-fermer
təsərrüfatına Avstriyadan
gətirilmiş 178 baş
ətlik-südlük istiqamətli
“Simmental” cinsli heyvanlar
verilib.
Son illər Ağcabədi rayonunda müasir heyvandarlıq komplekslərinin
yaradılması istiqamətində
səmərəli iş
aparılır. Rayonda aqrar
sahəyə dövlət
qayğısının təzahürü
olaraq yaradılan iri sahibkarlıq subyektlərindən biri
“BMS Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin
ölkəmizdə ilk böyük
damazlıq keçi təsərrüfatıdır. 11 hektar ərazini əhatə edən təsərrüfat hər
biri 1500 başlıq
8 fermadan, təkə,
revir, çəpiş
üçün binalardan,
baş ofis, sağımxana və sağımxana ofisindən
ibarətdir. Təsərrüfat ən müasir
ferma avadanlığı
- avtomatik yönəltmə
və yemləmə, paralel sağım sistemi və xüsusi texnikalarla təchiz edilib, işçilərin çalışmaları
və istirahəti üçün hər cür şərait yaradılıb.
Təsərrüfata Hollandiya və Fransadan 3500 baş keçi, həmçinin
1000 başa yaxın qoyun gətirilib. “Saanen” və “Alpin” cinslərindən olan keçilər, “Asaf” və “Şarole” cinsli qoyunlar məhsuldarlığı
və südünün
keyfiyyətinə görə
ən yüksək göstəricilərə malikdir.
Təsərrüfatda bir gündə
orta hesabla 4 tondan çox süd sağılır.
Emal müəssisəsində KETCHI markası ilə keçi südü, Qarabağ motal pendiri, duzlu pendir, təzə pendir, qəlib pendiri, şüyüdlü
pendir, şor, kərə yağı və sair kimi
brend məhsullar istehsal edilir.
Rayonda yaradılan ən nümunəvi heyvandarlıq
komplekslərindən biri
də Ağabəyli kəndindəki 4 min başlıq
“Aqat-aqro” MMC-dir. Hazırda
kompleksdə 3500 baş
cins heyvan, o cümlədən 1450 baş
inək, 2050 baş buzov, düyə və dana var. Almaniyadan gətirilmiş
“Holştein-friz” cinsli
inəklərin hər
birindən bir gündə orta hesabla 30 litr süd sağılır. Ümumilikdə təsərrüfatda
bir gündə 40 min litrdən artıq, bir ildə isə
14 min 580 ton süd əldə
edilir. Hazırda təsərrüfatın genişləndirilməsi, heyvanların
sayının iki dəfə artırılması
qarşıya hədəf
qoyulub.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-
2016.- 5 oktyabr.- S.7