Azərbaycanda sənayenin regional strukturunun formalaşdırılması diqqət mərkəzində saxlanılır

 

Mingəçevirdə 120 min kvadratmetr ərazidə yaradılan Sənaye Parkı ölkənin iqtisadi potensialını daha da gücləndirəcək, yeni ixrac imkanları yaradacaq

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari il sentyabrın 21-də Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib. Ölkəmizin iri şəhərlərindən olan, güclü iqtisadi potensialakadr ehtiyatlarına malik Mingəçevirdə yeni Sənaye Parkının yaradılması bir çox parametrlər baxımından böyük önəm daşıyır. Məlum olduğu kimi, xarici mənfi təsirlər nəticəsində yaranan yeni şəraitdə respublikamızda davamlı inkişafın təmin edilməsi məqsədilə yeni strateji hədəflər müəyyənləşdirilib ki, bu hədəflər sırasında innovasiyalara, müasir texnologiyalarayanaşmalara əsaslanan sənaye quruculuğu siyasəti mühüm yer tutur. Qısa müddətdə qarşıya qoyulan məqsədlərə çatmaq üçün müvafiq islahatlar aparılıb, zəruri tədbirlər həyata keçirilib. Mingəçevirdə yeni Sənaye Parkının yaradılmasına start verilməsi isə ölkəmizdə həm də regional sənaye quruculuğuna göstərilən diqqətin növbəti ifadəsidir.

Regionlarda müasir istehsalatların yaradılması ilə ölkənin sənaye quruculuğunda yeni mərhələ başlayıb

Azərbaycan paytaxt Bakı və digər iri şəhərlərlə yanaşı, regionlarda da güclü sənaye potensialı olan ölkədir. Bu baxımdan yeni sənayeləşmə siyasətində sənayenin regional strukturunun formalaşdırılmasının mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilməsi böyük önəm daşıyır. Prezident İlham Əliyevin yeni sənayeləşmə siyasəti ilə bağlı qarşıya qoyduğu mühüm vəzifələrdən biri məhz ölkəmizdə sənayenin regional strukturunun təkmilləşdirilməsi və hər rayonda sənaye zonalarının yaradılması ilə bağlıdır. Prezident İlham Əliyev Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimindən sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdəki çıxışında bu məqama toxunaraq deyib: “Ölkəmizin hər bir yerində, hər bir rayonda sənaye zonaları yaradılmalıdır və artıq bu istiqamətdə işlər gedir. Eyni zamanda, Bakı ilə birlikdə ölkəmizin 4 əsas sənaye mərkəzi olmalıdır. Bu mərkəzlərdə işlər daha da sürətlə getməlidir. Sumqayıt Cənubi Qafqazda sənaye potensialına görə ikinci mərkəzdir. Gəncə və Mingəçevir şəhərlərində ən müasir standartlara cavab verən, ən son texnologiya ilə işləyən yeni müəssisələr yaradılır və yaradılacaq”.

Qeyd edək ki, son illərdə ölkəmizdə dövlət başçısının nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq sənayenin inkişafının və onun yeni regional strukturunun formalaşdırılmasının hüquqi bazasını təmin etmək üçün əməli addımlar atılıb. Prezident İlham Əliyev “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” müvafiq Fərman imzalayıb. Ölkəmizdə “Xüsusi iqtisadi zonalar haqqında” ayrıca qanun qəbul edilib. Bundan başqa, dövlət başçısının 24 aprel 2013-cü il tarixində imzaladığı Fərmanla “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” təsdiqlənib. Eyni zamanda, Prezident İlham Əliyev 2014-cü il 8 oktyabr tarixində ölkədə sənaye məhəllələrinin yaradılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman imzalayıb.

Hazırda ölkəmizdə dövlət başçısının nümayiş etdirdiyi güclü siyasi iradəyə və yaradılan zəruri hüquqi bazaya uyğun olaraq Neftçalada, Masallıda və digər bölgələrdə yeni sənaye məhəllələri yaradılır. Şübhə yoxdur ki, Azərbaycanın sənaye quruculuğu tarixində yeni təşəbbüs olan regional sənaye quruculuğu indiki şəraitdə ölkənin istehsalixrac imkanlarının genişlənməsində mühüm rol oynayacaq.

Respublikamızda sənayenin yeni regional strukturunun formalaşdırılması baxımından dövlət başçısının ötən il imzaladığı “Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Fərmanı və Mingəçevir Sənaye Parkının yaradılması, bu parkın fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında müvafiq sərəncamları da mühüm əhəmiyyət daşıyır. Mingəçevir Sənaye Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış “Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə həvalə olunub.

Yeni Sənaye Parkı ölkədə pambıqçılığın, tekstil sənayesinin və bir sıra digər sahələrin inkişafına güclü təkan verəcək

Qeyd edək ki, Mingəçevir Sənaye Parkının texniki göstəriciləri kifayət qədər yüksəkdir. Yeni istehsalat 120 min kvadratmetr ərazidə təşkil ediləcək. Pambıq ipliyi istehsalı müəssisəsində ilkin mərhələdə ildə 10 min ton, növbəti mərhələdə isə 20 min ton iplik istehsalı nəzərdə tutulub. Azərbaycanda böyük tələbat olan akril ipliyi istehsalı müəssisəsində ilkin mərhələdə il ərzində 3 min ton məhsul hazırlanacaq. Bu, idxaldan asılılığı qismən aradan qaldıracaq. Yun ipliyi istehsalı müəssisəsində ildə 3 min ton məhsul istehsal ediləcək. Corab istehsalı müəssisəsinin tikintisi ilə ilkin mərhələdə Azərbaycanın corab məhsullarına tələbatının 50 faiz ödənilməsi, illik 35 milyon, növbəti mərhələdə isə 70 milyon cüt corabın istehsalı nəzərdə tutulub. Ayaqqabı istehsalı müəssisəsində illik 1,5 milyon cüt dəri ayaqqabı istehsal ediləcək.

Qabaqcıl texnologiyaların tətbiq olunacağı bu müəssisələrdən başqa, Sənaye Parkında tibbi kosmetika məhsulları istehsalı müəssisəsinin yaradılması da planlaşdırılıb. Müəssisədə pambıq mahlıcının və ipliyin tullantılarının təkrar emalı nəzərdə tutulub. Tullantılardan sterilləşdirilmiş pambıq, tibbi sarğı bezləri və bandajları, qulaqtəmizləyən çöplər və makiyaj bezləri istehsal olunacaq.

Toxuculuq müəssisəsində pambıq parçalar istehsal ediləcək. Azərbaycanda növbəti 5 il ərzində xam pambığın istehsalının 700 min tona çatdırılacağını nəzərə alsaq, o zaman Sənaye Parkının nəzdində fəaliyyət göstərəcək pambıq ipliyi istehsalı müəssisəsinin əhəmiyyəti aydın görünür. İllik istehsal gücü 15 milyon metr təşkil edəcək müəssisə müasir avadanlıqla təchiz olunacaq. Bununla yanaşı, hazırlanacaq xam parçanın boyanması üçün parkın nəzdində illik gücü 15 milyon metr olan boyama müəssisəsi inşa ediləcək.

Yeni Sənaye Parkında əsasən ixracyönümlü məhsullar buraxılacaq

Cari ildən ölkəmizdə yeni dövrün tələbinə uyğun olaraq ixracın təşviqi sisteminin işə salınması böyük əhəmiyyət daşıyır. İxracın təşviqinin hüquqi bazasının möhkəmləndirilməsini xüsusi qeyd etmək lazımdır. Məlum olduğu kimi, dövlət başçısı qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Fərmanda isə yerli məhsulların ixracı ilə bağlı bir sıra mühüm məsələlərin geniş spektri öz əksini tapıb. Fərmana əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunanistehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi nəzərdə tutulur.

Qeyd olunanlar baxımından Mingəçevir Sənaye Parkı layihələndirilərkən burada daxili tələbat malları ilə yanaşı, ixracyönümlü məhsulların istehsalının da nəzərdə tutulması mühüm əhəmiyyət daşıyır. O da əlamətdar haldır ki, Mingəçevir sənaye parkında buraxılacaq məhsullar üçün bazarlar axtarmağa xüsusi ehtiyac olmayacaq. Belə ki, sənaye parkında buraxılacaq məhsullara dünya birjalarında böyük tələbat var.

Mingəçevir Sənaye Parkının xammal bazasının əsas hissəsi Azərbaycanda yaradılacaq

Yeni şəraitdə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi iqtisadi siyasət, ilk növbədə, ölkənin bütün bölgələrinin potensialından səmərəli istifadə edilməsi və xammaldan hazır məhsuladək olan istehsal tsiklinin respublika daxilində yaradılması konseptinə əsaslanması ilə fərqlənir. Məlumdur ki, son 12 ildə tarixi əhəmiyyət daşıyan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılması Azərbaycanın bölgələrinin simasını dəyişib, regionları da iqtisadi güc amilinə çevirib.

Yeni sənaye layihəsinin Mingəçevirdə yaradılması konseptual əsaslarla davam etdirilən regional inkişaf strategiyasına göstərilən böyük diqqətin daha bir təzahürüdür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizin regional inkişaf proqramı yeni layihədə öz əksini tapır: “Bu Sənaye Parkı Mingəçevirdə yaradılır. Bizim regional inkişaf proqramımız orada öz əksini tapır”.

Yeni Sənaye Parkında qurulacaq müəssisələr əsasən yerli xammal hesabına fəaliyyət göstərəcək ki, bu da regionlarda iqtisadi aktivliyin təmin olunması, aqrar sektorda pambıqçılıq, baramaçılıq kimi strateji əhəmiyyətli sahələrin inkişafına daha güclü stimul yaradacaq. Məlum olduğu kimi, cari ilin əvvəlindən etibarən respublikamızda yeni ixrac imkanları yarada biləcək texniki bitkilərin becərilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Ölkənin ayrı-ayrı bölgələrində ənənələr dirçəldilərək pambıqçılığın şöhrəti geri qaytarılır. Cari mövsümdə respublikanın 24 rayonunda 50 min hektardan artıq sahədə pambıq becərilib və 100 min ton məhsul istehsalı gözlənilir. Gəlirli sahə olan baramaçılıqla bağlı da eyni sözləri demək mümkündür. Cari ilin əvvəlindən həyata keçirilən buya digər tədbirlər nəticəsində ölkədə barama istehsalı artıb. Əgər 2015-ci ildə ancaq bir rayonda - Şəkidə 200 kiloqramdan bir qədər çox barama istehsal edilibsə, bu il 25 rayonda qısa müddətdə 70 ton barama tədarük olunub. Ölkə daxilində istehsal olunan bu qəbildən məhsullardan Mingəçevir Sənaye Parkında xammal kimi istifadə olunacaq.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2016.- 6 oktyabr.- S.8