Regionlarda yeni təsərrüfatçılıq metodlarının tətbiqi aqrar sektorun inkişafında mühüm rol oynayır

 

İndiyədək respublikanın 19 rayonunda 40 min hektardan artıq sahədə 30 iri fermer təsərrüfatının yaradılması başa çatıb və məhsuldarlıq hər hektardan arpabuğda üzrə 58-60, qarğıdalı üzrə isə təxminən 120 sentner təşkil edir

Yeni iqtisadi şəraitdə Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərdən biriregionlarda geniş potensiala malik aqrar sektorun dinamik inkişafına nail olmaqdanbu əsasda ölkəmizin istehsalixrac imkanlarını artırmaqdan ibarətdir. Hədəflənən nəticələrin əldə olunması üçün dövlət tərəfindən kənd təsərrüfatının inkişafına böyük diqqət və qayğı göstərilir. Aparılan məqsədyönlü siyasət isə öz bəhrəsini verməkdədir. Belə ki, son illərdə respublikamızda aqrar sahədə davamlı olaraq yüksək nəticələr əldə olunur. Kənd təsərrüfatında artım tempi cari ilin arxada qalan dövrü ərzində də qorunub saxlanılıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında yaradılan möhkəm bazaya istinad edərək gələcəkdə kənd təsərrüfatında daha yüksək nəticələr əldə ediləcəyinə əminliyini ifadə edib: “Kənd təsərrüfatı 2,4 faiz artıbdır və əminəm ki, daha da artacaq. Çünki kənd təsərrüfatı sahəsində apardığımız işlər yaxın gələcəkdə daha da böyük həcmdə nəticə verəcəkdir”.

Yeri gəlmişkən, beynəlxalq səviyyəli qurumlar da öz hesabatlarında Azərbaycanda aqrar sektorun geniş inkişaf perspektivinə malik olduğunu nəzərə çatdırırlar. Dünya Bankının verdiyi proqnozlara görə, ölkəmizdə 2016-cı ildə kənd təsərrüfatında 4,2 faiz, 2017-ci və 2018-ci illərdə isə hər il 4 faiz olmaqla artım gözlənilir. Dünya Bankının məlumatında Azərbaycanın hesabatın əhatə etdiyi Şərqi və Mərkəzi Avropa ölkələri arasında ön yerlərdən birini tutacağı qeyd olunub. O da əlamətdar haldır ki, respublikamızda aqrar sektorun ayrı-ayrı istiqamətləri üzrə artım dinamikası ümumi inkişaf göstəricilərini daha da üstələyir.

Regionlarda aqrar sektorun inkişafında yeni mərhələ başlayıb

Regionlarda aqrar sektora dəstək tədbirləri sırasında dövlətin yaxından köməyi ilə yeni təsərrüfatçılıq metodlarının tətbiqinin önəmini xüsusi qeyd etmək lazımdır. Son illərdə intensiv metodlardan geniş istifadə olunması, yeni təsərrüfatçılıq üsullarının tətbiqi, müasir aqrar-sənaye müəssisələrinin yaradılması sayəsində regionlarda aqrar sektorun inkişafında yeni mərhələ başlayıb. Hazırda respublikamızda iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir. Ölkənin müxtəlif bölgələrində iri fermer təsərrüfatlarının yaradılmasına Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bir neçə il bundan qabaq start verilib. Dövlət Torpaq Fondunun hesabına yaradılan iri fermer təsərrüfatlarının fəaliyyətə başlaması ilə ölkəmizdə, əslində, yeni bir kənd təsərrüfatı sisteminin formalaşdığını söyləmək mümkündür. İri fermer təsərrüfatlarının yaradılması respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Dövlət başçısının tapşırığına uyğun olaraq hazırda Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı və digər rayonlarda iri fermer təsərrüfatları yaradılır. İndiyədək 19 rayonda 40 min hektardan artıq sahədə 30 iri fermer təsərrüfatının yaradılması başa çatıb və məhsuldarlıq hər hektardan arpabuğda üzrə 58-60, qarğıdalı üzrə isə təxminən 120 sentner təşkil edir. Qeyd edək ki, respublikamızda iri fermer təsərrüfatlarının yaradılması məqsədilə fermerlərə 60,6 milyon manat güzəştli kredit verilib.

Regionlarda yeni yaradılan aqroparklar aqrar sektorda istehsalixrac imkanlarını daha da artıracaq

Son vaxtlar Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq ölkəmizdə aqroparkların yaradılmasına başlanılıb. Bu məqsədlə aqroparklarda müasir istehsal, emalinfrastruktur müəssisələrinin yaradılmasına 43 milyon manat güzəştli kredit verilib. Məhsul istehsalının bütün mərhələlərini özündə birləşdirən aqroparkların istifadəyə verilməsi sayəsində aqrar sektorda istehsalixrac imkanlarının daha da artacağı proqnozlaşdırılır. Belə aqroparklardan biriXaçmaz rayonunun Yalama qəsəbəsində yaradılıb. Təxminən 523 hektar ərazidə salınan aqroparkın yaradılmasına birinci mərhələdə 20 milyon manat investisiya qoyulub. Layihənin ilkin mərhələsinə uyğun olaraq, 1000 başı sağmal olmaqla 3000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, müasir suvarma sistemi ilə 385 hektar sahədə iri taxılçılıq təsərrüfatı, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılıb. Zavodun davamlı və fasiləsiz xammala olan tələbatının ödənilməsi məqsədilə tutumu 4,5 min ton olan anbarsaatda 30 ton taxılqurudan qurğu quraşdırılıb. Təsərrüfata “Aqrolizinq” ASC vasitəsilə “Simmental” cinsindən olan 1103 baş cins heyvan gətirilib və bu günədək 601 baş bala alınıb. Hazırda təsərrüfatda yüksək yağlılıqlı və keyfiyyətli süd istehsal olunur.

Dövlət investisiyaları hesabına təsərrüfatın fasiləsiz su təminatı, eləcə də ətraf kəndlərin də suvarma suyuna olan ehtiyaclarının ödənilməsində mühüm rol oynayan 3,2 kilometr uzunluğunda beton suvarma kanalı, tutumu 50 min kubmetr olan su hovuzu tikilib, 4 subartezian quyusu qazılıb, əraziyə yol, qazelektrik xətləri çəkilib. Aqroparkda aqroservis mərkəzi yaradılıb, xaricdə və Gəncə Avtomobil Zavodunda istehsal olunan 15 adda 24 müasir texnikaaqreqatlar alınıb. Gələcəkdə isə aqropark fəaliyyətini daha da genişləndirəcək.

Respublikanın digər bölgələrində də müasir aqroparkların yaradılması istiqamətində müvafiq işlər görülür. Hazırda Şəmkir aqroparkında 1-ci mərhələ üzrə işlər yekunlaşmaq üzrədir. Aqroparkda 26 min ton tutumu olan logistika mərkəzinin yaradılması işləri tamamlanmaq üzrədir. Bundan başqa, burada müasir suvarma sistemlərinə əsaslanan iri fermer təsərrüfatı təşkil edilib. Aqroparkın 2-ci mərhələnin icrası üçün hazırlıq işlərinə də start verilib.

Yeni yaradılan təsərrüfat subyektlərində rekord məhsuldarlıq əldə edilib

Yeni yaradılan təsərrüfat subyektlərində məhsuldarlığın yüksək olması xüsusilə diqqəti cəlb edir. Yalama Aqroparkının yem bazasının formalaşdırılması məqsədilə növbəli əkin sistemi tətbiq olunmaqla müxtəlif kənd təsərrüfatı bitkiləri - 128,5 hektar yonca, 228,5 hektar arpa və 100 hektar dənlik qarğıdalı əkilib. Əkin sahəsində rentabelliyin təmin olunması məqsədilə arpa biçini aparılıb və yüksək məhsuldarlıq əldə olunub. Arpa biçini aparılmış sahənin 155 hektarına ikinci əkin olaraq silosluq qarğıdalı əkilib. Bu günlərdə aqroparkda 100 hektar sahədə qarğıdalı biçini başa çatdırılıb və respublikada rekord səviyyədə məhsuldarlıq - hər hektardan 156,4 sentner olmaqla, ümumilikdə 1564 ton yüksək keyfiyyətli dənlik qarğıdalı yığılıb. Yaxın günlərdə isə 170 hektar sahədə payızlıq arpa əkininə başlanacaq.

Ağcabədidə yaradılan “Qarabağ Taxıl” MMC-nin əkin sahələrində də yüksək məhsuldarlıq gözlənilir. “Qarabağ Taxıl” MMC ölkədə ilk özəl iri pilot taxılçılıq təsərrüfatlarındandır. Hazırda təsərrüfatın qarğıdalı sahələrində məhsul yığımı davam edir.

Qarabağ Taxıl” MMC-dən bildiriblər ki, cari ilin məhsulu üçün 1995 hektarda qarğıdalı becərilib. Bütün aqrotexniki tədbirlər yüksək keyfiyyətlə aparıldığından uğurlu nəticə alınıb. Məhsul yığımına kifayət qədər müasir texnika cəlb edilib. Artıq 1380 hektar sahədə biçin aparılıb, 19 min 952 ton məhsul tədarük olunub. Hər hektarın məhsuldarlığı orta hesabla 144 sentner təşkil edir. Cari ildə 26 min tondan çox dən üçün qarğıdalı istehsalı proqnozlaşdırılır. Yığılan məhsul yem istehsalında istifadə olunacaq.

Yaxın gələcəkdə regionlarda müasir təsərrüfatların sayı daha da artacaq

Respublikanın bölgələrində aqroparklar şəbəkəsinin genişləndirilməsi qarşıya məqsəd qoyulub. Prezident İlham Əliyev “Yalama” Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkı ilə tanışlıqdan sonra ictimaiyyətin nümayəndələri ilə görüşdəki çıxışında belə müəssisələrin yaradılmasının önəminə diqqət çəkərək bildirib ki, ölkə miqyasında aqroparkların sayı 10-a çatdırılmalıdır: “Mən bu gün göstəriş vermişəm ki, bizim müvafiq qurumlar - Prezident Administrasiyası, İqtisadiyyat, Kənd Təsərrüfatı nazirlikləri birgə işləsinlər. Çünki belə aqroparkların sayı ən azı 10-a çatmalıdır. Belə olan halda biz heyvandarlıqla, südçülüklə bağlı bütün problemləri tamamilə həll edərik”.

Əlamətdar haldır ki, dövlətin nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq müasir təsərrüfatların yaradılması respublikanın bütün regionlarını əhatə edirbu məqsədlə bölgələrdə müxtəlif layihələr həyata keçirilir. Yaxın perspektivdə Gəncə-Qazax iqtisadi rayonunda ABŞ-ın maliyyə dəstəyi ilə “Gəncə Aqrobiznes Assosiasiyası” tərəfindən “Ağıllı Azərbaycan Fermer Təsərrüfatı” layihəsi çərçivəsində 12 nümunəvi fermer təsərrüfatı yaradılacaq.

Bu günlərdə Qazax rayonunda cari ilin iyul ayından etibarən icrasına start verilən layihənin ictimaiyyətə təqdimat mərasimi olub. Gənclər Mərkəzində keçirilən tədbirdə fermerlər, sahibkarlar, meyvə-tərəvəz istehsalçıları ilə yanaşı, dövlət və yerli özünüidarəetmə orqanları nümayəndələri iştirak edib.

Layihənin rəhbəri Yalçın Nəsibov çıxışında layihə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək bildirib ki, layihə Gəncə-Qazax iqtisadi rayonuna daxil olan 9 inzibati rayonu əhatə edir. Layihənin fəaliyyət proqramına uyğun olaraq 3 il ərzində (2016-2019) bu rayonlarda dünyanın ən qabaqcıl aqrar ölkələrində tətbiq olunan informasiya-kommunikasiya texnologiyaları və innovasiyalarından istifadə etməklə Azərbaycanda ilk dəfə olaraq 12 nümunəvi fermer təsərrüfatı yaradılacaq və bu təcrübə ölkənin aqrar sektorunda tətbiq ediləcək.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2016.- 12 oktyabr.- S.7