İstehlakçıların keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər

 

Dünya iqtisadiyyatına uğurla inteqrasiya edən Azərbaycan beynəlxalq münasibətlər sistemində milli iqtisadi inkişaf modelinə malik olan ölkə kimi tanınır. İqtisadiyyatın inkişafı sahəsində həyata keçirilən tədbirlər digər sahələrdə də tərəqqi meyillərinin əldə olunmasını şərtləndirib. Təsadüfi deyil ki, bu gün Azərbaycanın dayanıqlı inkişafından bəhs edərkən bütün sahələrin paralel tərəqqisi məsələsinə diqqət yetirilirbu, pozitiv tendensiya kimi səciyyələndirilir.

İqtisadi sahədə əldə edilmiş nailiyyətlər sayəsində, şübhəsiz ki, ayrı-ayrı sahələrdə quruculuq işləri və infrastruktur təminatı istiqamətində əhəmiyyətli zəmin formalaşdırılıb. Ümumiyyətlə, mükəmməl infrastruktur təminatı istər insanların həyat səviyyəsinin yüksəlməsini, istərsə də ölkələrin iqtisadi inkişafını şərtləndirən mühüm faktor qismində çıxış edir. Bu baxımdan Azərbaycanın vəziyyəti nikbinlik üçün ciddi əsaslar yaradır. Respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strategiyasının əsas hədəflərindən biri Azərbaycanı müasir dünya çağırışlarına uyğun olaraq yüksək infrastruktur təminatına malik ölkəyə çevirməkdən ibarətdir. Məhz bunun nəticəsidir ki, son 13 ildə ardıcıl şəkildə reallaşdırılan infrastruktur layihələri Azərbaycanın simasını dəyişib və respublikamızı infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb. Azərbaycanda yüksək dünya standartları səviyyəsində sosial-iqtisadi infrastruktur şəbəkəsinin qurulmasının ən səciyyəvi cəhəti ondan ibarətdir ki, dövlət bu istiqamətdə müxtəlif layihələrin həyata keçirilməsinə lazımi qədər sərmayələr yönəldir. Dövlət vəsaitləri hesabına yaradılan infrastruktur isə sonradan bütün ölkə boyu sosial-iqtisadi inkişafa, o cümlədən də yerlərdə iqtisadi aktivliyin artmasına, daxili istehsalın sürətlə genişlənməsinə güclü təsir göstərir.

Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsindən söhbət açarkən respublikanın enerji təminatının güclənməsini də xüsusi qeyd etmək lazımdır. 2004-cü ildən etibarən bu sahədə ardıcıl surətdə həyata keçirilən tədbirlər sayəsində paytaxt Bakının və bölgələrin elektrik enerjisi ilə təchizatında, sözün əsl mənasında, dönüş yaranıb. Belə ki, ötən müddətdə Azərbaycanın elektrik enerjisi sistemində 25 yeni elektrik stansiyası istismara buraxılıb, 10 min kilometrdən çox yeni elektrik xətləri çəkilib, 1500-dən çox yarımstansiya inşa edilibyaxud yenidən qurulub. Nəticədə 2400 meqavatdan artıq yeni generasiya gücləri əldə edilib. Ölkənin enerji təminatının daha da gücləndirilməsi istiqamətində tədbirlər 2015-ci ildə və bu ilin geridə qalan aylarında da davam etdirilib. Məlumat üçün bildirək ki, 2015-ci ildə Azərbaycanın regionlarında 2 elektrik stansiyası istifadəyə verilib, 1289 transformator və 20 yarımstansiya quraşdırılıb və ya təmir olunub, 8200 kilometrdən artıq elektrik xətti çəkilib. Hazırda respublikanın elektrik enerjisi sisteminin tərkibində 13 istilik və 15 su elektrik stansiyası fəaliyyət göstərir. Respublika ərazisindəki istiliksu elektrik stansiyalarının ümumi layihə gücü 6 231.6 MVt-a bərabərdir. Bir sözlə, ölkə ərazisindəki bütün enerji güclərinin uğurlu istismarı müvəffəqiyyətlə təmin olunurbu istiqamətdə addımların atılması davamlı xarakter daşıyır.

İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi, itkilərin azaldılması energetiklərin ən mühüm vəzifələrindən biridir. Enerji təchizatı müəssisələrinin daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə həyata keçirilən yenidənqurma işləri çərçivəsində respublikanın bütün bölgələrində enerji təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməkdədir.

O da qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 avqust 2006-cı il tarixli Sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyəti bərpa edilməklə elektrik paylayıcı şəbəkələrdə islahatlara start verilib. Ötən müddətdə dövlət rəhbərinin müvafiq tapşırıqlarına əsasən Sərəncamın icrası ilə əlaqədar Bakı şəhərinin elektrik təsərrüfatında ölkənin sürətli sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq yenidənqurma işləri həyata keçirilib. Bakı şəhəri üzrə elektrik şəbəkəsinin qoyuluş gücü 2006-cı ildəki 3 048 MVA-dan 2016-cı ilə 6 200 MVA-ya qaldırılıb, güc defisitiifrat yüklənmələr aradan qaldırılıb. Həmçinin Bakı şəhərində, eləcə də respublikamızda ilk dəfə 110 kV-luq dairəvi elektrik təchizat sistemi yaradılıb, istehlakçıların fasiləsiz, dayanıqlı şəkildə elektrik enerjisi ilə təchizatı təmin edilib.

Elektrik paylayıcı şəbəkələrdə islahatların növbəti mərhələsi kimi Prezident İlham Əliyevin 10 fevral 2015-ci il tarixli Sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC-nin adı dəyişdirilərək “Azərişıq” ASC adlandırılmaqla Azərbaycan Respublikası ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatının həyata keçirilməsi “Azərişıq” ASC-yə həvalə edilib.

Bütövlükdə, elektrik enerjisinin təminatı sahəsində ardıcıl tədbirlər görülüb, mühüm nailiyyətlər əldə olunub. Qeyd etdiyimiz kimi, təkcə Bakı şəhəri üzrə elektrik şəbəkəsinin qoyuluş gücü son 10 ildə iki dəfədən çox artırılıb. Yaradılan elektrik təchizat sistemi nəticəsində istehlakçıların fasiləsiz və dayanıqlı şəkildə elektrik enerjisi ilə təchizatı təmin edilib.

Yeri gəlmişkən, elektrik enerjisi ilə təminat sahəsində əldə edilən uğurlar ölkədə sənaye məhəllələrinin inkişafına da təkan verir. Məsələn, hazırda Sumqayıt Kimya Sənaye Parkında istehsal müəssisələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı istiqamətində işlər aparılır. Belə ki, istehsal müəssisələrini fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində 110/35/6.3 kV-luq 2 yarımstansiya fəaliyyət göstərəcək. Hazırda yarımstansiyada avadanlıqların quraşdırılması işləri aparılır. Yarımstansiyanın 2016-cı ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Sənaye Parkında digər yarımstansiyanın tikintisinə isə yaxın vaxtlarda başlanacaq. Yarımstansiyalarda 8 transformator quraşdırılacaq. Bundan başqa, hər iki yarımstansiya arasında əlaqə yaradılacaq ki, bu da dayanıqlı enerji təchizatını təmin edəcək.

Eyni zamanda, regionların da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması və sərf olunmuş enerjinin dəyərinin ödənilməsi məqsədi ilə praktiki işlər aparılır. Hazırda hər bir rayon, şəhər, qəsəbə və kənddə yenidənqurma işləri aparılır. Təbii ki, burada başlıca məqsəd Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq ölkə ərazisində ən müasir standartlara cavab verən elektrik enerjisi təminatlılığını və nümunəvi xidməti yaratmaqdır. Bütövlükdə isə, bu istiqamətdə görülən tədbirlər ardıcıl xarakter daşıyır. Köhnəlmiş elektrik dirəkləri, naqillər, transformatorlar yeniləri ilə əvəzlənir, müasir tipli yarımstansiyalar və Komplekt Transformator məntəqələri quraşdırılır. Maddi-texniki baza kökündən yenilənərək ən müasir texnoloji nailiyyətlərlə təchiz olunur. Regional şəbəkələrin yenidənqurulması və yeni texnoloji avadanlıqlarla təchiz olunması ilə bərabər onların idarə edilməsi, normativlərə əməl olunması, yeni kadr potensialının formalaşdırılması üçün kompleks tədbirlər həyata keçirilir. Belə ki, kadrların təkmilləşdirilməsi, yenidən hazırlanması məqsədi ilə davamlı olaraq stasionar və səyyar treninqlər təşkil edilir. Gənc kadrlar xüsusi layihə çərçivəsində Səhmdar Cəmiyyətin müasir maddi-texniki bazası olan Tədris Mərkəzində təkmilləşdirilərək rayon və şəhər elektrik şəbəkələrində müxtəlif istiqamətlər üzrə işə qəbul olunurlar.

Bununla yanaşı, regionların elektrik enerjisinə olan tələbatının ödənilməsi mövcud paylayıcı elektrik şəbəkələrinin təmirini və bərpasını, eləcə də yük mərkəzlərində yeni qida mənbələrinin - 35 və 110 kV-luq yarımstansiyaların tikintisini, yeni elektrik verilişi xətlərinin çəkilişini aktuallaşdırıb. Belə ki, regionlarda perspektivmövcud yükləri nəzərə almaqla 20 ədəd 110 kV-luq, 70 ədəd 35 kV-luq yarımstansiyaların yenidən qurulması və inşası, müxtəlif gücdə 4749 ədəd KTM-in quraşdırılması, 110; 35; 10; 6 və 0.4 kV-luq elektrik verilişi xətlərinin tikintisi aparılmalıdır. Tədqiq olunan ərazilərdə nəzərdə tutulan elektrik şəbəkələrinin yenidən qurulması elektrik enerjisinə olan tələbatın ödənilməsinə, rayonların elektrik təchizatının yaxşılaşdırılmasına, elektrik şəbəkələrində yüklənmələrin azaldılmasına, şəbəkələrdəki texniki itkilərin minimuma çatdırılmasına imkan yaradacaq.

Nəticə etibarilə, ölkədə yeni enerji güclərinin yaradılması sayəsində Azərbaycan daxili enerji istehlakını tam həcmdə yerli istehsal hesabına təmin edir, hətta ölkəmizin müəyyən qədər ixrac imkanları da yaranıb. Eyni zamanda, son illərdə enerjinin abonentlərə çatdırılması sahəsində də əhəmiyyətli dönüş yaranıb. Aparılan texniki yenidənqurma və maddi-texniki təchizatın gücləndirilməsi sayəsində abonentləri yüksəkkeyfiyyətli enerji ilə təmin etmək mümkün olur.

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2016.- 12 oktyabr.- S.6