Bölgələrdə
sahibkarlığın inkişafına xüsusi
diqqət yetirilir
Dövlətin güclü dəstəyi nəticəsində
regionlarda sahibkarlar yeni təsərrüfatlar yaradırlar
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanda bütün sahələrin hərtərəfli inkişafı təmin edilib. Bu mənada respublikamızın bölgələrinin də sosial-iqtisadi inkişafı xüsusilə diqqətəlayiqdir. 2004-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində ölkəmizin bölgələri hərtərəfli inkişaf edir, infrastruktur yenilənir, sosial obyektlər, yollar, körpülər, sənaye müəssisələri tikilib istifadəyə verilir. Bütün bunlar bölgələrin simasını əhəmiyyətli dərəcədə dəyişdirməklə yanaşı, əhalinin rifahını da xeyli yüksəldir. Çünki açılan müəssisələr yeni iş yerlərinin yaradılması deməkdir. Son illərdə isə açılan müəssisələrin böyük əksəriyyəti regionların payına düşür. Regionların inkişafı prosesində sahibkarların da rolu böyük əhəmiyyət kəsb edir. Dövlətin sahibkarlara göstərdiyi güclü dəstək sayəsində iş adamları bölgələrin sosial-iqtisadi inkişafında yaxından iştirak edirlər. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun verdiyi güzəştli kreditlər nəticəsində iş adamları həm aqrar sahədə, həm də sənaye sahəsində yeni müəssisələr yaradırlar.
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara güzəştli kreditlərin verilməsi ardıcıl olaraq davam edir. Belə ki, oktyabrın 6-da İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Biləsuvar rayonunun Ağalıkənd kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Biləsuvarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilib, sahibkarların investisiya layihələri maliyyələşdirilib. 80-ə yaxın sahibkarın iştirak etdiyi forumda Biləsuvar rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer, müasir heyvandarlıq kompleksinin, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının, hotelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi diqqətə çatdırılıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2016-cı ilin 9 ayı ərzində 1815 sahibkara 120,6 milyon manat güzəştli kredit verilib. Güzəştli kreditlərin 84 faizi aqrar sektorun, 16 faizi isə sənaye və digər sahələrin inkişafına yönəldilib. Bu kreditlərin 66,8 faizi regionların, 33,2 faizi isə Bakı şəhərinin qəsəbələrinin payına düşür. İşgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən 51 sahibkara 1,4 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən heyvandarlıq, soyuducu anbarın tikintisi, çörək istehsalı və balıqçılıq sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 200-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Sonda sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb. Forum çərçivəsində Biləsuvarda güzəştli kredit ayrılmış pambıqçılıq təsərrüfatlarına baxış keçirilib.
Qeyd edək ki, ümumilikdə indiyədək respublika üzrə pambıqçılıqla bağlı 370-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 61,7 milyon manat, o cümlədən 2016-cı ilin ötən dövründə 250-yə yaxın sahibkara 3 milyon manatdan çox güzəştli kredit verilib.
Sahibkarlığa Kömək Milli Fondu sentyabrın 15-də isə Zaqatala rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair keçirdiyi növbəti işgüzar forumda Zaqatala və ətraf rayonlardan olan 53 sahibkara 472 min manat güzəştli kredit verib. Kreditlər əsasən heyvandarlıq, arıçılıq, tütünçülük, tikinti materiallarının istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 60-a yaxın yeni iş yerinin açılması mümkün olacaq.
İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Zaqatalada həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.
Yüz əllidən çox sahibkarın iştirak etdiyi forumda Zaqatala rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri taxılçılıq, intensiv bağçılıq, tütünçülük və cins heyvandarlıq təsərrüfatlarının, çörək istehsalı və meyvə emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb. Qeyd edilib ki, ümumilikdə indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda sahibkarlıq subyektlərinin 2100-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 97,7 milyon manat güzəştli kredit verilib.
Dövlət başçısının tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, bu sahənin inkişafına xüsusi diqqət yetirilir, dövlətin maliyyə dəstəyi daha da gücləndirilir. Ümumilikdə, indiyədək tütünçülüyün inkişafı ilə bağlı 50-yə yaxın sahibkara 1,7 milyon manat, o cümlədən 2016-cı ilin ötən dövrü ərzində 30 fermerə 220 min manat güzəştli kredit verilib. Forum çərçivəsində Zaqatala rayonunda güzəştli kreditlər hesabına yaradılmış tütünçülük və bağçılıq təsərrüfatlarına baxış keçirilib.
Sentyabrın 2-də isə İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair Cəlilabadda keçirdiyi işgüzar forumda Cəlilabad və ətraf rayonlardan olan 56 sahibkara 538 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 70 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, rayonda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.
Yüzdən çox sahibkarın iştirak etdiyi forumda rayonun iqtisadi potensialına uyğun olaraq ixtisaslaşdırılmış “yaşıl market”, südlük istiqamətli müasir heyvandarlıq, intensiv kartofçuluq və üzümçülük təsərrüfatlarının, çiyələk emalı, üzümqurutma və şirniyyat məhsulları istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütün hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, ötən dövr ərzində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2938 investisiya layihəsinin maliyyələşdirilməsinə 106 milyon manat güzəştli kreditlər verilib. İqtisadi rayon üzrə verilmiş güzəştli kreditlər hesabına 11 min 600-ə yaxın yeni iş yerinin yaradılması imkanı yaranıb. Şirzad Abdullayev indiyədək Cəlilabad rayonundan olan 604 sahibkarın fonddan 22,5 milyon manat güzəştli kredit aldığını, bu kreditlər hesabına 3100 yeni iş yerinin yaradıldığını da diqqətə çatdırıb.
Forum çərçivəsində SKMF vasitəsilə dövlətin güzəştli kreditləri ayrılmış Cəlilabad rayonu ərazisində üzümçülük təsərrüfatına baxış keçirilib.
Qeyd edək ki, Fond Bakı şəhərinin qəsəbələri üzrə də ardıcıl olaraq sahibkarlara güzəştli kreditlər verir. Buna nümunə olaraq deyə bilərik ki, Sahibkarlığa Kömək Milli Fondunun sentyabrın 29-da Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində keçirdiyi işgüzar forumda kredit təşkilatları vasitəsilə 18 sahibkarlıq subyektinə 5,3 milyon manat güzəştli kredit verilib. Kreditlər əsasən heyvandarlıq, quşçuluq, tərəvəzçilik, istixana kompleksinin yaradılması, un məmulatları, mebel, qapı-pəncərə istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 170-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumatlar verilib, Sabunçuda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib. 120-dən çox sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Sabunçu rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, istixana təsərrüfatlarının, ət kəsimi, üzlük daşlar, plastik qablar və corab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1300-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 342,8 milyon manat güzəştli kredit verilib.
Forum çərçivəsində Sabunçu rayonunun Maştağa qəsəbəsində tərəvəz məhsulları istehsal edən müasir istixana təsərrüfatına baxış keçirilib. Ümumilikdə, son illər Bakı qəsəbələrində 32 müasir istixana kompleksinin yaradılmasına 95,8 milyon manat güzəştli kredit verilib. Dövlətin maliyyə dəstəyi ilə tərəvəz məhsulları istehsal edən istixanaların yaradılması tərəvəz istehsalının və ixracının artırılması imkanlarını daha da genişləndirir.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2016.- 13 oktyabr.- S.8