2016-cı ilin
doqquz ayı ərzində də Azərbaycanın
təhsil sisteminin inkişafı davam etdirilib
Dövlət proqramları çərçivəsində həyata keçirilən işlər nəticəsində bəhs edilən dövrdə bütün mənbələr hesabına ümumilikdə ölkə üzrə 29 məktəb tikilib, 485-i təmir edilib
Öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanda hər ötən gün uğurlar əldə edilir. Bu da səbəbsiz deyil. Belə ki, Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən və 2004-cü ildən reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla icrası nəticəsində ölkəmizdə bütün sahələrdə inkişafa nail olunub. Onu da qeyd edək ki, həmin Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr Azərbaycanı infrastruktur təminatı baxımından da dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb. Eyni zamanda, ölkəmizdə son 13 ildə təhsil sahəsində həyata keçirilən islahatlar, o cümlədən paytaxt Bakıda və regionlarda mövcud məktəblərin əsaslı şəkildə yenidən qurulması, yenilərinin tikilməsi xüsusilə diqqətəlayiqdir.
Son 13 ildə ölkəmizin təhsil sistemində əldə olunan uğurlardan biri, heç şübhəsiz ki, məktəb tikintisi ilə bağlıdır. Təkcə onu vurğulamaq kifayətdir ki, haqqında bəhs olunan dövrdə Prezident İlham Əliyevin təşəbbüsü ilə məktəb tikintisinə dair bir neçə ayrıca Dövlət Proqramı qəbul edilib. Bundan başqa, digər sahələri əhatə edən dövlət proqramlarında da məktəb tikintisinə böyük diqqət yetirilir.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Ümummilli lider Heydər Əliyevin adını daşıyan Fond da ölkəmizdə təhsillə bağlı önəmli layihələr həyata keçirir. Belə ki, son illərdə ölkəmizdə Heydər Əliyev Fondu tərəfindən “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” layihələri uğurla reallaşdırılmaqdadır. Fond tərəfindən 2005-ci ildən uğurla həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində indiyədək ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dən çox məktəb binası inşa olunub və yaxud yenidən qurulub. Bu məktəblər respublikanın bütün bölgələrini əhatə edir və onlardan hər biri ən müasir standartlara cavab verir.
Bir sözlə, təhsilə qayğı diqqət mərkəzindədir və oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da vurğulandığı kimi, bəhs edilən dövr ərzində də Azərbaycanın təhsil sisteminin inkişafı davam etdirilib, mühüm kəmiyyət və keyfiyyət dəyişiklikləri baş verib. Bildirilib ki, son bir il ərzində Təhsil Nazirliyi tərəfindən 2500 şagird yerlik 10 məktəb binası və ailə tipli 1 kiçik qrup evi inşa edilib, 6 internat məktəbində, 2 peşə liseyində, 2 kollecdə, 1 ali məktəbin tədris korpusunda əsaslı təmir, 468 məktəbdə isə əsaslı və cari təmir işləri aparılıb. Cari ilin 9 ayında bütün mənbələr hesabına ümumilikdə ölkə üzrə 29 məktəb tikilib, 485-i təmir edilib.
Məlum olduğu kimi, dövlət başçısının ölkənin təhsil müəssisələrinin infrastrukturunun yeniləşdirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr həmçinin qəzalı vəziyyətdə olan məktəbləri əhatə edir. Son 13 ildə çoxlu sayda qəzalı vəziyyətdə olan məktəb binaları ya əsaslı təmir edilərək normal vəziyyətə gətirilib, ya da onların yerində təzə məktəb binaları tikilib. Prezident İlham Əliyev qəzalı vəziyyətdə olan məktəblərin yenidən qurulması ilə bağlı bir neçə Sərəncam imzalayıb və həmin sərəncamlara uyğun olaraq qəzalı məktəblərin yenilənməsinə böyük məbləğdə vəsait ayrılıb. Məsələn, dövlət başçısının “Qəza vəziyyətində olan ümumtəhsil məktəbləri üçün yeni binaların tikilməsi və bir sıra məktəblərdə əsaslı təmir işlərinin aparılması haqqında” 16 avqust 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 14 milyon, “Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının tikintisi, təmiri və ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” 23 iyun 2008-ci il tarixli Sərəncamı ilə 25 milyon, “Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işinin davam etdirilməsi barədə” 23 iyun 2009-cu il tarixli Sərəncamı ilə 13 milyon, “Qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında” 4 dekabr 2009-cu il tarixli Sərəncamı ilə 3 milyon manat vəsait ayrılıb. Bütün bunlar respublikamızda təhsil sektorunda ağrılı məsələlərdən olan qəzalı məktəblər probleminin həllinə güclü təkan verib. Eyni zamanda, bu il ərzində də həmin istiqamətdə işlər davam etdirilib. Sözügedən iclasda da qeyd olunduğu kimi, cari ildən etibarən 44 rayonu əhatə edən azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənəcək. Bu məktəblərin üstünlükləri azməsrəfli olması ilə yanaşı, qısa müddət (1 ay) ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılmasıdır. Nazirlər Kabinetinin qərarı ilə bu il 6 belə məktəbin quraşdırılması üçün Təhsil Nazirliyinə 2 milyon manat vəsait ayrılıb. Növbəti ildə tələb olunan vəsait ayrılacağı təqdirdə, şagird sayı 100-dək olan bütün qəzalı azkomplektli məktəblərin problemini birdəfəlik həll etmək mümkündür.
Təhsilə qayğıdan söz düşmüşkən onu da bildirək ki, iqtisadiyyatın şaxələndirilməsi şəraitində peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi, işəgötürənlərin tələblərinə cavab verən peşəkarların hazırlanması məqsədilə Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb. Agentlik qarşısında peşə təhsilinin infrastrukturunun və maddi-texniki bazasının müasirləşdirilməsi, təhsilin məzmununun yenilənməsi və nüfuzunun artırılması kimi mühüm vəzifələr qoyulub. Bu istiqamətdə eyni peşələr üzrə paralel kadr hazırlığı həyata keçirən peşə təhsili müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması ilə bağlı artıq təkliflər hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib. Hazırda istər Bakıda, istərsə də bölgələrdə mühüm addımlar atılır. Məsələn, oktyabrın 6-da Gəncədə əsaslı təmir-tikinti və yenidənqurmadan sonra 2 nömrəli peşə liseyinin açılışı olub.
Tədbiri açan 2 nömrəli peşə liseyinin direktoru Şahin Məhərrəmov əsaslı şəkildə yenidən qurulan təhsil müəssisəsində yaradılan şəraitə görə kollektiv adından Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Təhsil müəssisəsinin tarixi, fəaliyyət istiqamətləri haqqında məlumat verən liseyin direktoru bildirib ki, orta ixtisas təhsili müəssisəsi 1963-cü ildən fəaliyyətə başlayıb. Bu günə qədər liseyi təxminən 16 min 500-ə yaxın şagird bitirib. Hazırda həmin kadrların böyük əksəriyyəti ölkənin müxtəlif idarə, müəssisə və təşkilatlarında çalışırlar. Buna baxmayaraq liseydə bu vaxta qədər təmir işləri aparılmayıb. Qısa müddətdə təmirinə başlanılan təhsil müəssisəsində əsaslı şəkildə yenidənqurma işləri aparılıb. Təmir işləri zamanı peşə liseyinin ümumi görünüşü ilə yanaşı, korpuslar da müasir tələblər səviyyəsində qurulub. Burada yeni kitabxana, müxtəlif emalatxanalar, fənn kabinetləri, iclas zalı, yeməkxana yaradılıb.
Qeyd olunub ki, hazırda liseydə telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator, kimyəvi analiz laborantı, mexaniki yığma işləri üzrə çilingər, elektrik maşınlarının təmiri üzrə elektrik çilingəri, geniş profilli dəzgahçı, elektrik-qaynaqçısı, təmirçi-çilingər, avtomobil üzrə elektrik, quru inşaat və suvaq işləri ustası peşələri üzrə kadrlar hazırlanır. Bu peşələr üzrə liseydə təhsil alan 373 şagirdə 17 istehsalat təlimi ustası, 20 nəfər pedaqoji və yardımçı heyət xidmət edir.
Tədbirdə çıxış edən Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev bildirib ki, ölkədə dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması istiqamətində Prezident İlham Əliyev tərəfindən mühüm addımlar atılır, ciddi islahatlar həyata keçirilir.
Açılış mərasimində çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev isə liseydə yaradılan şəraitin gələcəkdə kadrların bilik və bacarıqlarının daha da yüksəlməsinə təsir göstərəcəyini qeyd edib. Elmar Vəliyev bildirib ki, Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkənin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də təhsilin inkişafında ciddi nailiyyətlər əldə olunub. Son illərdə şəhərdə bir çox məktəblər, kolleclər, peşə liseyləri, eləcə də ali təhsil müəssisələri əsaslı şəkildə təmir edilib. Bir sıra məktəblərdə şagird sıxlığının qarşısını almaq üçün əlavə korpuslar inşa olunub. Müasir tələblər səviyyəsində qurulan təhsil müəssisələri zəruri avadanlıqlarla, maddi-texniki baza ilə təmin edilib.
Sonda bir daha qeyd etmək yerinə düşər ki, ölkəmizdə təhsil sahəsinə diqqət davamlı xarakter daşıyır. Və nəinki cari ilin 9 ayı ərzində, eyni zamanda, ondan sonra da görülən işlər bunu bir daha təsdiqləyir. Belə ki, oktyabrın 4-də Biləsuvarın Əsgərabad kənd tam orta məktəbinin binası əsaslı təmir və yenidənqurmadan sonra müəllim və şagirdlərin istifadəsinə verilib. Mərasimdə bildirilib ki, yenidənqurmadan sonra məktəbdə 30 sinif komplektində 500 şagirdin təhsil alması üçün bütün şərait yaradılıb. Burada laboratoriyalar, fənn kabinetləri, idman zalı, bufet fəaliyyət göstərəcək. Binada yeni istilik sistemi quraşdırılıb. Məktəb yeni avadanlıq, inventar və əyani vəsaitlərlə təchiz olunub. Təhsil ocağının ərazisi abadlaşdırılıb, yaşıllıqlar salınıb. Həyətdə müxtəlif idman qurğuları quraşdırılıb.
Bu ay ərzində, eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən icra olunan, Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL-2) çərçivəsində Yardımlı rayonunun Zeynələzir kənd ibtidai məktəbi üçün inşa olunmuş 40 şagird yerlik yeni məktəb binası istifadəyə verilib. Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində əldə edilmiş nailiyyətlərdən danışıb. Natiq bildirib ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin reallaşdırılması bölgələrin, kənd və qəsəbələrin simasını dəyişdirib, əhalinin rifah halını yüksəldib. Mərasimdə çıxış edənlər təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Nadir AZƏRİ
Yeni azərbaycan.- 2016.- 14 sentyabr.- S.7