Regionlarda kənd yollarının yenidən qurulması diqqət mərkəzində
saxlanılır
Cari ildə kənd yollarının abadlaşdırılması məqsədi ilə dövlət büdcəsindən 200 milyon manat vəsait ayrılıb, Bakıətrafı qəsəbələr də daxil olmaqla respublika miqyasında 70-dək kənd yolu layihəsinin icrası nəzərdə tutulub
Son 13 ildə Azərbaycanın müasir infrastruktur quruculuğu istiqamətində əldə etdiyi uğurlardan söhbət açarkən ölkənin yol-nəqliyyat imkanlarının davamlı olaraq genişləndirilməsini xüsusi vurğulamaq lazımdır. Respublikamızda qısa müddətdə kifayət qədər yüksək səviyyəli yol-nəqliyyat infrastrukturu yaradılıb - bu sahədə irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar çəkilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilib. Paralel surətdə daşımaların idarə olunması mexanizmi təkmilləşdirilib və ölkəmizin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası genişlənib. Həyata keçirilən bu və ya digər tədbirlər sayəsində ölkəmizdə sərnişin və yük daşımalarının həcmi əhəmiyyətli dərəcədə artıb.
Regionlarda yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı statistika kifayət qədər zəngindir
Azərbaycanın bütün regionlarında yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, ilk iki Dövlət Proqramının həyata keçirildiyi 2004-2013-cü illərdə respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 9 min kilometri ötüb, bu müddətdə 250 yeni körpü, tunel və yol ötürücüsü inşa edilib. Haqqında bəhs olunan dövrdə Azərbaycanın bölgələrində 6 aeroport tikilib ki, onlardan da 4-ü beynəlxalq səviyyəlidir. Bütün bunların nəticəsidir ki, indi respublikanın bölgələrindən də beynəlxalq uçuşlar həyata keçirilir və bu amil Azərbaycanın regionlarının inkişafına əlavə impuls verir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində ölkədə yol-nəqliyyat infrastrukturunun yenilənməsindən məmnunluğunu ifadə edərək deyib: “Son 12 il ərzində on min kilometrdən çox yol çəkilmişdir. Bizim bir dənə də olsun magistral yolumuz yox idi. Yəqin ki, çoxları bunu xatırlamır, hansı vəziyyətdə idi bizim yollarımız. İndi magistral yollar - şəhərləri, başqa ölkələri birləşdirən yollar çəkilib və çəkilir, kənd yolları on min kilometrdir”.
Yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı layihələr regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı çərçivəsində də intensiv şəkildə davam etdirilir. Yeni Dövlət Proqramının icrasının birinci ili ərzində daha 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30-dan çox yeni körpü və yolötürücüsü tikilib və ya təmir olunub. Yol infrastrukturunun yenilənməsi 2015-ci ildə də həyata keçirilib. Belə ki, ötən il 400 kilometrdən artıq ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 12 yeni körpü və yolötürücüsü tikilib və ya təmir olunub. Həyata keçirilən layihələr ölkənin yol təsərrüfatında vəziyyəti tamamilə dəyişib.
Prezident İlham Əliyevin respublikamızda yol-nəqliyyat infrastrukturunun yüksək səviyyəyə qaldırılması sahəsində qarşıya qoyduğu yeni hədəflərdən biri də kənd yollarının yenidən qurulması ilə bağlıdır. Bütövlükdə son illərdə bu sahəyə ayrılan vəsaitin həcmi getdikcə artır. Əhalinin böyük əksəriyyəti, xüsusilə kəndlərdə yaşayan insanlar artıq yaxşı yollarla təmin olunublar. Ancaq hələ də bərbad vəziyyətdə olan yollarımız vardır. Dövlət başçısı tərəfindən qarşıya növbəti 3-4 il ərzində Azərbaycanda bütün kənd yollarının təmirinə nail olmaqla bağlı ciddi vəzifə qoyulub. İnsanların əziyyət çəkməmələri üçün kənd yolları yüksək səviyyədə asfaltlaşdırılmalıdır.
Qeyd edək ki, həm artıq başa çatan Dövlət proqramlarında, həm də hazırda icrası davam etdirilən üçüncü Dövlət Proqramında kənd yollarının yenidən qurulması ilə bağlı geniş tədbirlər öz əksini tapıb. Tədbirlər planına uyğun olaraq 2015-ci ildə respublika ərazisində kənd yollarının tikintisi davam etdirilib, əhalisi 351 min nəfər olan 245 yaşayış məntəqəsini birləşdirən 590 kilometrdən artıq kənd yolu çəkilib. Cari ildə kənd yollarının abadlaşdırılması məqsədi ilə dövlət büdcəsindən 200 milyon manat vəsait ayrılıb. Bakıətrafı qəsəbələr də daxil olmaqla respublika miqyasında 70-dək kənd yolu layihəsinin icrası nəzərdə tutulub ki, onların böyük qismi artıq tamamlanıb. İndiyədək Cəlilabad rayonunda bir neçə yol layihəsi reallaşdırılıb. Bu layihələr çərçivəsində təxminən 100 min əhalinin yaşadığı 60-dək yaşayış məntəqəsində yollar yenidən qurulub. Prezident İlham Əliyevin rayona səfəri çərçivəsində dövlət başçısının iştirakı ilə Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun açılışı olub.
Cari ilin əvvəlindən bəri Tərtər rayonunun Hüsənli, Əskipara və Evoğlu kəndlərinin daxili yolları təmirdən sonra sakinlərin istifadəsinə verilib. Yerli icma birliklərinin təşəbbüsü ilə təmir olunan kənddaxili yolların uzunluğu 27 kilometrdir. Yolun eni 5-8, bəzi yerlərdə isə 10-15 metrə çatır.
Elə bu günlərdə Qərb bölgəsində Qazax-Kosalar avtomobil yolunun tikintisi yekunlaşıb. Sözügedən avtomobil yolu uzun müddət təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə idi. Yolun yenidən qurulması nəticəsində Qazax rayonunun 2 yaşayış məntəqəsinin 6 min nəfərə yaxın əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq.
Regionlarda
yeni yol layihələrinin icrasına
start verilib
Son vaxtlar respublikanın müxtəlif bölgələrində
çoxlu sayda yeni yol layihələrinin
icrasına start verilib.
Bu baxımdan cəbhə bölgəsində
yerləşən Füzuli
rayonu da istisna deyil. Hazırda Füzuli rayonu Birinci və On birinci
Qayıdış qəsəbələrarası
2 hərəkət zolaqlı
avtomobil yolunun yenidən qurulması davam etdirilir. Yolun uzunluğu 23 kilometrdir.
Artıq sözügedən avtomobil
yolunun 14 kilometrlik hissəsində tikinti işləri tam olaraq yekunlaşdırılıb, hazırda
qalan 9 kilometrlik hissədə torpaq və asfaltlanma işləri aparılır. Layihə çərçivəsində
15 yerdə su keçidlərinin və su borularının tikintisi işləri aparılıb. Bundan başqa,
yolun 5-ci kilometrində,
Mil kanalı üzərində
avtomobil körpüsü
əsaslı şəkildə
bərpa edilir. Yolda tikinti işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərdə yol nişanlarının quraşdırılması
və yola üfüqi nişanlama xətlərinin çəkilişi
işləri aparılacaq.
Saatlı rayonunda isə 19 yaşayış məntəqəsini
birləşdirən Saatlı-Sarıcalar-Qara
Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd
avtomobil yolunun tikintisi davam etdirilir. Bəhs olunan yolun uzunluğu 39 kilometrdir.
Artıq
yolun 10 kilometrində işlər yekunlaşıb,
hazırda digər 29 kilometrlik hissədə yüksək keyfiyyətlə
tikinti davam etdirilir.
Layihəyə uyğun olaraq yol yatağının eni 10 metr təşkil
edir. Bura 6 metr yolun hərəkət hissəsi
və hər bir istiqamət üzrə 2 metr olmaqla çiyinlər daxildir. Yenidənqurma işləri çərçivəsində
zəruri olan yerlərdə 37 ədəd
suötürücü boruların
tikintisi də aparılır.
Bundan başqa,
avtomobil yolunun 7, 31 və 39-cu kilometrlik hissələrində su kollektoru üzərində
yerləşən su keçidlərinin təmiri
işləri də aparılıb. Qeyd edək ki, Saatlı-Sarıcalar-Qara
Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd
avtomobil yolunun tikintisi 51 mindən çox əhalinin yaşadığı 19 yaşayış
məntəqəsini birləşdirərək
yük və sərnişin daşımasını
xeyli yaxşılaşdıracaq,
yetişdirilən məhsulların
rahat şəkildə
rayon mərkəzlərinə daşınmasına imkan yaranacaq.
Daha bir yolun - 28 min insanın yaşadığı 18 yaşayış
məntəqəsini birləşdirən
Xaçmaz rayonunun Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisinə başlanılıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamına
əsasən, Xudat-Yalama-Zuxuloba
avtomobil yolunun tikintisi üçün “Azəravtoyol” ASC-yə 5,2 milyon manat
ayrılıb. Tikinti işləri
çərçivəsində yol üçüncü texniki dərəcəyə
uyğun olaraq 7-8 metrədək genişləndirilir.
Yol yatağının eni isə 12 metr təşkil edəcək.
Yolun yaşayış məntəqələrindən
keçən hissəsində
piyada səkiləri salınacaq.
Prezident
İlham Əliyev həmçinin on iki min nəfər əhalinin yaşadığı 11 yaşayış
məntəqəsini birləşdirən
Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun başa çatdırılması,
eləcə də Qəbələ rayonunda yeddi min nəfər əhalinin yaşadığı
3 yaşayış məntəqəsini
birləşdirən Nohurqışlaq-Tüntül-Yengicə
avtomobil yolunun tikintisi məqsədi ilə müvafiq sərəncamlar imzalayıb.
Prezident İlham Əliyevin son vaxtlarda imzaladığı digər
sərəncamlara əsasən
Şəki şəhərində
on səkkiz min nəfər
əhalinin yaşadığı
3 yaşayış məntəqəsini
birləşdirən Aşağı
Göynük-Baş Göynük-Baş
Şabalıd avtomobil
yolunun, Lənkəran
şəhərində on min nəfər əhalinin yaşadığı 3 yaşayış
məntəqəsini birləşdirən
Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun, Sabirabad rayonunda iyirmi min nəfər əhalinin yaşadığı
10 yaşayış məntəqəsini
birləşdirən Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı
avtomobil yolunun, Oğuz rayonunda on bir min nəfər əhalinin yaşadığı
6 yaşayış məntəqəsini
birləşdirən Sincan-Xaçmaz-Filfili
avtomobil yolunun tikintisi davam etdiriləcək. Prezident İlham Əliyev həmçinin Quba rayonunda altı min nəfər əhalinin yaşadığı 12 yaşayış
məntəqəsini birləşdirən
Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə,
Rustov-Bağçalı-Yekdar avtomobil yollarının, eləcə də Qax rayonunda yeddi
min nəfər əhalinin
yaşadığı 8 yaşayış
məntəqəsini birləşdirən
Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli
avtomobil yolunun tikintisinin başa çatdırılması ilə
bağlı müvafiq
sərəncamlar imzalayıb.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.- 2016.-18
oktyabr.- S.8