Muxtar respublikada dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə tədbirlər keçirilib

Oktyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şəhidlər xiyabanındakı “Ana abidəsi”ni, dövlət müstəqilliyimiz və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların məzarlarını və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türk ordusunun bu torpaqlarda şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, şəhidlərin xatirəsinə ehtiramını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri Azərbaycanın dövlət müstəqilliyinin banisi Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül düzüb, müstəqil Azərbaycanın qurucusunun xatirəsini ehtiramla yad edib.

Nazirlik, komitə, baş idarə və müəssisələrin rəhbərləri, şəhər və rayon icra hakimiyyətlərinin başçıları, ictimaiyyətin nümayəndələri də Şəhidlər xiyabanını və Ümummilli liderimizin abidəsini ziyarət ediblər.

Sonra Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” 2016-cı il 11 oktyabr tarixli Sərəncamına əsasən müstəqillik bayramımız ölkəmizin hər yerində geniş şəkildə qeyd olunur. Bu tarixi gündə Azərbaycanın dövlət müstəqilliyinin banisi Ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiramımızı bildirir, eyni zamanda dövlət müstəqilliyimiz və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban verən şəhidlərimizi yad edirik”.

Ali Məclisin Sədri müstəqilliyimizin iyirmi beşinci ildönümü münasibəti ilə şəhid ailələrini, veteranları, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı ordu, birləşmə və hissələrinin şəxsi heyətlərini, muxtar respublika əhalisini təbrik edərək deyib: “Hər bir xalqın ən dəyərli sərvəti onun dövlət müstəqilliyidir. Ümummilli liderimiz Heydər Əliyev 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının rəhbəri olarkən dövlət müstəqilliyinin bərpa olunması sahəsində əməli addımlar atmış, ölkə rəhbərliyinə qayıtdıqdan sonra isə Azərbaycanı əsl müstəqil dövlətə çevirmişdir. Azərbaycanın dövlət müstəqilliyini həyatının mənasına çevirən Ulu öndərimiz deyirdi: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır”.

Ali Məclisin Sədri deyib: Bu gün böyük şəxsiyyətin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidentinin rəhbərliyi altında dövlət müstəqilliyimiz daha da möhkəmlənmiş, Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası böyük inkişaf yolu keçmişdir. Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında əldə olunan nailiyyətlər dövlət müstəqilliyinin nəyə qadir olduğunun əyani ifadəsidir. İnkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalı 1995-ci ilə nisbətən 56 dəfə artaraq 2015-ci ildə 2 milyard 467 milyon manatdan çox olmuşdur. Müqayisə olunan dövrdə sənaye məhsulunun həcmi 100 dəfə, əsas kapitala yönəldilən investisiyalar 312 dəfə, rabitə xidmətlərinin həcmi 112 dəfə, kənd təsərrüfatı məhsulu 10 dəfə, ixracın həcmi 214 dəfə, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 25 dəfə artmışdır.

Aparılmış tədbirlər nəticəsində muxtar respublikada enerji təhlükəsizliyi təmin olunmuşdur. Əgər əvvəllər muxtar respublikada elektrik enerjisi istehsal edən 1 stansiya vardısa, hazırda 8 elektrik stansiyası fəaliyyət göstərir. Əvvəllər muxtar respublika iqtisadiyyatında aqrar sektor üstünlük təşkil edirdisə, hazırda iqtisadiyyat aqrar-sənaye təmayülünə malikdir. Ötən dövr ərzində sənaye müəssisələrinin sayı 8 dəfə artırılaraq 442-yə çatdırılmışdır. Dinamik inkişafın təmin edilməsində investisiyaların cəlbi xüsusi rol oynamaqdadır. 1995-ci ildən 2016-cı il oktyabrın 1-dək iqtisadisosial sahələrə 7 milyard 458 milyon manatdan çox investisiya yönəldilmiş, 3675 kilometrlik avtomobil yolu çəkilmiş, 163 körpü, 5 avtovağzal, 546 inzibati bina, mənzil təsərrüfatı üzrə 689 obyekt, 22 xəstəxana, tibb mərkəzi və dispanser, 78 feldşer-mama məntəqəsi, 69 həkim ambulatoriyası, 443 mədəniyyət, 47 idman müəssisəsi, 71 min 946 şagird yerlik 183 ümumtəhsil məktəbi, 19 məktəbəqədər, 14 məktəbdənkənar təhsil müəssisəsi, elm, aliorta ixtisas təhsili müəssisələri üçün korpuslar tikilmişya əsaslı şəkildə yenidən qurulmuşdur. Müstəqillik dövründə bir yeni rayon yaradılmış, 4 qəsəbə, 133 kənd mərkəzi istifadəyə verilmişdir.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, hissə və bölmələrin döyüş imkanlarının artırılması məqsədilə ötən 25 il ərzində 203 müxtəlif təyinatlı obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib, maddi-texniki baza daha da möhkəmləndirilib. Muxtar respublikada müasir yol-nəqliyyat, informasiyakommunikasiya sistemləri yaradılıb. Hazırda yaşayış məntəqələrinin 98 faizində genişzolaqlı, 83 faizində isə simsiz internet xidməti göstərilir. Müstəqillik dövründə həyata keçirilən tədbirlərin mühüm istiqamətlərindən birini də ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində fəaliyyət təşkil edib. İndi muxtar respublikada 61 min 526 hektar sahədə əkin aparılır ki, bu da 20 il əvvəlki göstəricidən 2,4 dəfə çoxdur. Təkcə bu il sahələrdən 1995-ci illə müqayisədə 4 dəfə çox taxıl, 55 dəfə çox tərəvəz, 114 dəfə çox kartof, 91 dəfə çox bostan məhsulları götürülüb. Əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək üçün 120 min kvadratmetr sahəyə malik 20 istixana, 13 min 730 ton tutuma malik 26 soyuducu anbar kompleksi yaradılıb. Yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, əhalinin 344 növdə məhsula olan tələbatı muxtar respublikanın daxili imkanları hesabına ödənilir.

Ali Məclisin Sədri deyib: “Bütün bunlar adamların rifahının davamlı yüksəlişinə zəmin yaratmış, əhalinin gəlirlərinin həcmi 25 il bundan əvvəlki dövrlə müqayisədə 42 dəfə artmışdır. Bununla yanaşı sosial müdafiəyə ehtiyacı olan əhali qrupuna da diqqət artırılmış, müharibə veteranlarına 456 avtomobil verilmiş, 210 məhdud fiziki imkanlı və şəhid ailəsi fərdi yaşayış evləri ilə təmin edilmişdir. Sahibkarlığın inkişafı, yeni yerlərinin açılması, ucqar dağ kəndlərində də rayon mərkəzlərindəki kimi sosial infrastrukturun yaradılması məskunlaşmaya öz təsirini göstərmiş, 1992-ci illə müqayisədə 2016-cı ildə muxtar respublika əhalisinin sayı 132 min nəfər artaraq 447 min nəfərdən çox olmuşdur”.

Muxtar respublikada əldə olunan bütün bu nailiyyətlərin əhalinin yaradıcı əməyinin nəticəsi olduğunu bildirən Ali Məclisin Sədri Ümummilli lider Heydər Əliyev yoluna sədaqət göstərərək müstəqilliyimizin möhkəmlənməsinə öz töhfəsini verənlərin hamısına təşəkkür edərək deyib: “Müstəqillik dövründə fədakarlıqla çalışanların, öz əməyi ilə digərlərinə nümunə olanların fəaliyyəti yüksək qiymətləndirilmiş, muxtar respublikamızdan 725 nəfər Azərbaycan Respublikasının orden və medalları ilə, 224 nəfər Azərbaycan Respublikasının, 387 nəfər isə Naxçıvan Muxtar Respublikasının fəxri adları ilə təltif olunmuş, muxtar respublika sakinlərindən 32-si Azərbaycan Prezidentinin fərdi təqaüdünə, 92-si isə Prezident mükafatına layiq görülmüşdür”.

Bu gün istisnasız olaraq deyə bilərik ki, ötən 25 il ərzində həyata keçirilən tədbirlər, əldə olunan nailiyyətlər dövlət müstəqilliyimizin daha da möhkəmlənməsinə, davamlı xarakter almasına xidmət etmişdir. Biz bundan sonra da Ümummilli liderimizin yolu ilə gedərək muxtar respublikamızın, onunla birlikdə isə ölkəmizin quruculuq salnaməsini layiqli nümunələrlə zənginləşdirəcəyik”, - deyən Ali Məclisin Sədri bu yolda tədbir iştirakçılarına uğurlar arzulayıb, bir daha müstəqillik bayramlarını təbrik edib, çıxışını ölkə Prezidentinin fikirləri ilə tamamlayıb: “Ölkəmiz inkişaf edir. Heydər Əliyev siyasəti yaşayır və həyata keçirilir. Çox sevindirici haldır ki, bütün görülən işlər xalq tərəfindən böyük rəğbətlə qarşılanır və dəstəklənir. Hər bir vətəndaş əlindən gələni edəcək ki, ölkəmiz daha da güclənsin, möhkəmlənsin. Azərbaycan möhkəmləndikcə öz dövlət müstəqilliyini gücləndirəcək və müstəqilliyimiz əbədi, dönməz olacaqdır”.

Sonra Ali Məclisin Sədri və tədbir iştirakçıları Dövlət Bayrağı Muzeyində nümayiş olunan eksponatlara baxıblar.

Məlumat verilib ki, hər bir dövlətin müstəqilliyinin əsas atributu onun bayrağıdır. Ona görə də bayraq Azərbaycanda tarix boyu milli mövcudluq simvolu sayılıb. Muzeydə nümayiş olunan bayraqlar Azərbaycanın qədim dövlətlərinin, o cümlədən Naxçıvan xanlığının və muxtar respublikanın tarixini öyrənməyə geniş imkanlar yaradır. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər haqqında məlumat verilib, hər il noyabr ayının 17-nin Naxçıvan Muxtar Respublikasında dövlət bayrağı günü kimi qeyd olunduğu diqqətə çatdırılıb.

Bildirilib ki, tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının dövlət və döyüş bayraqları böyük maraq doğurur. Naxçıvan xanlığının dövlət bayrağının üzərində ay və səkkizguşəli ulduz əks edilib. Bu da ay və səkkizguşəli ulduz elementinin ilk dəfə Naxçıvan xanlığının dövlət bayrağında əks olunduğunu təsdiq edir. Muzeyin ekspozisiyasındakı gerblər və inzibati xəritələr, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkilləri, Naxçıvanın tarixi və dövlət atributlarımız barədə yazılmış kitablar barədə də ətraflı məlumat verilib.

Ali Məclisin Sədri muzey ekspozisiyasının daha da zənginləşdirilməsi barədə tapşırıq verib.

Yeni Azərbaycan.- 2016.- 19 oktyabr.- S.4