BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu: Azərbaycan multikulturalizmi dünyada mütərəqqi model kimi qəbul olunur

 

Bir çox sahələrdə böyük uğurlara imza atan Azərbaycan dünyada millətlərarası və dinlərarası dialoq baxımından da nümunəvi ölkə kimi xarakterizə edilir. Ölkəmizdə milli, dini, irqi müxtəliflik insanlar arasında fərq yaradan amil kimi deyil, əksinə, tolerantlıq, mədəni dialoq mühitinin əsas komponentləri kimi çıxış edir. Bu gün ölkəmizdə mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir. Bu isə özlüyündə multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini ortaya qoyur. Yeri gəlmişkən, dinlərarası dialoqa, sivilizasiyalararası inteqrasiyaya yönəlik tədbirlərin məhz ölkəmizdə keçirilməsində bu məqamın xüsusi yeri var. Şərqlə-Qərbin qovşağında yerləşən Azərbaycanın multikulturalizm modeli islamofobiya, ksenofobiya kimi mənfi meyillərin dünyanı təhdid etdiyi indiki məqamda sülh, birgəyaşayış, dözümlülüyün ən unikal formulası kimi çıxış edir...

Multikulturalizmin inkişafı Azərbaycanın dövlət siyasətidir

Məlum olduğu kimi, 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gəlişindən sonra ölkəmizdə multikultural dəyərlərin qorunması və inkişafı istiqamətində mühüm addımlar atıldı. Belə ki, müstəqillik əldə olunan zaman ölkəmizdə 20-yə yaxın məscid var idi. Ulu öndər Azərbaycanın müqəddəs məkanlarına, İslam dininə inancı və ehtiramı özündə ehtiva edən ocaqlara dövlət qayğısını gücləndirməklə Azərbaycanın, o cümlədən Özünün İslam dininə münasibətini nümayiş etdirdi. Bununla yanaşı, 1920-ci ildə bağlanmış Jen Mironosets baş kilsəsinin binası Azərbaycan müstəqillik əldə etdikdən sonra Rus Pravoslav Kilsəsinə verildi. 2001-ci ildə Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın keçmiş Patriarxı, mərhum II Aleksiy bu məbədi müqəddəs elan etdi və ona baş kafedral kilsə statusu verdi. 1999-2001-ci illərdə paytaxtda digər pravoslav məbədi - Müqəddəs Məryəmin Miladı baş kilsəsi bərpa olundu.

2000-ci ildə dini ayinlərin yerinə yetirilməsi üçün katolik icmasına xüsusi bina verildi və bu bina kilsəyə çevrildi. Respublikamızın paytaxtında layihəsi Vatikan ilə razılaşdırılan katolik kilsəsi inşa edilib ki, xarici görkəminə görə o, əvvəllər Bakıda olan katolik kilsəsinə bənzəyir.

Respublikamızda qədim ənənələrə malik olan yəhudi icmasının mədəni irsi də Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunur. Məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ibrani bölməsi açılıb.

Bu gün isə Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ölkəmizdəki fərqli dini-milli mədəni abidələrin qorunması, onların bərpası dövlətimizin diqqət mərkəzindədir. Bununla yanaşı, Prezident İlham Əliyevin apardığı siyasi kurs ölkəmizdə əsrlərdir ki, formalaşmış tolerantlıq modelinin dünya ictimaiyyətinə tanıdılmasını təmin edib. Azərbaycan artıq sivilizasiyalararası dialoqun, multikulturalizmin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu mərkəzə çevrilib. Belə ki, 2011-ci, 2013-cü, 2015-ci ildə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları yüksək səviyyədə təşkil olunub və multikulturalizmin Azərbaycan modeli qlobal səviyyədə dünyaya təqdim edilir.

2016-cı il ölkə Prezidenti İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan edilib. Bu isə multikultural dəyərlərin inkişafı və yaşadılması ilə yanaşı, təbliğini də özündə əks etdirir.

Heydər Əliyev Fondu dünyanın bir sıra şəhərlərində tarixi abidələrin bərpasını həyata keçirir

Ölkədə etnik-milli və dini tolerantlığın inkişafında, habelə mötəbər beynəlxalq tədbirlərin təşkilində Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın da müstəsna xidmətləri var. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu nəinki ölkəmizdə, habelə xarici ölkələrdə mədəni-dini abidələrin bərpasını təmin etməklə Azərbaycan xalqının tolerant və multikultural dəyərlərə malik olduğunu əyani şəkildə nümayiş etdirir. Son illər Fondun təşkilatçılığı ilə Fransanın Strasburq şəhərində Kafedral kilsəsi, Parisdə Versal sarayının parkındakı abidələr, İtaliyanın paytaxtı Romadakı Müqəddəs Pyotr və Marsellina sərdabəsi, eləcə də Vatikanda bir sıra tarixi abidələr bərpa edilib. Heydər Əliyev Fondu tərəfindən Afrika ölkələrinin qeyri-maddi mədəni irsinin qorunmasına dəstək verilib, Qəbələ Beynəlxalq Musiqi Festivalı kimi onlarca qlobal layihələrə imza atılıb.

Yeri gəlmişkən, bu ilin oktyabrında ölkəmizdə səfərdə olan Roma Papası Fransisk də ölkəmizdə multikultural dəyərlərə göstərilən hörməti yüksək dəyərləndirib. Roma Papası ölkəmizin multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində gördüyü işləri bir təcrübə olaraq qiymətləndirib: “Bu günə qədər keçdiyiniz yol dövlətin iqtisadi və vətəndaş cəmiyyətinin inkişafına şərait yaratmaq və təsisatları gücləndirmək üçün göstərilmiş mühüm səyləri aydın şəkildə göstərir. Bu yol hamıya, xüsusən zəiflərə daim diqqətin göstərilməsini tələb edir. Bu yol multikulturalizmin və mədəniyyətlərin bir-birini lazımi qaydada tamamlamasının müsbət cəhətlərini tanıyan cəmiyyət sayəsində mümkündür. Bu, vətəndaş cəmiyyətinin müxtəlif komponentləri və fərqli dini konfessiyalara mənsub olan şəxslər arasında qarşılıqlı əməkdaşlıq və hörmət münasibətlərinin yaranması üçün edilir”.

Bakıda keçirilən VII Qlobal Forum fərqli mədəniyyətlərin inteqrasiyasında əhəmiyyətli rol oynayır

Məlum olduğu kimi, sivilizasiyaların dialoq məkanı kimi tanınan Azərbaycan bu ilin aprel ayında növbəti qlobal tədbirə - BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna evsahibliyi etdi. Qeyd edək ki, tədbirdə 147 ölkədən nümayəndələr iştirak ediblər. Forum çərçivəsində “Dini rəhbərlər və zorakı ekstremizm: qabaqlayıcı tədbirlərlə bağlı çətinliklər”, “Vətəndaş cəmiyyəti və biznes: sülh, təhlükəsizlik və davamlı inkişaf naminə birgə fəaliyyət”, “Sülhsevər və inklüziv cəmiyyətlərin formalaşdırılmasında gənclərin iştirakı: nəsillər və sahələr arasında tərəfdaşlıq əlaqələrinin həlledici rolu”, “Multikultural cəmiyyətin formalaşdırılmasında Azərbaycanın rolu”, “Bakı prosesi: qlobal mədəniyyətlərarası dialoq üçün yeni çağırışların cavablandırılması” və digər mövzularda seminarlar keçirilib. Bu tədbir sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi, xalqlar və dövlətlər arasında dostluq, əməkdaşlıq və davamlı inkişafın təşviqi, milli, dini və irqi ayrı-seçkiliyin, dünyada sülh və təhlükəsizliyi təhdid edən neqativ halların aradan qaldırılması, habelə ümumbəşəri əhəmiyyət kəsb edən aktual məsələlərin müzakirə olunduğu, mühüm problemlərin həllinə dəstək məqsədi daşıyan qlobal platforma olmaqla yanaşı, ölkəmizin bu sahədə əldə etdiyi uğurların dünyada bir təcrübə kimi mənimsənilməsinə, dünya ictimaiyyətinin bu təcrübə ilə yaxından tanış olmasına vasitə oldu.

Azərbaycan cəmiyyəti özündə tolerantlıq ənənələrini, multikultural dəyərləri birləşdirir

Qeyd edildiyi kimi, “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında təşkil edilən belə bir qlobal tədbirin Azərbaycanda keçirilməsi təsadüfi xarakter daşımır. Dünyaya tolerantlıq, multikulturalizm kimi ümumbəşəri dəyərləri özündə ehtiva edən nümunələr təqdim edən Azərbaycanda həm də inklüziv cəmiyyət formalaşıb. Bütün maddi və mənəvi sərvətlərin sosial ədalət əsasında cəmiyyət üzvləri arasında bölüşdürüldüyü bir sosium Azərbaycanın timsalında dünya miqyasında örnək təşkil etməkdədir. Yeri gəlmişkən, Forumda iştirak edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir Bakı Forumunda müzakirə olunan məsələləri inklüziv cəmiyyətin təbliğində, ekstremizmə qarşı birgə mübarizədə mühüm addım adlandırıb. Beynəlxalq əlaqələr üzrə ekspert Piter Tase isə Bakıda keçirilən BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu Azərbaycanın dünyada gündən-günə artan nüfuzunun növbəti təsdiqi adlandırıb.

Keçirilən forumun ən yaddaqalan cəhətlərindən biri də tədbir çərçivəsində Gənclər Forumunun da baş tutması olub. Gənclər Forumu mədəniyyətlərarası dialoq, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, gənclərin təşəbbüslərinin dəstəklənməsi, yeni mənbələrin müəyyənləşdirilməsi və digər məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edib. Tədbirdə beynəlxalq təşkilatların nümayəndələri, gənc liderlər, xarici və yerli gənclər təşkilatlarının rəhbərləri və təmsilçiləri, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva iştirak edib. BMT Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında Forumun Bakı Bəyannaməsi qəbul olunub.

Bəli, Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, həmçinin humanitar məsələlərin müzakirə olunduğu məkan kimi bu gün dünyada öz rolunu və əhəmiyyətini təsdiqləməkdədir.

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 2016.- 27 oktyabr.- S.6