Regionlarda taxılçılığın inkişafı diqqət mərkəzində saxlanılır

 

İndiyədək 19 rayonda 40 min hektardan artıq sahədə 29 iri fermer taxılçılıq təsərrüfatının yaradılması başa çatıb və məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edir

Yaranmış qlobal çətinliklər fonunda ölkəmizdə kənd təsərrüfatının inkişafı ilk növbədə əhalinin ərzaq təhlükəsizliyinin tam yerli istehsal hesabına təmin edilməsi baxımından böyük önəm daşıyır. Qeyd etmək yerinə düşər ki, son illərdə ölkəmizdə ərzaq təminatının daxili istehsal hesabına təmin olunması istiqamətində davamlı tədbirlər həyata keçirilir və eyni zamanda, normativ-hüquqi baza möhkəmləndirilir. Respublikamızda Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilib. Dövlət başçısı 2014-cü il yanvarın 16-da isə “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənəddə respublikanın ərzaq təhlükəsizliyi ilə bağlı qəbul edilən Dövlət Proqramının icrası sahəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsullarının ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması, ərzaq bazarının səmərəli fəaliyyətinin təşkil edilməsi ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub.

Həyata keçirilən bu və digər tədbirlər nəticəsində ölkəmizin aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanları əhəmiyyətli dərəcədə artıb. Respublikamızda əhalinin üzümə, kartofa, tərəvəzə olan tələbatının yerli istehsal hesabına təmin olunmasının səviyyəsinin 100 faizə yüksəlməsi məmnunluq doğurur. Bundan başqa, artıq respublikamızda heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi də 100 faizə çatmaq üzrədir. Yeni təsərrüfat subyektlərinin, o cümlədən də aqroparkların yaradılması ölkənin ərzaq təminatının möhkəmləndirilməsinə olduqca müsbət təsir göstərəcək. Respublikanın ayrı-ayrı bölgələrində aqroparkların yaradılmasına başlanılıb və bu proses davam etdiriləcək. Aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına dövlət tərəfindən 43 milyon manat güzəştli kredit verilib.

Ərzaq təminatında vacib pozisiyalardan olan taxılçılıq intensiv metodlarla inkişaf etdirilir

Ölkənin etibarlı ərzaq təminatına nail olunmasında taxılçılıq strateji əhəmiyyət daşıyır. Belə ki, taxılçılıq əhalinin əsas ərzaq məhsulu sayılan çörəyə və digər un məmulatlarına tələbatını ödəməklə yanaşı, eyni zamanda, quşçuluq və maldarlıq üçün də yem bazası rolunu oynayır. Prezident İlham Əliyev ölkəmizdə taxıla olan tələbatın daxili istehsal hesabına ödənilməsinin hazırkı 65 faizdən yaxın perspektivdə 100 faizə çatdırılması ilə bağlı vəzifə qoyub. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində bununla bağlı fikirlərini ifadə edərək deyib: “Azərbaycana hər il bir milyon tondan çox taxıl, buğda gətirilir. Ona görə indi yeni layihələr işə düşür və çalışmalıyıq ki, biz özümüzü 100 faiz səviyyəsində taxılla təmin edək. Bu, mümkündür”.

Qarşıya qoyulan strateji məqsədə çatmaq üçün torpaqlardan səmərəli şəkildə istifadə edilməsi əsas vəzifə kimi müəyyənləşdirilib. Qabaqcıl təcrübənin, intensiv metodların tətbiqi taxılçılıqda istehsalın genişlənməsinə müsbət təsir göstərən vacib amillərdir. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumatda bildirilir ki, intensiv metodlardan istifadə edərək məhsuldarlığı artırmaqla ölkədə taxıl istehsalını əhəmiyyətli dərəcədə genişləndirmək mümkündür. Bunun üçün respublika üzrə əkin sahəsini 700-800 min hektar ətrafında saxlamaqla məhsuldarlığı hektardan 4-4,5 tona çatdırmaq kifayətdir.

Qeyd edək ki, respublikamızın regionlarında taxılçılıq sahəsində dünya miqyasında təsdiqini tapan qabaqcıl təcrübənin tətbiqi, o cümlədən də iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir. Ölkənin müxtəlif bölgələrində iri fermer təsərrüfatlarının yaradılmasına Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bir neçə il bundan qabaq start verilib. Dövlət Torpaq Fondunun hesabına yaradılan iri fermer təsərrüfatlarının fəaliyyətə başlaması ilə ölkəmizdə, əslində, yeni bir kənd təsərrüfatı sisteminin formalaşdığını söyləmək mümkündür. İri fermer təsərrüfatlarının yaradılması respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Dövlət başçısının tapşırığına uyğun olaraq hazırda Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı və digər rayonlarda iri fermer təsərrüfatları yaradılır. İndiyədək 19 rayonda 40 min hektardan artıq sahədə 29 iri fermer taxılçılıq təsərrüfatının yaradılması başa çatıb və məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edir. Regionlarda taxılçılıq təsərrüfatlarında həyata keçirilən zəruri tədbirlərin nəticəsidir ki, son illərdə taxıl istehsalında davamlı olaraq artım müşahidə edilir. Ölkə miqyasında 2014-cü ildə 2 milyon 300 min ton, 2015-ci ildə isə 2 milyon 900 min ton taxıl istehsal olunub. 2016-cı ilin taxıl yığımı mövsümündə respublika üzrə 927,4 min hektar sahədə biçin böyük uğurla başa çatdırılıb. Hazırda istehsal edilmiş taxılın satışında və ayrı-ayrı dəyirmanlar tərəfindən tədarükündə heç bir problem müşahidə olunmur. Proqnozlara görə, cari ildə ölkədə tədarük olunan taxılın həcmi 3 milyon ton həcmində olacaq.

İlk özəl pilot taxılçılıq təsərrüfatlarının uğurları yaxşı nümunədir

Respublikamızda yaradılan ilk özəl pilot taxılçılıq təsərrüfatlarının uğurları bütün ölkə üçün yaxşı nümunədir. Respublikada ilk özəl iri pilot taxılçılıq təsərrüfatı olan “Qarabağ Taxıl” MMC 2012-ci ildə Prezident İlham Əliyevin iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması barədə verdiyi tapşırıqların icrasının təmin edilməsi məqsədi ilə Ağcabədi və Beyləqan rayonlarının ərazilərində dövlət torpaq fondu hesabına 4800 hektar sahədə yaradılıb. Təsərrüfatın fəaliyyətinin təmin edilməsi üçün dövlət tərəfindən ərazidə lazımi infrastruktur yaradılıb, meliorasiya-irriqasiya, yolların çəkilməsi və enerji təminatı həyata keçirilib.

Təsərrüfatda dünyanın ən son texnologiyası tətbiq olunub. 64 ədəd müasir suvarma sistemi - pivot quraşdırılıb, 5 nasosxana, 5,5 milyon manat dəyərində 20 min ton tutumlu müasir taxıl anbarı, 6 min tonluq soyuducu anbar kompleksləri, saatda 100 ton qurutma gücünə malik quruducu qurğu inşa edilib. Təsərrüfata 4,2 milyon dollar dəyərində 20-dək müxtəlif adda kənd təsərrüfatı texnikası alınıb. Bu müddətdə təsərrüfat istər kənd təsərrüfatı texnikaları seçimində, istər toxum alınmasında, istərsə də gübrə və pestisidlərin əldə edilməsində dünyanın ən qabaqcıl şirkətləri ilə əməkdaşlıq edib.

Görülən işlər sayəsində taxıl istehsalında yüksək məhsuldarlığa nail olunub. Belə ki, 2012-ci ilin payızında əkilən taxıldan 2013-cü ildə ölkə üzrə rekord məhsuldarlıq - hektara 55,6 sentner məhsul əldə edilib. 2015-ci ildə ümumi dəyəri 11 milyon manatdan çox olan 60,5 min ton məhsul, o cümlədən 26 min ton qarğıdalı, 25 min tona yaxın silosluq qarğıdalı, 6 min tondan çox buğda, 3 min tona yaxın saman, 690 ton arpa, min tona yaxın soya istehsal olunub. 2016-cı ildə 26 min ton qarğıdalı, 600 tondan çox buğda, 700 tona yaxın arpa, 5 min ton soya istehsalı proqnozlaşdırılır.

Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində “AzAqroTaxıl” MMC tərəfindən yaradılan özəl taxılçılıq təsərrüfatı isə 1500 hektara yaxın sahəni əhatə edir. Təsərrüfatda yeraltı su boruları çəkilib, süni yağış yağdırma üsulu ilə müasir suvarma sistemi quraşdırılıb. Təsərrüfatdaxili hərəkət yolları, su və elektrik xətləri çəkilib. Təsərrüfatın suvarma suyu ilə təminatı yeni inşa edilmiş nasos stansiyası vasitəsilə həyata keçirilir.

Cari ildə aqrotexniki qaydalara əməl olunmaqla bərk buğda ilə yanaşı qarğıdalı, çuğundur, pambıq da becərilir. Növbəli əkin sisteminin tətbiq edildiyi təsərrüfatda taxıl becərilməsi aqrotexniki qaydalara uyğun aparılır. Becərilmə zamanı məhsuldarlığa və keyfiyyətə təsir edən xəstəlik və zərərvericilərə, alaq otlarına qarşı vaxtlı-vaxtında mübarizə tədbirləri görülür.

İyun ayında havaların yağmurlu keçməsi məhsuldarlığa mənfi təsir göstərsə də, hər hektardan orta hesabla 45-50 sentner taxıl götürülüb. Növbəti illərdə hektardan orta məhsuldarlığın 60-70 sentnerə çatdırılması qarşıya hədəf qoyulub.

Yeni taxıl sortlarının yaradılması və toxumçuluğun inkişafı məhsuldarlığın artmasına müsbət təsir göstərir

Taxılçılıqda məhsuldarlığı artırmaq üçün zəruri amillərdən biri də yeni taxıl sortlarının yaradılması, onların rayonlaşdırılması, eləcə də toxumçuluğun inkişafı ilə bağlıdır. Məlum olduğu kimi, Prezident İlham Əliyev 2015-ci il 2 mart tarixində “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamda ölkədə ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədi ilə yüksək məhsuldarlığa malik və quraqlığadavamlı yeni növ toxumlara tələbat yarandığı vurğulanır. Sərəncamla ölkədə məhsul istehsalçılarının yüksək məhsuldar toxumlara tələbatının dolğun şəkildə ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun yaradılması qərara alınıb. Dövlət başçısının imzaladığı bu sənədə əsasən, Nazirlər Kabinetinə Dövlət Toxum Fondunun fəaliyyətinin təmin edilməsi, habelə yüksək məhsuldar toxumların istehsalının və tədarükünün həyata keçirilməsini stimullaşdırmaq üçün müvafiq tədbirlər həyata keçirmək tapşırılıb. Toxumçuluğun inkişafı və daha məhsuldar sortların yetişdirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələrə uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, nazirliyin yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti və Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən Qobustan rayonunda “Dəmyə bölgələr üçün yeni taxıl sortlarının yaradılması və toxumçuluğun təşkili” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarda vurğulanıb ki, bu gün tez yetişən sortlar böyük səmərə verir. “Qobustan”, yeni rayonlaşdırılan “Qızıl buğda” sortları bu baxımdan çox sərfəlidir. Quraqlığa davamlı olan həmin buğda sortları vegetasiya dövrünü tez qurtarır. Əlbəttə, məhsuldarlıq üçün qara herik də çox vacibdir.

Qeyd olunub ki, yeni sortların yaradılması, toxum istehsalı sahəsində Qobustan Bölgə Təcrübə Stansiyasında böyük işlər görülür. Son illərdə burada buğdanın “Ruzi 84”, “Qızıl buğda”, “Ləyaqətli 80”, arpanın “Dəyanətli”, “Qüdrətli 48”, ərzaq noxudunun “Sultan” sortları yaradılıb. Bunlar əvvəlki sortlardan fərqli olaraq tez yetişir, xəstəliyə və quraqlığa davamlıdır. Məhsuldarlıqları isə orta hesabla 7-10 sentner çoxdur. Mərkəzdə həm də müasir texnologiya ilə həmin sortların elit toxumları istehsal olunur. Hər il kənd təsərrüfatı bölgüsü əsasında toxumçuluq fermer təsərrüfatlarına orta hesabla 300-350 ton toxum satılır.

Qarabağ bölgəsində onlarla yeni toxumçuluq təsərrüfatı yaradılıb

Ümumiyyətlə, toxumçuluğun inkişafına dövlət tərəfindən göstərilən dəstək bu sahəyə marağı artırıb, istər orijinal, super elit və elit, istərsə də 1-ci və 2-ci reproduksiyalı toxumların istehsalının genişləndirilməsi imkanları yüksəlib. Görülən tədbirlər nəticəsində taxıl toxumuna olan tələbat əsasən daxili istehsal hesabına təmin edilir.

Son illərdə Qarabağ bölgəsində onlarla yeni toxumçuluq təsərrüfatı yaradılıb, onlar müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunublar. Belə müəssisələrdən biri 2015-ci ilin oktyabrında Beyləqan və Füzuli rayonları ərazisində yaradılmış “Kraun KO-1” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Bu il MMC-nin Füzuli rayonu ərazisindəki təsərrüfatında aqrotexniki qaydalara əməl olunmaqla 10 min hektarda taxıl yetişdirilib. Səpin zamanı, əsasən, yerli şəraitə uyğunlaşdırılmış “Azəri”, “Qobustan”, “Bərəkətli 95”, “Krasnodar-99”, “Batko”, “Nota” sortlarına üstünlük verilib. Aqrotexniki qulluq sayəsində yüksək məhsuldarlığa nail olunub. İstehsal edilən 5 min tondan artıq super elit, elit və “R-1” reproduksiyalı toxumlar həm “Kraun KO-1” MMC-nin tələbatını ödəyir, həm də Beyləqan, Füzuli və ətraf rayonlarda taxılçılıqla məşğul olan fermerlərin toxumla təmin edilməsində mühüm rol oynayır.

Tərtər rayonunda yaradılan “Tərtər” MMC özəl toxumçuluq təsərrüfatında isə buğdanın “Azəri”, “Murov 2”, “Qırmızı gül”, “Şəfəq 2” sortları, arpanın “Qarabağ 22”, “Qarabağ 33” sortları becərilir. Tirəli və adi səpin texnologiyaları əsasında becərilən taxıl sahələrindən bol məhsul əldə edilir. İstehsal olunan yüksək reproduksiyalı taxıl təmizlənərək çeşidlənir, laboratoriya müayinəsindən keçirilərək, dərmanlanır, kisələrə yığılaraq fermerlərə satılır.

Tərtər Bölgə Təcrübə Stansiyası regionda taxılçılığın inkişafına öz töhfəsini verir

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında dənli bitkilərin seleksiyası, toxumçuluq və becərmə texnologiyası istiqamətlərində üç şöbə fəaliyyət göstərir. Stansiyanın fəaliyyətinin məqsədi Qarabağın suvarma zonası üçün yüksək məhsuldar və xəstəliyə davamlı sortların yaradılması, yüksək reproduksiyalı toxum istehsalıdır. İndiyədək stansiyada respublikada əkilib-becərilən yumşaq buğdanın çoxlu sayda sortları yetişdirilib.

Stansiyanın becərmə texnologiyası şöbəsində yeni yaradılmış perspektiv sortların aqrotexnikası da öyrənilir. Toxumçuluq şöbəsinin işçiləri isə yumşaq buğdanın 10, bərk buğdanın 1, arpanın 2 sortunun elmi əsaslarla toxumçuluğu ilə məşğuldurlar. Hər il burada 450-500 ton yüksək reproduksiyalı super elit və elit toxumlar istehsal edilir.

Bu ilin məhsulu üçün 306 hektarda toxumluq arpa və buğda sortları əkilib. Min tona yaxın məhsul tədarük edilib. Toxum istehsalı yüksək dövlət standartlarına uyğun həyata keçirilir. Bu toxumlar Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında respublikada fəaliyyət göstərən dövlət və özəl toxumçuluq təsərrüfatlarına, həmçinin fermerlərə verilir.

Qeyd etdiyimiz kimi, respublikada taxıla olan tələbatı daxili istehsal hesabına tam ödəmək üçün qarşıya qoyulan hədəf məhsuldarlığın yüksəldilməsidir. Odur ki, stansiyada intensiv texnologiyaların (tirəli səpin, sıfır becərmə və minimal becərmə) tətbiqinə geniş yer verilir.

Regionlarda gələn ilin bol məhsulunun əsası indidən qoyulur

Respublikamızda gələn ilin bol məhsulunun əsası indidən qoyulur. Ayrı-ayrı bölgələr üzrə 2017-ci ilin məhsulu üçün taxıl səpininə dair müsbət statistika böyük nikbinlik doğurur. Hazırda Qaxda da gələn ilin məhsulu üçün payızlıq taxıl səpini mütəşəkkil davam etdirilir. Fermerlər bu günədək 1380 hektar sahəyə toxum səpiblər.

Rayon İcra Hakimiyyətindən bildiriblər ki, cari mövsümdə Qaxda 12 min hektardan çox sahədə taxıl səpini proqnozlaşdırılır. Səpin üçün rayonda fəaliyyət göstərən özəl toxumçuluq təsərrüfatları tərəfindən 1827 ton yüksək reproduksiyalı toxum fondu ayrılaraq, laboratoriya müayinəsindən keçirilib. Fermerlər səpinin optimal müddətdə başa çatdırılması üçün səylə çalışırlar.

Cari ildə rayonda 12 min 890 hektar taxıl sahəsindən rekord miqdarda - 36,4 min ton məhsul yığılıb. Taxıl istehsalı əvvəlki illə müqayisədə 7,8 min ton artıb.

Cari mövsümdə Oğuz rayonunun təsərrüfatlarında 17,5 min hektar sahədə taxıl səpini proqnozlaşdırılır. Bir neçə gündür ki, təsərrüfatlarda səpinə start verilib. Rayonun Bucaq, Kərimli, Yaqublu kəndlərində artıq 100 hektardan çox sahəyə arpa toxumu səpilib. Rayonda fəaliyyət göstərən toxumçuluq təsərrüfatları tərəfindən 1722 ton toxum fondu ayrılıb. Bu günədək təsərrüfatlarda 5 min hektardan çox sahədə şum çıxarılıb. Səpinin noyabrın sonunadək başa çatdırılması nəzərdə tutulur.

Saatlıda taxılçılıq əsas təsərrüfat sahələrindən hesab olunur. Ötən il Saatlıda 21 min 133 hektar sahədə taxıl əkilib. Bunun da 16 min 541 hektarı buğda, 4 min 582 hektarı isə arpa sahəsi olub. Biçin aparılmış sahələrdən 87 min 916 ton məhsul götürülüb.

Qazanılmış uğurlardan stimul alan fermer və torpaq mülkiyyətçiləri gələn ildə də yüksək nəticələr əldə etmək məqsədilə artıq səpin üçün hazırlıq işlərini başa çatdırıblar. Yüksək məhsuldar toxumlar əldə olunub, 25 min hektar sahədə üzvi və mineral gübrə verilməklə şum aparılıb, səpin aqreqatları hazır vəziyyətə gətirilib. Artıq bir neçə gündür ki, taxılçılar arpa səpininə başlayıblar. Qısa müddətdə 200 hektardan çox sahəyə arpa səpilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 130 hektar çoxdur. Arpa səpini yekunlaşdıqdan sonra buğda əkininə başlanılacaq. Qeyd edək ki, saatlılı taxılçılar bu il 22 min hektardan çox sahədə payızlıq taxıl əkməyi planlaşdırıblar.

Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkinin təsərrüfatlarında bir neçə gündür 2017-ci ilin məhsulu üçün payızlıq taxıl səpininə başlanılıb. Rayonda gələn ilin məhsulu üçün 65 min hektar sahədə payızlıq taxıl səpini proqnozlaşdırılır. Bu məqsədlə 14 min tona yaxın yüksək reproduksiyalı toxum fondu yaradılıb. İndiyədək təsərrüfatlarda 35 min hektardan çox şum aparılıb. Sarıca, Qaratorpaq, Turan və digər ərazilərdə artıq 1570 hektardan çox sahəyə arpa və buğda toxumu səpilib. Səpin kampaniyasına lazımi qədər traktor, taxılsəpən aqreqat, mala və digər texnika cəlb olunub.

Naxçıvanda da taxıl istehsalının artırılması məqsədilə kompleks tədbirlər görülür

Son illərdə Naxçıvan Muxtar Respublikasında da taxıl məhsullarına olan tələbatın daxili imkanlar hesabına ödənilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilir. Bu qəbildən olan işlər cari ilin ötən dövründə də davam etdirilib. Torpağın şumlanmasından başlayaraq yetişdirilən məhsulun daşınmasına qədər bütün proseslər ciddi şəkildə nizama salınıb. Naxçıvana yeni texnikaların gətirilməsi, meliorasiya və irriqasiya işlərinin görülməsi, məhsuldarlığın yüksəldilməsi üçün aqrotexniki tədbirlərin aparılması hesabına hər il əvvəlki illə müqayisədə daha çox taxıl məhsulu əldə olunur.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosuna verilən məlumata görə, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, 2016-cı ildə 31579 hektar sahədən taxıl tədarük olunub. Bunun da 30298 hektarı payızlıq, 1281 hektarı yazlıq taxıldır. Taxıl zəmilərinin 26795 hektarını buğda, 4784 hektarını isə arpa təşkil edib.

Aqrar sektora göstərilən dövlət dəstəyi öz uğurlu nəticələrini verib və bu, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına səbəb olub. Məhz bu baxımdan taxılın strateji məhsul kimi mühüm əhəmiyyəti nəzərə alınaraq 2000-ci ildən ötən müddət ərzində taxılçılıqla məşğul olan 124 sahibkarlıq subyektinə 794 min 400 manat dövlət maliyyə dəstəyi göstərilib.

Taxılçılığın inkişafı, istehsalın artırılması belə məhsulların saxlanılması üçün anbarların qurulması zərurətini yaradıb. Son illər istehsal edilən taxılın tədarük olunması və saxlanılması üçün “Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində 27 min ton tutuma malik uzunmüddətli və 20 min ton tutuma malik qısamüddətli taxıl ehtiyatı anbarları istifadəyə verilib. Hazırda muxtar respublikada 15 taxıl emalı müəssisəsi mövcuddur.

Cari ilin yanvar-oktyabr aylarında muxtar respublikada 26.788,69 ton taxıl tədarük edilib, 16.343,74 ton taxıl istehsal və ticarət obyektlərinə, 14.146,99 ton taxıl emal müəssisələrinə verilib, 10.086,78 ton un istehsal olunub. Hazırda anbarlarda 11.066,64 ton taxıl və 351,85 ton un ehtiyatı mövcuddur.

Muxtar respublikada məhsuldar toxum sortlarının yaradılması istiqamətində də mühüm tədbirlər həyata keçirilir, yeni toxumçuluq təsərrüfatları yaradılır, onlar müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunurlar. Bu gün Naxçıvan şəhərində ümumi tutumu 30 min ton olan “Bərəkət” Toxumçuluq Təsərrüfatı üçün yeni kompleksin inşası davam etdirilir. Burada toxum, qüvvəli yem və xammal anbarları yaradılacaq. Muxtar respublikanın əsas toxumçuluq bazası olacaq bu kompleksdə taxılla yanaşı, digər bitki toxumlarının satışının da həyata keçirilməsi nəzərdə tutulub.

Mübariz ABDULLAYEV.

Yeni Azərbaycan.- 2016.- 28oktyabr.- S.8