Qəhrəmanlar heç vaxt unudulmurlar...
1995-ci ildə Bakı metrosunda baş vermiş faciə zamanı onlarla insanı öz həyatı bahasına xilas edən baş leytenant Çingiz Babayevin xatirəsi əbədi yaşayacaq
Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq, əgər uğrunda ölən varsa, vətəndir. Görkəmli türk yazıçısı və şairi Midhat Camal Kuntayın müəllifi olduğu bu sətirlər Vətənə, torpağa sevgini ən gözəl şəkildə ifadə edir. Qəhrəmanlıq yalnız səngərlərdə, döyüş meydanlarında göstərilmir. Əgər ürəkdə Vətən, xalq sevgisi varsa, qəhrəmanlar onu hüdud tanımadan nümayiş etdirirlər. Öz növbəsində xalqımız da şücaət göstərmiş qəhrəman övladlarını heç vaxt unutmur, onların xatirələrini daim əziz tutur. Elə 1995-ci ilin 28 oktyabrında metronun “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları arasında baş vermiş qəza zamanı neçə-neçə insanı öz həyatı bahasına xilas edən, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Babayev də bu cür övladlardan biridir.
Qısa arayış
Çingiz Babayev 1964-cü il oktyabrın 2-də ziyalı ailəsində anadan olub. O, İrəvan xanı Rəşidxan Makinskinin nəvəsidir. Hər şeylə maraqlanan, simaca xoşagələn və gülərüzlü bu uşaq musiqiyə, rəsm çəkməyə, ingilis dilini öyrənməyə daha çox həvəs göstərib. Orta təhsil aldığı Bakı şəhəri 20 saylı məktəbi bitirdikdən sonra sənədlərini ovaxtkı Azərbaycan Politexnik İnstitutuna verib.
O, 1992-ci ilin iyununda könüllü olaraq Milli Ordunun sıralarına yazılıb.
Qısa müddətdə hərbi hissədə özünün bacarıqlı zabit olduğunu, işinə məsuliyyətlə yanaşdığını, qərargahda yüksək nizam-intizam yaratdığını, əsgərlərin hörmət və məhəbbətini qazandığını nəzərə alaraq Çingizə baş leytenant rütbəsi verilib. 1994-cü ildə isə Azərbaycan Respublikasının müdafiə nazirinin sərəncamı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyə göndərilib. Əvvəlcə taqım komandiri, daha sonra isə bölük komandirinin siyasi işlər üzrə müavini vəzifəsinə təyin olunub.
300 nəfərə yaxın insan xilas edildi...
Baş leytenant Çingiz Babayev 1995-ci il
oktyabrın 28-də kursant
yoldaşları ilə
işdən evə qayıdan zaman dəhşətli bir faciə baş verib. Deyilənlərə görə, həmin
gün yaman tələsirmiş. Sanki qarşıda onu gözləyənləri duyubmuş
kimi, bütün işlərini o gün bitirərək sabaha heç nə saxlamaq istəməyib.
Ona görə də işlədiyi C.Naxçıvanski adına hərbi liseydə işi qurtarandan sonra evə getmək məqsədi ilə metronun “Neftçilər” stansiyasına gəlib. Əcəl burada da onu
tələsdirib. Çingiz
Babayev “Memar Əcəmi” xətti ilə hərəkət edən qatar
əvəzinə, ovaxtkı
“Bakı Soveti” qatarına minib. Lakin mənzil başına çatmaq qisməti olmayıb...
Həmin
hadisənin canlı şahidlərindən biri,
C.Naxçıvanski adına hərbi liseyin kursantı olmuş Elşən Təhməzov faciəvi hadisəni belə xatırlayır: “Sürətlə
hərəkət edən
qatar “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları
arasında qəfil dayandı. İşıqların söndüyü andan etibarən qatarda yanğın başladı. Ətrafı qatı tüstü öz ağuşuna almışdı. Həmin
çətin anlarda özünü itirməyən
Çingiz Babayev yanında olan biz kursantlara - Samirə, Ruslana, Nicata, Rüfətə, Adilə,
Əflana, Musaya, Cəfərə, Raminə,
Vyaçeslava və mənə hərəkətə
keçməyimiz üçün
əmr verdi.
Ağlaşma və qışqırıq səsləri
qatarı bürümüşdü. Baş leytenant
var gücü ilə qapını açıb bizə tunelə düşməyimizi
söylədi. Biz çətinliklə də
olsa, pəncərələri
sındırıb oradan
uşaqları və qadınları vaqondan çıxarmağa başladıq”.
Beləliklə, bütün çətinliklərə
baxmayaraq, Çingiz bir neçə dəfə körpələri,
qocaları tunel boyunca daşıyıb stansiyaya qoyaraq geri qayıdıb. Həmin vaxt
vaqonda olan əksər insanlar ondan yardım istəyiblər. İnsanların köməyinə gələnlərin
arasında hərbi məktəbin başqa kursantları da olub. Bu dəhşətli
hadisə Çingizi nə qədər sarsıtsa da, o, insanlara yardım etmək üçün bütün gücü ilə yenə vaqonlara qaçıb.
Bir qadın ondan övladına kömək
etməyini istəyib.
Komandir kursantlara tuneldə yerdə sürünən
bir qocaya kömək etmələrini
tapşıraraq özü
isə həmin uşağı qoynuna basıb və tuneli bürüyən tüstüdən cəld
uzaqlaşdırıb. Bu, Milli Qəhrəmanımızın
sonuncu qəhrəmanlığı
olub. Qəzada zərər çəkənlərin
növbəti hissəsi
çıxacağa tərəf
addımlayıblar. O isə...
Elə anadan olduğu ayda da əbədiyyətə
qovuşdu...
Əfsuslar olsun ki, neçə-neçə
insanın həyatını
qəhrəmanlıqla xilas
edən Çingiz Babayev dünyasını dəyişib. Hər şeydən xəbərsiz
olan ailəsi isə bütün gecəni Çingizi gözləməklə keçiriblər.
Oğullarından xəbər
tuta bilməyən valideynlər bu faciə barədə radioda gedən xəbər buraxılışı
vasitəsilə məlumat
alıblar: “Çingiz
bütün gecəni
evə gəlməmişdi.
Heç
vaxt evdən xəbərsiz gecikməzdi.
Anası
Səadət xanımla
həmin gecəni yata bilmədik. İşlədiyi yerə, dostlarına
zəng etdim. Balamdan bir xəbər çıxmadı. Taki radiodakı
xəbər buraxılışını
dinləyənə qədər.
O anda anladım ki, Çingiz də orada olub.
Bilirdim ki, oğlum bu faciəyə biganə qalmaz. Yüzlərlə yaralının, meyitlərin
içərisində balamı
axtardım. Sonda
xəstəxanada dünyasını
dəyişənlərin siyahısında
ən birinci sırada oğlum Çingiz Babayevin adını gördüm...”
Anası Səadət xanım qətiyyən nikbinliyini itirmir, oğlunun fədakarlığı ilə
qürur duyduğunu deyir. Onun sözlərinə
görə, hələ
də Çingizin ibtidai sinifdəki yazılarını saxlayıb:
“Bu günə qədər
onun birinci sinifdə yazdığı
dəftərləri, qiymət
cədvəllərini saxlayıram.
Musiqini və rəsm çəkməyi çox
sevirdi. Müəllimlər onu hər zaman tərifləyirdilər,
həm oxumağını,
həm də davranışını başqaları
üçün nümunə
göstərirdilər. Mənə milyonların sevgisini və qürur hissini bəxş etdi. Çingiz kimi qəhrəmanın
anası olduğuma görə fəxr edirəm. O, ölümdən
qorxmurdu. Həmişə müharibəyə getmək, döyüşmək
istədiyini deyirdi.
Çingiz az
yaşadı, amma mənalı ömür sürdü. O, Vətən
yolunda həlak oldu. Yüzlərlə insanı xilas edərək özünü
qurban verdi.
Düşünürəm ki, belə qəhrəmanlıq əsl
Azərbaycan oğluna
xas olan cəhətdir. Mən oğlumla
fəxr edirəm”.
Xatırladaq ki, 1996-cı il
noyabrın 3-də Ulu
öndər Heydər
Əliyevin Fərmanı
ilə Bakı metrosunda baş vermiş faciə zamanı öz həyat və sağlamlığı üçün
mövcud olan təhlükəyə məhəl
qoymadan zərərçəkmişlərin
xilas olunmasında xüsusi şücaət
və qəhrəmanlıq
göstərərək həlak
olmuş Azərbaycan Respublikası C.Naxçıvanski
adına hərbi məktəbin zabiti baş leytenant Babayev Çingiz Adil oğlu (ölümündən sonra)
Azərbaycanın Milli
Qəhrəmanı fəxri
adına layiq görülüb. Onu da qeyd edək
ki, şərəfinə
“Ulduz” stansiyasında abidə kompleksi ucaldılıb, C.Naxçıvanski
adına hərbi liseydə büstü qoyulub, yaşadığı binanın
önünə isə
xatirə lövhəsi
vurulub.
Müşfiqə BAYRAMLI
Yeni Azərbaycan.-
2016.- 28 oktyabr.- S.11