Bakı Atatürk
Liseyində görkəmli özbək alimi
Şuxrat Salamovla görüş keçirilib
Azərbaycanda səfərdə olan tanınmış özbək tarixçi-publisisti və görkəmli alim Şuxrat Salamov (Barlas) oktyabrın 27-də Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyində olub. Təhsil ocağından verilən məlumata görə, qonaq liseyin müəllim və şagird heyəti ilə görüşüb.
Öncə qonaq haqqında ətraflı məlumat verən liseyin rəhbəri Musa Ediz “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” və “Qarabağ: ideyalar müharibəsi” kitablarının müəllifi olan Şuxrat Salamovun imzasının Azərbaycan ictimaiyyətinə yaxşı tanış olduğunu deyib. Qeyd olunub ki, “Qarabağ: ideyalar müharibəsi” kitabında erməni daşnaklarının öz havadarlarının köməyi ilə necə ideyalar irəli sürdükləri, insanları ideoloji müharibəyə necə hazırladıqları barədə tarixi faktlar əksini tapıb.
Müəllim və şagirdlər qarşısında çıxış edən Şuxrat Salamov Dağlıq Qarabağ problemi, erməni işğalı və azərbaycanlılara, ümumən türklərə qarşı həyata keçirilən soyqırımlar barədə kitab yazmağın zərurəti barədə danışıb. O qeyd edib ki, “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” kitabında Ermənistan-Azərbaycan münaqişəsindən də bəhs olunur, ermənilərin bu ölkəyə qarşı ərazi iddiaları irəli sürməsi faktlarla ifşa edilir. Həmçinin tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının ərazisində Ermənistan adlı dövlətin yaradıldığı vurğulanır.
Çıxışına davam edən alim, eyni zamanda, gələcək yaradıcılıq planları barədə də məktəbliləri məlumatlandırıb. Şuxrat Salamov hazırda Dağlıq Qarabağ münaqişəsinin hüquqi-siyasi aspektlərini əhatə edən yeni kitab üzərində işlədiyini bildirib.
Görüşdə həmçinin Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov, özbəkistanlı opera sənətçisi Nursaid Şərif və başqaları çıxış edərək bu cür görüşlərin xüsusi əhəmiyyət daşımasından danışıblar. Natiqlər, eyni zamanda, Azərbaycan və özbək xalqları arasındakı əlaqələrin dərin tarixi köklərə malik olduğunu bildiriblər.
NADİR
Yeni Azərbaycan.-
2016.- 28 oktyabr.- S.10