Azərbaycandakı dağ yəhudiləri dini icmasına “Tövrat” hədiyyə olunub

 

Sentyabrın 1-də Bakıdakı dağ yəhudilərinin sinaqoqunda Amerika yəhudi icmasının nümayəndələri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, İsrailin Azərbaycandakı səfiri Dan Stav, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini icmaların rəhbərləri, ABŞ, Rusiya, Qırğızıstan və digər ölkələrin səfirləri, deputatlar, yəhudi icmasının nümayəndələri iştirak ediblər.

Görüşdə ABŞ-da yaşayan Mövsümovlar ailəsi tərəfindən Amerika yəhudi icması adından Azərbaycandakı dağ yəhudi dini icmasına müqəddəs “Tövrat” hədiyyə edilib.

Müqəddəs kitabın təntənəli şəkildə sinaqoqa gətirilməsi mərasimi olub.

Tədbirdə çıxış edən Azərbaycandakı dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev və icmanın digər nümayəndələri hədiyyə üçün Mövsümövlar ailəsinə təşəkkür ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında Azərbaycandakı bütün dini konfessiyaların rəhbərlərinin “Tövrat”ın gətirilməsi mərasimində iştirak etmələrinə diqqət çəkib. Dünyanın hansısa bölgəsində belə ənənənin olmadığını deyən komitə sədri Azərbaycanın dünyəvi dövlət olaraq bütün konfessiyalara hörmətlə yanaşdığını qeyd edib. Bildirib ki, bu, Azərbaycan xalqının tolerantlığının təzahürüdür. M.Qurbanlı vurğulayıb ki, Azərbaycanda yəhudilər əsrlər boyu sülh, dostluq, qarşılıqlı etimad şəraitində yaşayıblar.

İsrailin Azərbaycandakı səfiri Dan Stav bu günün yəhudilər üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Azərbaycanın multikultural ölkə kimi bütün dünyaya nümunə olduğunu diqqətə çatdırıb.

Yeni Azərbaycan.- 2016.- 2 sentyabr.- S.6