Azərbaycanın
regionlarının turizm potensialından səmərəli
istifadə olunur
Hazırda respublikanın müxtəlif bölgələrində yeni turistyerləşdirmə obyektləri yaradılır ki, bunların da sayəsində gələcəkdə ölkəmizin turizm imkanları daha da artacaq
Azərbaycanın uğurlu regional inkişaf strategiyasında bölgələrin iqtisadi potensialından, o cümlədən də turizm imkanlarından səmərəli istifadə olunması diqqəti xüsusilə cəlb edir. Azərbaycanın dövlət başçısı İlham Əliyev bütün ölkə boyu turizmin inkişafını qeyri-neft sektorunun əsas istiqamətlərindən biri elan edib. Prezident İlham Əliyev Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılışındakı çıxışında hər bir ölkə, o cümlədən də gözəl təbiətə malik Azərbaycan üçün turizm sektorunun inkişafının mühüm əhəmiyyət daşıdığına diqqət çəkərək deyib: “Hər bir ölkə, xüsusilə Azərbaycan kimi belə gözəl yerlərə, təbii sərvətlərə malik olan bir ölkə mütləq turizmi inkişaf etdirməlidir. Çünki bu, daimi gəlir mənbəyidir. Təbii sərvətlər, neft, qaz - bunlar tükənən sərvətlərdir. Ancaq ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir. Onların içərisində turizm xüsusi yer tutur”.
Azərbaycan geniş turizm potensialına malik ölkədir
Respublikamızda turizmin inkişafına dövlət səviyyəsində yüksək siyasi iradə nümayiş etdirilməsi ölkənin reallıqları ilə bağlıdır. Dünyanın ayrı-ayrı ölkələrinin iqtisadiyyatında mühüm yer tutan turizmin Azərbaycanda da geniş inkişaf perspektivləri var. Son illər ölkəmizin uğurlu sosial-iqtisadi inkişafı, möhkəm daxili sabitlik respublikamıza turist axınını şərtləndirən əsas amillərdəndir. Azərbaycanın coğrafi baxımdan əlverişli məkanda yerləşməsi, flora və fauna növlərinin müxtəlifliyi, Xəzər dənizi, infrastruktur təminatının yaxşılaşdırılması ölkəmizin turizm imkanlarını daha da artırır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi bu sahənin daha da inkişaf etdirilməsinə güclü təkan verib. Əlamətdar haldır ki, ölkəmizin regionlarında turizmin müxtəlif növlərini, o cümlədən biznes, istirahət, sağlamlıq, idman turizmlərini inkişaf etdirmək üçün hər cür imkan vardır. Elə respublikamızda turizmin perspektiv inkişaf strategiyasında da ölkənin bütün regionlarının bu sahədəki potensialından səmərəli şəkildə istifadə etmək nəzərdə tutulub.
Eyni zamanda, qısa müstəqillik tarixində Azərbaycan dövləti ölkəmizdə turizmin inkişafına nail olmaq üçün bir sıra təşkilati tədbirlər həyata keçirib, həmçinin respublikamızda turizmin inkişafını stimullaşdıran qanunvericilik bazası yaradılıb. Belə ki, Milli Məclis 1999-cu ildə “Turizm haqqında” ayrıca qanun qəbul edib. Ölkə Prezidentinin 2002-ci il 27 avqust tarixli müvafiq Sərəncamı ilə respublikamızda 2002-2005-ci illərdə turizmin inkişafına dair ayrıca Dövlət Proqramı təsdiq olunub. “2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı” respublikamızda istifadəsiz qalan turizm-kurort obyektlərinin bərpasına və yenilərinin yaradılmasına təkan verib. Azərbaycanda turizmin inkişafı ilə bağlı 2010-2014-cü illəri əhatə edən Dövlət Proqramının uğurla icra olunması nəticəsində respublikamızda turizm sənayesi yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” 2012-ci il 30 noyabr, həmçinin “Vizaların verilməsi işinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında 20 noyabr 2014-cü il tarixli müvafiq sərəncamları respublikamızın turist cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb. Prezident İlham Əliyev ölkəmizin turist cəlbediciliyinin artırılmasına göstərilən yüksək siyasi iradənin davamı olaraq 2016-cı il iyunun 1-də “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” müvafiq Fərman imzalayıb. Qeyd olunan sənədlər ölkəmizə gəlib-getməni, o cümlədən də vizaların alınmasını əhəmiyyətli dərəcədə asanlaşdırıb ki, bu da respublikamıza təşrif gətirən turistlərin sayının artmasında ifadə olunur.
Ölkənin turist cəlbediciliyinin artırılması məqsədilə müasir infrastruktur yaradılmasına böyük diqqət göstərilir
Son illərdə Azərbaycanda müxtəlif turist marşrutları üzərində beynəlxalq səviyyəli turizm mərkəzlərinin yaradılması ölkəmizin turizm reytinqinin yüksəlməsində mühüm rol oynayıb. “Şahdağ” qış-yay turizm kompleksi məhz belə yüksək səviyyəli turizm obyektlərindən biridir. “Şahdağ” qış-yay turizm kompleksi dünyadakı bu tipli komplekslərdən nadirliyi və universallığı ilə fərqlənir. Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən turizm kompleksinin ərazisi 2058 hektardır. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan “Şahdağ” qış-yay turizm kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir və ilboyu fəaliyyət göstərmək iqtidarındadır.
Başqa bir beynəlxalq səviyyəli turizm mərkəzi - “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi son 3 ildə Azərbaycanın dilbər guşələrindən olan Qəbələ rayonunda yaradılır. Bu iri kompleksin inşası bir daha təsdiq edir ki, Azərbaycanda turizmin inkişafına və bu sahədə infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilir. Layihə çərçivəsində indiyədək “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksində nəhəng infrastruktur yaradılıb, avtomobil yolunun çəkilməsi, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri görülüb. Ərazidə insanların rahat istirahəti üçün hər cür şəraitə malik infrastrukturun, o cümlədən mehmanxana, ofislər, uşaqlar üçün istirahət guşəsi və digər müvafiq obyektlərin yaradılması istiqamətində işlər davam etdirilir. Kompleksin birinci mərhələsinin açılışı 2014-cü ilin yanvarında dövlət başçısının iştirakı ilə reallaşdırılıb.
Ölkəmizdə müxtəlif turist marşrutları üzrə geniş infrastruktur qurulmasından söhbət açarkən dünya miqyasında məşhur brend hotellərin tikintisini də ayrıca vurğulamaq gərəkdir. Ölkəmizdə mehmanxana və mehmanxana tipli obyektlərin sayı isə 2003-cü illə müqayisədə 5,4 dəfə artaraq 550-yə çatıb ki, onların da böyük əksəriyyəti regionlarda yerləşir.
Azərbaycan beynəlxalq səviyyədə yüksək turizm reytinqinə malik ölkəyə çevrilib
Hazırda Azərbaycan dünya miqyasında turizm sektorunun inkişafına görə 140 ölkə arasında 36-cı yerdə qərar tutur. Ölkəmizdə həyata keçirilən uğurlu turizm siyasətinin nəticəsidir ki, dünya miqyasında Azərbaycanın turizm reytinqi əhəmiyyətli dərəcədə yüksəlib və respublikamız BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) 2013-cü il 24-29 avqust tarixində keçirilən XX Baş Assambleyasında qurumun İcraiyyə Şurasına üzv qəbul olunub. Hazırda Azərbaycan turizm sahəsində geniş beynəlxalq əlaqələr qurub. Belə ki, respublikamızla turizm sahəsində inkişaf etmiş 21 ölkə arasında “Turizm sahəsində əməkdaşlıq haqqında” hökumətlərarası saziş imzalanıb, 29 ölkə ilə isə saziş layihəsi hazırlanıb. Artıq ölkəmizin çoxlu sayda turizm müəssisəsi Dünya Turizm Təşkilatının assosiativ üzvləri sırasına daxil olub.
Yüksək dövlət qayğısı sayəsində Azərbaycanda turizmin qeyri-neft sektorunun mühüm istiqamətlərindən biri kimi sürətlə inkişaf etməsini 2002-ci ildən bəri respublikamızda təşkil olunan Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” sərgisinə marağın ildən-ilə artması da təsdiqləyir. Cari ilin aprelində 15-ci yubiley Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (AITF-2016) sərgisi böyük uğurla keçib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilən “AITF” sərgisi həmçinin bu tədbirdə daim iştirak edən Azərbaycan Turizm Assosiasiyası (“AZTA”) tərəfindən dəstəklənir.
Cari turizm mövsümündə ölkəmizə gələn turistlərin sayında böyük artım müşahidə edilir
Ölkəmizdə turizmin inkişafına göstərilən diqqət artıq öz bəhrəsini verir. Belə ki, əvvəlki illərlə müqayisədə cari turizm mövsümündə ölkəmizə gələn turistlərin sayında böyük artım müşahidə edilir. Ən önəmli cəhətlərdən biri isə odur ki, ölkəmizə üz tutan turistlər yalnız paytaxt Bakını görməklə kifayətlənməyərək regionlara da üz tuturlar. Hazırda bölgələrdəki turistyerləşdirmə obyektlərində böyük sıxlıq yaşanması da deyilənlərin təsdiqidir.
Respublikamızın dilbər
guşələrindən olan Qəbələ rayonu gözəl
təbiətinə, sıx meşələrinə, soyuq
bulaqlarına, mənzərəli çay və göllərinə,
paytaxta yaxın olmasına, müasir turizm infrastrukturuna görə
yerli və xarici turistlər üçün daha cəlbedicidir.
Hər il Qəbələdə yeni beşulduzlu hotellərin, müasir
istirahət və əyləncə mərkəzlərinin
inşası rayona gələn turistlərin sayının
sürətlə artmasına səbəb olur. Turistlərin
istirahətinin mənalı təşkili üçün
“Qafqaz Resorte”, “Qafqaz Riverside”, “Qafqaz Karvansaray”, “Qafqaz Yengicə
Termal Hotel və SPA” və “Qafqaz Sport”, “Qəbələ City”
və “Yeddi Gözəl” hotellərində, “Qəbələnd”
istirahət və əyləncə mərkəzində
yüksək şərait yaradılıb. Bu hotellərdə
təkcə son bir ayda 16 mindən çox yerli və xarici
turist dincəlib.
Qusar rayonunda yerləşən “Şahdağ”
qış-yay turizm kompleksi cari mövsümdə rekord sayda
turist qəbul edib. Əyləncə-istirahət kompleksləri arasında
özünəməxsus xidmətləri ilə seçilən
“Şahdağ”a iyun ayından bəri 25
mindən çox turist gəlib. İsti yay günlərində
sərin havası və füsunkar təbiəti ilə
seçilən “Şahdağ” qış-yay turizm kompleksini, adətən,
MDB ölkələri və Avropadan olan əcnəbi turistlər
daha çox ziyarət edirlər. Cari
mövsümdə isə ərəb ölkələrindən
olan əcnəbi turistlərin də sayı artıb.
Şabran rayonunun ərazisində yerləşən
“Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət
kompleksinin xidmətlərindən indiyədək 23 min turist
yararlanıb.
Dəniz səviyyəsindən 700 metr yüksəklikdə
yerləşən istirahət kompleksində dincələnlərin
5 min 900 nəfəri (təxminən 26 faizi) əcnəbilər
olub. Prezident İlham Əliyevin iştirakı ilə ötən
il avqustun 8-də açılan müasir
müalicə-istirahət kompleksini daha çox MDB ölkələrinin,
xüsusilə Rusiya və Qazaxıstan vətəndaşları
ziyarət edirlər.
Yay aylarında Qax rayonunun qonaq-qarası nəzərəçarpacaq
dərəcədə çoxalır. Hazırda
rayonda 12 turizm obyekti fəaliyyət göstərir. Bu obyektlərdə yerlərin sayı 800-ə
çatdırılıb. Rayon mədəniyyət
və turizm şöbəsinin müdir əvəzi Dilarə Əzizovanın
AZƏRTAC-a bildirdiyinə görə, cari ilin ötən
dövründə rayona 18 mindən çox turist gəlib.
Bu, ötən ilin müvafiq dövrü ilə
müqayisədə 3 min nəfər çoxdur. Əvvəlki illərdən fərqli olaraq, bu yay
rayona gələn xarici turistlərin sayı da nəzərəçarpacaq
dərəcədə artıb.
Azərbaycanın qədim yaşayış bölgələrindən
olan Şamaxı rayonu da son illər turistlərin diqqətini
daha çox cəlb edir. Təsadüfi deyil ki, bölgəyə gələn
istər yerli, istərsə də xarici turistlərin sayı
ildən-ilə artır. Rayon İcra
Hakimiyyətindən bildirilib ki, cari ilin ötən
dövründə Şamaxıya 58 min 780 turist gəlib.
Bu da ötən ilin müvafiq dövründəkindən
6 min 628 nəfər çoxdur. Bu il
Şamaxıya gələn xarici turistlərin sayı 2015-ci ilə
nisbətən 2 min nəfər artaraq 10 mini ötüb. Onlar əsasən ərəb ölkələrindən,
Çexiya, Yaponiya, Meksika, İran, Türkiyə və
Rusiyadan, habelə Orta Asiyadandır. Turistlərə
“Şamaxı Palace”, “Sakit göl” istirahət mərkəzlərində,
“Göy qurşağı”, “Şirvan göl” hotellərində
yüksək səviyyəli xidmət göstərilir. Zəngin flora və faunaya malik Şamaxıda antik və
orta əsr tarixi abidələri nəinki yerli, habelə xarici
turistlərin marağına səbəb olur. Qeyd edək ki, bölgədə 60-a yaxın bu
cür abidə var.
Lənkəranda turizm infrastrukturunun müasir səviyyədə
olması, turistlərə göstərilən xidmətin səviyyəsi
bu səfalı məkana üz tutan turistlərin də
sayının artmasına səbəb olub. Bu artım
yerli turistlərlə yanaşı, xarici turistlərin
sayında da müşahidə olunur. Ötən illə
müqayisədə bu il Lənkərana gələn
turistlərin sayında 20 faiz artım qeydə alınıb. Lənkəran Turizm İnformasiya Mərkəzinin
direktoru İlqar Əzimov bildirib ki, xarici turistlərin
arasında Rusiya və İrandan olan turistlər
üstünlük təşkil edir.
Müxtəlif
səpkili tədbirlər turistlərin istirahətini daha
yaddaqalan edir
Turistyerləşdirmə obyektlərində təşkil
olunan müxtəlif səpkili tədbirlər turistərin
istirahətini daha yaddaqalan edir. Bu baxımdan turizm məkanlarında
həyata keçirilən səyyar kitabxana və
açıq kitabxana layihələrini xüsusi qeyd etmək gərəkdir.
Qusar rayon
Mərkəzi Kitabxanası tərəfindən “Şəfa” və
“Qaya bulaq” istirahət mərkəzlərində səyyar
kitabxana xidməti təşkil olunub. Təqdim olunan sərgilərdə
müxtəlif mövzulu ədəbiyyat, rayonun turizm istirahət
mərkəzləri haqqında nəşrlər, folklor
nümunələri, milli mətbəx və s. barədə məlumatlardan
ibarət bukletlər nümayiş etdirilib. Gənc
kitabsevərlər arasında şeir, tapmaca və digər
müsabiqələr keçirilib, qaliblərə xatirə hədiyyələri,
uşaq jurnalları, Qusar rayonu haqqında bukletlər, yerli sənət
ustalarının əl işləri və disklər hədiyyə
edilib.
İyul-avqust aylarında Qəbələ rayonundakı
“Qəbələnd Luna Park” əyləncə və istirahət
mərkəzində təbiətin qoynunda yerli və xarici
turistlərə səyyar kitabxana xidməti göstərilib. Xidmət
zamanı tariximiz, ədəbiyyatımız, mədəniyyətimizlə
bağlı 700-dən çox kitab nümayiş olunub. Turistlərə Qəbələ rayonu haqqında nəşrlər,
müxtəlif çap məhsulları da təqdim olunub.
Lənkəran Mərkəzləşdirilmiş Kitabxana
Sistemi tərəfindən turizm məkanlarında
“Açıq kitabxana” layihəsi davam etdirilir. Layihə
çərçivəsində növbəti səyyar
kitabxana xidməti “Palmalife” hotelində təşkil olunub.
Turistlər göstərilən xidmətdən
razılıqlarını bildiriblər.
Masallı rayon Mədəniyyət və Turizm
Şöbəsinin təşkilatçılığı ilə
turizm obyektlərində və istirahət mərkəzlərində
mədəni-kütləvi tədbirlər keçirilir. Rayon Mədəniyyət
Mərkəzinin “Təravət” instrumental ansamblının,
Mahmudavar kəndinin “Halay” xalq folklor kollektivinin, Heydər Əliyev
Mərkəzinin uşaq rəqs kollektivinin iştirakı ilə
hazırlanmış musiqi nömrələri turistlər tərəfindən
alqışlarla qarşılanıb. Turizm
obyektlərində təşkil olunan kitab sərgisi də
böyük maraq doğurub.
Regionlara
turist axınının artmasında festivalların
daböyük rolu var
Son vaxtlar Azərbaycanın bölgələrində
müxtəlif festivalların keçirilməsi də ənənə
halını alıb ki, bu da regionlara turist axınının
artmasında mühüm rol oynayır. Avqustun son
günlərində Qəbələ şəhərində
keçirilən IV Beynəlxalq Mürəbbə Festivalı
da həm yerli sakinlər, həm də turistlər
üçün yaddaqalan olub. Qəbələ rayon
İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı,
Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli
Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya
Assosiasiyasının dəstəyi ilə “Qafqaz Karvansaray”
hotelinin qarşısındakı parkda keçirilən beynəlxalq
tədbirdə Türkiyə, İran, Qana, Gürcüstan,
Rusiya, Şimali Kipr, Ukrayna, Özbəkistan, Çin
şirniyyatçıları, eləcə də Azərbaycanın
30 şəhər və rayonunu təmsil edən mürəbbə
ustaları öz məhsullarını nümayiş etdiriblər.
Dünya Kulinariya Təşkilatları Birliyinin və Dünya
Xalq Yaradıcılığı Təşkilatının
himayəsi altında keçirilən festivalı izləyənlər
arasında Mədəniyyət və Turizm Nazirliyinin, Qəbələ
rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin
rəhbər şəxsləri, bir neçə ölkənin
Azərbaycandakı səfirləri, üç mindən
çox yerli və xarici turist olub.
Festivalın
açılış mərasimində mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev, Qəbələ rayon
İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev,
Milli Məclisin deputatı, Respublika Ağsaqqallar
Şurasının sədri Fəttah Heydərov, Azərbaycan
Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov və
festivalın münsiflər heyətinin sədri, Özbəkistan
Aşpazlar Assosiasiyasının prezidenti Əkbər Umarov
çıxış ediblər.
Bildirilib
ki, artıq 4 ildir Qəbələ möhtəşəm
mürəbbə festivalına ev sahibliyi
edir. 2013-cü ildə bu festivalda 11, 2014-cü ildə 20,
ötən il və bu il isə 30 şəhər və
rayondan, eləcə də ötən il 6 və bu il isə 10
xarici ölkədən şirniyyatçıların
iştirak etməsi tədbirin beynəlxalq nüfuzunun ildən-ilə
daha da artmasından xəbər verir. Qeyd edilib
ki, belə festivalların keçirilməsində əsas məqsəd
xalqımızın qeyri-maddi mədəni irsinin qorunub
saxlanmasına nail olmaqdır. Mürəbbə
festivalı Qəbələdə turizmin inkişafına da
çox böyük təkan verən amillərdən biridir.
Prezident İlham Əliyevin bir qədər bundan
əvvəl bu rayona səfəri zamanı dediyi kimi, Qəbələ
indi Bakıdan sonra Azərbaycanda ikinci turizm mərkəzidir.
Həqiqətən də, rayona hər gün
yüzlərlə yerli və xarici turist gəlir. Qəbələ artıq festivallar mərkəzinə
də çevrilib. Burada Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə hər il Beynəlxalq Musiqi
Festivalının keçirilməsi Qəbələnin
şöhrətini dünyaya yayır.
Respublikamızın
mədəniyyətini və milli kulinariyasını təbliğ
etmək məqsədi ilə keçirilən Qəbələ
mürəbbə festivalında rayonların hər birindən
8 çeşiddə mürəbbə hazırlayan 8 nəfərdən
ibarət komanda, eləcə də həmin şəhər və
rayonların bədii kollektivləri, xalq tətbiqi sənəti
ustaları iştirak ediblər. Festival əvvəlcə
yarış şəklində təşkil olunub. Bunun üçün xüsusi komissiya da
yaradılıb. Müsabiqəyə gilas,
böyürtkən, çiyələk, heyva, qoz, ərik,
gül, gavalı və digər mürəbbələr təqdim
edilib. Həmçinin bənövşə,
nanə, itburnu, qarğıdalı, cır alça, xiyar,
pomidor, yerkökü, sarı moruq, badımcan və yemiş
mürəbbələri iştirakçıların
marağına səbəb olub. Komissiya tərəfindən
28 nəfərdən ibarət münsiflər heyəti
seçilib. Münsiflər heyətinin tərkibinə
müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssislər
və digər ekspertlər daxil edilib.
Mürəbbələrin
ən yaxşı təqdimatına görə xarici ölkələr
arasında Ukrayna birinci, Şimali Kipr ikinci yeri, ən
yaxşı mürəbbə müsabiqəsində İran
birinci, Çin ikinci yeri, mürəbbələrin növ
müxtəlifliyinə görə isə Özbəkistan
birinci, Türkiyə ikinci yeri tutub. Azərbaycanın bölgələri
arasında Zərdab (gilas), İsmayıllı (böyürtkən),
Gəncə (çiyələk), Şəki (heyva), Qazax
(qoz), Zaqatala (ərik), Gədəbəy (gül), Qəbələ
(gavalı) birinci yerə layiq görülüb. Ən qeyri-adi mürəbbənin
hazırlanmasına görə Balakən rayonu (cökə
mürəbbəsi), ən çox mürəbbə təqdimatına
görə Bakı komandası, ən yaxşı təqdimata
görə Xaçmaz iştirakçıları qalib olublar.
Mürəbbə hazırlayan müəssisələr
arasında isə “Gilan Holdinq” şirkəti birinci yerə
çıxıb.
“Qəbələ
Qolf Villaları” yaxın gələcəkdə turistlərə
xoş və maraqlı istirahət imkanı təqdim edəcək
Hazırda ölkəmizin müxtəlif bölgələrində
yeni turistyerləşdirmə obyektləri yaradılır ki,
bunların da sayəsində regionların turizm imkanları
daha da artacaq.
Məsələn, Qəbələ rayonunda yeni
turizm və idman infrastrukturu layihələri uğurla icra
olunur. Hazırda Dəmiraparan
çayının sahilində, meşələrlə əhatə
olunan dağların bənzərsiz gözəlliyinə
açılan mənzərəli ərazidə Qolf İdman
Kompleksi inşa edilir. Burada 72 hektar ərazidə
qolf sahəsi salınır. Kompleksdə
qolf məşq sahəsi və qolf klubu da azarkeşlərin
istifadəsinə veriləcək. Həmçinin
hazırda ərazidə inşası sürətlə davam
etdirilən “Qəbələ Qolf Villaları” da gələcəkdə
qonaqlara xoş və maraqlı istirahət imkanı təqdim
edəcək.
Tikinti
işlərini həyata keçirən “Gilan İnşaat”
MMC-nin iş icraçısı və memarı Amin Seyfullayev
AZƏRTAC-a müsahibəsində bildirib ki, “Qəbələ
Qolf Villaları” ərazisində 66 villanın inşası nəzərdə
tutulub. Villaların 27-sinin ərazisi 600
kvadratmetr, 30-u 800 kvadratmetr və 9-u 1000 kvadratmetr olacaq. İki ildir ki, 350 min kvadratmetr ərazidə tikinti
işləri görülür və bu günədək 41
villa inşa edilib. Onların
hamısında hörgü işləri başa
çatdırılıb. Hazırda dam
örtüyü, qapı-pəncərələr
quraşdırılır, elektrik və suvaq işləri
görülür.
Bundan əlavə, 25 villanın təməli qoyulub və
hazırda hörgü işləri aparılır. Həmçinin ərazidə
2 ədəd üçmərtəbəli, 24 mənzilli
yaşayış binası, “Spa və Əyləncə Mərkəzi”
və “Uşaq bağçası” da mövcud olacaq. Villalarda və yaşayış binalarında
müasir standartlara uyğun liftlər quraşdırılacaq.
Bütün tikililərin qarşısında hovuz inşa
edilir və hər birinin ayrıca həyətyanı sahəsi
var. Villaların daxilində qonaq otağı, yemək salonu, mətbəx,
fitnes salonu, cakuzi, türk hamamı, xidmətçi
otağı, sanitar qovşaqlar və yataq otaqları mövcud
olacaq.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.- 2016.- 3 sentyabr.- S.6