Azərbaycanın
regionlarında pambıq yığımı uğurla
davam edir
2016-cı ilin əvvəlindən bəri görülmüş tədbirlər nəticəsində respublikanın ayrı-ayrı bölgələrində 50 min hektardan çox sahədə pambıq əkini təmin edilib və 100 min ton məhsul yığılması gözlənilir
Yaranmış qlobal çətinliklər fonunda respublikamızda aqrar sektorun dinamik inkişafının təmin olunması ölkənin ixrac potensialının artırılması baxımından müstəsna əhəmiyyət daşıyır. Sevindirici haldır ki, artıq ölkənin regionlarında ixrac tutumlu məhsulların istehsalının artırılmasına nail olmaq məqsədilə zəruri tədbirlər həyata keçirilir. Fermerlərə güzəştli subsidiyaların artırılması, dövriyyəyə yeni torpaqların cəlb olunması, kollektiv təsərrüfatların yaradılması, zəruri texnikanın alınması bu kimi tədbirlər sırasındadır.
Yeni iqtisadi şəraitdə ölkənin ixrac imkanlarının genişləndirilməsi baxımından ölkədə bölgələrin ənənələrinə uyğun olaraq müxtəlif növ texniki bitkilərin becərilməsinə diqqətin artırılması da təqdirəlayiq haldır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində cari ilin əvvəlindən respublikamızda texniki bitkilərin becərilməsi sahəsində ciddi dönüş yarandığını xüsusi nəzərə çatdıraraq vurğulayıb: “Bu il texniki bitkilərin istehsalı ilə bağlı çox ciddi addımlar atılıb. Bu işdə Prezident Administrasiyasının fəaliyyətini xüsusi qeyd etməliyəm və yerli icra orqanlarının rəhbərləri çox səmərəli işlədilər. Təbii ki, Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyi bu işlərdə çox fəal iştirak edirlər. Qısa müddət ərzində biz bu sahədə çox ciddi dönüş yarada bilmişik”.
Respublikamızda gəlirli sahə olan pambıqçılığın geniş inkişaf perspektivləri var
Son illərdə respublikanın bölgələrində yaradılan müasir infrastruktur, həmçinin aqrar sektorun zəruri texnika ilə təminatının gücləndirilməsi, yeni suvarma sistemlərinin yaradılması, genişmiqyaslı meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, toxumçuluğun inkişafına göstərilən diqqət digər gəlirli sahə olan pambıqçılıqda məhsuldarlığın artırılmasına geniş imkanlar açır. Pambıqçılıqda diqqət çəkən başqa bir amil satış bazarları ilə bağlıdır. Məlumdur ki, hazırda qlobal miqyasda satış bazarları uğrunda sərt rəqabət gedir. Pambıq isə elə bir strateji məhsuldur ki, onun satışı ilə bağlı hər hansı problem yoxdur, dünya birjalarında bu məhsula həmişə böyük tələbat var.
Qeyd edək ki, cari ildən etibarən 24 rayonda pambıqçılıq inkişaf etdirilir. 2015-ci ildə 18 min hektardan cəmi 30 min ton pambıq yığılıb. 2016-cı ilin əvvəlindən bəri görülmüş tədbirlər nəticəsində isə 50 min hektardan çox sahədə pambıq əkini təmin edilib. Cari ildə pambıqçılıqda 100 min ton məhsul yığılması gözlənilir. Ayrı-ayrı rayonlarda pambıq əkini və becərilməsi daha intensiv şəkildə həyata keçirilib. Respublikamızda pambıq əsasən Sabirabad, Saatlı, İmişli, Bərdə, Ağcabədi, Biləsuvar, Beyləqan, Salyan, Ağdaş, Ağsu, Neftçala rayonlarında becərilib.
Yevlax rayonunda bu il 1435 hektar sahədə pambıq əkilib. Bu da ötən ildəkindən 477 hektar çoxdur. Rayonun fermerləri pambığı əsasən “MKT İstehsalat Kommersiya” MMC-nin Yevlax filialı ilə müqavilə əsasında becərirlər. Rayonda pambığın becərilməsində suvarma, gübrələmə, kultivasiya, zərərvericilərə və xəstəliklərə qarşı mübarizə, ucvurma və sair kimi aqrotexniki tədbirlər vaxtında həyata keçirilib.
Saatlıda cari mövsümdə 8 min hektardan çox sahədə pambıq əkini həyata keçirilib. Bu məqsədlə uzun illərdən bəri rayonun Bəylər kəndi ərazisində, eləcə də Arazqırağı və Mil-Muğan kollektorunun ətrafında istifadəsiz qalan torpaqlar əkin dövriyyəsinə qaytarılıb. Eyni zamanda, iri fermerlərlə yanaşı, 3-4 hektar pay torpağı olan təsərrüfat sahibləri də “ağ qızıl” yetişdirməyə başlayıblar. Onlar müqavilə bağladıqları şirkətlər tərəfindən kənd təsərrüfatı texnikaları, toxum, dərman preparatları və gübrələrlə təmin olunublar. Gələcəkdə rayonda pambıq sahələrinin 15 min hektara çatırılması nəzərdə tutulub.
Bu il ilk dəfə olaraq Cəlilabad rayonunda da pambıq əkini aparılıb. Rayonda pambıq əkini üçün sınaq məqsədi ilə ilkin olaraq 400 hektar sahə ayrılıb. Bu ərazilər rayonun nisbətən aran hissəsində yerləşən Təzəkənd və Sabirabad kəndlərini əhatə edir. Məhsul istehsalçılarına dəstək məqsədilə Kənd Təsərrüfatı Nazirliyindən rayona traktor verilib, gələcəkdə başqa aqreqatlar da gətiriləcək. Pambıq əkini rayonda ilk dəfə həyata keçirildiyi üçün bu işə mütəxəssislər cəlb olunub.
Ucar rayonunda cari mövsümdə 510 hektar sahədə pambıq yetişdirilib. Artıq rayonda hər kəs bu sahənin yenidən sürətli və dinamik inkişaf yoluna qədəm qoyduğu, xüsusilə gələn ildən pambıqçılıqda dönüş ili olacağı qənaətindədir. Rayonda 2017-ci ildə 2500 hektar sahədə pambıq əkilməsi proqnozlaşdırılır. Hazırda pambıq əkinləri üçün münbit və daha məhsuldar sahələrin seçilməsi ilə bağlı araşdırmalar aparılır. Kənd icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, mütəxəssislərin və təcrübəli pambıqçıların fikir və təklifləri öyrənilərək ümumiləşdirilir.
Ümumiyyətlə, ölkəmizdə
pambıqçılığın inkişaf
perspektivləri kifayət qədər genişdir.
Prezident İlham
Əliyev pambıqçılıqda yeni
texnologiyaların, yeni suvarma
sistemlərinin tətbiqi sayəsində məhsuldarlığın
artacağına əminliyini bildirib: “Gələn
il 120 min hektar əkilməlidir. Yeni
texnologiyalar, yeni suvarma sistemləri tətbiq olunacaq.
Ona görə hektardan
məhsuldarlıq indiki 20 sentnerdən minimum 30 sentnerə qalxmalıdır. Belə olan halda, gələn il minimum 300 min ton pambıq yığılmalıdır.
Bu, ölkəmizə həm valyuta gətirəcək, həm
məşğulluğu təmin
edəcək”.
Regionlarda
cari mövsümün
pambıq yığımına
ciddi hazırlıq görülüb
Respublikanın pambıq əkilən bütün regionlarında
bol məhsulun yığılmasına ciddi
hazırlıq görülüb. Kənd Təsərrüfatı
Nazirliyindən bildirilib
ki, pambıq yığımı üçün
“Aqrolizinq” Açıq
Səhmdar Cəmiyyətinin
rayon bölmələrinin istifadəsində
kifayət qədər
texnika var və lazım olduqda, fermerlər texnika üçün müraciət edə bilərlər. Bu il yığım üçün nazirliyin sifarişi ilə fermerlərin istifadəsi üçün yeni texnikalar gətirilib.
ABŞ-ın John Deer və
Case brendlərinə məxsus
yüksək məhsuldarlıqlı
pambıqyığan kombaynlar,
Belarus istehsalı olan
Belarus 80X traktoru üzərində
quraşdırılan pambıq
yığan avadanlıq
və bir sıra başqa texnika bazalara yerləşdirilib.
Ümumiyyətlə, pambığın
becərilməsində bütün
texnoloji əməliyyatları
yüksək səviyyədə
yerinə yetirmək məqsədilə cari ildə 41 adda 1313 ədəd müxtəlif
kənd təsərrüfatı
texnikası alınıb.
40 ədəd traktor,
54 ədəd kotan, 48
ədəd riper, 162 ədəd
pnevmatik və 74 mexaniki çiyid səpən maşın,
119 ədəd mala, 184 ədəd
kultivator, 94 ədəd
gübrə səpən
maşın, 149 ədəd
çiləyici, 183 ədəd
traktor qoşqusu və başqa yeni texnika fermer
təsərrüfatlarının istifadəsinə verilib.
Fermerlər texnika ilə bağlı “Aqrolizinq” ASC-nin rayon bölmələrinə
müraciət edə
bilərlər. Səhmdar Cəmiyyətin 12 regionda nümayəndəliyi,
47 rayon bölməsi fəaliyyət
göstərir. Rayon bölmələrinin istifadəsində
247 ədəd traktor,
818 ədəd müxtəlif
kənd təsərrüfatı
maşını var.
Regionlarda
fermerlər bol məhsulun sevincini yaşayırlar
Son günlərdə ölkənin regionlarında
fermerlər bol məhsulun sevincini yaşayırlar.
Göyçaylı fermerlər 15 illik fasilədən sonra ilk dəfə becərdikləri
pambığın yığımına
başlayıblar. Bu münasibətlə
rayonun Mallı-şıxlı
kəndində “Məhsul
bayramı” təşkil
olunub.
Mərasimdə çıxış edənlər
aqrar sektorun inkişafına göstərilən
dövlət qayğısından
söz açıblar. Bildirilib
ki, bu il rayonda 15 ildən sonra ilk dəfə 200 hektar sahədə pambıq əkilib. Pambıqçılıqla məşğul olan fermerlər ilk gündən sahələrə
yüksək səviyyədə
aqrotexniki qulluq göstərib və bol məhsul yetişdiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə pambıq yığımına başlanılması münasibətilə fermerləri, kənd təsərrüfatı işçilərini təbrik edib. O bildirib ki, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı verdiyi tapşırıqlara əsasən ölkəmizin hər yerində olduğu kimi, Göyçayda da pambıqçılıq və baramaçılıq ənənələrinin bərpası istiqamətində mühüm addımlar atılıb. Torpaqlardan daha səmərəli istifadənin zəruriliyini diqqətə çatdıran rayon İcra Hakimiyyətinin başçısı 2017-ci ildə pambıq əkinlərinin beş dəfə artırılaraq 1000 hektara çatdırılmasının nəzərdə tutulduğunu deyib.
Bir neçə gündür ki, Ağdaş rayonunda da pambıq yığımına start verilib. Bu il rayonun 25 kəndində 1154 hektar ərazidə çiyid səpini aparılıb və sahələrdə normal bitiş alınıb. Fermerlər yüksək məhsul götürmək üçün pambıq sahələrinə aqrotexniki qulluq göstəriblər.
Ötən il rayonda cəmi 30 hektar sahədə pambıq əkini aparılmışdı. Bu il isə ötənilkindən 1124 hektar, yəni 38 dəfə çox pambıq əkilib və tarlalarda bol məhsul yetişdirilib. Pambığın vaxtında və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər edilib. Yığım kampaniyasının oktyabrın ortalarınadək başa çatdırılması nəzərdə tutulur.
Ağdaşda ötən illə müqayisədə pambıq əkininin dəfələrlə artması bu gəlirli sahənin geniş perspektivlərindən xəbər verir. Ağdaşlı fermerlər dövlətin yardımından bəhrələnərək gələn il 5 min hektar sahədə pambıq əkini aparmağı planlaşdırırlar. Bunun üçün istifadəsiz qalan bütün boş torpaq sahələrinin əkinə cəlb edilməsi nəzərdə tutulur.
Ötən illər pambığın satınalma qiymətinin aşağı olması səbəbindən Neftçala rayonunda bu sahəyə maraq ilbəil azalmışdı. Son vaxtlar pambıq əkininə dövlət tərəfindən xüsusi diqqət göstərilməsi və pambığın satınalma qiymətinin artırılması strateji məhsulun istehsalına marağı xeyli artırıb. Bu il rayonda 1500 hektardan çox sahədə pambıq əkilib.
Fermerlərin dediyinə görə, əvvəllər pambıq əkinində ciddi problemlərlə qarşılaşsalar da, bu il heç bir çətinlikləri olmayıb. Tarlalar düzgün, aqrotexniki qaydada becərildiyindən sahələrdə bol məhsul yetişib. Torpaq sahibləri yerli sort olan “ağ qızıl” əkiblər ki, bunun da hər qozası 3,5-4 qramdır. Hazırda sahələrdə pambıq yığımı sürətlə davam edir.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.- 2016.- 8 sentyabr.-S.7