Regionlarda abadlıq-quruculuq işləri uğurla davam etdirilir

Şəki-Zaqatala iqtisadi rayonuna daxil olan rayonlarda mühüm infrastruktur layihələri həyata keçirilib

Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları (2004-2008, 2009-2013 və 2014-2018-ci illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. Daha dəqiq desək, istehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə dəstək məqsədilə müxtəlif servis mərkəzlərinin, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb. Şübhəsiz, regionların sosial-iqtisadi inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur. Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev 2003-cü ildə vəzifəsinin icrasına başlayarkən regionların sosial-iqtisadi inkişafını Özünün fəaliyyətinin əsas istiqamətlərindən biri kimi elan etdi. bu hədəfə çatmaq üçün ötən dövrdə regionların sosial-iqtisadi inkişafına dair 2 çoxşaxəli Dövlət Proqramı uğurla həyata keçirilib, hazırda 3-cü Dövlət Proqramı icra olunmaqdadır. Əksər ekspertlərin də vurğuladıqları kimi, 2004-cü il fevralın 11-də təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı bölgələri dirçəldən mühüm ilkin konsepsiya adlandırmaq olar. O da qeyd edilməlidir ki, məqsədyönlü və səmərəli fəaliyyət nəticəsində 2004-2008-ci illəri əhatə edən ilk Dövlət Proqramında qarşıya qoyulan hədəflərə vaxtından tez çatmaq mümkün olub. Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının uğurla həyata keçirilməsinin ardınca isə 2009-cu il aprelin 14-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqləndi. Və həmin proqramda qarşıya qoyulan vəzifələr də uğurla yerinə yetirildi. Nəticədə, yerlərdə istehsalemal potensialı gücləndirildi. Ötən dövr ərzində ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artdı.

Hazırda isə 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı icra olunmaqdadır. Sözsüz ki, bu Dövlət proqramları qarşıya qoyulan məqsədlərə nail olunması ilə yanaşı, Azərbaycanda bir sıra sahələrdə sıçrayışlı inkişafa da təkan verib. Nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, yeni infrastrukturun qurulmasına, eləcə də regionlarda abadlıq və quruculuq işlərinin sürətləndirilməsinə zəmin yaradıb. Ötən illər ərzində regionlarda 500-dən çox sənaye müəssisəsi, o cümlədən Sumqayıtda texnologiyalartekstil parkları, Naxçıvanda sement, mərmər və avtomobil, Qazaxda sement, Gəncədə alüminium, Goranboyda gipsgips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlıqlar, Sumqayıtda kağız emalı, bitki yağları, günəş panelləri, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy və Daşkəsəndə qızıl emalı, Oğuzda qarğıdalı emalı və qlükoza, İmişlidə şəkər, bitki yağları və qarışıq yem zavodları, Masallıda mebel fabriki, yüzlərlə tikinti materialı, mebel, emal, çörək zavodu və digər müasir müəssisələr fəaliyyətə başlayıb. Yuxarıda sadalananlardan da bəlli olduğu kimi, istifadəyə verilən obyektlərin böyük əksəriyyəti regionlarda fəaliyyət göstərir. Yəni ötən 12 ildə respublikada açılan yeni yerlərinin, yaradılan yeni infrastrukturun mütləq əksəriyyəti bölgələrin payına düşüb ki, bu da bölgələrin daha da yüksək səviyyədə inkişafına yol açır. Bu gün yeni tikilən və ya təmirdən çıxmış bir sıra yeni sosial infrastrukturlar da vətəndaşların xidmətinə verilir.

2016-cı ilin ilk altı ayında Şəki-Zaqatala iqtisadi rayonunda da infrastruktur layihələri davam edib, uğurlu abadlıq-quruculuq işləri aparılıb. Məsələn, iqtisadi rayona daxil olan Qax rayonunda bu ilin ilk yarısında Kənd Təsərrüfatı Nazirliyinin yerli idarəsi üçün inzibati binanın, 180 yerlik uşaq bağçasının tikintisi başa çatdırılıb, şəhərin 28 May küçəsində 100 yerlik, Ağçay kəndində isə bir qruplu uşaq bağçası tikilərək istifadəyə verilib. Həmçinin ilin birinci yarısında əhalinin təbii qaz, elektrik enerjisi və içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində də mühüm işlər görülüb. Belə ki, bu ilin ilk altı ayında rayonda 1091 mənzil qazlaşdırılıb, 83 transformator yarımstansiyası əsaslı təmir olunub, 78 elektrik dayağı yenisi ilə əvəzlənib. Hazırda 13 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğunun tikintisi davam etdirilir.

Şəki-Zaqatala iqtisadi rayonuna daxil olan Balakən rayonunda da cari ilin birinci yarısında abadlaşdırma, tikinti, təmir və quruculuq işləri davam etdirilib. Balakən şəhərində Heydər Əliyev Fondu hesabına tikilən 100 yerlik körpələr evi-uşaq bağçası və rayon polis şöbəsinin inzibati binası istifadəyə verilib. Kənd təsərrüfatı idarəsinin və Mazımçay buraxılış məntəqəsi yaxınlığında gömrük terminalının tikintisi davam etdirilib. “Balakən-1” kiçik su elektrik stansiyasının tikintisi tamamlanıb.

Adıçəkilən iqtisadi rayona daxil olan başqa bir rayonda - Qəbələ rayonunun Bum qəsəbəsində 1264, Qəmərvan kəndində 337, Mirzəbəyli kəndində 627, Həmzəli kəndində isə 473 evə müxtəlif diametrli qaz xətləri çəkilib və sayğac quraşdırılıb. “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2014-cü il tarixli 961 nömrəli Sərəncamına əsasən Bəyli, Mirzəbəyli, Cığatelli, Seyidqışlaq, Məmmədağalı, Bunud və Həmzəli kəndlərinin hər birində 1 ədəd olmaqla (cəmi 7 ədəd) subartezian quyusu qazılaraq istifadəyə verilib. YAP Qəbələ rayon təşkilatının inzibati binasının, “Tufandağotelinin, Qəbələ Park Bulvar Kompleksinin, Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun, ASAN xidmətin inzibati binasının bu il avqustun 10-da Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub.

Qeyd edək ki, Qəbələ Park-Bulvar Kompleksinin inşasına 2013-cü ilin may ayında başlanılıb və bu il başa çatdırılıb. Qəbələ şəhərinin ərazisindən keçən, meşə sularından qidalanan Qaraçay çayının hər iki sahilində salınmış parkın ərazisində səkkiz körpü tikilib, doqquz fəvvarə, uşaqlar üçün karusel quraşdırılıb. Geniş yaşıllaşdırma işlərinin görüldüyü ərazidə müxtəlif sosial obyektlər, yay kafesi, çay evi tikilib, 3,5 kilometr uzunluğunda piyada gəzinti zolağı salınıb. Tikinti işləri zamanı çayın ətrafı da genişləndirilib, yollarda yeraltı keçidlər, hər biri 500 kubmetr su tutumu olan 41 pilləvarı su hövzəsi inşa olunub. Hazırda hövzələrə gələn suyun təmizlənməsi üçün altı kameralı sutəmizləyici qurğuçay kənarında üçmərtəbəli restoran inşa edilir. 350 qonaq üçün nəzərdə tutulan restoran açıq zallardan ibarət olacaq. Ərazidə avtomobil dayanacağı üçün xüsusi sahə ayrılıb.

Eləcə də rayondaŞinkar Holdinq” MMC tərəfindən aparılan layihələndirmə və tikinti işləri çərçivəsində 2,5 hektar ərazidə 226 nömrədən ibarət yeniQafqaz Akva Lənd” otelinin inşası davam etdirilir. Tikintisi davam etdirilən infrastruktur layihələrindən biri də “Qafqaz Daymond Akvapark”dır. Bu layihə çərçivəsində müxtəlif təyinatlı hovuzlar şəbəkəsi qurulacaq. Hovuzların ümumi su tutumu 5 min 470 kubmetr olacaq. Bundan əlavə, ərazisi 350 min kvadratmetr olan, “Qəbələnd” əyləncə mərkəzi və “Aqva Lənd” otelinin yaxınlığında dağların bənzərsiz gözəlliyinə açılan mənzərəli bir ərazidə yerləşən “Qəbələ Qolf Villaları” qonaqlara xoş və maraqlı istirahət imkanı təqdim edəcək. “Qəbələ Qolf Villaları” ərazisində 66 villa inşa edilib. Ərazidə üçmərtəbəli, 24 mənzilli iki bina, SPA və əyləncə mərkəzi, uşaq bağçası da var. Layihənin əsas özəlliyi ərazidə qolf sahələrinin olmasıdır. Burada 72 hektar ərazidə qolf sahəsi salınır. Qolf məşq sahəsi, qolf klub da azarkeşlərin istifadəsinə hazırlanır.

Bununla yanaşı, Qəbələ şəhəri Muxtar Abduyev küçəsindəki 11 ədəd beşmərtəbəli yaşayış binalarında cari təmir işləri aparılıb və şəhərin 28 may, Vahid Qəhrəmanov və 5 saylı tam orta məktəbin arxa hissəsindəki küçələrdə abadlıq işləri yekunlaşıb.

Şəki-Zaqatala iqtisadi rayonuna daxil olan Zaqatala rayonunda da abadlıq-quruculuq işləri davam etdirilib. Rayon İcra Hakimiyyəti və “RR” şirkətlər qrupu tərəfindən Aşağı Tala kəndinin ərazisində “Şimal-Qərb” brendi ilə fəaliyyət göstərəcək Sosial Ticarət Mərkəzinin tikintisi üçün layihələndirmə işləri aparılıb. Ərazidə tikiləcək obyektlərdə 600-700 yeni yerinin açılması nəzərdə tutulur. Hesabat dövründə Zaqatala rayonunda bütün maliyyə mənbələri hesabına 5 milyon 916 min manat dəyərində tikinti, təmir və abadlıq işləri görülüb. 135 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin tikintisi başa çatdırılaraq istifadəyə verilib. Bundan əlavə, rayon ərazisində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilən 21 fərdi evdən 13-nün tikintisi başa çatdırılıb və sakinlərin istifadəsinə verilib, qalan 8 evin tikintisi davam etdirilir.

Pərviz SADAYOĞLU

Yeni  Azərbaycan.- 2016.- 9 sentyabr.- S.7