Regionlarda aqrar sektorun
inkişafında yeni mərhələ
başlayıb
Respublikamızda dövlətin 60,6 milyon manat güzəştli kreditləri hesabına yaradılan 30 iri fermer təsərrüfatında məhsuldarlıq hər hektardan arpa və buğda üzrə 58-60, qarğıdalı üzrə isə təxminən 120 sentnerə çatıb
Son illərdə Azərbaycanın regional inkişaf strategiyasının uğurla həyata keçirilməsindən söhbət açarkən aqrar sektorda əldə olunan uğurları xüsusi vurğulamaq lazımdır. Davamlı və hərtərəfli dövlət dəstəyi sayəsində respublikamızda kənd təsərrüfatında əhəmiyyətli artıma nail olunub. Dünya Bankının məlumat bazasına əsasən, son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz təşkil edib. Azərbaycanda isə bu göstərici 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz çox olub ki, bu da respublikamızda aqrar sahənin dinamik inkişafını təstiqləyir.
Perspektivdə isə Azərbaycanda aqrar sahənin daha da sürətlə inkişaf edəcəyi gözlənilir. Dünya Bankının verdiyi proqnozlara görə, ölkəmizdə 2016-cı ildə kənd təsərrüfatında 4,2 faiz, 2017-ci və 2018-ci illərdə isə hər il 4 faiz olmaqla artım gözlənilir. Dünya Bankının məlumatında Azərbaycanın hesabatın əhatə etdiyi Şərqi və Mərkəzi Avropa ölkələri arasında ön yerlərdən birini tutacağı qeyd olunub. O da əlamətdar haldır ki, respublikamızda aqrar sektorun ayrı-ayrı istiqamətləri üzrə artım dinamikası ümumi inkişaf göstəricilərini daha da üstələyir.
Regionlarda yeni təsərrüfatçılıq metodlarının tətbiqi aqrar sektorun inkişafında mühüm rol oynayır
Son illərdə ölkənin regionlarında aqrar sektorun davamlı inkişafına nail olmaq məqsədilə zəruri tədbirlər həyata keçirilir. Fermerlərə güzəştli subsidiyaların artırılması, dövriyyəyə yeni torpaqların cəlb olunması, kollektiv təsərrüfatların yaradılması, zəruri texnikanın alınması bu kimi tədbirlər sırasındadır. Bütün bunlarla yanaşı, yeni təsərrüfatçılıq metodlarının tətbiqi, müasir aqrar-sənaye müəssisələrinin yaradılması sayəsində regionlarda aqrar sektorun inkişafında yeni mərhələ başlayıb. Hazırda respublikamızda iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir. Ölkənin müxtəlif bölgələrində iri fermer təsərrüfatlarının yaradılmasına Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bir neçə il bundan qabaq start verilib. Dövlət Torpaq Fondunun hesabına yaradılan iri fermer təsərrüfatlarının fəaliyyətə başlaması ilə ölkəmizdə, əslində, yeni bir kənd təsərrüfatı sisteminin formalaşdığını söyləmək mümkündür. İri fermer təsərrüfatlarının yaradılması respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Dövlət başçısının tapşırığına uyğun olaraq hazırda Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı və digər rayonlarda iri fermer təsərrüfatları yaradılır. İndiyədək 19 rayonda 40 min hektardan artıq sahədə 30 iri fermer təsərrüfatının yaradılması başa çatıb və məhsuldarlıq hər hektardan arpa və buğda üzrə 58-60, qarğıdalı üzrə isə təxminən 120 sentner təşkil edir. Qeyd edək ki, respublikamızda iri fermer təsərrüfatlarının yaradılması məqsədilə fermerlərə 60,6 milyon manat güzəştli kredit verilib.
Son illərdə intensiv metodların tətbiqi sayəsində aqrar sektorda güclü artım dinamikası heyvandarlıqda daha qabarıq şəkildə nəzərə çarpır. Artıq yeni yanaşmaların, müasir təsərrüfatçılıq metodlarının tətbiqi sayəsində ölkəmizdə heyvandarlığın inkişafı yeni mərhələyə qədəm qoyub. Nəticədə, respublikamıza xaricdən mal-qara, ət və süd məhsullarının idxalı əhəmiyyətli dərəcədə azalıb.
Həyata keçirilən bu və ya digər tədbirlər nəticəsində ötən il ölkə əhalisinin heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Hazırda respublikada heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi belədir: mal əti - 92 faiz, qoyun əti - 99 faiz, quş əti - 98,6 faiz, süd və süd məhsulları - 80 faiz, kərə yağı - 60 faiz. 2015-ci ildə respublikada mal əti ilə özünütəminat səviyyəsi 2014-cü illə müqayisədə 5 faiz, qoyun əti üzrə 2 faiz, quş əti üzrə 0,6 faiz, süd və süd məhsulları üzrə 4 faiz və kərə yağı üzrə 8 faiz artıb. Yeri gəlmişkən qeyd edək ki, yerli istehsalın artması cari ilin birinci yarısında heyvandarlıq məhsullarının əksəriyyəti üzrə idxalın həcminin kəskin şəkildə azalması ilə nəticələnib. Belə ki, idxalın həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə ət və ət məhsulları üzrə 2,8 faiz, süd və süd məhsulları üzrə 15,7 faiz, iribuynuzlu heyvanların baş sayı üzrə 74,5 faiz, xırdabuynuzlu heyvanlar üzrə 94,2 faiz, damazlıq cücə üzrə 51,6 faiz azalıb.
Ümumiyyətlə, bu sahədə qarşıya qoyulan hədəf 2016-cı ilin sonunda ölkə əhalisinin heyvandarlıq məhsullarına olan tələbatının tam yerli istehsal hesabına ödənilməsinə nail olmaqdan ibarətdir. Mütəxəssislərin qənaətinə görə, respublikanın bölgələrində heyvandarlıqda intensiv metodların tətbiqi sayəsində məhsuldarlığı 5-6 dəfə artırmaqla hədəflənən nəticələrin əldə olunması tam realdır.
Aqroparkların istifadəyə verilməsi sayəsində aqrar sektorda istehsal və ixrac imkanları daha da artacaq
Son vaxtlar Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq ölkəmizdə aqroparkların yaradılmasına başlanılıb. Bu məqsədlə aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına 43 milyon manat güzəştli kredit verilib. Məhsul istehsalının bütün mərhələlərini özündə birləşdirən aqroparkların istifadəyə verilməsi sayəsində aqrar sektorda istehsal və ixrac imkanlarının daha da artacağı proqnozlaşdırılır. Belə aqroparklardan biri də Xaçmaz rayonunun Yalama qəsəbəsində yaradılıb. Prezident İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna səfəri çərçivəsində “Yalama” Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkının açılışında iştirak edib.
Təxminən 523 hektar ərazidə salınan aqroparkın yaradılmasına birinci mərhələdə 20 milyon manat investisiya qoyulub. Layihənin ilkin mərhələsinə uyğun olaraq, 1000 başı sağmal olmaqla 3000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, müasir suvarma sistemi ilə 385 hektar sahədə iri taxılçılıq təsərrüfatı, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılıb. Zavodun davamlı və fasiləsiz xammala olan tələbatının ödənilməsi məqsədilə tutumu 4,5 min ton olan anbar və saatda 30 ton taxıl qurudan qurğu quraşdırılıb.
Təsərrüfata “Aqrolizinq” ASC vasitəsilə “Simmental” cinsindən olan 1103 baş cins heyvan gətirilib və bu günədək 601 baş bala alınıb. Hazırda təsərrüfatda yüksək yağlılıqlı və keyfiyyətli süd istehsal olunur. Müasir texnologiyalardan istifadə, cins heyvanların yemlənməsi və bəslənməsi, kənd təsərrüfatı texnikalarından istifadə qaydalarının daha dərindən mənimsənilməsi və dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi məqsədilə burada çalışan mütəxəssislərin bir qrupu Avropa ölkələrində xüsusi kurs keçib.
Aqroparkın nəzdindəki yem zavodunda hazırlanan qüvvəli yem aqroparkın tələbatını ödəməklə yanaşı, regionda fəaliyyət göstərən fermer təsərrüfatlarına da satılacaq. Heyvandarlıq kompleksinin yem bazasının formalaşdırılması üçün növbəli əkin sistemi tətbiq olunmaqla 128,5 hektar yonca, 228,5 hektar arpa və 100 hektar dənlik qarğıdalı əkilib. Arpa zəmilərində biçin başa çatdırılıb və yüksək məhsuldarlıq əldə edilib. Rentabelliyin təmin edilməsi məqsədilə arpa sahələrinin 155 hektarında ikinci əkin olaraq silosluq qarğıdalı səpilib.
Dövlət investisiyaları hesabına təsərrüfatın fasiləsiz su təminatı, eləcə də ətraf kəndlərin də suvarma suyuna olan ehtiyaclarının ödənilməsində mühüm rol oynayan 3,2 kilometr uzunluğunda beton suvarma kanalı, tutumu 50 min kubmetr olan su hovuzu tikilib, 4 subartezian quyusu qazılıb, əraziyə yol, qaz və elektrik xətləri çəkilib. Aqroparkda aqroservis mərkəzi yaradılıb, xaricdə və Gəncə avtomobil zavodunda istehsal olunan 15 adda 24 müasir texnika və aqreqatlar alınıb.
Gələcəkdə aqropark fəaliyyətini daha da genişləndirəcək. Belə ki, aqroparkda müasir texnologiyanın tətbiq edildiyi, dəyəri 12 milyon manat, gündəlik emal gücü 100 ton olan süd zavodu, 60 hektar ərazidə intensiv bağçılıq (dəyəri 3 milyon manat) və Xaçmazın Muxtadır qəsəbəsində dövlət ehtiyat fondu torpaqlarından uzunmüddətli icarəyə götürüləcək 957 hektar sahədə müasir suvarma sisteminə malik olan iri taxılçılıq təsərrüfatları (dəyəri 5 milyon manat) yaradılacaq. Aqroparkda ikinci mərhələ üzrə həyata keçiriləcək layihələrə ümumilikdə 20 milyon manat investisiya qoyulması nəzərdə tutulur.
Respublikanın daha 10 bölgəsində yeni aqroparklar yaradılacaq
Respublikanın digər bölgələrində də müasir aqroparkların yaradılması istiqamətində müvafiq işlər görülür. Hazırda Şəmkir aqroparkında 1-ci mərhələ üzrə işlər yekunlaşmaq üzrədir. Aqroparkda 26 min ton tutumu olan logistika mərkəzinin yaradılması işləri tamamlanmaq üzrədir. Bundan başqa, burada müasir suvarma sistemlərinə əsaslanan iri fermer təsərrüfatı təşkil edilib. Aqroparkın 2-ci mərhələnin icrası üçün hazırlıq işlərinə də start verilib. Ümumiyyətlə, respublikanın bölgələrində aqroparklar şəbəkəsinin genişləndirilməsi qarşıya məqsəd qoyulub. Prezident İlham Əliyev “Yalama” Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkı ilə tanışlıqdan sonra ictimaiyyətinin nümayəndələri ilə görüşdəki çıxışında belə müəssisələrin yaradılmasının önəminə diqqət çəkərək bildirib ki, ölkə miqyasında aqroparkların sayı 10-a çatdırılmalıdır: “Mən bu gün göstəriş vermişəm ki, bizim müvafiq qurumlar - Prezident Administrasiyası, İqtisadiyyat, Kənd Təsərrüfatı nazirlikləri birgə işləsinlər. Çünki belə aqroparkların sayı ən azı 10-a çatmalıdır. Belə olan halda biz heyvandarlıqla, südçülüklə bağlı bütün problemləri tamamilə həll edərik”.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-
2016.- 10 sentyabr.- S.11