Davamlı inkişaf
strategiyası nəticəsində Azərbaycanın
bütün bölgələrində mühüm irəliləyişlərə
nail olunub
Həyata keçirilən Dövlət proqramları fonunda əldə edilən uğurlardan ölkəmizin hər bir regionuna pay düşüb
Məlum olduğu kimi, ötən 12 il ərzində Azərbaycanda bütün sahələrdə əldə edilən uğurlarda regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının xüsusi payı var. Və bu istiqamətdə Naxçıvan Muxtar Respublikasında da çoxsaylı uğurlar əldə edilib. Daha dəqiq desək, Naxçıvan Muxtar Respublikasında infrastrukturun yenilənməsi, müasir müəssisələrin, yeni iş yerlərinin yaradılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasının reallaşdırılmasına əsaslı töhfələr verib. Məhz çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində məqsədyönlü islahatların aparılması, mühüm əhəmiyyətə malik Dövlət proqramlarının reallaşdırılması nəticəsində Naxçıvan sosial-iqtisadi inkişaf baxımından ölkəmizdə liderliyini qorumaqdadır. Qeyd edək ki, muxtar respublikada iqtisadi və sosial sahələrin inkişafını təmin etmək üçün tədbirlər cari ilin ilk altı ayı ərzində də davam etdirilib, dinamik inkişaf qorunub saxlanılıb.
İnkişafın ən mühüm göstəricilərindən, yəni istər maddi istehsal, istərsə də qeyri-maddi xidmətlər sahələrində iqtisadi fəaliyyətin son nəticəsini xarakterizə edən amillərdən biri ümumi daxili məhsulun artım həcmidir. Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, muxtar respublikada sənaye müəssisələri, quşçuluq, heyvandarlıq, balıqçılıq, taxılçılıq, üzümçülük təsərrüfatları, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleksləri yaradılıb, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal xeyli artıb. Bütün bu müsbət proseslər ümumi daxili məhsulun artımına səbəb olub.
Bir sözlə, ölkənin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bütün sahələrdə əldə edilən uğurlar əhalinin rifah halının yüksəlməsinə səbəb olub, tikinti-quruculuq işləri davam etdirilib. Məsələn, cari ilin ilk 6 ayı ərzində muxtar respublikada tikinti və ya əsaslı şəkildə təmirdən sonra, ümumilikdə, 95 obyekt istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, istifadəyə verilən yeni obyektlər arasında 1 peşə məktəbi, 1806 şagird yerlik 6 ümumtəhsil məktəbi, 6 səhiyyə obyekti, 7 inzibati bina, 15 mədəniyyət obyekti, 2 idman obyekti, 1 yaşayış binası, 20 istehsal və xidmət sahəsi, 37 digər infrastruktur obyektləri var. Hazırda iqtisadi və sosial sahələrdə 130 müxtəlif obyektin tikintisi və ya yenidən qurulması davam etdirilir. Eyni zamanda, ötən dövrdə səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsini yaxşılaşdırmaq məqsədilə 6 kənd mərkəzi istifadəyə verilib, 10 kənd mərkəzinin inşası isə davam etdirilir.
Bu ilin yanvar-iyun aylarında muxtar respublikada 511 milyon 840 min 500 manat həcmində sənaye məhsulu istehsal olunub ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 3 faiz üstələyib. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sənaye məhsulu istehsalının 96,6 faizi malların, 3,4 faizi isə xidmətlərin payına düşüb. Sənayenin dövlət sektorunda 18 milyon 510 min 800 manatlıq, qeyri-dövlət sektorunda isə 493 milyon 329 min 700 manatlıq məhsul istehsal olunub. İstehsal olunan sənaye məhsulunun 96,4 faizi özəl sektorun payına düşüb.
Cari ilin ilk 6 ayı ərzində muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 20 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, 32 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması hazırda davam etdirilir.
Sənaye sahəsinin inkişafı istiqamətində bank və kredit təşkilatları tərəfindən 2016-cı ilin yanvar-iyun ayları ərzində təsərrüfat subyektlərinə 370 min manat həcmində kreditin verilməsi təmin olunub. Sənayedə istehsalın genişlənməsi ixracın da həcminə müsbət təsir göstərib, cari ilin ilk altı ayında 148 milyon 950 min 100 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac edilib.
Yeri gəlmişkən, bir sıra istehsal sahələrində məhsul istehsalının həcminin artması, investisiya fəallığının güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi muxtar respublikanın iqtisadi dayaqlarını xeyli möhkəmləndirib. Cari ilin yanvar-iyun aylarında iqtisadiyyatın əsasını təşkil edən sənayenin inkişaf etdirilməsi üçün rəqabətqabiliyyətli müasir istehsal sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində mövcud layihələrin icrası davam etdirilib, stimullaşdırıcı tədbirlər həyata keçirilib. Bu sahədə mühüm malların istehsalının təmini muxtar respublikada sənayenin iqtisadiyyatda xüsusi çəkisini qoruyub saxlayıb. Cari ilin ilk altı ayı ərzində ümumi daxili məhsulun tərkibində ilk yeri 31,8 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 59,5 faiz təşkil edib.
Kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi Naxçıvanda əsas prioritet sahələrdəndir. Ekspertlər bu sahələr arasında kənd təsərrüfatının əhəmiyyətini xüsusi qeyd edirlər. Belə ki, muxtar respublika əhalisinin 70 faizi kəndlərdə yaşayır. Müasir dövrdə ən aktual problemlərdən biri kəndlərdən şəhərlərə köçməyin kütləvi hal almasıdır. Naxçıvanda isə belə bir problem yoxdur. Kəndlərdə yaşayan əhalinin məşğulluğu təmin edilib. İnsanların kənd təsərrüfatı ilə məşğul olmaları, bol məhsul əldə etmələri üçün şərait yaradılıb. Yaşayış məntəqələrində müasir infrastrukturun qurulması, yolların abadlaşdırılması, qazın, işığın davamlı verilməsi, bütün kəndlərin telefonlaşdırılması, kənddə şəhər rahatlığının ən yüksək səviyyədə təmin olunması insanların torpağa bağlılığını daha da artırıb, kənd təsərrüfatının inkişafını təmin edib.
Məlumat üçün bildirək ki, bu ilin məhsulu üçün muxtar respublikada 61 min 526 hektar sahədə əkin aparılıb. Bu da 2015-ci ilin məhsulu üçün əkilmiş sahədən 112 hektar çoxdur.
Muxtar respublikada məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə toxumçuluq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir. Bu gün muxtar respublikada 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Hazırda Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleks inşa olunur. Muxtar respublikanın əsas toxumçuluq bazası olacaq bu kompleksdə taxılla yanaşı, digər bitki toxumlarının satışının da həyata keçirilməsi nəzərdə tutulub.
Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq aqrar sektorun digər bölmələrinin inkişafında həlledici rol oynayır. Taxıl öz kaloriliyinə görə insanın ərzaq balansı rasionunun yarısını təşkil edir. Bu sahənin inkişafına qayğı, diqqət göstərmədən bir çox sahələrin inkişafı mümkün deyil. Taxıl istehsalının artırılması blokada vəziyyətində yaşayan Naxçıvan üçün xüsusilə əhəmiyyətlidir. Sevindirici haldır ki, bu sahə muxtar respublikada hər il daha da inkişaf etdirilir, yeni-yeni nailiyyətlər əldə olunur. Ötən dövrdə muxtar respublikada taxılçılıq üstün istiqamət kimi saxlanılıb və 2016-cı ilin məhsulu üçün əkilmiş 31 min 579 hektar sahədən 94 min 117 ton məhsul götürülüb.
Bu ilin məhsulu üçün muxtar respublikada 1758 hektar sahədə qarğıdalı əkini aparılıb ki, bu da bir il öncəki göstəricidən 676 hektar çoxdur. Qarğıdalı əkininin genişlənməsi muxtar respublikada dən ehtiyatlarının, həm də mal-qara üçün yaxşı yem bazasının yaradılmasına təkan verib.
Kartofçuluğun inkişafı da muxtar respublikada diqqət mərkəzindədir. Naxçıvanın torpaq-iqlim şəraiti də bu sahənin inkişafı üçün əlverişli şərait yaradıb. Son illər bu gəlirli təsərrüfat sahəsinin elmi metodologiya əsasında inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər kartofçuluğa marağı daha da artırıb, kartofçuluğun inkişafında da müsbət dinamika saxlanılıb. 2016-cı ildə 3053 hektar sahədə kartof əkini aparılıb ki, bu da 2015-ci ildə əkilmiş sahədən 86 hektar çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə və tələbatdan artıq mövsümi məhsulların ixracına geniş imkanlar yaradır. 2016-cı ilin yanvar-iyun aylarında meyvə istehsalının həcmi bir il öncəyə nisbətən 1 faiz, tərəvəz istehsalı isə 2,7 faiz artıb. Meyvəçiliyin inkişafını stimullaşdırmaq məqsədilə ilk dəfə 2016-cı ildə muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində Göycə festivalı keçirilib.
Muxtar respublikada əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə cari ilin ilk 6 ayı ərzində 1 istixana təsərrüfatı yaradılıb, 1 istixana təsərrüfatının genişləndirilməsi başa çatdırılıb. Tutumu 400 ton olan 2 soyuducu anbarın yaradılması və 1 istixana təsərrüfatının genişləndirilməsi hazırda davam etdirilir.
Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılmaqdadır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 57-si 2016-cı ilin yanvar-iyun aylarında olmaqla, müxtəlif təyinatlı 1742 kənd təsərrüfatı texnikası və avadanlıq muxtar respublikaya gətirilib. Bəhs olunan dövr ərzində 72 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilib, 11-i isə nağd yolla satılıb. Bu dövrdə məhsul istehsalçıları 4905,3 ton gübrə ilə təmin olunub.
Kənd təsərrüfatı
istehsalının ixtisaslaşdırılması, eyni zamanda,
muxtar respublika əhalisinin əkinçilik və
heyvandarlıq məhsullarına olan tələbatının
ödənilməsinə, idxaldan asılılığın
aradan qaldırılmasına və aqrar istehsal məhsullarının
ixraca çıxışının təmin olunmasına,
eləcə də bu sahədə rəqabətin daha da
güclənməsinə şərait yaradır. Cari ilin ilk altı ayında kənd təsərrüfatının
əsas sahələrindən olan heyvandarlığın
inkişafı istiqamətində tədbirlər davam etdirilib,
6 heyvandarlıq təsərrüfatı yaradılıb,
ümumilikdə, bank və kredit təşkilatları tərəfindən
bu sahəyə 6 milyon 96 min 100 manat həcmində
kreditlərin verilməsi təmin olunub. 1 iyul 2016-cı il
tarixinə muxtar respublikanın bütün təsərrüfat
kateqoriyalarında qaramalın sayı 118 min 152 baş, qoyun və
keçilərin sayı 740 min 497 baş olub ki, bu da 1 iyul
2015-ci il tarixə olan göstəriciləri müvafiq olaraq
1,7 və 2,4 faiz üstələyib. Muxtar respublikada diri çəkidə
11294,8 ton ət, 47097,5 ton süd istehsal
olunub. Bu isə 2015-ci ilin yanvar-iyun ayları ilə müqayisədə
müvafiq olaraq 1,6 və 1,7 faiz
çoxdur. Daxili bazarda tələbatın yerli
istehsal hesabına ödənilməsi məqsədilə 3
quşçuluq təsərrüfatının
yaradılması hazırda davam etdirilir.
Cari ilin bəhs
olunan dövründə kənd təsərrüfatı ilə
məşğul olan təsərrüfat subyektlərinə,
ümumilikdə, 7 milyon 233 min 500 manat məbləğində
kreditlərin verilməsi təmin edilib. Ümumilikdə isə
2016-cı ilin yanvar-iyun aylarında bir il öncəyə nisbətən
5,6 faiz çox, yəni 117 milyon 544 min 900 manat həcmində
kənd təsərrüfatı məhsulu istehsal olunub.
Muxtar respublikada iqtisadiyyatın bütün sahələrində
dövlət öz imkanları hesabına müasir
sahibkarlıq subyektlərinin formalaşmasına geniş
imkanlar yaradıb, onların öz potensiallarından səmərəli
istifadə etmələri üçün əlverişli
mühit formalaşdırıb. Naxçıvanda həyata
keçirilən iqtisadi siyasət sahibkarlığın
inkişafının sürətləndirilməsinə,
sahibkarlığın rolunun gücləndirilməsinə, bu
istiqamətdə dövlət qayğısının
artırılmasına və ən əsası mövcud
potensialın reallaşdırılmasına yönəlib.
Belə ki, cari ilin yanvar-iyun ayları ərzində muxtar
respublikada sahibkarlıq fəaliyyəti üçün verilən
kreditlərin həcmi 13 milyon 32 min 600 manat təşkil edib.
Bu kreditlərdən 9 milyon 414 min 600 manatı fərdi
sahibkarlığın inkişafına, 3 milyon 618 min manatı
isə yeni istehsal sahələrinin yaradılmasına və ya
genişləndirilməsinə sərf olunub. Ümumilikdə,
ötən dövrdə muxtar respublikada bank və kredit təşkilatları
tərəfindən 20 milyon 410 min 900 manat həcmində
kreditlərin verilməsi təmin olunub.
Yerli istehsal sahələrinin inkişafının nəticəsidir
ki, bu gün muxtar respublikada 365 növdə məhsul istehsal
edilir. Bu məhsulların 120 növü ərzaq, 245
növü qeyri-ərzaq məhsullarıdır. 107-si ərzaq, 236-sı qeyri-ərzaq olmaqla, 343
növdə məhsula olan tələbat tamamilə yerli
imkanlar hesabına ödənilir.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq
edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar
Respublikasında əhalinin məşğulluğunun
artırılması üzrə Dövlət
Proqramı”nın icrası muxtar respublikada işaxtaranların
sosial müdafiəsinin gücləndirilməsinə, səmərəli
məşğulluğun və özünüməşğulluğun
təmin edilməsinə, əmək bazarının tələbinə
uyğun peşə hazırlığının təşkilinə
geniş imkanlar yaratmaqdadır.
Cari ilin
ilk altı ayında muxtar respublikada 1811 yeni iş yeri
yaradılıb ki, bunun da 1768-i və ya 97,6
faizi daimi iş yerləridir. Əmək bazarının tələblərinə
uyğun olaraq bu ilin ötən dövründə
Naxçıvan Regional Peşə Tədris Mərkəzində
qazanxana maşinisti, traktorçu-maşınçı,
xalçaçı, aşpaz köməkçisi peşələri
və digər peşələr olmaqla, ümumilikdə, 164 nəfər
peşə kurslarına, 24 nəfər isə ixtisasartırma
kurslarına cəlb edilib. Penitensiar Xidmətin
Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində
12 məhkum qazanxana maşinisti, 10 məhkum isə daş
üzərində oyma peşələri üzrə kurslara cəlb
olunub. Bundan əlavə, Naxçıvan
Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə-ixtisas
təhsili müəssisələrində 1167 nəfər
müxtəlif peşələrə yiyələnib.
Bununla yanaşı, muxtar respublikada əhalinin keyfiyyətli
içməli su ilə təmin edilməsi, kanalizasiya sistemlərinin
yenidən qurulması istiqamətində də ardıcıl tədbirlər
həyata keçirilir. Qeyd edək ki, 2015-ci ildə
Naxçıvan şəhərdaxili içməli su və
kanalizasiya şəbəkəsi istifadəyə verilib, Culfa və
Şahbuz şəhərlərinin, eləcə də ətraf
kəndlərin içməli su və kanalizasiya şəbəkəsində
işlər tamamlanıb, evlər su ilə təmin edilib.
Hazırda Şərur, Babək, Ordubad, Kəngərli və Sədərək
rayonlarında, Naxçıvan şəhərinin Tumbul,
Qaraçuq, Bulqan və Qaraxanbəyli kəndlərində
içməli su və kanalizasiya şəbəkələrində
işlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikasının enerji təminatında
əsas yeri günəş və su elektrik stansiyaları
tutur. Belə ki, 2016-cı ilin 6 ayında muxtar respublikada
elektrik enerjisinə olan tələbatın 70 faizi bu elektrik
stansiyalarında istehsal olunub. Naxçıvan
Muxtar Respublikası Dövlət Energetika Agentliyinin mətbuat
xidmətindən bildirilib ki, agentlik tərəfindən bu ilin
ötən dövründə elektrik stansiyalarında, yüksək
və alçaq gərginlikli elektrik verilişi xətlərində,
müxtəlif gərginlikli transformator yarımstansiyalarında
qrafik əsasında əsaslı və cari təmir işləri
aparılıb.
Bu
dövrdə Naxçıvan şəhərində və
rayon mərkəzlərində mövcud hava elektrik verilişi
xətlərinin kabel xətləri ilə əvəz edilməsi
sahəsində görülən işlər davam etdirilib,
muxtar respublikanın şəhər və kəndlərində
20 yeni transformator yarımstansiyası
quraşdırılıb, 19 kilometr uzunluğunda 10 və 0,4
kilovoltluq yeni elektrik verilişi xətti çəkilib, 49
transformator təmir edilib.
Naxçıvan şəhərində smartkart tipli
sayğacların qoyulması işləri davam etdirilib, 2300 ədəd
belə sayğac quraşdırılıb. Bundan
başqa, muxtar respublikada elektrik enerjisindən sayğacdankənar
istifadənin qarşısının alınması diqqətdə
saxlanılıb, yaşayış məntəqələrində
mütəmadi reydlər keçirilib.
Tikinti-quruculuq, həmçinin infrastrukt layihələri
ilə yanaşı muxtar respublikada dəmir yolunda
daşımaların təhlükəsizliyi də daim diqqət
mərkəzində saxlanılır, qatarların fasiləsiz
hərəkəti təmin olunur. Yeri gəlmişkən, bu ilin
altı ayında Ordubad-Vəlidağ sahəsində hərəkətdə
olan yük və sərnişin qatarlarının fasiləsiz
işi təmin olunub, dəmir yolu vasitəsilə muxtar
respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının
ünvanına 30 min tona yaxın yük daşınıb, 75
min 419 sərnişin dəmir yolu nəqliyyatından istifadə
edib.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli
Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a
bildirilib ki, cəmiyyətin əməkdaşları dəmir
yollarının istismar vəziyyətini mütəmadi
yoxlayıb, baş və stansiya yollarında lazımi təmir
işləri görüb. Xidmətin səviyyəsinin yüksəldilməsi
məqsədilə profilaktik tədbirlər də gücləndirilib,
Culfa Lokomotiv Deposunda lokomotivlər 29 dəfə texniki
baxışdan keçirilib, 9 lokomotiv cari təmir edilib. Culfa
İstismar Vaqon Deposunda isə 6 ay ərzində 77 vaqon depo təmir
edilib, xidməti ərazidə 2 min 831 ədəd yararsız
şpal dəyişdirilib.
Dəmir yolu işçilərinin peşəkarlıq səviyyəsinin
artırılması da diqqət mərkəzində
saxlanılıb, 24 dəmiryolçu Naxçıvan Regional
Peşə Tədris Mərkəzində təşkil olunan
kursu bitirib. Həmçinin
dəmiryolçu peşəsinin sirlərinin dərindən
öyrənilməsi, praktik biliklərin artırılması
və kadrların hazırlanması məqsədilə
Naxçıvan Dövlət Universitetinin 8, Naxçıvan
Dövlət Texniki Kollecinin isə 13 tələbəsi işə
qəbul olunub.
Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi tərəfindən iyun ayında Ordubad dəmiryol sərnişin vağzalı və Ordubad Yol Sahəsinin inzibati binalarında, Ordubad İdarəetmə Mərkəzi və Yol Sahəsinin yardımçı binalarında, yük anbarında, sərnişin və yük platformalarında, eləcə də onları əhatə edən ərazidə kompleks tikinti, yenidənqurma və əsaslı təmir işləri davam etdirilib.
Ümumiyyətlə isə bu ilin ötən dövründə muxtar respublikada nəqliyyatın inkişafı təmin edilib, əhaliyə göstərilən xidmətin səviyyəsi yüksəldilib. Bu dövrdə Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə sərnişinlərin rahat gediş-gəlişi təmin olunub.
Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ilin birinci yarısında 4 avtobus vasitəsilə Bakıya 426 reys edilib, 12 min 889 sərnişin daşınıb. Bakıdan Naxçıvana gələn sərnişinlərin sayı isə 14 min 636 olub. Həmçinin bu ildən etibarən Naxçıvan-Batumi-Naxçıvan marşrutu da fəaliyyətə başlayıb. Şəhərdaxili və rayonlararası nəqliyyatın intensiv və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə xətlərdə olan avtobusların texniki sazlığı daim nəzarətdə saxlanılıb, vaxtaşırı təmir işləri görülüb. Bu dövrdə 139 marşrut xətti üzrə 305 avtobus vasitəsilə rayon mərkəzləri və kəndlərin hamısına gediş-gəliş təmin edilib. Avtovağzalların fəaliyyəti də diqqət mərkəzində saxlanılıb, sərnişinlərə xidmət işi lazımi səviyyədə təşkil olunub.
Bəhs edilən dövrdə əhalinin sağlamlığı, eyni zamanda, bölgəyə xarici turistlərin səfəri ilə bağlı da müvafiq addımlar atılıb. Verilən məlumatlara görə, bu ilin ilk yarısında Duzdağ Fizioterapiya Mərkəzinə “Duzdağ” oteli də daxil olmaqla, 3 min 150 müraciət ünvanlanıb. Müraciət edənlərin 110 nəfərini xarici ölkə vətəndaşları təşkil edib. Burada müalicə alanlar, əsasən, Türkiyə, Rusiya, ABŞ, Qazaxıstan, Moldova, Ukrayna, İran vətəndaşları olub. Duzdağ Fizioterapiya Mərkəzindən bildirilib ki, mərkəzə ötən il 4 minə yaxın müraciət olub. Müraciət edənlərin 228 nəfərini xarici ölkə vətəndaşları təşkil edib.
Beləliklə, görünən odur ki, Naxçıvanın hər bir sakini quruculuğun, sosial-iqtisadi inkişafın, davamlı yüksəlişin real nəticələrini öz gündəlik həyatında hiss etməkdədir. Və bu uğurlar davamlı xarakter daşıyır.
Nadir AZƏRİ
Yeni Azərbaycan.-
2016.- 16 sentyabr.- S.11