Azərbaycanın regionlarında pambıqçılığın keçmiş şöhrəti geri qaytarılır

 

Cari mövsümdə respublikanın 24 rayonunda 50 min hektardan çox sahədə pambıq əkilib və hər hektardan 20-30 sentner məhsul yığılması gözlənilir

Mənfi xarici təsirlər nəticəsində, o cümlədən də dünya birjalarında neftin qiymətinin aşağı düşməsi fonunda yaranan yeni iqtisadi şəraitdə ölkəyə digər mənbələrdən valyuta daxil olmasını təmin etmək mühüm vəzifə kimi qarşıda durur. Azərbaycanın vəziyyəti elədir ki, ölkənin geniş iqtisadi potensialından, ələlxüsus da regionların, aqrar sektorun imkanlarından səmərəli istifadə etməklə respublikanın ixrac imkanlarını genişləndirmək mümkündür. Təsadüfi deyil ki, respublikamızda qeyri-neft sektorunda, o cümlədən də aqrar sektorda yeni ixrac imkanlarının yaradılmasına dövlət tərəfindən güclü siyasi iradə göstərilir. Prezident İlham Əliyev sentyabrın 17-də Sabirabadda Onun sədrliyi ilə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində söylədiyi nitqində xüsusi olaraq vurğulayıb ki, ixracyönümlü məhsulların istehsalı bu gün ölkə qarşısında prioritet vəzifə olaraq dayanır və bu vəzifə icra edilməlidir.

Yeni iqtisadi şəraitdə ölkənin ixrac imkanlarının genişləndirilməsi baxımından ölkədə bölgələrin ənənələrinə uyğun olaraq müxtəlif növ texniki bitkilərin becərilməsinə diqqətin artırılması da təqdirəlayiq haldır. Cari ilin əvvəlindən başlayaraq bu istiqamətdə ciddi tədbirlər həyata keçirilib.

Ölkə üzrə pambıq sahələri genişləndirilir

Cari ildən etibarən ölkəmizin regionlarında gəlirli sahə olan pambıqçılığın inkişafına böyük diqqət göstərilir. Prezident İlham Əliyev pambıqçılığın inkişafının həm insanlar, həm də dövlət üçün böyük önəminə diqqət çəkərək deyib: “Sabirabad rayonundabütün başqa pambıq əkilən rayonlarımızda pambıqçılığın bərpası işi sürətlə gedəcək, biz pambıqçılığın şöhrətini bərpa edəcəyik. Bu həm insanlar, həm dövlət üçün böyük gəlir gətirən bir sahədir”.

Son illərdə respublikanın bölgələrində yaradılan müasir infrastruktur, həmçinin aqrar sektorun zəruri texnika ilə təminatının gücləndirilməsi, yeni suvarma sistemlərinin yaradılması, genişmiqyaslı meliorasiyairriqasiya tədbirlərinin həyata keçirilməsi, toxumçuluğun inkişafına göstərilən diqqət digər gəlirli sahə olan pambıqçılıqda məhsuldarlığın artırılmasına geniş imkanlar açır. Pambıqçılıqda diqqət çəkən başqa bir amil isə satış bazarları ilə bağlıdır. Məlumdur ki, hazırda qlobal miqyasda satış bazarları uğrunda sərt rəqabət gedir. Pambıq isə elə bir strateji məhsuldur ki, onun satışı ilə bağlı hər hansı problem yoxdur, dünya birjalarında bu məhsula həmişə böyük tələbat var.

Qeyd edək ki, cari ildən etibarən 24 rayonda pambıqçılıq inkişaf etdirilir. 2015-ci ildə 18 min hektardan cəmi 30 min ton pambıq yığılıb. 2016-cı ilin əvvəlindən bəri görülmüş tədbirlər nəticəsində isə 50 min hektardan çox sahədə pambıq əkini təmin edilib. Cari ildə pambıqçılıqda 100 min ton məhsul yığılması gözlənilir.

Ayrı-ayrı rayonlarda pambıq əkini və becərilməsi daha intensiv şəkildə həyata keçirilir

Respublikanın ayrı-ayrı rayonlarında pambıq əkini və becərilməsi daha intensiv şəkildə həyata keçirilir. Respublikamızda pambıq əsasən Sabirabad, Saatlı, İmişli, Bərdə, Ağcabədi, Biləsuvar, Beyləqan, Salyan, Ağdaş, Ağsu, Neftçala rayonlarında becərilib. Cari ildə Sabirabad rayonunda 6113 hektar sahədə pambıq əkilərək aqrotexniki qaydada becərilib. Bir neçə gündür ki, rayonda məhsul yığımına start verilib. İndiyədək təxminən 500 ton pambıq toplanaraq tədarük olunub. Ötən müddət ərzində pambıqçılıqda çalışan 5 min nəfərə 1 milyon manatdan artıq əməkhaqqı ödənilib. Mütəxəssislərin keçirdiyi baxışın nəticələrinə görə, cari ildə hər hektardan 20 sentner olmaqla, rayon üzrə 12 min ton məhsul istehsalı gözlənilir. 2017-ci ildə isə rayonda 15 min hektar suvarılan sahələrdə pambıq əkilməsi nəzərdə tutulub. Həmin sahələrin 2274 hektarını dövlət ehtiyat fondu, 7175 hektarını bələdiyyələrin örüş təyinatlı, 5551 hektarını isə pay torpaqları təşkil edir.

Cari ilin əvvəlindən Ağcabədi rayonunda pambıq əkini dövriyyəsinin artırılması məqsədilə bütün qüvvələr səfərbər olunub, yerli icra hakimiyyəti və bələdiyyə orqanları, keçmiş qabaqcıl təsərrüfat işçiləri, bu işə cəlb edilmiş pambıq əkini ilə məşğul olan şirkətlərlə əlaqəli qurulub. Nəticədə bu il rayon üzrə ötən illə müqayisədə 2,5 dəfə çox, yəni 3661 hektar sahədə pambıq əkilib. Əkin sahələri aqrotexniki qaydada becərilib və ilkin hesablamalara görə, hər hektardan 25-30 sentner məhsul gözlənilir. Halbuki keçən il hər hektardan cəmi 15,5 sentner məhsul götürülmüşdü. Rayonda məhsulun əsasən maşınla yığılması planlaşdırılıb və nəzərdə tutulan sahələrdə xüsusi aqrotexniki tədbirlər görülüb. Pambıq sahələrinin əkilib-becərilməsinə və məhsulun toplanmasına cəlb olunan 7000-dən çox rayon sakini işlə təmin edilib ki, bu, insanların məşğulluğu üçün çox əhəmiyyətlidir.

Rayonda pambıqçılığın inkişafı istiqamətində görülmüş müvafiq tədbirlər nəticəsində 2017-ci ildə 8000 hektarda pambıq əkilməsi nəzərdə tutulur. Bu torpaqların hamısı suvarılan torpaqlardır. Həmin sahələrin 1000 hektarı dövlət fonduna, 550 hektarı bələdiyyə fonduna, 6450 hektarı isə xüsusi mülkiyyətə aiddir. Gələn il pambıq əkiləcək torpaqların böyük əksəriyyətinin xüsusi mülkiyyətdə olması onu göstərir ki, insanların bu sahəyə marağı böyükdür.

Saatlı rayonunda da pambıqçılıqda dönüş yaranıb. Bunun nəticəsidir ki, cari mövsümdə rayon üzrə ötən ildəkindən iki dəfə çox, yəni 8109 hektar sahədə pambıq əkilib. Rayonda pambıq istehsalına 6 min nəfərə yaxın işçi cəlb olunub ki, bu da kənd rayonu üçün əhalinin məşğulluğu baxımından böyük rəqəmdir. Cari mövsümdə rayonda hər hektardan 20 sentnerdən yuxarı, ümumilikdə 20 min tona yaxın pambıq toplanması gözlənilir. Növbəti ildə isə rayon üzrə 17 min hektardan çox sahədə pambıq əkilməsi nəzərdə tutulub. Qeyd edək ki, Saatlı rayonunda illik emal gücü 90 min ton olan üç müəssisə fəaliyyət göstərir. İstehsalçılar topladıqları məhsulu əvvəlcədən bağladıqları müqavilələr əsasında həmin müəssisələrə satırlar. Müsbət haldır ki, istehsalçılar məhsullarının dəyərini elə həmin gün də alırlar.

Müasir təsərrüfat subyektlərinin fəaliyyəti pambıqçılığın inkişafında mühüm rol oynayır

Respublikamızda pambıqçılığın inkişafında qabaqcıl təcrübənin tətbiqinə geniş meydan verən müasir təsərrüfat subyektlərinin fəaliyyətinin önəmini xüsusi vurğulamaq lazımdır. “MKT İstehsalat Kommersiya” MMC respublikanın müxtəlif regionlarında pambıq əkilən sahələrin genişləndirilməsinə, bu sahədə qabaqçıl təcrübənin və innovativ metodların tətbiqinə öz töhfəsini verir. “MKT İstehsalat KommersiyaMMC-nin baş direktorunun müavini Bəhruz Camalovun məlumatına əsasən, MKT tərəfindən 24 rayon üzrə 31474 hektar sahədə pambıq əkini aparılıb. Bunun 5000 hektarı MKT-nin innovasiya təsərrüfatlarında, qalan 26474 hektarı isə 2949 fermerlə bağlanan müqavilələr əsasında əkilib. Ümumilikdə şirkət üzrə 30713 hektar sahədə çıxış alınıb. Pambıq əkininə ayrılan subsidiyalar, gübrə və pestisidlərə tətbiq olunan güzəştlər, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən gətirilən texnikaların güzəştli şərtlərlə satılması fermerlərin daha çox qazanc əldə etməsinə zəmin yaradıb. Hazırda MKT şirkəti 2817 ədəd texnika ilə fermerlərə xidmət göstərməkdədir. Şirkət tərəfindən dəyəri 2 094 425 ABŞ dolları olan 690,475 ton yüksək reproduksiyalı, məhsuldar pambıq toxumu idxal edilibmövsüm üçün toxum tələbatı tam ödənilib.

Cari mövsümdə MKT tərəfindən sahələrdən 65000 tondan artıq pambığın toplanması gözlənilir ki, bu da respublika üzrə tədarük ediləcək məhsulun 65 faizi deməkdir. Xam pambıq 13 qəbul məntəqəsində tədarük, 10 pambıqtəmizləmə zavodunda isə emal ediləcək. Qeyd edək ki, 10 pambıqtəmizləmə zavodu həm də qəbul məntəqəsi kimi fəaliyyət göstərir. Tədarük ediləcək xam pambığın emalından 24700 ton mahlıc, 32500 ton çiyid, çiyidin emalından isə 3600 ton rafinə edilmiş yağ və 21600 ton jmıx alınacaq. Daxili tələbat (iplik, tekstil, heyvandarlıq) təmin edildikdən sonra ixracdan 34 milyon ABŞ dolları məbləğində vəsaitin daxil olması gözlənilir.

Əlamətdar haldır ki, MKT-nin Yevlax, İmişli, Ağcabədi, Beyləqan, Saatlı və Samux rayonlarında yerləşən innovasiya təsərrüfatlarında 6750 hektar sahəni əhatə edən 149 ədəd pivot müasir suvarma sistemləri quraşdırılıb və bu istiqamətdə işlər davam etdirilir. Hazırda Yevlax innovasiya təsərrüfatında tam formalaşmış sahələr üzrə 45-50 sentner məhsul gözlənilir.

“CTS AGRO” MMC tərəfindən isə 2016-cı il mövsümündə respublikanın 18 rayonunda fəaliyyət göstərən 1254 fermerlə bağlanmış müqavilələr əsasında 17 min 352 hektarda, o cümlədən 2796 hektarı MMC torpaqları olmaqla, pambıq əkilib. Görülmüş tədbirlər nəticəsində 2015-ci illə müqayisədə pambıq əkini sahələri təxminən iki dəfə artıb.

“CTS AGRO” MMC-nin tabeliyində 6 pambıq emalı zavodu, 6 pambıq tədarükü məntəqəsi, Biləsuvar rayonunda təcrübə-sınaq təsərrüfatı və Şirvan pambıq emalı zavodunda yağ emalı sexi fəaliyyət göstərir. Qeyd etmək lazımdır ki, Biləsuvar rayonundakı təcrübə-sınaq təsərrüfatında 2227 hektar sahə müasir tələblərə cavab verən pivod qurğularından ibarət suvarma sistemi ilə təmin olunub ki, bu da yüksək məhsuldarlıq əldə etməyə imkan yaradır. MMC-nin mülkiyyətində 650 ədəd kənd təsərrüfatı texnikası var. Lakin pambıq əkini sahələrinin artırılması ilə əlaqədar “Aqrolizinq” xətti ilə əlavə olaraq 245 ədəd yeni, müasir, müxtəlif kənd təsərrüfatı texnikaları da alınaraq fermerlərin istifadəsinə verilib.

2016-cı il mövsümü üzrə “CTS AGRO” MMC-nin zavod və məntəqələrində aparılmış bioloji məhsuldarlıq göstəricisinə əsasən, təxminən 35 min ton xam pambığın tədarük edilməsi və nəticədə pambıq emalından əldə olunan mahlıc və digər məhsulların satışından ölkəyə təxminən 23 milyon ABŞ dolları həcmində valyuta daxil olması gözlənilir.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2016.- 22 sentyabr.- S.11