Regionlarda sahibkarlığın dəstəklənməsi uğurlu nəticələr verir
Son 12 ildə dövlət tərəfindən ölkə üzrə özəl bölmənin inkişafına həm siyasi, həm də maddi cəhətdən davamlı dəstək verilməsi sayəsində iqtisadiyyatda bu sektorun çəkisi 80 faizədək yüksəlib
Son illərdə Prezident İlham Əliyevin bəyan etdiyi “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından keçir” strateji tezisinə uyğun olaraq respublikamızda bu sahənin inkişafına böyük diqqət göstərilir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycanın regionlarının davamlı və hərtərəfli inkişaf strategiyasında özəl bölmənin potensialının daha da artırılması mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Respublikamızda 2004-cü ildən etibarən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarında özəl bölmənin inkişafının təşviq edilməsinə yönələn tədbirlərə geniş yer verilib.
Bütün ölkə boyu sahibkarlara həm siyasi, həm də maddi dəstək göstərilir
Respublikamızda dövlət özəl bölmənin inkişafına həm siyasi, həm də maddi dəstək verir. Ölkədə sahibkarlığın inkişafının təşviq edilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu təsis edilib. Fond bütün ölkə boyu sahibkarlıq subyektləri tərəfindən təqdim olunan layihələrin maddi cəhətdən dəstəklənməsində mühüm rol oynayır. Bu dəstək tədbirləri cari ilin arxada qalan dövrü ərzində də intensiv şəkildə davam etdirilib. Belə ki, Sahibkarlığa Kömək Milli Fondu regionlarda sahibkarlığın inkişafının dəstəklənməsi tədbirləri çərçivəsində cari ilin birinci yarısında ayrı-ayrı iqtisadi rayonlar üzrə bir neçə forum təşkil edib. Məsələn, Sabirabadın Qaratəpə kəndində 100-ə yaxın sahibkarın iştirakı ilə keçirilən forumda rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, iri fermer, intensiv bağçılıq, cins heyvandarlıq təsərrüfatlarının, meyvə-tərəvəz və süd emalı müəssisələrinin və üçulduzlu hotelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Tədbirdə 55 sahibkara 833 min manat güzəştli kredit verilib. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, 2016-cı ilin ötən dövründə 1460 sahibkara 78,3 milyon manat güzəştli kredit ayrılıb. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Deyilənlərdən də göründüyü kimi, respublikamızda özəl bölmənin inkişafına siyasi və maddi dəstək göstərilməsi davamlı xarakter daşıyır. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində 2004-cü ildən etibarən respublikamızda sahibkarlara böyük dəstək göstərildiyini nəzərə çatdıraraq vurğulayıb: “Biz sahibkarlığın inkişafına böyük dəstək vermişik. Güzəştli şərtlərlə 1,7 milyard manat kreditlər verilmişdir. Əgər biz bu ili də nəzərə alsaq 2 milyard manat təşkil edəcəkdir”.
Regionlarda özəl bölmənin inkişafı digər vasitələrlə də dəstəklənir
Respublikamızda özəl bölmənin inkişafına digər vasitələrlə də dəstək verilir. Son illərdə 256 sahibkarın Almaniyada iqtisadi kooperasiya üzrə ixtisas artırması təşkil olunub. Təkcə 2015-ci ildə sahibkarların maarifləndirilməsi, onlara metodiki köməyin, məsləhət və informasiya xidmətlərinin göstərilməsi məqsədilə ölkədə 3 mindən artıq sahibkarın iştirakı ilə 132 tədbir keçirilib. Regionlarda sahibkarların uzun illərdir banklarda üzləşdikləri girov probleminin həlli üçün kiçikhəcmli güzəştli kreditlərin girovsuz verilməsi məqsədilə 32 bank olmayan kredit təşkilatı əməkdaşlığa cəlb edilib və onların vasitəsilə 7 minədək fermerə 53 milyon manat kredit verilib.
Cari il sentyabrın 21-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə və Qazax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Naftalanda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün seminar keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, “Kurortların inkişaf perspektivləri”, “Biznesin əsasları, təşkili və idarə edilməsi” mövzularını əhatə edən seminarda “Azərbaycan Respublikasında 2009-2018-ci illərdə kurortların inkişafına dair Dövlət Proqramı”, kurort işçilərinin peşə səviyyəsinin artırılması, bu sahədə maarifləndirmə tədbirlərinin rolu, beynəlxalq standartlara cavab verən sanatoriya, kurort və pansionatların yaradılması, kurort infrastrukturunun inkişaf etdirilməsi, biznesin təşkili və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Sentyabr ayında bu qəbildən olan daha bir tədbir Lənkəranda təşkil olunub. Gəncə şəhərində isə bir neçə gün bundan əvvəl Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun təşkilatçılığı ilə “Regionlarda sahibkarlıq fəaliyyətinin daha da inkişafı və genişlənməsi məqsədilə, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsal olunmasında sertifikatlaşdırmanın rolu” mövzusunda tədbir keçirilib.
Regionlarda özəl bölmənin davamlı olaraq dəstəklənməsi iqtisadiyyatda bu sahənin çəkisini əhəmiyyətli dərəcədə artırıb
Respublikamızda özəl bölməyə göstərilən dövlət dəstəyi bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib. Son 12 ildə respublikamızda məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,6 dəfə artaraq 386 minə çatıb.
Ölkədə sahibkarlığın dəstəklənməsinin güclü potensiala malik aqrar sektorun və bütövlükdə regionların inkişafında mühüm rol oynadığını da ayrıca qeyd etmək lazımdır. Sahibkarlıq subyektlərinin artması sayəsində regionlardan vergi daxilolmaları əhəmiyyətli dərəcədə çoxalıb, həmçinin xərclərini yerli gəlirlər hesabına maliyyələşdirən şəhər və rayonların sayı 6-ya çatıb. Ümumiyyətlə, son 12 ildə ölkə üzrə sahibkarlara verilən kreditlərin 78 faizi, açılan iş yerlərinin isə 81 faizi regionların payına düşüb. Son illərdə dövlətin güzəştli kreditləri hesabına 43 müasir quşçuluq və 25 heyvandarlıq kompleksinin, 39 intensiv bağçılıq təsərrüfatının, 53 logistik mərkəzin və 22 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 9 süd emalı, 8 ət emalı müəssisəsinin, 28 çörək zavodunun, 46 istixana kompleksinin, 6 yem zavodunun və digər müasir müəssisələrin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olub. Beləliklə, özəl bölmənin dinamik inkişaf etdirilməsi fonunda ölkə iqtisadiyyatının strukturunda ciddi keyfiyyət dəyişiklikləri baş verib. Prezident İlham Əliyev yuxarıda bəhs olunan konfransdakı nitqində hazırda ölkə iqtisadiyyatının 80 faizdən çoxunun özəl bölmədə formalaşdığını vurğulayaraq bunu respublikamızda həyata keçirilən siyasətin nəticəsi kimi səciyyələndirib: “Sahibkarlığın inkişafı üçün çox işlər görülübdür. Bu gün Azərbaycan iqtisadiyyatının böyük hissəsi - 80 faizdən çoxu özəl sektorda formalaşır. Bu, son illər ərzində görülmüş işlərin nəticəsidir”.
Bölgələrdə müasir təsərrüfat subyektlərinin yaradılması sayəsində aqrar sektorda istehsal və ixrac imkanları daha da artacaq
Bölgələrdə müasir təsərrüfat subyektlərinin yaradılması aqrar sektorda istehsal və ixrac imkanlarının daha da artması üçün geniş perspektivlər açıb. Son vaxtlar Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq ölkəmizdə aqroparkların yaradılmasına başlanılıb. Bu məqsədlə aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına 43 milyon manat güzəştli kredit verilib. Məhsul istehsalının bütün mərhələlərini özündə birləşdirən aqroparkların istifadəyə verilməsi sayəsində aqrar sektorda məhsuldarlığın artacağı proqnozlaşdırılır.
Belə aqroparklardan biri də Xaçmaz rayonunun Yalama qəsəbəsində yaradılıb. Prezident İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna səfəri çərçivəsində “Yalama” Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkının açılışında iştirak edib. Təxminən 523 hektar ərazidə salınan aqroparkın yaradılmasına birinci mərhələdə 20 milyon manat investisiya qoyulub. Layihənin ilkin mərhələsinə uyğun olaraq, 1000 başı sağmal olmaqla 3000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, müasir suvarma sistemi ilə 385 hektar sahədə iri taxılçılıq təsərrüfatı, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılıb. Zavodun davamlı və fasiləsiz xammala olan tələbatının ödənilməsi məqsədilə tutumu 4,5 min ton olan anbar və saatda 30 ton taxıl qurudan qurğu quraşdırılıb. Təsərrüfata “Aqrolizinq” ASC vasitəsilə “Simmental” cinsindən olan 1103 baş cins heyvan gətirilib və bu günədək 601 baş bala alınıb. Hazırda təsərrüfatda yüksək yağlılıqlı və keyfiyyətli süd istehsal olunur. Müasir texnologiyalardan istifadə, cins heyvanların yemlənməsi və bəslənməsi, kənd təsərrüfatı texnikalarından istifadə qaydalarının daha dərindən mənimsənilməsi və dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi məqsədilə burada çalışan mütəxəssislərin bir qrupu Avropa ölkələrində xüsusi kurs keçib. Dövlət investisiyaları hesabına təsərrüfatın fasiləsiz su təminatı, eləcə də ətraf kəndlərin də suvarma suyuna olan ehtiyaclarının ödənilməsində mühüm rol oynayan 3,2 kilometr uzunluğunda beton suvarma kanalı, tutumu 50 min kubmetr olan su hovuzu tikilib, 4 subartezian quyusu qazılıb, əraziyə yol, qaz və elektrik xətləri çəkilib. Aqroparkda aqroservis mərkəzi yaradılıb, xaricdə və Gəncə Avtomobil Zavodunda istehsal olunan 15 adda 24 müasir texnika və aqreqatlar alınıb.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.- 2016.- 24 sentyabr.- S.11