Ölkənin enerji
təminatının daha da
gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər
görülüb
Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr nəticəsində paytaxt Bakının və bölgələrin elektrik enerjisi ilə təchizatında mühüm nailiyyətlər əldə olunub
Hazırda dünyada qlobal maliyyə böhranı hökm sürdüyü halda Azərbaycanda bütün sahələrdə uğurlar əldə edilməkdədir. Bunun əsasında duran başlıca amil isə Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən inkişaf strategiyasıdır. Heç şübhəsiz, bu inkişaf strategiyasının mühüm halqalarından biri regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarıdır. Çünki məhz bu Dövlət proqramları sayəsində Azərbaycanda bütün sahələrdə mühüm irəliləyişlərə nail olunub. Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr respublikamızı infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb.
Heç şübhəsiz, son illərdə məqsədyönlü siyasət sayəsində Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsindən söhbət açarkən respublikanın enerji təminatının güclənməsini də xüsusi qeyd etmək lazımdır. 2004-cü ildən etibarən bu sahədə ardıcıl surətdə həyata keçirilən tədbirlər sayəsində paytaxt Bakının və bölgələrin elektrik enerjisi ilə təchizatında, sözün əsl mənasında, dönüş yaranıb. Belə ki, ötən müddətdə Azərbaycanın elektrik enerjisi sistemində 25 yeni elektrik stansiyası istismara buraxılıb, 10 min kilometrdən çox yeni elektrik xətləri çəkilib, 1500-dən çox yarımstansiya inşa edilib və yaxud yenidən qurulub. Nəticədə 2400 meqavatdan artıq yeni generasiya gücləri əldə edilib. Ölkənin enerji təminatının daha da gücləndirilməsi istiqamətində tədbirlər 2015-ci ildə də davam etdirilib. Belə ki, ötən il Azərbaycanın regionlarında 2 elektrik stansiyası istifadəyə verilib, 1289 transformator və 20 yarımstansiya quraşdırılıb və ya təmir olunub, 8200 kilometrdən artıq elektrik xətti çəkilib. Hazırda respublikanın elektrik enerjisi sisteminin tərkibində 13 istilik və 15 su elektrik stansiyası fəaliyyət göstərir. Respublika ərazisindəki istilik və su elektrik stansiyalarının ümumi layihə gücü 6 231.6 MVt-a bərabərdir. Bir sözlə, ölkə ərazisindəki bütün enerji güclərinin uğurlu istismarı müvəffəqiyyətlə təmin olunur və bu istiqamətdə addımların atılması davamlı xarakter daşıyır.
İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi, itkilərin azaldılması energetiklərin ən mühüm vəzifələrindən biridir. Enerji təchizatı müəssisələrinin daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə həyata keçirilən yenidənqurma işləri çərçivəsində respublikanın bütün bölgələrində enerji təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməkdədir.
Beləliklə, yuxarıda sadalananlardan da aydın olduğu kimi, ölkəmizdə bütövlükdə, elektrik enerjisinin təminatı sahəsində ardıcıl tədbirlər görülüb, mühüm nailiyyətlər əldə olunub. Eyni zamanda, bu istiqamətdə işlər hazırda da davam etdirilməkdədir.
Məsələn, “Azərişıq” ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri üzrə elektrik şəbəkəsinin qoyuluş gücü son 10 ildə iki dəfədən çox artırılıb. Belə ki, Bakı şəhəri üzrə elektrik şəbəkəsinin qoyuluş gücü 2006-cı ildəki 3 min 48 meqavatdan 2016-cı ilə 6 min 200 meqavata çatdırılıb. Texniki itkilər 16,9 faizdən 7,8 faizə endirilib. O da bildirilib ki, güc defisiti və ifrat yüklənmələr aradan qaldırılıb. Həmçinin Bakı şəhərində, eləcə də respublikamızda ilk dəfə 110 kilovoltluq dairəvi elektrik təchizat sistemi yaradılıb. İstehlakçıların fasiləsiz və dayanıqlı şəkildə elektrik enerjisi ilə təchizatı təmin edilib.
Bu məqamda vurğulayaq ki, cari ilin avqust ayında “Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) 826,5 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib. 2016-cı ilin 8 ayı ərzində isə stansiyada elektrik enerjisi istehsalı 4 milyard 231,5 milyon kilovat-saatdan artıq olub. “Azərenerji” ASC-nin mətbuat xidmətindən bildirilib ki, cari ili son üç ayı ərzində “Azərbaycan” İES-də 4 saylı enerji bloku təmir edilib, 7 saylı enerji bloku isə təmirə dayandırılıb. Digər enerji blokları isə təftiş edilib və aşkar edilmiş nasazlıqlar aradan qaldırılıb. 8 blokdan ibarət, ümumi gücü 2400 MVt olan bu elektrik stansiyasının birinci bloku 1981-ci ildə, sonuncu bloku isə 1990-cı ildə istismara verilib.
Dövlət başçısının bu sahəyə xüsusi diqqət və qayğısı sayəsində elektrik enerjisinin təminatı sahəsində görülən işlər bölgələrin enerji ilə təchizatında mühüm irəliləyişlərin əldə olunması ilə nəticələnib. Yeri gəlmişkən, avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İsmayıllı-2” Su Elektrik Stansiyasının açılışında iştirak edib. “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına məlumat verib ki, ümumi layihə gücü 1,6 meqavat olan stansiyanın əsas komponentləri suqəbuledici, hər birinin uzunluğu 2115 metr, diametri 800 millimetr olan üç boru, stansiyanın binası, nəzarət, mühafizə, idarəetmə və uçot sistemləri, ümumi layihə gücü 1,6 meqavatlıq üç hidroturbin və üç hidrogenerator, 10 və 0,4 kilovoltluq yarımstansiya və elektrik verilişi xətlərindən ibarətdir.
Diqqətə çatdırılıb ki, “İsmayıllı-1” Su Elektrik Stansiyasının aşağı byefindən çıxan təmizlənmiş su “İsmayıllı-2” Su Elektrik Stansiyasına daxil olacaq. Beləliklə, İsmayıllı su elektrik stansiyası ümumi gücü 3,2 meqavat olan su elektrik stansiyaları silsiləsini təşkil edəcək. Rayonun Sumağallı kəndi yaxınlığında inşa edilən derivasiya tipli su elektrik stansiyası ildə 8 milyon kilovat-saat ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal etmək imkanına malikdir.
Bundan başqa, Ucar rayonunun Qazıqumlaq kəndində 35/10 kva-lıq yeni elektrik yarımstansiyası istismara verilib. Rayon İcra Hakimiyyətindən verilən məlumatda bildirilir ki, bu yarımstansiya Qazıqumlaq və ətraf kəndlərin elektrik enerjisi ilə normal təminatına imkan verib. Eyni zamanda, Ucar şəhərində, Qazıqumlaq, eləcə də Müsüslü və Təzə Şilyan kəndlərində istismar müddətini başa vuran elektrik verilişi xətləri sip kabellərlə əvəzlənib.
Gücü 0,3 meqavat olan “Astara-1” və ümumi gücü 3,6 meqavat olan “Oğuz” su elektrik stansiyalarının (SES) tikintisi başa çatmaq üzrədir. “Azərenerji” ASC-nin mətbuat xidmətindən bildirilib ki, hazırda kiçik çaylar üzərində SES-lərin tikintisi davam etdirilir. Belə ki, gücü 1 meqavat olan “Qusar-1”, gücü 1,6 meqavat olan “İsmayıllı-1”, ümumi gücü 3,1 meqavat olan “Göyçay” kiçik su elektrik stansiyaları artıq işə salınıb. Gücü 1,5 meqavat olan “Balakən-1” və gücü 1,6 meqavat olan “İsmayıllı-2” kiçik su elektrik stansiyaları isə istismara tam hazırdır və bu stansiyalarda test rejimində elektrik enerjisi istehsal edilir.
Bərdədə isə elektrik təsərrüfatı yenidən qurulur. Bərdə rayon İcra Hakimiyyətindən bildiriblər ki, rayonda istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması istiqamətində tədbirlər görülür. Cari ildə rayonun Əmirli, Dəymədağıldı, Kərimbəyli kəndlərinin və Güloğlular kəndinin yeni yaşayış məhəlləsinin elektrik şəbəkələri yenidən qurulub. 376 ədəd 10 kilovoltluq (kV), 2 min 981 ədəd 0,4 kV-luq yeni beton və dəmir dirəklər basdırılıb, 296 ədəd yeni sayğac quraşdırılıb. 21,845 kilometr naqil yenisi ilə əvəz edilib, 64,391 kilometr SİP kabel çəkilib.
Şəbəkədə 831 ədəd qüsurlu sayğac yenilənib. Qaradəmirçi yarımstansiyasında 3 ədəd KRN-10 vakuum açarı və rayon mərkəzində 9 ədəd yeni Komplekt Transformator Məntəqəsi quraşdırılıb, 108 ədəd 10/04 kV-luq transformator yarımstansiyası təmir edilib. Hazırda Tumaslı, Cumalar, Lənbəran, Əyricə, Kələntərli, Qasımbəyli və Mollalı kəndlərinin elektrik şəbəkələrinin yenidən qurulması işləri aparılır. Canavarlı yarımstansiyasında qapalı yarımstansiya quraşdırılır.
Elektrik enerjisi ilə təminat sahəsində əldə edilən uğurlar ölkədə sənaye məhəllələrinin inkişafına da təkan verir. Məsələn, hazırda Sumqayıt Kimya Sənaye Parkında istehsal müəssisələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı istiqamətində işlər aparılır. Belə ki, istehsal müəssisələrini fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində 110/35/6.3 kV-luq 2 yarımstansiya fəaliyyət göstərəcək. Hazırda yarımstansiyada avadanlıqların quraşdırılması işləri aparılır.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yarımstansiyanın 2016-cı ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Sənaye Parkında digər yarımstansiyanın tikintisinə isə yaxın vaxtlarda başlanacaq. Yarımstansiyalarda 8 transformator quraşdırılacaq. Bundan başqa, hər iki yarımstansiya arasında əlaqə yaradılacaq ki, bu da dayanıqlı enerji təchizatını təmin edəcək.
Müasir sənaye parkları konsepsiyasına uyğun olaraq, Sumqayıt Kimya Sənaye Parkının kommunikasiya xətləri, o cümlədən daxili elektrik verilişi xətləri yeraltı texniki qalereya vasitəsi ilə çəkilir. Sumqayıt Kimya Sənaye Parkının hazırda 9 rezidenti var. Sənaye Parkında rezidentlər üçün bir sıra güzəştlər tətbiq edilir. Bununla yanaşı, SKSP rezidentlərə texniki infrastrukturun təchizatı baxımından müasir yanaşma təklif edir, zəruri infrastruktur şəbəkəsinə dərhal qoşulmaq imkanı yaradılır.
Nadir AZƏRİ
Yeni Azərbaycan.- 2016.- 29 sentyabr.- S.8