Regionlarda turizmin inkişafı strateji prioritetlərdən biri kimi müəyyənləşdirilib
Turizm sahəsində
həyata keçirilən
uğurlu siyasət bölgələrin sosial-iqtisadi
inkişafına mühüm
töhfələr verir
Azərbaycanda həyata keçirilən
davamlı islahatlar sayəsində bütün
sahələrin paralel
tərəqqisi təmin
edilib. İslahat xarakterli davamlı
tədbirlər Azərbaycanın
dinamik inkişafını
təmin etməklə
yanaşı, gələcək
tərəqqinin əsaslarını
formalaşdırıb. Şübhəsiz, yeni mərhələdə
iqtisadi sektorda ardıcıl islahatların
davam etdirilməsi müəyyən olunmuş
hədəflərə çatmağa
imkan verəcək.
Əlbəttə, ötən dövr
ərzində qeyri-neft
sektorunun inkişaf etdirilməsi, paytaxtda və regionlarda sosial və iqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla
yerinə yetirilməsi
üçün tam şərait
yaradır. Bu da, öz növbəsində,
Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik və uzaqgörən siyasət yürütdüyünü təsdiq
edir. Yəni ölkədə iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi və bu istiqamətdə mühüm qərarların
qəbul olunması hazırkı dövrdə
effektiv iqtisadi siyasətin yürüdülməsinə
etibarlı zəmin yaradır.
Turizmin inkişafı diqqət mərkəzindədir
Yeni iqtisadi kursun fonunda turizmin inkişafı istiqamətində müəyyən
edilmiş tədbirlərin
ardıcıl və sistemli şəkildə davam etdirilməsi də diqqət mərkəzindədir. Ümumiyyətlə, Prezident İlham Əliyev Azərbaycanda turizmin inkişafını
qeyri-neft sektorunun əsas istiqamətlərindən
biri elan edib və bu
istiqamətdə atılan
addımlar artıq öz bəhrəsini verir. Son illər
ölkəmizin uğurlu
sosial-iqtisadi inkişafı,
möhkəm daxili sabitlik respublikamıza turist axınını şərtləndirən əsas
amillərdəndir. Azərbaycanın coğrafi baxımdan əlverişli məkanda yerləşməsi, flora və
fauna növlərinin müxtəlifliyi,
Xəzər dənizi,
infrastruktur təminatının
yaxşılaşdırılması ölkəmizin turizm imkanlarını daha da artırır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı
ilə 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi
bu sahənin daha da inkişaf
etdirilməsinə güclü
təkan verib. Əlamətdar haldır ki, ölkəmizin regionlarında turizmin müxtəlif növlərini,
o cümlədən biznes,
istirahət, sağlamlıq,
idman turizmlərini inkişaf etdirmək üçün hər cür imkan var. Elə respublikamızda turizmin perspektiv inkişaf strategiyasında
da ölkənin bütün regionlarının
bu sahədəki potensialından səmərəli
şəkildə istifadə
etmək nəzərdə
tutulub. Beləliklə, respublikamızda turizm potensialı paytaxt Bakı ilə yanaşı, şimal, şimal-qərb,
cənub və qərb bölgələrində
inkişaf etdirilir.
Ötən dövr ərzində
Azərbaycan dövləti
ölkəmizdə turizmin
inkişafına nail olmaq
üçün güclü
siyasi iradə nümayiş etdirərək
bir sıra təşkilati tədbirlər
həyata keçirib,
həmçinin respublikamızda
turizmin inkişafını
stimullaşdıran qanunvericilik
bazası yaradılıb.
Belə ki, Milli Məclis
1999-cu ildə “Turizm haqqında” ayrıca qanun qəbul edib. Ölkə Prezidentinin 2002-ci il
27 avqust tarixli müvafiq Sərəncamı
ilə respublikamızda
2002-2005-ci illərdə turizmin
inkişafına dair ayrıca Dövlət Proqramı təsdiq olunub. “2009-2018-ci illərdə
Azərbaycan Respublikasında
kurortların inkişafı
üzrə Dövlət
Proqramı” respublikamızda
istifadəsiz qalan turizm-kurort obyektlərinin bərpasına və yenilərinin yaradılmasına
təkan verib. Azərbaycanda turizmin inkişafı
ilə bağlı
2010-2014-cü illəri əhatə
edən Dövlət Proqramının uğurla
icra olunması nəticəsində respublikamızda
turizm sənayesi yeni mərhələyə
qədəm qoyub.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasına gələn
əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
viza rəsmiləşdirilməsi
sahəsində təxirəsalınmaz
tədbirlər haqqında”
2012-ci il 30 noyabr tarixli Sərəncamı respublikamıza
turistlərin gəlib-getmələrini
asanlaşdırmaqla ölkəmizin
turist cəlbediciliyini
əhəmiyyətli dərəcədə
artırıb. Belə ki,
bu sənədə əsasən onlayn viza sisteminin tətbiqi ilə Azərbaycana gəlmək
istəyən əcnəbilər
vizaları elektron qaydada əldə edə bilirlər. Bu sistem sənədləşmənin
daha asan aparılmasına və vaxta qənaət edilməsinə şərait
yaradır.
Onu da qeyd edək ki, hazırda Azərbaycan dünya miqyasında turizm sektorunun inkişafına görə 140 ölkə
arasında 36-cı yerdə
qərar tutur. Ölkəmizdə
həyata keçirilən
uğurlu turizm siyasətinin nəticəsidir
ki, dünya miqyasında Azərbaycanın
turizm reytinqi əhəmiyyətli dərəcədə
yüksəlib və respublikamız BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) 2013-cü il 24-29 avqust
tarixində keçirilən
XX Baş Assambleyasında
qurumun İcraiyyə Şurasına üzv qəbul olunub. Hazırda Azərbaycan turizm sahəsində geniş beynəlxalq əlaqələr
qurub. Belə ki, respublikamızla turizm sahəsində inkişaf etmiş 21 ölkə arasında “Turizm sahəsində əməkdaşlıq haqqında”
hökumətlərarası saziş imzalanıb, 29 ölkə ilə isə saziş layihəsi hazırlanıb.
Artıq
ölkəmizin çoxlu
sayda turizm müəssisəsi Dünya
Turizm Təşkilatının
assosiativ üzvləri
sırasına daxil olub.
Yüksək dövlət qayğısı
sayəsində Azərbaycanda
turizmin qeyri-neft sektorunun mühüm istiqamətlərindən biri
kimi sürətlə
inkişaf etməsini
2002-ci ildən bəri
respublikamızda təşkil
olunan Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər”
sərgisinə marağın
ildən-ilə artması
da təsdiqləyir. Cari ilin
aprelində 15-ci yubiley
Azərbaycan Beynəlxalq
“Turizm və Səyahətlər” (AITF-2016) sərgisi
böyük uğurla
keçib. Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilən
“AITF” sərgisi həmçinin
bu tədbirdə daim iştirak edən Azərbaycan Turizm Assosiasiyası
(“AZTA”) tərəfindən dəstəklənir.
Azərbaycanın zəngin turizm potensialı ölkənin
bütün bölgələrində
cəmləşib
Azərbaycanın zəngin turizm potensialı paytaxt Bakı ilə yanaşı, ölkənin
bütün bölgələrində
cəmləşib. Buna görə də hər bölgənin turizm sahəsində potensialı və ənənələri əsas
götürülməklə müvafiq infrastruktur qurulmasına diqqət yetirilir. Başqa sözlə desək,
ölkəmizin turizm siyasəti kompleks xarakter daşıyır.
Təsadüfi deyil ki, hazırda respublikanın ayrı-ayrı regionlarında
yüksək şəraitə
malik turizm obyektləri böyük uğurla fəaliyyət göstərir. Prezident
İlham Əliyev “Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı”nın icrasının
ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində respublikamızın
regionlarında “Şahdağ”,
“Naftalan”, “Duzdağ” kimi dünya səviyyəli turizm obyektlərinin olduğuna diqqət çəkib.
Son illərdə ölkəmizdə
turizmin inkişafında
diqqətəlayiq uğurların
qazanılmasından məmnunluğunu
ifadə edən dövlət başçısı
ölkəyə çoxlu
sayda turistin gəlməsinə nail olmaq
üçün daha fəal işləmək lazım gəldiyini vurğulayıb. Prezident İlham Əliyev
həmçinin turistləri
maraqlandıran ənənəvi
sənət növlərinin
inkişaf etdirilməsinin
zəruriliyini ön plana çəkib.
Ölkənin regionlarında müxtəlif
turist marşrutları
üzrə geniş infrastruktur qurulmasından söhbət açarkən
dünya miqyasında məşhur brend hotellərin tikintisini ayrıca vurğulamaq gərəkdir. Ölkəmizdə
mehmanxana və mehmanxana tipli obyektlərin sayı
2003-cü illə müqayisədə
5,4 dəfə artaraq 500-ü ötüb
ki, onların da böyük əksəriyyəti regionlarda
yerləşir.
İslahat xarakterli kompleks
tədbirlər regionların
sosial-iqtisadi inkişafını
sürətləndirib
Beləliklə, turizm sahəsində həyata keçirilən uğurlu siyasət həm ümummilli tərəqqiyə, həm də regionların dinamik sosial-iqtisadi inkişafına müstəsna töhfələr verir. Ümumiyyətlə, Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasında regionların da payı ilbəil artır. Bu da, ilk növbədə, bölgələrin ənənələri, inkişaf perspektivləri, əmək resursları və digər cəhətlər nəzərə alınmaqla qəbul edilən məqsədli Dövlət proqramları nəticəsində mümkün olur. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Belə ki, Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb.
Göründüyü kimi, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı konseptual əsaslara söykənir. Dövlət başçısı İlham Əliyev 2003-cü ildə vəzifəsinin icrasına başlayarkən regionların sosial-iqtisadi inkişafını Özünün fəaliyyətinin əsas istiqamətlərindən biri kimi elan etmişdi. Bu hədəfə çatmaq üçün ötən müddət ərzində regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı hazırlanıb və 2-si artıq uğurla həyata keçirilib. Hazırda isə üçüncü Dövlət Proqramı icra edilir. 2004-cü il fevralın 11-də təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı bölgələri dirçəldən mühüm ilkin konsepsiya adlandırmaq olar. 2004-2008-ci illəri əhatə edən ilk proqramda qarşıya qoyulan hədəflərə vaxtından tez çatmaq mümkün olub. Regionların inkişafına dair birinci Dövlət Proqramının uğurla həyata keçirilməsinin ardınca 2009-cu il aprelin 14-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqləndi. Həmin proqramda qarşıya qoyulan vəzifələr də uğurla yerinə yetirildi. Nəticədə yerlərdə istehsal və emal potensialı gücləndirildi. Əvvəlki illərdə yaradılan baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas oldu. Hazırda yeni Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-
2016.- 30 sentyabr.-S.11