Suraxanı rayonunun
sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
Son illərdə Azərbaycanın sürətlə yenilənməsini, öz ənənələrini və milli dəyərlərini qorumaqla hər cəhətdən müasirləşməsini paytaxtın Suraxanı rayonunun timsalında da aydın izləmək mümkündür. Ölkənin digər bölgələri kimi, Bakının bu inzibati-ərazi vahidi də quruculuğun, yeniləşmənin, dinamik inkişafın, insanların gün-güzəranının, təhsilin, səhiyyə xidmətinin səviyyəsinin yüksəlməsinin ünvanına çevrilib.
Tarixilik və müasirlik Suraxanının timsalında əla harmoniya yaradır
Suraxanı
rayonu 1920-ci ilin may ayında yaradılıb. Ərazisi 122
kvadratkilometrə çatan rayonun əhalisinin sayı 210,5 min nəfərdir. Suraxanı rayonu
özündə 6 inzibati ərazi vahidini - Əmircan,
Bülbülə, Qaraçuxur, Hövsan, Yeni Suraxanı,
Zığ qəsəbələrini birləşdirir.
Suraxanı rayonu barədə söhbət açarkən
ilk növbədə onun tarixiliyi göz önündə
canlanır. Tarixilik və müasirlik rayonun timsalında əla
harmoniya yaradır, desək, əsl həqiqəti ifadə
etmiş olarıq. Azərbaycanın odlar
yurdu olmasını, xalqımızın odu müqəddəs
saymasını simvolizə edən abidələrdən biri -
“Atəşgah” məbədi məhz Suraxanıda yerləşir.
Od məbədi
olan “Atəşgah” Bakının 30 kilometrliyində,
Abşeron yarımadasının Suraxanı qəsəbəsinin
cənub-şərq hissəsində XVII-XVIII əsrlərdə
yanan ərazidə inşa olunub. Abidənin cəmi 5 əsr
yaşı olsa da, onun inşası üçün yerdən
od çıxan ərazinin seçilməsi və simvolizə
etdiyi məna xalqımızın bu günədək gəlib
çatan inanclarının tarixin daha dərin qatlarına
gedib çıxdığını və beləliklə də,
Azərbaycanın yaşayış məskəni kimi qədimliyini,
özünəməxsusluğunu təsdiqləmək
baxımından çox önəmlidir. Təsadüfi deyil
ki, bu gün “Atəşgah” məbədi Azərbaycanı
dünyada tanıdan Qız qalası, Şirvanşahlar
sarayı, Şəki Xan sarayı, Möminə xatun türbəsi
kimi möhtəşəm abidələr sırasında yer
alır.
“Atəşgah”
məbədi Dövlət Tarix-Memarlıq Qoruğu UNESCO-nun
“Dünya irsinin ilkin siyahısı”na daxil
edilib. Prezident İlham Əliyevin 1 iyul 2009-cu il
tarixli müvafiq Sərəncamına əsasən məbəd
və məbədətrafı ərazilərin
abadlaşdırılması həyata keçirilib, bir
sıra yenidənqurma işləri aparılıb. Qoruğun
sahəsi 4,2 min kvadratmetrdən 15 min
kvadratmetrə qədər genişləndirilib.
Əlamətdar
haldır ki, ötən ilin yayında Bakının
böyük uğurla ev sahibliyi etdiyi
Birinci Avropa Oyunlarının məşəli də məhz
“Atəşgah” məbədindən götürülüb. Müəyyən olunmuş qaydalara görə, gələcək
Oyunların məşəli də elə burada
alovlandırılacaq. Beləliklə, qədim Odlar
Yurdunun bir parçası olan Suraxanıdan Yer
üzünün müxtəlif məkanlarına daimi olaraq
alov, istilik, hərarət göndəriləcək ki, bu da
indiki narahat dünyada xüsusi rəmzi məna
daşıyır.
Suraxanının özünəməxsusluğu
yalnız “Atəşgah” məbədi ilə məhdudlaşmır. Azərbaycanın
neft diyarı kimi tanınmasında da bu rayonun xüsusi rolunu
qeyd etmək lazımdır. Ölkəmizdə
və dünya miqyasında quruda sənaye üsulu ilə
neftçıxarmanın əsası da məhz Suraxanıda
1904- cü ildə qoyulub. Həmin vaxtdan bəri
Suraxanı neftçiləri burada neft hasilatı sahəsində
yaranan zəngin ənənələri inamla davam etdirirlər.
Rayonun sənaye
potensialı ilbəil genişlənir
Rayonun iqtisadiyyatı sənayeyönümlüdür. Neftçıxarma
Suraxanı rayonunun paytaxtımızın sənaye mərkəzlərindən
biri kimi formalaşmasına öz təsirini göstərib.
Rayon ərazisində 1880-ci ildə dəmir yolu
xətti çəkilib və indi də fəaliyyət
göstərir. Rayonda 58 iri sənaye müəssisəsi
mövcuddur. Hazırda rayonda neft sənayesi sahəsində
“Absheron Operating Company Limited”, “Bahar Energy Operating Company LTD”,
“Surakhani Oil Operating Company S.A.” şirkətləri, “Qazmaservis
və Logistika” idarəsi, Tamponaj və layların neft veriminin
artırılması idarəsi, Dalma qurğularının təmiri
və kirayəsi üzrə eksperimental istehsalat müəssisəsi
uğurla fəaliyyət göstərərək ölkəmizin
yeni neft strategiyasının reallaşdırılmasına özlərinin sanballıı töhfələrini
verirlər.
Rayonun sosial-iqtisadi inkişaf dinamikasında, bir qayda
olaraq, sənaye sektorunun göstəriciləri xüsusi yer
tutur. Bu tendensiya ötən ildə də dəyişməz
qalıb. Belə ki, 2015-ci ilin 9 ayı ərzində Suraxanı
rayonunda 198,1 milyon manat həcmində sənaye
məhsulu istehsal edilib. Bəhs olunan dövrdə əsas
kapitala yönəldilən investisiyaların həcmi 30,2 milyon manat təşkil edib, o cümlədən
rayon miqyasınada 34,2 milyon manatlıq tikinti-quraşdırma
işləri həyata keçirilib.
Suraxanıda
qış fəsadlarsız keçir
Xalqımızın
illərin sınağından çıxan gözəl adəti
var: Qışın ehtiyatını hələ havalar isti ikən
görərlər. Bu mənada Suraxanı
rayonunda qışa hazırlıqla bağlı görülən
genişmiqyaslı tədbirlər təqdirəlayiqdir. Suraxanı rayonunda qışa hazırlıq tədbirlərinin
həyata keçirilməsi rayon İcra Hakimiyyəti
başçısının müvafiq sərəncamına əsasən
yaradılan qərargah tərəfindən tənzimlənib.
Bu məqsədlə ayrıca plan hazırlanaraq həyata
keçirilib.
Qeyd edək ki, Suraxanı rayonunda “Azəristiliktəchizat”
ASC-nin 9, 12 və 17 saylı İstilik Sistemləri İstismar
sahələri fəaliyyət göstərir. Bütün
qazanxana və istilik məntəqələrində cari
profilaktik təmir işləri vaxtında başa
çatdırılaraq qışa hazır vəziyyətə
gətirilib. Qazanxanalarda olan nasoslar, elektrik
mühərrikləri təmir olunub, qazanlar və istilik
mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənib,
qazanlarda istismarın etibarlılığını təmin
etmək üçün nəzarət ölçü
cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi
və sazlanması həyata keçirilib. Magistral
və məhəllədaxili istilik xətləri təzyiqlə
yoxlanılaraq sınaqdan keçirilib və problem yarada biləcək
istilik xətləri dəyişdirilərək yeniləri ilə
əvəzlənib.
Eyni zamanda, rayon Enerji Təchizatı və
Satışı İdarəsi tərəfindən payız-qış
mövsümünə hazırlıqla əlaqədar bir
sıra təxirəsalınmaz tədbirlər həyata
keçirilib.
Tədbirlər planının icrası çərçivəsində,
əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi
məqsədilə yeni kompleks transformator məntəqələri
inşa edilib, mövcud olanlar isə daha güclü müasir
avadanlıqlarla təchiz olunub. Qaz təsərrüfatında
da geniş həcmli işlər görülüb, müxtəlif
diametrli borularla 6,54 kilometr qaz xətti
çəkilib. Su və kanalizasiya təchizatı sahəsində
353 paqonmetr uzunluğunda 2000-2500 mm diametrli kanalizasiya
kollektorları və tunellər tikilib, müxtəlif diametrli
borularla 2250 paqonmetr su, 2300 paqonmetr kanalizasiya xətləri
çəkilib.
Rayon
abadlıq-quruculuq meydanına çevrilib
Son illərdə qəsəbələrdə intensiv
şəkildə həyata keçirilən işlərə
istinadən Suraxanı rayonunun quruculuq-abadlıq meydanına
çevrildiyini söyləmək mümkündür. Artıq tarixə dönən
2015-ci ildə rayon İcra Hakimiyyətinin təşkilatçılığı
ilə rayonun idarə və müəssisələri tərəfindən
Səttar Bəhlulzadə, İlqar Məmmədov, Şahin Məhərrəmov,
Oqtay Əliyev və Xanlar Ələkbərov küçələrində
yaşayış və qeyri-yaşayış obyektlərinin
fasadları və hasarları yenidən qurularaq aqlay
daşları ilə üzlənib, eyni zamanda qaz, elektrik,
telefon və digər yerüstü kommunikasiya xətləri
yerin altına salınıb. Qısa dövr ərzində
Əmircan qəsəbəsindəki unudulmaz şairimiz Tofiq
Bayramın adını daşıyan park əsaslı şəkildə
yenidən qurulub, Bülbülə qəsəbəsində 24
saylı poliklinikanın qarşısında yeni park salınıb,
Səttar Bəhlulzadə, İlqar Məmmədov və Xanlar
Ələkbərov küçələrində ümumilikdə
12,0 min kvadratmetr yaşıllıq salınıb. Bundan
başqa, Səttar Bəhlulzadə və Oqtay Əliyev
küçələrində 27,7 min kvadratmetr sahəyə
asfalt döşənib, 5042 paqonmetr səki daşı
düzülüb, 3252 kvadratmetr səki asfaltlanıb,
küçələrin işıqlandırılması
üçün 2707 metr elektrik kabeli çəkilib,
işıq dirəkləri və çilçıraqlar
quraşdırılıb.
Rayonda sosial təyinatlı obyektlərin inşasına və
yenidən qurulmasına da böyük diqqət yetirilir. Cari ilin əvvəlindən
bəri Qaraçuxur qəsəbəsində 146 saylı orta
məktəb üçün 25 əlavə sinif
otağından ibarət tədris korpusu, idman və akt
zalları tikilərək istifadəyə verilib, Əmircan qəsəbəsində
5 saylı və Yeni Günəşli yaşayış sahəsində
262 saylı uşaq bağçaları əsaslı təmir
olunub, Qaraçuxur və Bülbülə qəsəbələrində
idman zallarının, Yeni Günəşli “V”
yaşayış sahəsində idman
meydançasının, Əmircan qəsəbəsində
100 yerlik uşaq bağçasının, Yeni Günəşli
“D” yaşayış sahəsində şahmat məktəbinin
tikintisi davam etdirilib.
Vətəndaşların
müraciətləri ciddi nəzarətdə saxlanılır
Suraxanı rayonunda müvafiq qurumların öz fəaliyyətlərini
Prezident İlham Əliyevin ölkədə həyata
keçirdiyi məqsədyönlü siyasətə uyğun
qurması xüsusi məmnunluq doğurur. Cəmiyyətdən
gələn sosial sifarişlərin operativ qaydada
araşdırılaraq onların icrasının təmin
olunması rayonda artıq ənənə halını
alıb. 2015-ci ildə yeniləşən internet
saytı, elektron poçt ünvanı, “Qaynar xətt” telefonu
kimi mütərəqqi əlaqə və informasiya vasitələrindən,
yerlərdə quraşdırılmış “Şikayət və
təkliflər” səyyar poçt qutularından geniş
istifadə edilib, elektron poçt ünvanına daxil olmuş əsasən
sual və təklif xarakterli 200-dən çox elektron məktub
cavablandırılıb.
Bəhs olunan dövrdə RİH başçısı
tərəfindən 759 vətəndaş qəbul edilib. Rayon İcra Hakimiyyəti
başçısının ümumilikdə 1715 nəfər
sakinin iştirakı ilə keçirilmiş 27 səyyar
görüş-qəbulunda qaldırılan məsələlərə
və təkliflərə əsasən aidiyyəti idarə və
təşkilatların rəhbərlərinə müvafiq
tapşırıqlar verilib. Qeyd edək ki,
bütün bu tədbirlər rayon sakinlərində vətəndaş
məmnunluğu yaradır.
Ekoloji
problemlər də həllini tapır
Son illərdə Suraxanı rayonunun müsbət mənzərəsini
səciyyələndirən əsas cəhətlərdən
biri də vaxtilə ana təbiətə vurulan ziyanın indi
ardıcıllıqla aradan qaldırılması ilə
bağlıdır. Təəssüf doğuran haldır ki,
uzun illər ərzində rayondakı mədənlərdən
böyük həcmlərlə neft hasil edilsə də, ətraf
mühit amili unudulub. Hazırda rayonda
ekoloji problemlərə yanaşmada, sözün əsl mənasında,
dönüş yaranıb. Son vaxtlarda rayonun əməliyyat
şirkətləri tərəfindən lay suları və
neftlə çirklənmiş 8,17 hektar
torpaq sahəsi təmizlənərək texniki rekultivasiya
olunub, ümumi sahəsi 5,0 hektar olan müxtəlif
ölçülü 24 ədəd gölməçə
qurudulub, 30 ədəd quyunun işçi meydançası və
quyuətrafı sahələri neft tullantılarından təmizlənib,
neft kollektorları təmir olunub. Eyni zamanda, dövlət
başçısının müvafiq sərəncamlarına
və qəbul edilmiş Dövlət Proqramına əsasən
Bakı şəhərində mövcud olan göllərin, o
cümlədən Bülbülə və Zığ göllərinin
təmizlənməsinə, ətraflarının
abadlaşdırılmasına başlanılıb.
Heydər
Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin rəhbəri
Leyla xanım Əliyevanın təşəbbüsü ilə
həyata keçirilən “Ümumrespublika
Yaşıllaşdırma marafonu” çərçivəsində
ötən ildə də ağacəkmə kampaniyası davam
etdirilib. Marafon çərçivəsində rayonun idarə
və müəssisələrinin kollektivlərinin
iştirakı ilə 11 ümumrayon iməciliyi keçirilərək
7,4 mindən artıq ağac əkilib.
Mübariz
ABDULLAYEV
Yeni Azərbaycan.- 2016.- 6 dekabr.- S.4