Azərbaycanda davamlı regional inkişaf strategiyası yüksək səviyyədə həyata keçirilir

 

2015-ci ildə də ölkənin ayrı-ayrı bölgələrində iqtisadi potensialın artırılması və mədəni həyatın rəngarəngliyinin təmin olunması istiqamətində tədbirlər intensiv şəkildə davam etdirilib

Əvvəlki illərdə yaradılan möhkəm bazaya əsaslanılaraq 2015-ci ildə də regionlarda iqtisadi potensialın artırılması, yeni infrastruktur və sosial layihələrin yerinə yetirilməsi, əhalinin məşğulluğunun təmin olunması, həyat səviyyəsinin daha da yaxşılaşdırılması, insanların, ələlxüsus da gənclərin mədəni həyatının rəngarəngliyinin təmin olunması istiqamətində məqsədyönlü tədbirlər daha intensiv şəkildə davam etdirilib.

Tarixi əhəmiyyət daşıyan Dövlət proqramlarının uğurla reallaşdırılması Azərbaycanın regionlarını da iqtisadi güc amilinə çevirib

Son 12 ildə Azərbaycanın bölgələrinin sürətli inkişafının təmin edilməsində 2004-cü ildən etibarən Prezident İlham Əliyevin müvafiq fərmanları ilə qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının mühüm rolu olub. Hazırda respublikamızda regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı böyük müvəffəqiyyətlə yerinə yetirilir. Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransdakı çıxışında Dövlət proqramlarının regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının artmasında böyük rol oynadığını nəzərə çatdıraraq vurğulayıb: “Ümumiyyətlə, 2004-cü ildə əgər birinci proqram qəbul edilməsəydi, bugünkü Azərbaycan reallıqları tam fərqli ola bilərdi. Regionların inkişafı, sahibkarlara verilən dəstək, qeyri-neft sektorunun inkişafı, idxaldan asılılığımızın azaldılması, ixrac potensialının yaradılması son illərin əlamətidir”.

Beləliklə, son 12 ildə tarixi əhəmiyyət daşıyan Dövlət proqramlarının uğurla reallaşdırılması Azərbaycanın bölgələrinin simasını dəyişib, regionları da iqtisadi güc amilinə çevirib. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən etibarən Azərbaycanın bölgələrində 64 mindən çox müəssisə fəaliyyətə başlayıb. Bu müddət ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əməkhaqqı 7,3, əhaliyə göstərilən pullu xidmətlər 6 dəfə artıb. Ən önəmli cəhətlərdən biri odur ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib. Belə ki, son illərdə regionlardan vergi ödənişləri 14,2 dəfə artıb. Artıq 6 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir. Ümumilikdə, proqramların icrasına bütün mənbələr hesabına 50,7 milyard, o cümlədən birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilib.

Prezident İlham Əliyev Dövlət proqramlarının icrasını daim şəxsi nəzarətdə saxlayır. Dövlət başçısı regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında cəmiyyətə mesaj verərək bildirib ki, biz üçüncü proqramı da 2018-ci ilə qədər uğurla icra etməliyik. Məlumdur ki, hazırda dünya miqyasında arzuolunmaz tendensiyalar müşahidə edilməkdədir, yeni qlobal çağırışlar meydana çıxıb. Prezident İlham Əliyev vurğulayıb ki, həyata keçirilən praqmatik siyasət sayəsində ölkəmiz yeni dünya çağırışlarına hazırdır və regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası ilə bağlı heç bir problem olmamalıdır: “Ona görə əminəm ki, üçüncü proqramın icrası ilə də bağlı heç bir problem olmamalıdır. Proqramı icra etmək üçün bütün cəmiyyət səfərbər olmalıdır və əminəm ki, biz buna nail olacağıq”.

Regionlarda güclü infrastruktur formalaşdırılıb

Ölkəmizdə regionların sosial-iqtisadi inkişafı strategiyasında infrastruktur layihələrinin icrası mühüm yer tutub. Ölkəmizdə davamlı olaraq infrastruktur layihələrinin yerinə yetirilməsindən söhbət açarkən respublikanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işləri xüsusi vurğulamaq lazımdır. Son 12 ildə Azərbaycanda ümumi generasiya gücü 2300 meqavata çatan 17 elektrik stansiyası istifadəyə verilib, 10 min kilometrdən çox elektrik xətti və 1500-dən çox yarımstansiya inşa edilib və yaxud yenidən qurulub. Beləliklə, yeni istifadəyə verilən elektrik güclərinin sayəsində ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib, hətta təxminən 600-700 meqavat həcmində ixrac potensialı yaranıb.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası çərçivəsində bölgələrin qaz təminatının yaxşılaşdırılması istiqamətində böyük iş həcmi yerinə yetirilib. Hazırda respublikanın bütün şəhərləri, kəndlərin əksəriyyəti “mavi yanacaq”la təmin olunur. Ümumiyyətlə, respublikada 90 faiz həcmində qazlaşdırma təmin edilib. Prezident İlham Əliyev isə hələ bəzi kəndlərin qazlaşdırılmamasından narahatlığını ifadə edərək bu istiqamətdə işlərin davam etdirilməsinin zəruriliyini nəzərə çatdırıb. Dövlət başçısı tərəfindən qarşıya qoyulan hədəf ölkədə qazlaşdırmanın səviyyəsini yaxın bir neçə il ərzində 95-96 faizə çatdırmaqdan ibarətdir.

Regionların sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq son 12 ildə ölkəmizdə yol infrastrukturu da intensiv surətdə yenilənir. Haqqında bəhs olunan Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, ölkədə 3017 kilometr, o cümlədən 1103 kilometr respublika əhəmiyyətli və 1914 kilometr yerli əhəmiyyətli yol çəkilib və yaxud əsaslı şəkildə yenidən qurulub. Dövlət proqramlarının icrası nəticəsində 164 yeni körpü və yol ötürücüsü tikilib, 47 körpü isə əsaslı təmir olunub. Həm dövlət büdcəsindən, həm Prezidentin ehtiyat fondundan yolların tikintisinə böyük vəsait ayrılır.

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində bölgələrdə yeni su-kanalizasiya şəbəkələrinin qurulması da məmnunluq doğurur. Hazırda dövlət büdcəsi vəsaitləri və beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına ümumilikdə 52 şəhəri və 730 kəndi əhatə edən layihələr üzrə işlər icra olunur. Artıq 8 şəhərdə su təchizatı və kanalizasiya sistemlərinin yaradılması yekunlaşıb, 12 şəhərə yeni mənbələrdən suyun verilməsi təmin edilib. Nəticədə, 330 min nəfərin su təchizatı əsaslı şəkildə yaxşılaşıb ki, onların da 125 mini ilk dəfə mərkəzləşdirilmiş qaydada su alanlardır.

Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası çərçivəsində bölgələrdə reallaşdırılan sosial istiqamətli layihələrin miqyası kifayət qədər genişdir. Son 12 ildə xalqımızın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fondun yaxından iştirakı ilə ölkəmizdə 3000 məktəb, 500-dən çox tibb müəssisəsi tikilib və yaxud yenidən qurulub.

Uğurlu siyasət müsbət nəticələr verir

Yola saldığımız 2015-ci ildə ölkəmizdə regional inkişaf sahəsində qazanılan böyük uğurlar blokada vəziyyətində yaşayan Naxçıvan Muxtar Respublikasının timsalında daha qabarıq şəkildə nəzərə çarpır. Belə ki, məqsədyönlü regional inkişaf siyasəti nəticəsində bütün sahələrdə əldə edilən uğurlar muxtar respublikada əhalinin rifah halının yüksəlməsinə səbəb olub, bundan hər bir ailə, hər bir vətəndaş bəhrələnib.

Muxtar respublikanın ən böyük bölgələrindən biri sayılan Şərur rayonunda da “Kənd təsərrüfatı ili” uğurlarla yadda qalıb. Bu dövrdə 483 torpaq mülkiyyətçisi 8 min 737 hektar əkin sahəsinin becərilməsi üçün 435 min 850 manat, 620 hektarda təkrar əkinlər aparan 81 kiçik sahibkar 31 min manat yardım alıb, muxtar respublikanın Sahibkarlığa Kömək Fondu tərəfindən 264 min 100 manat kredit verilib. Rayonda 1435 ton üzüm, 6 min 476 ton bostan məhsulları, 2 min 504 ton dən üçün qarğıdalı, 11 min 43 ton kartof, 4 min ton soğan istehsal olunub.

Ötən il Şərur şəhərində aviakassa binasının, Cəlilkənddə Cəlil Məmmədquluzadənin Xatirə Muzeyinin, soyuducu anbarın, Kürçülü, Axaməd, Kürkənd və Yuxarı Yaycı kəndlərində kənd və xidmət mərkəzlərinin, Yengicə kəndində Azərbaycan Vətən müharibəsi əlili üçün üçotaqlı mənzilin, Kürkənddə və Aşağı Aralıq kəndində mərasim yerinin, Aşağı Aralıqda dəyirmanın tikintisi başa çatdırılıb. Kürkənddə 216, Cəlilkənddə 342, Axaməd kəndində 192, Yuxarı Yaycı kəndində 144, Kürçülü kəndində 234 şagird yerlik məktəb binaları, Cəlilkənddə həkim ambulatoriyası, mədəniyyət evi, kənd və xidmət mərkəzləri istifadəyə verilib.

Muxtar respublikada Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Babək rayonu da özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Son illər müasir inzibati binaların və sosial obyektlərin istifadəyə verilməsi rayon mərkəzinin simasını tamamilə dəyişib. Abad yolları, təmiz və işıqlı küçələri, yaraşıqlı binaları ilə seçilən Babək qəsəbəsi müasir şəhər görkəmi alıb.

Ötən il Babək rayonu üçün daha əlamətdar olub. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin muxtar respublikaya səfəri çərçivəsində rayon ərazisində yerləşən Günəş Elektrik Stansiyasının, Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun, Nehrəm kənd 2 nömrəli tam orta məktəbin açılışında iştirak etməsi və burada həyata keçirilən quruculuq tədbirlərini yüksək qiymətləndirməsi rayon sakinlərində böyük ruh yüksəkliyi yaradıb, onların qurub-yaratmaq əzmini yüksəldib.

2015-ci il Ordubad rayonu üçün də bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Ötən il Ordubad şəhərində 3 nömrəli məktəbin, müasir aviakassa binasının, görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin ev-muzeyinin, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Ordubad Rayon Avtomobillərin Müayinə Mərkəzinin, Tivi və Gilançay kəndlərində yeni sosial obyektlərin istifadəyə verilməsi ordubadlılarda gələcəyə inamı artırıb.

“Kənd təsərrüfatı ili”ndə əldə edilən uğurlardan muxtar respublikanın bütün rayonlarına pay düşüb. Bu dövrdə Culfa rayonunda 28 milyon 80 min 200 manatı bitkiçilikdə, 16 milyon 105 min 400 manatı heyvandarlıqda olmaqla, ümumilikdə, 44 milyon 185 min 600 manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz çoxdur.

Rayon iqtisadiyyatının bütün sahələrinin dinamik inkişafı tikinti-quraşdırma, abadlıq və yenidənqurma işlərinin artmasına, yeni infrastruktur obyektlərinin yaradılmasına imkan verib. Rayonun Qızılca, Gal və Şurud kəndlərində yeni kənd və xidmət mərkəzlərinin, Bənəniyar kəndində xidmət mərkəzinin, Culfa şəhərində Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsinin Culfa Rayon Müayinə Mərkəzinin tikintisi, Bənəniyarda kənd mərkəzinin, Culfa şəhərinin M.Əsgərov küçəsində yerləşən 17, 18 və 20 nömrəli yaşayış binalarının əsaslı təmiri başa çatdırılıb, Saltaq Kənd Mərkəzinin və xidmət mərkəzinin, Culfa şəhərində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış İdarəsinin inzibati binasının və yardımçı binalarının tikintisi davam etdirilib. Həmçinin Qızılca kəndində 120, Galda 96 şagird yerlik yeni məktəb binaları tikilib, Bənəniyarda 648, Şurudda 110 şagird yerlik məktəb binalarının əsaslı təmiri və yenidən qurulması başa çatdırılıb, Saltaq kəndində isə 252 şagird yerlik yeni məktəb binasının tikintisi davam etdirilib.

Muxtar respublikanın davamlı sosial-iqtisadi inkişafından Kəngərli rayonuna da böyük pay düşüb. Ötən il 11 yaşını qeyd edən rayonda aparılan abadlıq-quruculuq sürətlə davam etdirilib. Dekabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Sənaye Kompleksinin açılışı isə yaddaşlarda tarixi hadisə kimi qalıb.

Rayonda əhalinin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması və həmin sahədə çalışanların iş şəraitinin yaxşılaşdırılması məqsədilə rayon mərkəzində Kəngərli Rayon Elektrik Şəbəkəsi üçün yeni bina və “Qıvraq” elektrik yarımstansiyası istifadəyə verilib. Eləcə də 17 ədəd müxtəlif gücdə transformator təmir edilib, 72 abonent elektrik enerjisi ilə təmin olunub. Bundan başqa, rayon mərkəzində Təhsil Şöbəsi, Uşaq-Gənclər Şahmat Məktəbi üçün yeni binalar istifadəyə verilib, yeni Ticarət-İaşə və Bazar Kompleksinin tikintisi başa çatdırılıb, qəsəbə məscidi əsaslı təmir olunub.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər Şahbuz rayonunu da əhatə edib. Aparılan genişmiqyaslı quruculuq işləri sayəsində Şahbuz şəhəri, eləcə də rayonun kəndləri müasir görkəm alıb. 2015-ci ildə də Şahbuz rayonunda bu tədbirlər böyük sürətlə davam etdirilib.

Rayon əhalisinin əsas məşğulluq sahəsi olan aqrar sektorun inkişafına göstərilən dövlət qayğısının nəticəsidir ki, torpaqlardan səmərəli istifadə olunmasına maraq xeyli artıb. 1344 hektar sahədə taxıl, 240 hektar sahədə paxlalı, 462 hektar sahədə kartof, 285 hektar sahədə tərəvəz, 10 hektar sahədə bostan bitkilərinin əkini həyata keçirilib. Ötən dövr ərzində rayonda 4 min 491 ton dənli-paxlalılar, 8 min 46 ton kartof, 4 min 973 ton tərəvəz, 124,6 ton bostan məhsulları, 7 min 945 ton meyvə, 168 ton üzüm istehsal edilib.

Son illər bölgədə quruculuq tədbirlərinin miqyası xeyli genişlənib. Sevindirici haldır ki, bu quruculuq işlərindən ən ucqar dağ kəndləri olan Şada, Kükü, Kolanı, Biçənək, Keçili və adını çəkmədiyimiz neçə-neçə digər kəndə də pay düşüb.

“Avropa Gənclər Paytaxtı-2016”nın simvolik “Açar”ı Gəncə şəhərinə gətirilib

Yola saldığımız 2015-ci il ümumilikdə Gəncə şəhəri üçün də bir sıra uğurlu göstəricilərlə yadda qalıb. İl ərzində Gəncədə geniş miqyaslı abadlıq və quruculuq işləri aparılıb, bir sıra layihələr həyata keçirilib. 2015-ci ildə təməli qoyulan layihələrin icrası isə 2016-cı ildə başa çatdırılacaq. “İmamzadə Dini Kompleksi” və “Bulvar Park Kompleksi” 2016-cı ildə şəhər sakinlərinin ixtiyarına veriləcək. Şəhərdəki əksər məktəblərin təmiri 2015-ci ildə başa çatdırılıb, təmiri davam etdirilən məktəblərdə isə işlər cari ildə yekunlaşacaq. Bu il Abbas Səhhət adına xəstəxana ən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə veriləcək. Gəncənin 2016-cı ildə Avropa Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar şəhərdə 50-dək yeni layihənin həyata keçirilməsi nəzərdə tutulub. Onlardan 25 beynəlxalq, digərləri isə yerli əhəmiyyətli layihələrdir.

Ötən ilin dekabrında “Avropa Gənclər Paytaxtı-2016”nın simvolik “Açar”ının Gəncə şəhərinə gətirilməsi şəhər sakinləri üçün yaddaqalan hadisəyə çevrilib. Bu münasibətlə “Gəncə Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyinin sədri Elmir Vəliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Zeynalov və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov Rumıniyanın Kluj Napoka şəhərində simvolik “Açar”ın təqdimat mərasimində iştirak ediblər.

Şəhər ictimayyətinin nümayəndələri və gənclər Gəncə Beynəlxalq Hava Limanında simvolik “Açar” ın gətirilməsini coşqu ilə qarşılayıblar. Qarşılanma mərasimində Gəncə Dövlət Dram Teatrının aktyorları Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və Cavad xan obrazlarını canlandırıblar. Musiqi və rəqs kollektivlərinin çıxışları alqışlarla qarşılanıb. Daha sonra gənclər avtobus və avtomobillərlə Gəncə şəhərinin prospekt və küçələrini dolaşaraq simvolik “Açar”ı şəhərin Baş Meydanına gətiriblər. “Gəncə Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyinin sədri və üzvləri, həmçinin fəal gənclər Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri qoyublar.

Xatırladaq ki, Avropa Gənclər Paytaxtı Avropa Gənclər Forumunun həyata keçirdiyi beynəlxalq layihədir. AGF Avropa ölkələrinin Milli Gənclər Şuralarının və beynəlxalq qeyri-hökumət gənclər təşkilatlarının beynəlxalq platformasıdır. Avropa Gənclər Forumu ilk dəfə Avropa Gənclər Paytaxtı (AGP) layihəsini 2009-cu ildə həyata keçirib. Avropanın ilk gənclər paytaxtı Rotterdam (Niderland-2009), daha sonra Turin (İtaliya-2010), Antverp (Belçika-2011), Braqa (Portuqaliya-2012), Maribor (Sloveniya-2013), Saloniki (Rumıniya-2014) və Kluj Napoka (Rumıniya-2015) olmuşdur.

Avropa Gənclər Paytaxtı seçilmiş hər bir şəhər həmin şəhərdə fəal gənclər siyasətinin həyata keçirilməsindən, gənclərin yüksək məlumatlılıq və inkişaf səviyyəsindən xəbər verir. Gənclər paytaxtı seçilən şəhər bir il ərzində gənclər sahəsində həyata keçirdiyi proqram və layihələr haqqında məlumatı Avropa ölkələrinə nümayiş etdirmək imkanı qazanır. Avropa Gənclər Paytaxtının seçimi münsiflər heyəti vasitəsilə həyata keçirilir.

Gəncə şəhəri 2016-cı ildə Avropa Gəclər Paytaxtı olmaq üçün Avropa Gənclər Forumunun təşkil etdiyi müsabiqəyə qoşulub. Müsabiqədə Avropanın müxtəlif ölkələrindən olan 12 şəhərlə yarışan Gəncə hədəfinə çatmağa nail olub. Müsabiqənin final mərhələsinə adlayan Gəncə digər 5 şəhərlə Badajoz (İspaniya), Galvay (Şimali İrlandiya), La Laguna (İspaniya), Varna (Bolqariya) və Vilnius (Litva) şəhərləri ilə yarışmalı olub və qalib gəlib.

Ötən il lənkəranlılar üçün bir sıra mədəni tədbirlərlə əlamətdar olub

Yola saldığımız 2015-ci il Lənkəran rayonunun həyatında bir sıra mədəni-kütləvi tədbirlərlə yadda qalıb. Lənkəran Dövlət Dram Teatrında səhnələşdirilən yeni tamaşalar, “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illik yubileyinə həsr olunmuş elmi-konfrans və digər tədbirlər bu qəbildəndir. Rayonda təşkil olunan “Lənkəran payızı” III Folklor Festivalı barədə isə ayrıca söhbət açmaq istərdik.

Rayonda Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin əhatə dairəsinə daxil olan klub müəssisələrinin fəaliyyətini gücləndirmək üçün 2013-cü ildən etibarən ənənəvi Folklor Festivalı keçirilir. Ötən il dekabrın 5-də reallaşan “Lənkəran payızı” III Folklor Festivalı klublarda folklor işinin daha da yaxşılaşdırılması, qeyri-maddi mədəni irsin qorunub saxlanılması, onun inkişaf etdirilməsi, milli folklorumuza marağın daha da artırılması və gənc nəslə tanıdılması məqsədilə keçirilib.

Folklor Festivalı ötən ilin sentyabr ayından start götürüb və 4 mərhələdə, 4 nominasiya üzrə keçirilib. 1-ci mərhələ klublarda, 2-ci mərhələ klub filial birliklərində, 3-cü mərhələ Mədəniyyət Mərkəzinin proqram şurası qarşısında, 4-cü yekun mərhələ isə Mədəniyyət Mərkəzinin böyük zalında keçirilib.

Yekun proqrama musiqi, rəqs, oyunlar və bədii qiraət nominasiyası üzrə fərqlənmiş klub bədii özfəaliyyət kollektivləri daxil edilib.

Yenicə təmirdən çıxmış Mədəniyyət Mərkəzinin səhnəsi Lənkəran evlərinin dekorasiyası ilə, pirotexnika, rəngarəng işıqlar, sənətkarlıq nümunələri, diyarşünaslıq əşyaları ilə bəzədilib. İştirakçılar arasında Mədəniyyət Mərkəzinin “Çölləmə”, Boladi Folklor Klubunun “Kinəlim” və “Ay Lolo”, Girdəni Diyarşünaslıq Evinin “Vənəşə” folklor rəqs qrupları daha çox fərqlənib. Müğənnilər Mətanət Babayeva, Vüsal Bağırov, Səfərəli Qasımov, Gülçöhrə Məmmədova, Amil Tahirov, Sevinc Məmmədova, Natəvan Hüseynova xalq mahnıları ifa ediblər. Bədii qiraət ustaları Fatimə Mirzəzadə, Əli Məcidov və Əli Qulamzadə şeirlər, lətifələr söyləyiblər. Aşıq Hüseynağa Məhərrəmoğlu səhnəyə saz havasının gözəlliyini qatıb. Məşhur “Nənələr” folklor kollektivi talış, Azərbaycan və ingilis dillərində mahnılar ifa edib. Sonda iştirakçılar festivalın laureat diplomları və mükafatlarla təltif olunublar.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2016.- 7 yanvar.- S.- 8