Zaqatalada müharibə əlilləri və şəhid ailələri
üçün 21 fərdi ev tikilir
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Zaqatala rayonunda bu kateqoriyadan olan şəxslər üçün 21 fərdi ev tikilir.
Bu barədə AZƏRTAC-a Zaqatala rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Nəsrulla Həsrətov məlumat verib.
Mərkəzin direktorunun bildirdiyinə görə, bu evlərin tikintisi Prezident İlham Əliyevin 2014-cü il iyunun 20-də imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq həyata keçirilir.
Fərdi evlərdən 9-u Zaqatala şəhərində, 12-si isə rayonun kəndlərində inşa edilir. Bu evlərin 14-nün tikintisi artıq tamamlanmaq üzrədir və yaxın aylarda istifadəyə veriləcək. Qalan 7 evdə isə inşaat işləri davam etdirilir.
Ümumiyyətlə, 2018-ci ilədək bu kateqoriyadan olan digər şəxslərin də mərhələlərlə
yeni fərdi ev və
mənzillərlə təmin edilməsi nəzərdə tutulur.
Yeni Azərbaycan.-
2016.- 7 yanvar.- S.- 8