Azərbaycan-Kolumbiya əməkdaşlığının
inkişafı üçün böyük potensial var
“Azərbaycan-Kolumbiya əlaqələrinin, xüsusilə ticarət və investisiya sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensial var”. AZƏRTAC xəbər verir ki, bu fikri Kolumbiyanın Azərbaycanda səlahiyyət müddəti başa çatan müvəqqəti işlər vəkili Assad Joze Jater Pena jurnalistlərlə görüşündə deyib.
Azərbaycan ilə Kolumbiya arasında əlaqələrin artıq 20 ildir mövcud olduğunu bildirən diplomat 2015-ci ildə əsasən təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişafına diqqət yetirildiyini vurğulayıb. O, gələcəkdə elmi sahədə əməkdaşlığın yüksək səviyyəyə çatdırılacağına inandığını söyləyib.
Diplomat Kolumbiyanın Azərbaycanla kənd təsərrüfatı, neft sənayesi sahələrində əməkdaşlığın inkişaf etdirilməsində də maraqlı olduğunu diqqətə çatdırıb. Həmçinin ölkələrimiz arasında turizm sahəsində əlaqələrin genişləndirilməsi üçün möhkəm bazanın olduğunu vurğulayıb.
Assad Joze Jater Pena Kolumbiyanın Azərbaycandakı yeni müvəqqəti işlər vəkilinin xanım Marta Galindo olacağını deyib.
Diplomat ölkəmizdə
müvəqqəti işlər vəkili kimi
çalışdığı dövrdə ona
göstərilən qonaqpərvərlikdən məmnunluğunu
ifadə edib.
Yeni Azərbaycan.-
2015.- 8 yanvar.- S.- 8