Heyvandarlıqda intensiv metodlardan istifadə olunması məhsuldarlığın artmasına etibarlı zəmin yaradıb

 

Son bir ildə ölkəmizdə mal-qaranın baş sayı 21 faiz artdığı halda, ət istehsalında 46,4 faiz, süd istehsalında 53 faiz artım əldə olunub

Son illərdə Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müəyyənləşdirilən iqtisadiyyatın şaxələndirilməsi strategiyasında həmçinin kənd təsərrüfatında intensiv metodlardan istifadə etməklə yüksək məhsuldarlığa nail olunması, respublikada güclü aqrar-sənaye komplekslərinin yaradılması əsas hədəflərdən biri kimi nəzərdə tutulub. Prezident İlham Əliyevin 2015-ci il 12 yanvar tarixli müvafiq Sərəncamı ilə ötən ilin Azərbaycanda “Kənd təsərrüfatı ilielan olunması respublikamızda aqrar sektorun inkişaf etdirilməsinin dövlət siyasətinin mühüm istiqaməti olduğunu bir daha təsdiqləyir. Sərəncamda vurğulandığı kimi, respublikada həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının inkişafı üçün zəmin yaradılıb. Ölkədə 2015-ci ilin “Kənd təsərrüfatı ilielan olunması isə aqrar sektorun daha dinamik inkişafına nail olmaq məqsədi daşıyır.

Aqrar sektorun inkişaf dinamikası heyvandarlıqda da qabarıq şəkildə nəzərə çarpır

Ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı nümayiş etdirilən siyasi iradə, öz növbəsində, aqrar sektorda istehsal göstəricilərinin artması ilə nəticələnib. Dünya Bankının məlumatına əsasən, son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz təşkil edib. Azərbaycanda isə bu göstərici 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz bəndi artıq olub.

Ölkəmizin aqrar sektorunda müşahidə edilən inkişaf dinamikası “Kənd təsərrüfatı ili”ndə daha intensiv hal alıb. Belə ki, ötən ilin 9 ayında respublikanın kənd təsərrüfatında 6,7 faiz artıma nail olunub.

Son illərdə Azərbaycanın regionlarında aqrar sektorda ərzaq məhsulları istehsalının artım dinamikası heyvandarlıqda daha qabarıq şəkildə nəzərə çarpır. Son bir neçə ildə respublikanın 19 rayonunda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə 240 milyon manat güzəştli kredit yönəldilib. regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramının icrasının birinci ilində ölkəmizdə 2,8 milyard manat həcmində heyvandarlıq məhsulları buraxılıb ki, bu da əvvəlki ilə nisbətən 3 faiz artım deməkdir.

Heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması ət və ət məhsulları istehsalında dönüş yaradıb

Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlığın inkişafı şöbəsinin müdir müavini Fəxrət Eminov qəzetimizə verdiyi açıqlamada son illərdə ölkədə heyvandarlığın inkişafında intensiv metodlardan istifadə edilməsinin rolunu xüsusi vurğulayıb. Bu sahədə intensiv metodların tətbiqi sayəsində son bir ildə ölkəmizdə mal-qaranın baş sayı cəmi 21 faiz artdığı halda, ət istehsalında 46,4 faiz, süd istehsalında 53 faiz artım əldə olunub. F.Eminov bildirib ki, məhsuldarlığın artması sayəsində hazırda Azərbaycan quşçuluq məhsullarına olan daxili tələbatı 100 faiz, ətə olan tələbatı 90 faiz, südsüd məhsullarına olan tələbatı isə 80 faiz həcmində yerli istehsal hesabına ödəyir. Qarşıya qoyulan hədəf isə 2016-cı ildə respublikanın heyvandarlıq məhsullarına olan tələbatının tam yerli istehsal hesabına ödənilməsinə nail olmaqdan ibarətdir.

“Məlumdur ki, son illərdə bütün dünyada aqrar sektorun digər istiqamətlərində olduğu kimi, heyvandarlıqda da meydana çıxan yeni çağırışlar, ilk növbədə, bu sahədə intensiv metodların tətbiqi ilə bağlıdır. Ölkəmizdə də heyvandarlıqda seleksiya işinə, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına böyük diqqət yetirilir. Təkcə belə bir faktı vurğulamaq istəyirəm ki, 2009-2015-ci illərdə ölkəmizə 16 min başdan yuxarı cins mal-qara gətirilib ki, bunun da 6600 başı ötən ilin 9 ayının payına düşür. Ümumiyyətlə, ölkəyə gətirilən cins mal-qaranın baş sayı ilbəil artır”, - deyə F.Eminov bildirib.

Prezident İlham Əliyevin imzaladığı heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi və heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında müvafiq sərəncamlar ölkəmizdə heyvandarlığın inkişafı sahəsində yeni perspektivlər açıb. Haqqında bəhs olunan sərəncamlarda Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlər çərçivəsində heyvan mənşəli məhsulların istehsalının daha da artırılması, cins iribuynuzlu damazlıq heyvanlara olan tələbatın ödənilməsi, eləcə də heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyinin gücləndirilməsi məqsədi ilə maliyyə təminatının artırılması da daxil olmaqla bir sıra vacib tədbirlərin görülməsi nəzərdə tutulub. Dövlət başçısının imzaladığı Sərəncamla ölkəyə iribuynuzlu damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satışının həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundanAqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15 (on beş) milyon manat vəsait ayrılması nəzərdə tutulub. Digər Sərəncamla isə əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 (yüz) manat həcmində subsidiya veriləcək. F.Eminov bildirib ki, dövlət başçısının müvafiq Sərəncamına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlərə subsidiyaların verilməsi qaydaları hazırlanıb. Respublikanın Sənaye və İqtisadiyyat, Maliyyə, eləcə də Ədliyyə nazirlikləri bununla bağlı öz rəy və təkliflərini veriblər. Müvafiq nazirliklərin rəy və təklifləri ümumiləşdirildikdən sonra bəhs olunan qaydalar Nazirlər Kabinetinə göndərilib. Qaydalar təsdiqləndikdən sonra Sərəncama uyğun olaraq fermerlərə subsidiyaların verilməsinə başlanılacaq.

Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması Azərbaycanın ayrı-ayrı bölgələrində uğurla həyata keçirilir

Respublikanın ayrı-ayrı bölgələrində mal-qaranın cins tərkibinin yaxşılaşdırılması uğurla həyata keçirilir. Bu baxımdan Bərdə rayonu da istisna deyil. Ötən ildə rayon üzrə 3104 baş inək və düyə süni yolla mayalandırılıb, 2227 baş sağlam cins buzov alınıb. Bundan başqa, rayona 2922 baş südlük cins heyvan gətirilib.

Azərbaycanın digər bölgələrində olduğu kimi, Şəkidə də heyvanların süni mayalandırılması işinə xüsusi diqqət yetirilir. 2015-ci ilin doqquz ayında rayonun təsərrüfatlarında 2958 baş heyvan süni yolla mayalandırılıb. Bu göstərici 2014-cü ilin eyni dövrü ilə müqayisədə 334 baş çoxdur. Həmin dövrdə süni mayalandırılmış heyvanlardan 1381 baş sağlam bala alınıb.

Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədi ilə bu yaxınlarda yerli sahibkar tərəfindən Şəki rayonuna südlük istiqamətdə “Holştin friz” cinsindən olan 20 baş damazlıq düyə gətirilib. Oxud kənd sakini Vaqif Salamov Hollandiya cinsindən olan bu heyvanları “Aqrolizinq” ASC-dən güzəştli qaydada lizinq yolu ilə əldə edib.

Ağdaş rayonunun Ərəbocağı kəndində fəaliyyət göstərən “Türyançayfermer təsərrüfatı da qısa müddətdə bir sıra uğurlara imza atıb. Hazırda təsərrüfatda 1275 baş cins heyvan bəslənilir ki, bunun 681 başı cins südlük inək, qalanı isə buzovdur. Aqrolizinq” ASC ilə imzalanan müqaviləyə əsasən, “TüryançayFermer Təsərrüfatı MMC Avropa ölkələrindən daha 4 min baş cins inək alacaq. Ümumiyyətlə, heyvandarlıq kompleksinin inkişaf etdirilməsi, gələcəkdə inək və buzovların sayının 6500 başa çatdırılması nəzərdə tutulub.

Heyvandarlıq üzrə ailə-fermer təsərrüfatlarının yaradılması pilot layihəsi də böyük perspektivə malikdir

Ölkəmizdə heyvandarlığın intensiv inkişafına nail olunması məqsədilə həyata keçirilən ailə-fermer təsərrüfatlarının yaradılması pilot layihəsi də böyük perspektiv vəd edir. Bu barədə məlumat verən F. Eminov bildirib ki, 2015-ci ilin əvvəlində start verilən layihəyə əsasən Ağcabədi, Bərdə və İmişli rayonlarında 5-10 başlıq kiçik ailə təsərrüfatlarının yaradılmasına kreditlər ayrılır. Pilot layihə Ağcabədi rayonunda 25, Bərdə rayonunda 26, İmişli rayonunda isə 18 ailə kəndli təsərrüfatını əhatə edir. Layihə çərçivəsində bu təsərrüfatlara lizinq yolu ilə 516 baş cins heyvanın verilməsi nəzərdə tutulub. Pilot layihəyə uyğun olaraq Avstriyadan gətirilmiş 178 baş ətlik-südlük istiqamətli “Simmentalcinsli heyvanlar noyabrın sonlarında Ağcabədi rayonunun Təzəkənd kəndində yaradılmış 25 fermer təsərrüfatına verilib.

F.Eminovun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin apardığı hesablamalarla müəyyən olunub ki, istər maddi-texniki, istərsə də praktiki dəstək sayəsində ailə-fermer təsərrüfatlarının yaradılması üzrə pilot-layihənin gəlirliliyi yüksək səviyyədə təmin olunacaq.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2016.- 8 yanvar.- S.- 6