Mikayıl Müşfiq - tam adı ilə: Mikayıl Əbdülqadir oğlu İsmayılzadə.

Doğum tarixi - 5 iyun 1908...

Doğum yeri - Xızı...

Şairin həyata vida etdiyi... etdirildiyi tarix - 6 yanvar 1938...

Həyata vaxtsız vida “təyinatı”... - repressiya..!

Həyata gözlərini yumarkən - daha 29 yaşındaydı...

Şeirimizin (şeirin, ədəbiyyatın!) inkişafında özünəməxsus rola sahib nadir istedad sahibi olan şair... - bir gün, gənc yaşında, dövrün siyasi küləkləri ilə gələn repressiya qurşununa tuş gələcək Mikayıl Müşfiqi xatırlayırıq bu gün... Mətbuatda çap etdirdiyi ilk şeirin adı: “Bir gün”, o ilk şeiri yayınlayan qəzetin adı: “Gənc işçi”, il: 1926; ilk kitabının adı: “Küləklər”; il: 1930...

Hələ ay yarım olarkən anasını, 6 yaşında isə atasını itirən, bacı və qardaşları ilə birlikdə yetim qalıb, yaxın qohumlarının himayəsində böyüyən Mikayıldan danışırıq... Nə qərib ki, atası Mirzə Qədir İsmayılzadənin dərs dediyi məktəbin adı “Səadət” idi... - SƏADƏT..! (Və o, “Vüsaqi” təxəllüsü ilə şeir yazarmış... Böyük bəstəkar Müslüm Maqomayev “Şah İsmayıl” operasını Mirzə Qədirin eyni adlı poeması əsasında yaradıb.) - Şairin özünün və talenin ad seçim(lər)i bunca təsadüfdürmü, İlahi?.. Özü səadətə qovuşmamış şairin sözləri bu gün də ruhuna səadət gətirir, inşallah... (Doğulduğu, boy atdığı Vətən torpaqlarının adı da çox anlamlı, şairin ömrü ilə qəribə bir uyuşma içindədir... - Xızı, ulu türk peyğəmbəri Xızırın bir hərf itirmiş adı kimi gəlir mənə; Bakı isə bir yandan “baxmaq yeri”, “ucada olan yer”, “dənizi gözətləmə yeri” kimi anlamlandırılarkən, digər yandan “baki”, “bəngü” - “əbədi” şəklində yorumlanır).

* * *

Müşfiq həbs edilməmişdən öncə “Çağlayan” adlı şeirlər toplusunu tərtib edib, nəşriyyata vermişdi... O, buraya son illərdəki şeirləri ilə birlikdə, daha öncə yaratmış olduğu ən yaxşı əsərlərini də daxil etmişdi. “Çağlayan”, bir baxıma, onun şair ömrünün keşməkeşli son on ilinin poetik hesabatı olacaqdı ki, 1937-ci ildə şair “Xalq düşməni” damğası ilə həbs edildi, az sonra - 1938-ci il yanvarın 6-da, ömrü kimi qısaca çəkən məhkəmə iclasında haqqında çıxarılmış adıyaman “ölüm hökmü” ilə... elə həmin gün güllələnib...

Deyirəm, “Mikayıl Müşfiq şeirinin ömrü şairin fiziki ömründən dəfələrlə çoxdur” demək belə yetərli gəlmir adama... Xalqımız, şeirimiz, sözümüz durduqca yaşayacaq Müşfiq adı, Müşfiq sözü...

* * *

O, paytaxt Bakının orta məktəblərində müəllimlik edib, tərcüməçi kimi də ədəbiyyatımızın zənginləşməsində adını qızıl hərflərlə yazdırıb...

Müşfiqin cavan ömrünə sığdıra bildiyi işlər sırasında 1930-1937-ci illərdə işıq üzü görmüş beş tərcümə kitabını xatırlada bilərik: bunlar A.S.Puşkinin “Qaraçılar” (Ş.Abbasovla birlikdə), Taras Şevçenkonun “Kobzar” (Əhməd Cavadla birlikdə), Yegişe Çarensin “Şeirlər”, S.Y.Marşakın “Huşsuza bax, huşsuza”, M.F.Axundovun “A.S.Puşkinin ölümünə Şərq poeması” kitablarıdır. M.Y.Lermontovun “Demon” poemasını (R.Rza ilə birlikdə), Xəyyamın bir çox rübailərini də Mikayıl Müşfiq doğma dilimizə çevirib... Ancaq müəllimlikdən, tərcüməçilikdən daha öncə şairdi Mikayıl Müşfiq!.. O, öz ömrünü şaircə yaşayıb... Müşfiq (sözün bütün müsbət emosiyası ilə desək) dünyaya şair gəldi, şair getdi! Adı mələk adı, təxəllüsü dərin şəfqət(li) olan nakam şairin ölüm mələyi şəfqətsizlərin əli ilə, güllə şəklində gəldi..!

* * *

Nakam şair 1931-1937-ci illərdə Dilbər Axundzadə ilə ailə həyatı sürüb. Dilbər Axundzadənin “Müşfiqli günlərim” adlı xatirələr kitabı 1968-ci ildə Bakıda işıq üzü görüb. Kitab bir də, genişləndirilmiş şəkli ilə 2005-ci ildə “Gənclik” nəşriyyatında yayınlanıb. Son illər isə “Hədəf” Nəşrlər Evi bu xatirələrin yenidən nəşrini uyğun görüb... Ədəbi-ictimai fikrin Müşfiqsiz günləri “Müşfiqli günlər”siz keçmir... Müşfiqin öz şeirləri respublikamızda dəfələrlə kitablaşdırılıb. Son bir neçə il ərzində isə Azərbaycan Prezidentinin Sərəncamı ilə latın qrafikalı əlifba ilə kütləvi nəşrlərin həyata keçirilməsi zamanı yeni nəsil oxucusu Müşfiqin şeirləri ilə yaxından tanış olma imkanı əldə edib. Sonra şairin üç cildliyi işıq üzü görüb. Daha sonra isə “Xalq əmanəti” layihəsində Müşfiq şeirləri nəfis şəkildə kitablaşdırılıb. Şairin öz sözləri ilə desək, “Hələ bunlar nədir ki, mənim könlüm deyir ki...” Müşfiq sözlü, Müşfiq ünvanlı neçə (və necə!) kitablar gün üzü görəcək...

Müşfiq filmoqrafiyası da öz yerində:

Qızıl gül olmayaydı... (film, 1965)

Mikayıl Müşfiq (film, 1978)

Yenə o bağ olaydı (film, 2002)

Qeybdən gələn səs (film, 2002)

Bakı bağları. Buzovna (film, 2007)

Cavid ömrü (film, 2007)

Şeirin Müşfiq zirvəsi (film, 2007)

Muğamat var olan yerdə... (film, 2009)

* * *

Xatirəsi Azərbaycan xalqı, dövləti tərəfindən əziz tutulan nakam şairin adını daşıyan qəsəbə, məktəb, küçə, meydan... büstləri, xatirə muzeyi adını yeniyetmələrə, gənclərə, duyanlara-duymayanlara haqqı ilə xatırladır bir daha... Azərbaycanda Müşfiq adı daşıyanlar, bu adın bir şairdən gəldiyini unutmurlar... Heç bir ölkədə Azərbaycandakı qədər Müşfiq adı daşıyan yoxdur... Müşfiq ömür kimi ömürlərdə yaşayır: adı ad kimi, sözü söz kimi...

 

MÜŞFİQDƏN MÜŞFİQANƏ ŞEİRLƏR...

 

Yenə o bağ olaydı

(Bu məşhur şeir Mikayıl Müşfiqin son şeiri sayılır... “Hər son bir başlanğıcdır” deyib, “YA ƏDƏBİYYAT”ın nakam şairin xatirəsinə həsr edilmiş bu sayını... onun son şeiri ilə başlayırıq... Ruhu şad olsun!)

 

Yenə o bağ olaydı, yenə yığışaraq siz

O bağa köçəydiniz.

Biz də muradımızca fələkdən kam alaydıq,

Sizə qonşu olaydıq.

Yenə o bağ olaydı, səni tez-tez görəydim,

Qələmə söz verəydim.

Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,

Yazaydım səhər axşam.

Arzuya bax sevgilim, tellərindən incəmi?

Söylə ürəyincəmi?

 

Yenə o bağ olaydı, yenə sizə gələydik,

Danışaydıq, güləydik.

Ürkək baxışlarınla ruhumu dindirəydin,

Məni sevindirəydin.

Gizli söhbət açaydıq ruhun ehtiyacından...

Qardaşından, bacından.

Çəkinərək çox zaman söhbəti dəyişəydin,

Mənimlə əyişəydin.

Yenə də bir vuraydı qəlbimiz gizli-gizli,

Sən, ey əsmər bənizli.

 

Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,

Vay o qəlbə ki, boşdur!

Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,

İnsanlar daha mə’sud.

Duyğular daha incə, fikirlər daha dərin,

Ürəklər daha sərin.

İnsanların vüqarı, tələbi daha yüksək,

Yolumuzdan daş, kəsək,

Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,

Bu yaz, bir başqa yazdır!

 

Yenə o bağ olaydı, yenə o qumlu sahil,

Sular ötəydi dil-dil.

Saçın kimi qıvrılan dalğalara dalaydım,

Dalıb ilham alaydım.

Əndamını həvəslə qucaqlarkən dalğalar,

Qəlbimdə qasırğalar,

Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,

Məni hirsim boğaydı.

Cumub alaydım səni dalğaların əlindən,

Yapışaydım belindən.

Xəyalımız üzəydi sevda dənizlərində,

Ləpələr üzərində,

İlhamımın yelkəni zərrin saçın olaydı,

Sular xırçın olaydı.

 

Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə,

Gəlin baxın Xəzərə.

Çıxalım Buzovnada kiçik qayalıqlara,

Seyrə dalım bir ara...

Gecələr sayrışarkən ulduzlar lalə kimi,

İşıqlar jalə kimi

Çilənib dağılarkən ətrafa damla-damla,

Ən yaxın bir adamla

Nə gözəldir dinləmək suların nəğməsini,

Təbiətin səsini!

Nə gözəldir dolaşmaq isti yay fəsilləri,

Bu sərin sahilləri!

 

Nə gözəldir səhərlər bizim böyük ruhumuz,

Aşıb-daşan duyğumuz,

Şəklindəki sulara baxaraq ləzzət almaq,

Bu mavi şe’rə dalmaq.

Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək,

Bəzən hürküb çəkinmək.

Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi,

Bizim bu həyat kimi!

 

Yenə o bağ olaydı sevdalar ölkəsində,

O söyüd kölgəsində,

İnci qumlar üstündə yenə verib baş-başa,

Yayı vuraydıq başa.

Günlərimiz keçəydi qızğın fərəhlər kimi,

Dolu qədəhlər kimi.

Yarpaqlar arasından uzadaraq əlini,

Oxşayaraq telini

Gecələr darayaydı saçlarını Ay, gözəl!

Sən gözəlsən, ay gözəl?

Əllərində əllərim, gözlərində gözlərim...

Asılaydı sözlərim

Könlünün qulağından bir qızıl tana kimi,

Günəş doğana kimi.

 

Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar,

Can-ciyər olacaqlar.

Bir az da uzaqlara açacaqlar yelkəni,

Ruh yeni, həyat yeni...

Çıxacaqlar göyləri aşaraq dönə-dönə,

Buludların fövqünə.

Uçacaqlar sabaha, uçacaqlar yarına,

Efir boşluqlarına.

Vaxtilə bir kölgətək hür yaşamaq istəyən

Bu insan oğlu, bilsən,

Azadlıq ölkəsində daha şad olacaqdır,

Dünya dad alacaqdır.

 

Yenə o bağ olaydı, yenə yığışaraq siz,

O bağa köçəydiniz.

Biz də muradımızca fələkdən kam alaydıq,

Sizə qonşu olaydıq.

Yenə o bağ olaydı, səni tez-tez görəydim.

Qələmə söz verəydim.

Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,

Yazaydım səhər-axşam.

Arzuya bax, sevgilim, tellərindən incəmi?

Söylə, ürəyincəmi?

 

 

ÖLKƏM

Dünyamızı seyr etdim min dürlü həvəslərlə,

Gördüm coşuyor dillər pək nəşəli səslərlə,

Baxdım doludur yarlar şən qəlbili kəslərlə,

Pək şad olaraq güldüm abad olan ölkəmdə.

Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə.

 

Baxdım ki, duman görməz yüksəkləri billuri,

İnsanları matəmsiz, istəkləri billuri,

Dağlar, ovalar gülşən, hər bir yeri billuri,

Hər şey gülüyor gördüm,

pək şad oldum ölkəmdə.

Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə.

 

Qış getdi ölümlərlə, ölkəmdə bahar vardır,

Bağlarda gözəlliklər, şən qəhqəhələr vardır,

Sevdalı könüllərdə sevdikləri yar vardır,

Daim sevişirlər, bax, məzdad olan ölkəmdə.

Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə.

 

Vicdanları pək şəffaf, insanları nurani,

Müşfiq, bilə bildinmi, aləmdə şu dövranı?!

Qaplar yarın artıq sağ dünyaları ürfanı.

Hər yer güləcək, nura mötad olan ölkəmdə.

Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə...

 

ANA

Ana dedim, ürəyimə yanar odlar saçıldı,

Ana dedim, bir ürpəriş hasil oldu canımda,

Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,

Ana dedim, fəqət onu görməz oldum yanımda.

 

Ana, ana!.. Bu kəlmənin vurğunuyam əzəldən,

Onu gözəl anlatamaz düşündüyüm satırlar.

Ana olmaz bizə

hər bir “yavrum” deyən gözəldən,

Çünki onun xilqətində ayrıca bir füsun var.

 

Başqa aləm yaşamadım böylə gözəl biçimdə,

Onu kimsə gözəlliyin çilvəsində yaratmış;

Ana, ana... çiçəkli bir fidandır ki, içimdə

Ta əzəldən kök salaraq, ürəyimdə boy atmış.

 

O fidanı bəzi faqıt istiyorum çəkərək,

Qoparayım ürəyimdən, fəqət onda varlığım

Sızıldarkən, sanki bir səs qopub incə və titrək

Bir lisanla söylüyor ki:- Mənə dəymə, yazığım!

 

Çünki səni mən bəslədim,

mən böyütdüm, oxşadım,

Söylədiyin sözlər ki var beşiyinin üstündə

Oxuduğum türkülərin kölgəsidir, övladım!

Mənə məxsus vərəqlər var hər kitabda,

hər dində.

 

Nə doğru söz yazıqlar ki,

görməmişəm onu mən,

Diyorlar ki, Müşfiq, xəstə bir tifildin, ananı

Baban kimi soyuq əllər qucağına çəkərkən,

Yalnız acı fəğanların titrədirdi hər yanı.

 

İndi mənə hər kəs:

- Anan, baban varmı? - söyləsə,

Diyorum ki,

- qapılmadan bir xülyaya, bir hissə -

Olan olmuş, keçən keçmiş, indi məni yaşadan

Bir müqəddəs,

bir səmimi əməlim var - tapdığım..!

 

İnandığım bir qiblə var,

o da hər gün, hər zaman

Yorulmayan qollarımla, düşünərək yapdığım

Bir aləmdir, bir aləm ki, səmaları qıpqızıl,

Yüksəkləri, alçaqları, fəzaları qıpqızıl!

 

OXU, TAR..!

Oxu, tar, oxu, tar!..

Səsindən ən lətif şeirlər dinləyim,

Oxu, tar, bir qadar,

Nəğməni su kimi alışan ruhuma çiləyim.

Oxu, tar!

Səni kim unudar?

Ey geniş kütlənin acısı, şərbəti,

Alovlu sənəti!

Gözləri qibləyə açılan hasarlı binalar,

Dinləmiş əzəldən səsini.

Papaqlı atalar, çadralı analar,

Ötürmüş sayəndə köksünü:

Düşmüşlər gah şirin, gah acı toruna,

Sevinə-sevinə, qoruna-qoruna.

Çarparaq Çargahın divardan divara,

Yolçunu yolundan eyləmiş avara.

Çalxalanmış dərələr, təpələr,

Səs vermiş səsinə ləpələr.

Oxu, tar:

fikrimdə oyansın,

Baharın, Seyidin qəzəli;

Oxu, tar, ruhlansın

Şirvanın, Gəncənin mehriban gözəli!

Damağdan düşənlər,

Ürəyi şişənlər,

İlkbahar seyrinə çıxmayan,

Özünü dağların döşünə yıxmayan

Sinəsi dağlılar,

Vəfasız bir eşqin dağınıq zülfünə bağlılar,

Dəxilin olmuşlar,

Qapında təsəlli bulmuşlar.

Zilin var, vəsətin, bəmin var;

Sənin də quşların dəmindən ayrılan

Bir özgə dəmin var.

Səni də avara eyləmiş

Dağınıq telli bir “zərəfşan”.

Onunçün Segahın danışır

Pərişan, pərişan.

Səsini dinləmiş

Şahların, xanların sarayı;

Səninlə birlikdə inləmiş

Əsirlər alayı.

Bəzən də simlərin qəmləri ovudar,

Olardın onların sirdaşı

Sən ey tar!...

Gülləri əməkçi barmaqlar qanından

Rəng alan xalçalar,

Xalçalar üstündə uzanmış

Dodağı qönçələr,

“- Hey, saqi, mədət qıl, soyudu şərabın,

İncitmə könlünü bu xanexərabın!”

Söyləyən tox sözlü şairlər,

Həvəsdən doymayan ac gözlü şairlər:

Nədimlər, Vaqiflər,

Gözəllik sirrinə vaqiflər

Hep səni dinləmiş;

Oxumuş, inləmiş.

İndi də bizimçin oxu, tar!

Səni kim unudar?

Sən qulluq etmədin məscidə, axunda,

Çalışdın, həyatı sevməyin uğrunda.

Çoxları üzünə durdular,

Könlünü qırdılar.

Nə deyim o yekəbaşlara?!

Çaldılar ruhunu daşlara.

Üstündən bir qara yel kimi əsdilər,

Səsini kəsdilər,

Daşlandı çəkənlər nazını,

Böyləcə qırdılar aşığın sazını.

Sən xalqa “gül!” dedin.

“Ey qüssə, öl!” dedin.

Başladı məsciddə mərsiyə.

Sarıqlı çıxınca ərsəyə

Qüssəmiz ölmədi,

Xalqımız gülmədi.

Ağladıq daima, ağladıq,

Ey qədim aşina, ağladıq,

Oxu, tar! Dəyişdi zamana,

Bax indi radio səsini

dağıdır cahana.

Ey tarçı, çal, oxu!

Könlümü al, oxu!

Vur sazı döşünə, ey aşıq!

Qalmamış nə əba, nə qaba, nə sarıq.

Oxu, tar! Alovlu izlərin,

Əcəba, neçə sıx dilbərin

Yasəmən üzünü pul kimi qızartmış?

O sarı simlərin lisanı

Salmazmı heyrətə insanı?

Oxu, tar! Mən səndə

İstənən havanı çala da bilərəm.

Mən səndən bu günün zövqünü

ala da bilərəm.

Sən bu gün silahsan əlimdə,

Səni mən hansı bir hədəfə

İstəsəm, çevirə bilərəm.

Qəlblərdə gizlənən keçmişi

Bir yeni nəğmənin əliylə

Devirə bilərəm!

Oxu, tar!

Fabrikdə, zavodda,

Traktor başında.

Bu saat qarşında

Nə qədər adam var!

Utanma, oxu, tar!

Mədənli Bakımın

Pambıqlı Gəncəmin,

İpəkli Şəkimin

Acısı, şərbəti,

Alovlu sənəti.

Oxu, tar, oxu, tar!..

Səsindən ən lətif şeirlər dinləyim.

Oxu, tar, bir qadar!...

Nəğməni su kimi alışan ruhuma çiləyim.

Oxu, tar!

Səni kim unudar?

Ey geniş kütləmin şirini, şərbəti,

Alovlu sənəti!..

 

XALI

İşçi qız, toxuduğun o divar xalısında

Heyran oldum ürəkdən işlədiyin sənətə,

Bir gözəllik əsəri verdin bəşəriyyətə...

 

Böyüklüyün çoxuna məchul ikən əvvəllər,

Vurduğun naxışların, qız, ən bahalısında

Meydana çıxdı bu gün səndəki böyük hünər.

 

Qabarlanan o incə, o nazik barmaqların

Birinin təəssüflə cəlb etsə nəzərini,

Alqışlar tutacaqdır o baxışın yerini...

 

İnan ki, qonaqların önünə çıxsa yarın,

Xalında rəngi-ruhu solmayan o yıldızlar,

Həm sənin, həm ölkənin göylərini yaldızlar...

 

Sən ey Şərqin əməkçi qızı, çırpın, qanadlan!

Bürüyəcək şöhrətin bu sənət meydanını,

Ola bilməz çəkdiyin zəhməti gözdən salan.

 

Birsən sənət yolunda candan keçən ərlərlə,

Meydana buraxdığın böylə şah əsərlərlə

Ucaldırsan ölkəmin şöhrətini, şanını.

Yeni Azərbaycan.- 2016.- 9 yanvar.- S. 7