2015-ci il kənd təsərrüfatının
inkişafında uğurlu il kimi yadda qaldı
Ötən il ərzində
ölkənin regionlarında aqrar sahə üzrə əldə
edilən nəticələr də bunu bir daha təsdiqləyir
Artıq daha bir ilə yekun vurulub. Və bundan əvvəlki
illərdə olduğu kimi, 2015-ci ildə də Azərbaycan
inkişaf edib, qarşıda duran vəzifələr uğurla
icra olunub. Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi
ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan
iclasında da bəyan edildiyi kimi, ötən il
ölkəmizdə bütün sosial proqramlar, o cümlədən
sosial infrastruktur layihələri icra olunub, yeni iş yerləri
açılıb və regionların inkişafı ilə
bağlı tədbirlər davam etdirilib. Heç şübhəsiz,
2015-ci il ölkəmizdə kənd təsərrüfatının
inkişafı baxımından xüsusilə yaddaqalan olub.
Bunun da yetərli səbəbləri var. Əvvəla ona
görə ki, güclü sənaye potensialı olan Azərbaycan
həmçinin kənd təsərrüfatının
geniş inkişaf perspektivlərinə malik ölkədir. Əlverişli
coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar
sektorun geniş inkişaf imkanlarına malik olmasını
şərtləndirir. Respublika əhalisinin
təxminən yarısının bölgələrdə
yaşadığını və məşğul əhalinin
40 faizinin kənd təsərrüfatında
çalışdığını nəzərə alsaq,
deyə bilərik ki, aqrar sektorun inkişafı sosial
baxımdan da ciddi önəm kəsb edir.
Digər tərəfdən, Prezident İlham Əliyevin
2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi
haqqında məlum Fərmanından sonra aqrar islahatların həyata
keçirilməsi üçün kompleks tədbirlər
görülüb. Sözügedən Fərmanın verilməsi
ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsinin
Prezident tərəfindən daim diqqətdə
saxlanıldığının daha bir göstəricisidir.
Təsadüfi deyil ki, son illərdə Azərbaycanda
Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata
keçirilən iqtisadiyyatın şaxələndirilməsi
siyasətində kənd təsərrüfatında yüksək
inkişafa nail olunması mühüm yer tutur. Dövlət
başçısı respublikamızda kənd təsərrüfatının
inkişaf etdirilməsi və bu sahədə yüksək nəticələrə
nail olunması üçün güclü siyasi iradə
nümayiş etdirir.
Məhz bunun nəticəsidir ki, bu gün ölkəmizin
iqtisadiyyatında böyük çəkiyə malik olan kənd
təsərrüfatı sürətlə inkişaf edir. Dövlət
tərəfindən aqrar sahədə müasir infrastrukturun
yaradılması, kənd təsərrüfatına dövlət
qayğısının artırılması, aqrolizinq xidmətinin
genişləndirilməsi, eləcə də kreditlərin
verilməsinin sürətləndirilməsi aqrar sahənin
inkişafına müsbət təsir göstərir.
Yeri gəlmişkən, ötən il ərzində
ölkənin regionlarında aqrar sahə üzrə əldə
edilən nəticələr də bunu bir daha təsdiqləyir.
“Kənd
təsərrüfatı ili” meyvəçilik və tərəvəzçiliyin
inkişafı üçün uğurlu olub
Belə
ki, Göyçay rayonunda fermerlər və fərdi təsərrüfat
sahibləri ötən il meyvəçilik
sahəsini xeyli genişləndirməyə və bol məhsul
əldə etməyə nail olublar. Rayon İcra Hakimiyyətindən
AZƏRTAC-a bildiriblər ki, 2015-ci ildə Göyçayın
kəndlərində, ümumilikdə, 320 hektar sahədə
yeni meyvə bağı salınıb. Kəndlilər
istifadəsiz qalan boş torpaq sahələrində yeni meyvə
bağı salarkən əsasən nar, heyva, xurma, alça,
gilas, qoz, gavalı, ərik ağaclarının əkilməsinə
üstünlük veriblər. Hazırda rayonda
6019 hektar sahədə meyvə bağı mövcuddur ki, bunun
da 4678 hektarı bar verəndir.
2015-ci ildə bağbanlar meyvə ağaclarına
yüksək səviyyədə aqrotexniki qulluq göstərdikləri
üçün bol məhsul əldə ediblər. Belə ki, il
ərzində Göyçayda 75 min 513 ton meyvə istehsal
olunub. Bu da 2014-cü illə müqayisədə
2626 ton çoxdur. Bol məhsul əsasən
nar və xurma bağlarından əldə olunub.
Ümumilikdə 3620 hektar nar bağından 47 min 800 ton, 795
hektar xurma bağından 18 min 300 ton məhsul
toplanılıb. Hazırda kəndlərdə
yeni meyvə bağlarının salınması
üçün torpaq sahələri hazırlanır. Martda ağac tinglərinin əkininə
başlanılacaq.
Eyni zamanda, Masallı rayonundakı istixana təsərrüfatlarında
tərəvəz məhsullarının yığımı
davam edir. Əsasən xiyar və pomidor əkininə
üstünlük verən rayondakı fermerlər və məhsul
istehsalçıları bazarda tələbatın və qiymətlərin
qaneedici olduğunu bildiriblər. Cənub
bölgəsi üçün qeyri-ənənəvi
sayılan istixana şəraitində tərəvəz məhsullarının
istehsalı çətin və daha çox vəsait tələb
etdiyi üçün geniş yayılmayıb. Lakin məhsul istehsalçıları bu sahənin ənənəvi
əkinə nisbətən gəlirli olduğunu bildirirlər.
Qeyd edək ki, istixana şəraitində məhsul
yığımı fasilələrlə may-iyun aylarına qədər
davam edir.
Aqrar sahənin
inkişafından danışarkən vurğulamaq yerinə
düşər ki, Şamaxı rayonunda ötən il 48,5 ton bal istehsal olunub. Bu da
2014-cü ilin göstəricidən 12 ton çoxdur.
Rayon İcra Hakimiyyətindən verilən məlumatda
bildirilir ki, keçən il bölgədə
arı ailələrinin sayı da artıb. Belə
ki, ailələrin sayı 2014-cü ilə nisbətən 251
qutu artaraq 5111-ə çatıb.
Arıçılığın inkişafı, hər
şeydən əvvəl, təsərrüfatın bu sahəsinə
marağın artmasının nəticəsidir. Təsadüfi deyil ki,
Şamaxı arıçıları Bakıda təşkil
olunan ənənəvi bal satışı yarmarkasına
keçən il 3,5 ton məhsul
çıxarıblar. Bu da 2014-cü ildə təşkil
olunan satış yarmarkasına çıxarılan məhsuldan
1,5 ton çoxdur.
Cəbhə bölgəsində yerləşən Tərtər
rayonunda isə əhalinin əsas məşğuliyyət
növlərindən biri bağçılıq və
tingçilikdir. Son illərdə kənd təsərrüfatının
digər sahələri kimi bu istiqamətdə də
inkişafa nail olunub. Rayonda 1180,6 hektar meyvə bağları və
11,1 hektar üzümlük var. Son bir ildə rayon ərazisində
7 hektar yeni meyvə bağları və 2,8 hektar giləmeyvəlik
salınıb, 1 milyon 505 min 872 ədəd meyvə və 141
min 344 ədəd dekorativ bitki tingləri yetişdirilib. Ötən
il bağlardan 8671,1 ton meyvə və 889
ton üzüm yığılıb. Əvvəlki ilə nisbətən
meyvə istehsalı 7,4 faiz, üzüm
istehsalı 5,6 faiz artıb.
Öz növbəsində, Qəbələ rayonunda
iqtisadiyyatın əsasını təşkil edən
taxılçılıq, meyvəçilik və tərəvəzçilik
məhsullarının satışından gəlir əldə
edən kəndli fermerlər və fərdi təsərrüfat
sahibləri bu sahələrin ildən-ilə daha da inkişaf
etdirilməsini qarşıya məqsəd qoyublar. Mütəxəssislər
“Kənd təsərrüfatı ili”ni Qəbələnin
torpaq mülkiyyətçiləri üçün uğurlu
olduğunu hesab edirlər. Belə ki, kəndlilər
əvvəlki illərlə müqayisədə 2015-ci ildə
əkin sahələrini xeyli artırmaqla yanaşı, bu sahələrdən
bol məhsul da götürüblər.
Taxılçılığın
inkişafı diqqət mərkəzində olub
Bu məqamda
qeyd edək ki, ötən il ölkəmizin
regionlarında taxılçılığın
inkişafı da diqqət mərkəzində olub. Məsələn, Qəbələ rayon İcra
Hakimiyyətindən bildiriblər ki, 2015-ci ildə Qəbələdə
kənd təsərrüfatı məhsullarının
yığımı vaxtında və itkisiz başa
çatdırılıb. İl ərzində 21 min 300
hektar sahədən 64 min 645 ton taxıl, 1261 hektar sahədən
3 min 144 ton qarğıdalı, 130 hektar sahədən 1872 ton
bostan məhsulları, 143 hektar sahədən 114 ton günəbaxan,
2 min 96 hektar sahədən 9 min 495 ton tərəvəz, 1157
hektar sahədən 7 min 497 ton kartof tədarük olunub. Ötən
il bağbanlar 458 hektar üzüm sahəsindən 1414 ton, 10
min 429 hektar meyvə bağından 14 min 115 ton məhsul
yığıblar.
Bütün bu nəticələr əvvəlki ilin
göstəricilərindən xeyli yüksəkdir. Belə ki, 2015-ci ildə 26
min 512 hektar sahədə yazlıq və payızlıq məhsulların
əkini aparılıb ki, bu da əvvəlki illə
müqayisədə 1800 hektar çoxdur. Bundan əlavə,
cari ilin məhsulu üçün 22 min 510 hektar sahədə
taxıl səpilib (ötənilkindən 1210 hektar çox).
Həmçinin son bir ildə Qəbələdə
220 hektar sahədə yeni meyvə bağı salınıb.
Eyni zamanda, Zaqatala rayonunun təsərrüfatlarında
2016-cı ilin məhsulu üçün taxıl səpini
başa çatıb. Kampaniya dövründə fermerlər 12
min 221 hektar sahəyə toxum səpiblər. Taxıl əkini sahələri əvvəlki illə
müqayisədə 73 hektar artıb. Bu barədə
rayon statistika idarəsindən məlumat verilib. Məlumatda
bildirilir ki, taxıl əkinlərinin 8 min 443 hektarını
buğda, 3 min 778 hektarını arpa sahələri təşkil
edir.
Xatırladaq
ki, ötən il rayonun fermerləri 12 min 148 hektar taxıl sahəsindən
34 min 146 ton məhsul götürüblər. Taxıl
istehsalı əvvəlki illə müqayisədə 28,1 faiz artıb.
Taxılçılığın inkişafı
Göyçay rayonunda da diqqət mərkəzində olub. Belə ki,
rayonun kənd əməkçiləri əvvəlki illərlə
müqayisədə 2015-ci ildə əkin sahələrini
xeyli artırmaqla yanaşı, bol məhsul da əldə etməyə
nail olublar. İl ərzində 13 min 756 hektar sahədən
36 min 408 ton taxıl, 155 hektar sahədən 1807 ton kartof, 1158
hektar sahədən 19 min 842 ton tərəvəz, 70 hektar sahədən
1136 ton bostan məhsulları tədarük olunub.
Bütün bu nəticələr əvvəlki ilin
göstəricilərindən xeyli yüksəkdir. Belə ki, əvvəlki
illə müqayisədə 2015-ci ildə taxıl istehsalı
8 min 151 ton, kartof istehsalı 205 ton, tərəvəz
istehsalı 175 ton, bostan məhsullarının istehsalı 45
ton artıb. Bundan əlavə, cari ilin məhsulu
üçün Göyçayda 13 min 880 hektar sahədə
taxıl səpini aparılıb ki, bu da ötənilkindən
124 hektar çoxdur.
Cəbhə bölgəsində yerləşən Tərtər
rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında
2015-ci ildə uğurlu nəticələr əldə edilib. Fermer və
sahibkarların güzəştli şərtlərlə
kredit, toxum, gübrə, texnika almaq imkanlarına malik
olması, əkin sahəsinin becərilməsində istifadə
edilən yanacaq üçün dövlət tərəfindən
subsidiya verilməsi kənd təsərrüfatının əsas
istehsal sahələrindən olan bitkiçiliyin
inkişafına stimul verib. Verilən məlumata görə,
2015-ci ildə rayonda 26 min 461,7 hektarda kənd
təsərrüfatı bitkiləri becərilib. Əkin sahəsinin
11 min 228,7 hektarını dənli və dənli-paxlalı
bitkilər, 2202 hektarını texniki bitkilər, 1546
hektarını kartof, bostan və tərəvəz bitkiləri,
11 min 485 hektarını yem bitkiləri təşkil edib.
Ümumiyyətlə,
ötən il rayonda 39 min 729,4 ton taxıl məhsulu istehsal
edilib ki, bu da əvvəlki illə müqayisədə 385,8
ton çoxdur. 2014-cü illə müqayisədə taxıl
sahələrinin hər hektarından məhsuldarlıq orta
hesabla 1,6 sentner artıb.
Cari mövsümdə Oğuz rayonunun təsərrüfatlarında
2016-cı ilin məhsulu üçün 17 min 95 hektar sahədə
payızlıq taxıl əkilib. Taxıl əkini sahələri
əvvəlki illə müqayisədə 745 hektar
artırılıb. Bu barədə rayon
İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda
bildirilir ki, taxıl əkinlərinin 12 min 165 hektarını
buğda, 4 min 930 hektarını isə arpa sahələri təşkil
edir. Taxıl səpini üçün ayrılan 3 min 360 ton
yüksək reproduksiyalı toxumun 2 min 130 tonu rayonda fəaliyyət
göstərən 7 özəl toxumçuluq təsərrüfatında
istehsal olunub. Toxumun qalan hissəsini isə
fermerlər digər toxumçuluq təsərrüfatlarından
əldə ediblər.
Ötən
il regionlarda ət, süd və yumurta
istehsalı da artıb
“Kənd təsərrüfatı ili”ndə regionlarda ət,
süd və yumurta istehsalı da artıb. Bunu
Zaqatalanın timsalında bir daha aydın görmək olar.
Belə ki, 2015-ci il ərzində rayonda diri çəkidə
ət istehsalı əvvəlki ilə nisbətən 174 ton
artaraq 8 min 894 ton olub. Həmin müddətdə
43 min 169 ton süd istehsal olunub ki, bu da 2014-cü illə
müqayisədə 225 ton çoxdur. Yumurta
istehsalı isə 249 min ədəd artaraq 21 milyon 237 min ədədə
çatıb.
Rayonda heyvandarlıq məhsulları istehsalının
dinamik artımında cins maldarlığın inkişafı
istiqamətində həyata keçirilən tədbirlər
mühüm rol oynayıb. 2015-ci ildə rayonun şəxsi və
fermer təsərrüfatlarında 5 min 496 baş inək və
düyə süni yolla mayalandırılıb və 4 min 400
baş cins buzov alınıb.
Öz növbəsində, Ağsuda heyvandarlıq məhsulları
istehsalı üzrə bütün göstəricilər
artıb, Kürdəmirdə də heyvandarlar məhsul
istehsalında artıma nail olublar.
Bu istiqamətdə
uğurlardan danışarkən onu da xüsusi olaraq
vurğulamaq yerinə düşər ki, Şəki rayonunda fəaliyyət
göstərən “Şəki Aqro İndastris” MMC-nin
südçülük-maldarlıq üzrə özəl
damazlıq təsərrüfatı rayonda cins
maldarlığın inkişafına mühüm töhfələr
verir. Rayonun Orta Zəyzid kəndinin ərazisində
yerləşən müasirtipli bu heyvandarlıq kompleksində
hazırda “Holştin-friz” (Hollandiya) cinsindən olan 1160 baş
iribuynuzlu heyvan saxlanılır.
Müəssisədən
verilən məlumata görə, 2015-ci ildə təsərrüfatda
hər 100 baş maldan 84 bala olmaqla, ümumilikdə, 448 buzov
alınıb. Ötən il müəssisədə
2 min 432 ton süd istehsal olunub. Hər inəkdən
orta hesabla, 4 min 546 kiloqram süd sağılıb.
Aqrar sahədə
əldə edilən uğurlardan muxtar respublikanın
bütün rayonlarına pay düşüb
Yeri gəlmişkən, “Kənd təsərrüfatı
ili”ndə əldə edilən uğurlardan Naxçıvan
Muxtar Respublikasının bütün rayonlarına da pay
düşüb. Məsələn muxtar respublikanın ən
böyük bölgələrindən biri sayılan Şərur
rayonunda ötən “Kənd təsərrüfatı ili”
uğurlarla yadda qalıb. Bu dövrdə 483 torpaq
mülkiyyətçisi 8 min 737 hektar əkin sahəsinin becərilməsi
üçün 435 min 850 manat, 620 hektarda təkrar əkinlər
aparan 81 kiçik sahibkar 31 min manat yardım alıb, muxtar
respublikanın Sahibkarlığa Kömək Fondu tərəfindən
264 min 100 manat kredit verilib. Rayonda 1435 ton üzüm, 6 min 476
ton bostan məhsulları, 2 min 504 ton dən üçün
qarğıdalı, 11 min 43 ton kartof, 4 min ton soğan istehsal
olunub.
“2012-2015-ci
illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin
və tərəvəzçiliyin inkişafı üzrə
Dövlət Proqramı”nın icrası istiqamətində
işlər davam etdirilib, 15 hektar sahədə yeni bağlar
salınıb, 23,2 hektar meyvə
bağında bərpa işləri aparılıb, 52 min ədəd
müxtəlif tinglər əkilib. İl ərzində sahələrdən
20 min 357 ton meyvə, 28 min 661 ton tərəvəz tədarük
edilib.
Bu
dövrdə Culfa rayonunda 28 milyon 80 min 200 manatı
bitkiçilikdə, 16 milyon 105 min 400 manatı heyvandarlıqda
olmaqla, ümumilikdə, 44 milyon 185 min 600 manatlıq kənd təsərrüfatı
məhsulu istehsal edilib ki, bu da ötən ilin müvafiq
dövrü ilə müqayisədə 9,2 faiz çoxdur.
Muxtar
respublikanın davamlı sosial-iqtisadi inkişafından Kəngərli
rayonuna da böyük pay düşüb. Ötən il kənd təsərrüfatında məhsuldarlığın
artırılması və aqrar sahənin davamlı
inkişafı diqqətdə saxlanılıb. Rayonda 2015-ci
ilin məhsulu üçün 8152 hektar sahədə əkin
aparılıb, 4735 hektar sahədə taxıl əkilib. Şəxsi
təsərrüfatlarda 215 hektar sahədə kartof, 294 hektar
sahədə tərəvəz, 180 hektar sahədə bostan,
113 hektar sahədə günəbaxan, 139 hektar sahədə
qarğıdalı, 321 hektar sahədə paxlalı bitkilər
yetişdirilib. 2016-cı ilin məhsulu
üçün isə 3783 hektar sahədə taxıl əkini
həyata keçirilib.
Regionların sosial-iqtisadi inkişafı Dövlət
proqramları çərçivəsində həyata
keçirilən tədbirlər Şahbuz rayonunu da əhatə
edib. Rayon əhalisinin əsas məşğulluq sahəsi
olan aqrar sektorun inkişafına göstərilən dövlət
qayğısının nəticəsidir ki, torpaqlardan səmərəli
istifadə olunmasına maraq xeyli artıb. 1344 hektar sahədə
taxıl, 240 hektar sahədə paxlalı, 462 hektar sahədə
kartof, 285 hektar sahədə tərəvəz, 10 hektar sahədə
bostan bitkilərinin əkini həyata keçirilib. Ötən
dövr ərzində rayonda 4 min 491 ton dənli-paxlalılar, 8
min 46 ton kartof, 4 min 973 ton tərəvəz, 124,6 ton bostan məhsulları,
7 min 945 ton meyvə, 168 ton üzüm istehsal edilib. İl ərzində digər bitkiçilik məhsulları
istehsalı da çoxalıb. Təsərrüfatlarda
6229,7 ton kartof, 12 min 413,1 ton tərəvəz, 52,4 ton bostan məhsulları,
879,1 ton pambıq, 25 min 586,1 ton şəkər
çuğunduru, 2162 ton dən üçün günəbaxan
istehsal edilib.
İnkişafın
davamlı olması üçün mühüm addımlar
atılır
Heç şübhəsiz əldə edilən uğurlar arxayınçılığa əsas vermir. Və inkişafın davamlı olması üçün regionlarda mühüm addımlar atılır, genişspektrli tədbirlər görülür. Bu istiqamətdə qeyd etmək yerinə düşər ki, Bərdə şəhərində kənd təsərrüfatı idarəsi üçün inzibati laboratoriya binasında inşaat işləri başa çatıb. Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə inşa edilən üç mərtəbə və mansard hissədən ibarət binanın ümumi sahəsi 1522 kvadratmetrdir. Birinci mərtəbə 11 iş otağı, 2 laboratoriyadan, ikinci mərtəbə 8 iş otağı, 4 laboratoriyadan, üçüncü mərtəbə 8 iş otağı, 1 toplantı zalından, mansard hissə isə 4 iş otağı, təlim-tədris otağı, arxiv və mətbəxdən ibarətdir. Binada baytarlıq idarəsi, dövlət texniki nəzarət müfəttişliyi, dövlət toxum müfəttişliyi, bitki mühafizə mərkəzi, süni mayalama mərkəzi fəaliyyət göstərəcək.
Ağsu rayonunda isə payızlıq taxıl əkini sahələrinin zərərvericilərdən qorunması istiqamətində tədbirlər gücləndirilir. Rayon bitki mühafizə idarəsindən AZƏRTAC-a verilən məlumata görə, mütəxəssislər tərəfindən qısa vaxtda 9300 hektar taxıl sahəsində yoxlamalar aparılıb, 1220 hektarda siçanabənzər gəmiricilər aşkar olunub. Zərərvericilərlə sirayətlənən sahələrdə artıq mübarizə tədbirləri görülür. Bu məqsədlə Respublika Bitki Mühafizə Mərkəzindən kifayət qədər preparat gətirilib. İndiyədək 534 hektarda kimyəvi dərmanlama aparılıb. Hazırda bu iş davam etdirilir.
Qazax rayonunda mal-qara arasında yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır. Rayon baytarlıq idarəsindən bildirilib ki, təhlükəli xəstəliklərdən sayılan dabaq heyvanların çəkisinin, südünün azalmasına, ağız boşluğunda və dırnaqlarında yaraların yaranmasına səbəb olur. Belə problemlərdən qorunmaq üçün rayonda iribuynuzlu və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı profilaktik tədbirlərə başlanılıb. Görüləcək tədbirlər çərçivəsində 31 minə yaxın iribuynuzlu, 141 minə yaxın xırdabuynuzlu heyvan peyvənd ediləcək.
Göyçay rayonunda isə əkin sahələrinin suvarılması və yaşayış məntəqələrinin sel sularından mühafizəsi məqsədilə arxların lil və çöküntülərdən təmizlənməsi işləri davam etdirilir. Rayon suvarma sistemləri idarəsindən bildiriblər ki, Göyçay şəhərinin daxili arxları lil və çöküntülərdən təmizlənib və bu istiqamətdə işlər davam etdirilir. Bu işlərə rayon suvarma sistemləri idarəsinin 5 ədəd müxtəlif təyinatlı texnikası cəlb olunub. Yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsi məqsədilə Göyçay çayında sahilbərkitmə işləri də davam etdirilir. Rayonda mövcud olan 26 min 400 hektar əkin sahəsinin suvarma suyuna olan tələbatı əsasən Göyçay çayı, Yuxarı Şirvan kanalı və Yekəxana gölü vasitəsilə ödənilir. Rayon ərazisində su arxlarının uzunluğu 1700 kilometrdir ki, bunun 245 kilometri beton, 1455 kilometri isə torpaq kanallarıdır. Həmin su kanallarında isə 1800 ədəd hidrotexniki qurğu var. Hazırda həmin qurğular təmir olunaraq tam işlək vəziyyətə gətirilir.
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, torpaqların münbitliyinin qorunması, kollektor-drenaj şəbəkələrinin təmizlənməsi tədbirləri çərçivəsində kəndlərdəki kollektor-drenaj şəbəkələrinin 35,3 kilometrlik hissəsi və 162 kilometr uzunluğunda suvarma arxları lil və çöküntülərdən təmizlənib və arxların suötürmə qabiliyyəti yaxşılaşdırılıb. Hazırda suvarma kanallarında və təsərrüfatdaxili arxlarda su itkisinin qarşısının alınması üçün lildən təmizləmə işləri davam etdirilir. Bunun üçün kəndlərdə 10 ədəd müxtəlif təyinatlı texnika çalışır. İdarədən bildirilib ki, son aylarda kəndlərdə görülən bu işlər onu deməyə əsas verir ki, yay mövsümündə Göyçayda quraqlıq olsa da, əkin sahələrinin suvarma suyuna olan tələbatı lazımi səviyyədə ödəniləcək.
Ölkəmizdə aqrar sahənin inkişafına dövlətimiz tərəfindən hərtərəfli dəstəyin verildiyini təsdiqləyən daha bir məqam isə kənd təsərrüfatında məhsul istehsalçılarına müəyyən güzəştlərin tətbiq olunması, o cümlədən mineral gübrələrin 70 faiz güzəştlə satılması, texnikaların isə 40 faiz güzəştlə 10 il müddətinə lizinq yolu ilə verilməsidir.
Beləliklə, istər bütün bu sadalananlar, istərsə də respublikanın regionlarına kəndli fermer təsərrüfatlarının inkişafı üçün dövlət tərəfindən göstərilən hərtərəfli dəstək ölkəmizdə kənd təsərrüfatının inkişafının prioritet olduğunu təsdiqləməklə yanaşı, eyni zamanda, bu inkişafın davamlı olması üçün mütəmadi addımların atıldığını da təsdiqləyir.
Nadir AZƏRİ
Yeni Azərbaycan.-
2016.- 13 yanvar.- S.8