“Qanlı Yanvar” Nizami rayonunda nümayiş olunub
20 Yanvar faciəsinin 26-cı
ildönümü ilə
əlaqədar Nizami
Rayon İcra Hakimiyyəti,
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon
təşkilatı və
ANS Şirkətlər Qrupunun
birgə təşkilatçılığı
ilə 12 saylı orta məktəbdə “ANS
Müstəqil Yayım
və Media Şirkəti”nin
sifarişi ilə istehsal olunan “Qanlı Yanvar” bədii filmi nümayiş olunub.
Beynəlxalq aktyor heyətinin
iştirak etdiyi və təxminən 2 saat 10 dəqiqə davam edən “Qanlı Yanvar” bədii filmi Azərbaycanın ən yeni tarixinin şanlı məqamlarını
əks etdirib. Filmdə Azərbaycan xalqının
öz milli azadlığı və suverenliyi uğrunda apardığı mübarizənin
20 Yanvar səhifəsi
bədii təcəssümünü
tapıb. “Qanlı Yanvar” bədii filmi 1990-cı ilin 20 Yanvar günü baş verən faciəli hadisələri bir azərbaycanlı ailəsinin
- Nərimanovlar ailəsinin
gözü ilə göstərib.
Filmin nümayişindən
sonra çıxış
edən “Qanlı Yanvar” filminin baş rol ifaçıları
Tamilla Həmidova və Azər Aydəmir çəkiliş
prosesindən bəhs edib, tamaşaçıların
suallarını cavablandırıblar.
Sonra Nizami Rayon İcra Hakimiyyəti başçısının
müavini Gülnaz İsrafilova bildirib ki, bu film gənclərimizin
maarifləndirilməsində mühüm rol oynayacaq: “Bu film bizə həmin hadisələrin dəhşətlərini bir
daha xatırlatdı. Lakin düşünürəm ki,
gənc nəsil burada bir şücaət
və qəhrəmanlıq
gördü. Azərbaycanlıların qeyrəti, döyüş
əzmi, savaşa hazırlığı və
ən əsası, hər bir azərbaycanlının
ürəyində çırpınan
azadlıq eşqini gördü”.
Çıxış edən YAP Nizami rayon təşkilatının
sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva isə qeyd edib
ki, 20 Yanvar hadisəsi xalqımızın
yaddaşına qanlı
faciə kimi daxil olsa da,
bütövlükdə milli
tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən
birini təşkil edir: “Məhz 20 Yanvardan başlayaraq Azərbaycan xalqı
SSRİ-nin tərkibində
ədaləti bərpa
etməyin qeyri-mümkünlüyünü
dərk etdi və milli haqlarımıza
obyektiv yanaşma nümayiş olunacağına
öz inamını birdəfəlik itirdi”.
Deputat qeyd edib ki,
bu gün Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin
və cəsur Vətən övladlarının
qəhrəmanlıq mübarizəsini
çox böyük hörmət və ehtiramla əziz tutur, onların igidliyini yüksək qiymətləndirir: “Şəhidlərimizin
qanı bahasına qazanılan müstəqilliyimizi
qanımızla və
canımızla qorumalı,
Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, onu
daimi, əbədi və dönməz etməliyik”.
Sonda “Yaddaş”, “Xoca”, “Seçilən” və “Bulağıstan” filmlərilə
müasir Azərbaycan
kinosu sənayesinə
töhfələrini vermiş,
xalqımızın qəhrəmanlıq
salnaməsini dünyaya
nümayiş etdirən,
Rusiya, Estoniya, Braziliya, Hindistan kimi ölkələrdə,
Monreal, “Qoa” və “Black nights” beynəlxalq
film festivallarında nümayiş
olunan və mükafatlandırılan “Qanlı
Yanvar” filminin rejissoru, ANS Şirkətlər
Qrupunun prezidenti Vahid Mustafayev və ANS Şirkətlər
Qrupunun vitse-prezidenti, telejurnalist, Azərbaycan Respublikasının Əməkdar
jurnalisti Mirşahin Ağayev YAP Nizami rayon təşkilatının Fəxri
fərmanları ilə
təltif ediliblər.
Sonda xatirə şəkli çəkdirilib.
Xatırladaq ki, filmin nümayişi iki gün davam
edəcək.
Yeni Azərbaycan.-
2016.- 13 yanvar.- S. 7