Regionların sosial-iqtisadi
inkişafı istiqamətində həyata keçirilən
siyasət davamlı xarakter
daşıyır
Ölkənin qərb bölgəsində
elektrik təsərrüfatı yenidən
qurulur
Öz inkişafına görə yerləşdiyi regionun lider dövləti olan Azərbaycanda son 12 il ərzində bütün sahələrdə uğurlar əldə edilib. Bu uğurların əsasında isə həyata keçirilən düşünülmüş və çoxşaxəli dövlət siyasəti, həmçinin regionların hərtərəfli inkişafını təmin edən Dövlət proqramları dayanır. Ümumiyyətlə, Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları (2004-2008, 2009-2013 və 2014-2018-ci illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə dəstək məqsədilə müxtəlif servis mərkəzlərinin, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb. Şübhəsiz, regionların inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur.
Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev 2003-cü ildə vəzifəsinin icrasına başlayarkən regionların sosial-iqtisadi inkişafını Özünün fəaliyyətinin əsas istiqamətlərindən biri kimi elan etmişdi. Bu hədəfə çatmaq üçün ötən dövrdə regionların sosial-iqtisadi inkişafına dair 2 çoxşaxəli Dövlət Proqramı hazırlanıb və uğurla həyata keçirilib. 2004-cü il fevralın 11-də təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı bölgələri dirçəldən mühüm ilkin konsepsiya adlandırmaq olar. 2004-2008-ci illəri əhatə edən ilk proqramda qarşıya qoyulan hədəflərə vaxtından tez çatmaq mümkün olub.
Regionların inkişafına dair birinci Dövlət Proqramının uğurla həyata keçirilməsinin ardınca 2009-cu il aprelin 14-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqləndi. Həmin proqramda qarşıya qoyulan vəzifələr də uğurla yerinə yetirildi. Nəticədə yerlərdə istehsal və emal potensialı gücləndirildi. 10 il ərzində ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artdı.
Hazırda isə 2014-2018-ci illəri əhatə edən regional inkişaf proqramı icra olunmaqdadır. Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, işsizliyin aradan qaldırılması prosesinə əhəmiyyətli zəmin yaradıb. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən inkişaf proqramlarının əsas hədəflərindən biri regionlarda işsizlik probleminin aradan qaldırılmasıdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla həyata keçirilməsinin nəticəsi olaraq ötən müddət ərzində respublika ərazisində yüz minlərlə yeni iş yeri yaradılıb. Yaradılan yeni iş yerlərinin mütləq əksəriyyəti daimidir.
Yeri gəlmişkən Dövlət proqramları çərçivəsində, eyni zamanda, bölgələrin elektrik enerjisi sisteminin yenidən qurulması istiqamətində ciddi tədbirlər görülür və bu istiqamətdə “Azərişıq” ASC-nin üzərinə böyük məsuliyyət düşür. Qeyd edək ki, “Azərişıq” ASC fəaliyyətə başladığı müddət ərzində paytaxt Bakı və bütün regionlar üzrə əhəmiyyətli dəyişikliklərə nail olub. Bu sırada Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi hazırlanmış tədbirlər planına uyğun olaraq, öz fəaliyyəti dövründə yarımstansiyaların, paylayıcı qurğuların, kabel və hava elektrik xətlərinin, onların mühafizə və avtomatika vasitələrinin normal və qəzasız iş rejiminin təmin edilməsi məqsədilə ciddi dönüş yaradıb. Eyni zamanda, qış mövsümü üçün də xüsusi hazırlıqlar görülüb. Şəbəkənin balansında olan 110/35/10-6 kV-luq yarımstansiyalarda avadanlıqlar cari təmir edilib, transformatorların əksəriyyəti test edilib, 2-ci kommutasiya dövrələri sazlanaraq, mühafizələri yoxlanılıb. Sumqayıt Elektrik Şəbəkəsinin əhatə zonasına daxil olan Corat, Saray qəsəbələrinin, Yaşma bağları, Stansiya Sumqayıt və Xəzər bağları yaşayış massivlərinin, Sumqayıt şəhəri 50-ci məhəllə, 11 və 12-ci mikrorayonlarının elektrik təchizatında uzun illər ərzində problemlər yaşandığını, əhalinin çoxsaylı müraciətlərini nəzərə alaraq, həmin ərazilərdə müxtəlif gücə malik ümumilikdə 23 ədəd yeni güc mərkəzi yaradılıb. Bu müddət ərzində ərazilərdə 2648 ədəd 0,4 kV-luq dayaq basdırılıb, 42 km SİP kabel xətti, 5,1 km 10 kV-luq xətt çəkilib, yeni qeydiyyata alınmış abonentlərə 579 ədəd sayğac quraşdırılıb. Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində 10 kV-luq 143 və 66 saylı KTM-lər arası, 10 kV-luq Saray-8, TM 120 və KTM-67, 6 kV-luq 46 və 47 TM-lər arası hava xətlərində yenidənqurma işləri görülüb. Stansiya Sumqayıt ərazisində əhalinin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq məqsədilə Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin daxili imkanları hesabına gərginliyi 35/10 kV-luq, gücü 2,5 MVA olan 138A saylı yarımstansiya tikilib istismara verilib.
“Azərişıq” ASC-nin ötənilki fəaliyyəti müddətində respublikanın paylayıcı elektrik şəbəkələrinin yenidənqurulması istiqamətində mühüm addımlar atılıb. Bu baxımdan ölkənin qərb regionu da diqqət mərkəzində olub. Belə ki, “Azərişıq” ASC-nin Qərb RETSİ-nin struktur tərkibinə daxil olan Elektrik Şəbəkələrində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik təchizatı üçün 110;35;10(6) və 0,4 kV-luq şəbəkələrinin yenidən qurulması, əsaslı və cari təmiri məqsədi ilə xeyli işlər görülüb. Qış mövsümü üçün yarımstansiyaların, paylayıcı qurğuların, kabel və hava ötürücü xətlərin, onların mühafizə-avtomatika vasitələrinin normal və qəzasız iş rejiminin yaradılması məqsədilə ciddi planlar həyata keçirilib. Qış aylarında enerji təchizatında heç bir problemin yaranmaması üçün xüsusi proqram hazırlanıb. Proqramın icrası üçün ən vacib yarımstansiya və transformator məntəqələrində ikinövbəli iş rejimi tətbiq olunub.
Paylayıcı şəbəkələrin yenilənməsi və gücləndirilməsi prioritet götürülərək elektrik enerjisi itkilərinin azaldılması, ölkəmiz üçün iqtisadi faydaların saxlanması xüsusi olaraq diqqətdə saxlanılır. Şəbəkənin balansında olan 110/35/10(6 ) kV-luq yarımstansiyalarda avadanlıqlar cari təmir edilib, transformatorların böyük əksəriyyəti test edilib, ikinci kommutasiya dövrələri sazlanaraq, mühafizələri yoxlanılıb. Ötən vaxt ərzində “Qərb” RETSİ-də 184 ədəd KTM quraşdırılıb, 17 km 10 kV-luq yeraltı kabel, 67,3 km 0,4 kV -luq ÖİN kabel, 59,2 km 35 kV-luq hava xətləri quraşdırılaraq istismara verilib. Bunlarla yanaşı hava elektrik xətlərində 1369 ədəd 10 kV-luq, 2792 ədəd 0,4 kV-luq, 215 ədəd 35 kV-luq dəmir və beton dayaqlar quraşdırılıb.
Abonentlərə sərfiyyatın düzgün hesablanması üçün yeni tipli 9925 ədəd sayğac quraşdırılıb istifadəyə verilib. Bütün bunlardan başqa ötürücü xətlərdə və dayaqlarda təmir işləri aparılıb. Qərb RETSİ-yə daxil olan Qazax EŞ-nin xidməti ərazisində 11,2 km uzunluğunda 35 kV-luq Xramçay hava xətti yenidən qurulmuş, dairəvi elektrik təchizatı sistemin yaradılması məqsədi ilə 35/10 kV -luq “Vaqif” yarımstansiyası ilə 110/35/6 kV-luq “Daş Salahlı” yarımstansiyası arasında 12,5 km uzunluğunda, 35/10 kV-luq “Göyəzən” yarımstansiyası ilə 35/10 kV-luq “Cəfərli” yarımstansiyası arasında 6,2 km uzunluğunda 35 kV-luq yeni hava xətti çəkilib, 35/10 kV-luq “Qazaxbəyli” yarımstansiyası yenidən qurularaq istismara verilib.
Gəncə EŞ-nin xidməti ərazisində 35/6 kV-luq “Nizami” yarımstansiyasının tikintisi başa çatdırılıb. Yeni yarımstansiya yerli memarlıq üslubunda tikilib və müasirliklə sintez olunub. Burada Gəncə EŞ əməkdaşlarının fəaliyyəti üçün ofis şəraiti də yaradılıb.
Azərbaycanın Ermənistanla sərhədində yerləşən və Tovuz Elektrik Şəbəkəsinə daxil olan Qaralar kəndində 10 kV-luq Qaralar hava xətti qarşıdan gələn sərt qış hava şəraitini nəzərə alaraq tamamilə yenidən qurulub. Bu arada Daşkəsən EŞ-nin xidməti ərazisində 35/6 kV-luq “Daşkəsən” yarımstansiyasının tikintisi başa çatmaq üzrədir. Gədəbəy EŞ-nin xidməti ərazisində isə 110/35/10 kV-luq “Gədəbəy” yarımstansiyasının tikinti işləri davam etdirilir.
Hazırda Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazilərinə daxil olan bütün elektrik şəbəkələrində yeni güc mərkəzlərinin yaradılması, 0,4 kV-luq şəbəkələrin yenidən qurulması və yeni şəbəkələrin tikintisi istiqamətində “Azərişıq” ASC-nin Texniki Departamenti, İnkişaf və İnvestisiya Departamenti, o cümlədən Elektrik Şəbəkələri tərəfindən genişmiqyaslı işlər davam etdirilir. Regionun hər bir şəhəri, qəsəbəsi və kəndinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasını və sərf olunmuş enerjinin dəyərinin ödənilməsi məqsədi ilə izahi və praktiki işlər aparılır. Məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq ölkə ərazisində ən müasir standartlara cavab verən elektrik təchizatını və nümunəvi xidməti yaratmaqdır.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2016.- 14 yanvar.- S.- 8