Xalq yazıçısı Anarın “Göz muncuğu” kitabının Varşavada təqdimatı keçirilib

 

Azərbaycanın Polşadakı səfirliyində Xalq yazıçısı Anarın “Göz muncuğu” kitabının təqdimatı keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Polşa ictimaiyyətinin nümayəndələri, ədəbiyyatşünaslar, Azərbaycan diasporunun nümayəndələri və tələbələr iştirak ediblər.

Qeyd edək ki, Xalq yazıçısı Anarın “Göz muncuğu” kitabı Vrotslav şəhərində “ATUT” nəşriyyatında “Şərq modernizmi” seriyasında nəşr edilib. Kitabın nəşri Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Azərbaycan ədəbiyyatının xaricdə təbliği” proqramı çərçivəsində ərsəyə gəlib. “Göz muncuğu” Anarın Polşada nəşr olunan üçüncü kitabıdır.

Tədbirdə çıxış edən səfir Həsən Həsənov Xalq yazıçısı Anarın Azərbaycan ədəbiyyatının istedadlı, zəngin yaradıcılığa malik yazıçılarından biri olduğunu bildirib. Səfir xüsusi olaraq qeyd edib ki, Anarın yaradıcılığı azərbaycanlılarda milli şüurun formalaşmasında böyük rol oynayıb. Sevindirici hal isə ondan ibarətdir ki, Anarın yaradıcılığı ilə nəinki azərbaycanlıların, həm də bir çox dünya xalqlarının oxuyub tanış olmaq imkanları var.

H.Həsənov Polşa oxucusuna təqdim olunanGöz muncuğu” kitabının da ictimaiyyət arasında böyük marağa səbəb olacağına inandığını deyib.

Daha sonra çıxış edən kitabın polyak dilinə tərcüməçisi, filologiya üzrə humanitar elmlər doktoru İlahə Kərimova qonaqlara kitab haqqında ətraflı məlumat verib. Qeyd edib ki, “Göz muncuğu” dərin mənalı, maraqlı, lakin heçasan qəbul oluna bilməyən povestdir. Əsərin oxucusundan həm Avropada, həm də Şərqdə mövcud olan miflər, əfsanələr və motivlər haqqında bilgiyə malik olması tələb olunur. Povestin bütün ideyası insanı dərk etmək fəlsəfəsinə həsr olunub. Həqiqətən də “Göz muncuğupovesti insanın daxili portretidir.

İ.Kərimova həmçinin bildirib ki, povesti birnəfəsə oxuduqdan sonra onu polyak dilində oxuculara bacardıqca yüksək səviyyədə təqdim etməyi qarşısına məqsəd qoyub. Uzun müddət, böyük həvəslə əsərin tərcüməsi üzərində işlədikdən sonraGöz muncuğupovestini polyak oxucuları üçün ərsəyə gətirmək mümkün olub.

Tədbirin sonunda qonaqlara kitablar təqdim olunub.

Yeni Azərbaycan.- 2016.- 14 yanvar.- S.- 7