Regionlarda sənaye quruculuğu geniş vüsət alıb
2015-ci ildə Neftçalada sənaye məhəlləsinin təməli qoyulub, Naxçıvanda müasir sənaye kompleksi istifadəyə verilib ki, bütün bunlar ölkədə regional sənaye quruculuğuna böyük diqqət göstərildiyini təsdiqləyir
Artıq tarixə dönən 2015-ci ildə ölkə iqtisadiyyatının inkişafı, ilk növbədə, sənaye sektorunun, ələlxüsus da qeyri-neft sənayesinin daha üstün inkişafı ilə səciyyələnib. Ötən il respublikanın qeyri-neft sənayesində 8 faizdən çox artıma nail olunub ki, bu da kifayət qədər yüksək göstəricidir.
Ötən il respublikamızda qeyri-neft sənayesinin iqtisadiyyatın digər sahələri ilə müqayisədə daha üstün genişlənməsi heç də təsadüfi deyil. Bu, son illərdə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir.
Məlum olduğu kimi, Prezident İlham Əliyev innovativ, elm tutumlu, müasir texnologiyalara əsaslanan sənaye quruculuğunu Azərbaycanın gələcək inkişaf hədəflərindən biri kimi müəyyənləşdirib. Sənaye quruculuğu istiqamətində dövlətin yüksək siyasi iradə nümayiş etdirməsinin təzahürü olaraq dövlət başçısının müvafiq Sərəncamı ilə 2014-cü il ölkəmizdə “Sənaye ili” elan olunub. Davamlı dövlət dəstəyinin sayəsində Azərbaycan sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlara nail olub. Sənayenin ümumi daxili məhsul istehsalında xüsusi çəkisi 2003-cü ildəki 38 faizdən 2014-cü ildə 50 faizədək yüksəlib. Son 12 ildə respublikamızda tikinti materialları istehsalı 2,5 dəfə, elektrik avadanlıqları istehsalı 2,1 dəfə, metallurgiya sənayesi 2,2, geyim istehsalı 2,5 dəfə artıb.
Sənayenin regional strukturunun formalaşdırılması ilə ölkədə sənayeləşmə siyasətində yeni mərhələ başlayıb
Prezident İlham Əliyevin yeni sənayeləşmə siyasəti ilə bağlı qarşıya qoyduğu mühüm vəzifələrdən biri də ölkəmizdə sənayenin regional strukturunun təkmilləşdirilməsi və hər rayonda sənaye məhəllələrinin yaradılması ilə bağlıdır. Dövlət başçısı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində ölkəmizdə sənaye quruculuğunun yeni istiqaməti barədə fikirlərini ifadə edərək deyib: “Mənim göstərişimlə indi hər bir rayonda sənaye zonası yaradılmalıdır”.
Son illərdə ölkəmizdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq sənaye sahəsinin inkişafının və onun yeni regional strukturunun formalaşdırılmasının hüquqi bazasını təmin etmək üçün əməli addımlar atılıb. Dövlət başçısı iqtisadiyyatın və regionların inkişafı üçün əlverişli şəraitin yaradılması, investisiyaların təşviqi və prioritet sahələrə yönəldilməsi, yeni iş yerlərinin açılması, müasir idarəetmə təcrübəsindən istifadə olunması, rəqabətqabiliyyətli mal və xidmətlərin təqdim edilməsi kimi məsələlərin həllinə nail olmaq məqsədilə hələ 2007-ci ildə “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” müvafiq Fərman imzalayıb. Ölkəmizdə “Xüsusi iqtisadi zonalar haqqında” ayrıca qanun qəbul edilib. Bundan başqa, dövlət başçısının 24 aprel 2013-cü il tarixində imzaladığı Fərmanla “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” təsdiqlənib. Bu sənəd sənaye parklarının yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyən çox mühüm baza sənədidir. Eyni zamanda, Prezident İlham Əliyev 2014-cü il 8 oktyabr tarixində ölkədə sənaye məhəllələrinin yaradılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman imzalayıb. Prezident İlham Əliyevin 2014-cü ilin “Sənaye ili” elan edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq ölkəmizdə 2015-2020-ci illərdə sənayenin inkişafına dair Dövlət Proqramı hazırlanıb.
Son illərdə ölkəmizdə yeni regional sənaye quruculuğuna start verilməsi ilə respublikanın sənaye xəritəsi əhəmiyyətli dərəcədə dəyişib. Regionlarda yaradılan sənaye müəssisələri uğurla fəaliyyət göstərərək ölkənin iqtisadi potensialının artmasında, o cümlədən də bölgələrdə məşğulluq probleminin həllində mühüm rol oynayır.
Neftçalada yaradılan sənaye məhəlləsinin birinci mərhələsi çərçivəsində bir sıra işlər uğurla tamamlanıb
Respublikamızda sənayenin regional strukturunun formalaşdırılması, sənaye quruculuğunda regionların potensialından səmərəli istifadə edilməsi baxımından Prezident İlham Əliyevin 2015-ci il 2 fevral tarixində imzaladığı “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncamı mühüm əhəmiyyət daşıyır. Ötən ilin ikinci yarısında Neftçala Sənaye Məhəlləsinin inşasına start verilib.
Sənaye Məhəlləsinin yaradılması üçün 10 hektar torpaq sahəsi ayrılıb. Yeni Sənaye Məhəlləsi rayon mərkəzindən təxminən 5 kilometr aralıda, Salyan-Neftçala magistral yolunun kənarında inşa edilir. Burada qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri tikilir. Əsas diqqət isə region üçün prioritet olan sənaye məhsullarının istehsalına yönəldiləcək. Ərazidə eyni vaxtda yardımçı binalarla birlikdə 17 tikilinin inşasına start verilib. Paralel olaraq kommunikasiya xətlərinin çəkilişi ilə bağlı işlər də görülür. Sənaye Məhəlləsində 8 modullaşdırılmış istehsal binası olacaq. İlkin mərhələdə onlardan 4-ü istifadəyə veriləcək. Qalanları sahibkarların sifarişi nəzərə alınmaqla sonradan tikiləcək.
Artıq Neftçalada yaradılan sənaye məhəlləsinin birinci mərhələsi çərçivəsində bir sıra işlər uğurla tamamlanıb. Qısa müddətdə inzibati binada, ümumi sahəsi 7779 kvadratmetr olan 4 istehsal blokunda və bütün zəruri infrastrukturun tikintisində işlərin əksəriyyəti başa çatıb. Hazırda həmin tikililər tamamlanma mərhələsindədir. Məhəllənin dayanıqlı enerji ilə təmin olunması üçün transformator quraşdırılıb. Müxtəlif məqsədlər üçün hər birinin tutumu 200-300 kubmetr olan 6 su anbarı və 2 su quyusu tikilib. Məhəllədə balıq yemi istehsal edəcək zavodun bünövrəsinin qoyulmasına hazırlıq işləri görülür.
Yeni sənaye kompleksi muxtar respublikanın iqtisadiyyatına əlavə güc verəcək
Naxçıvan Muxtar Respublikasında da iqtisadiyyatın əsas qolu olan sənayenin inkişafı diqqət mərkəzində saxlanılır. Həyata keçirilən tədbirlər və mövcud şərait bu sahə üzrə sahibkarlığın inkişafına, iri sənaye komplekslərinin və istehsal sahələrinin yaranmasına imkan verir. Bütün bunlar isə daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə və ixrac potensialının artmasına şərait yaradır.
Ölkəmizdə strateji xarakter daşıyan sənaye müəssisələrinin yaradılması prosesinin Naxçıvan Muxtar Respublikasını da əhatə etməsi həyata keçirilən genişmiqyaslı iqtisadi proseslərin tərkib hissəsidir. Ölkədə sənayenin yeni regional strukturunun formalaşdırılması prosesində muxtar respublikanın da fəal iştirak etməsi, ilk növbədə, əhalinin məşğulluğunun təmin olunmasına geniş imkanlar açır. Təbii ki, yeni sənaye müəssisələrinin yaradılması həm də Naxçıvan Muxtar Respublikasında innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahə üzrə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı yüksəlişini təmin etməkdir. Belə müəssisələrdən biri də muxtar respublikanın Kəngərli rayonunda inşa olunan sənaye kompleksidir.
Prezident İlham Əliyevin Naxçıvana səfəri çərçivəsində istifadəyə verilən Sənaye Kompleksinin ümumi sahəsi 9 hektardır və özündə 4 zavodu birləşdirir. Bunlar gips, gips lövhələr, əhəng və məsaməli beton istehsal edən zavodlardır. Müasir avadanlıqların quraşdırıldığı zavodlarda istehsal prosesini avtomatik idarəetmə və təhlükəsizliyə videonəzarət sistemləri yaradılıb. Kompleks tam istifadəyə verildikdən sonra muxtar respublikada müvafiq tikinti materiallarına tələbatın yerli istehsal hesabına ödənilməsi təmin olunacaq. Bu müəssisənin fəaliyyətə başlaması daxili tələbatın ödənilməsi ilə yanaşı, yerli inşaat materiallarının ixracına da imkan verəcək. Yeni layihənin reallaşması üçün Sahibkarlığa Kömək Milli Fondundan dövlət maliyyə dəstəyi göstərilib.
Sənaye kompleksinə daxil olan məsaməli beton istehsal edən zavodda yaradılan şərait hər cür xoş sözə layiqdir. Müəssisədə xammal kimi daş qumundan, əhəng, gips, sement və alüminium tozundan istifadə olunacaq. İnşaat sektorunda ən çox istifadə edilən bu tikinti materialları istənilən ölçüdə asanlıqla kəsilir, yüksək səviyyədə səs və istilik izolyasiyasına malikdir. Bundan əlavə, yüngül və zəlzələyə davamlı olan bu materiallar yanmaya qarşı beynəlxalq standartlara uyğundur. Müasir avadanlığın quraşdırıldığı zavodda il ərzində 150 min ton məsaməli beton istehsal olunacaq.
Kompleksə daxil olan digər zavodlarda da yüksək şərait yaradılıb. Məsələn, əhəng zavodunda istifadə olunacaq yerli xammal muxtar respublikanın Qarabağlar mədənindən gətiriləcək. Burada hazırlanan məhsullardan inşaat sektorunda, kənd təsərrüfatında, kağız və şüşə istehsalında istifadə ediləcək. Sahəsi 4500 kvadratmetr olan müəssisədə ildə 36 min ton əhəng istehsalı nəzərdə tutulur.
Gips zavodunda istifadə olunacaq xammal isə Çalxanqala, Çeşməbasar, Xıncab və Böyükdüz zonalarından gətiriləcək. Burada istehsal olunan məhsullar məsaməli beton blokların, suvaq və üzləmə gipsinin, gips lövhələrin hazırlanmasında istifadə ediləcək. Zavodun illik istehsal gücü 40 min ton gipsdir.
Gips lövhə zavodunda da yüksək şərait yaradılıb. Xammal kimi nişasta, gips, üzləmə kağızı və yapışqandan istifadə olunacaq. Müəssisədə istehsal olunan məhsullara inşaat sektorunda tələbat böyükdür. Bunu nəzərə alaraq zavodda ildə 2 milyon kvadratmetr gips lövhələrin hazırlanması həyata keçiriləcək.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.- 2016.- 15 yanvar.- S.3